Month: January 2021

  • “WhatsApp”da yeni virus yayılır

    Milyonlarla istifadəçisi olan “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.

    Bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.

    Mobil telefonun Android əməliyyat sistemi üçün zərərli olan virus özünü “Huawei Mobile” aplikasiyası kimi təqdim edir.

    Virus link şəklində istifadəçilərə göndərilir. Linkə basdıqda “Google Play Store”a bənzər sayt açılır və zərərli proqram telefona yüklənməyə başlayır.

    Qeyd olunur ki, bu virusdan daha çox reklam və yalançı abunə üçün istifadə edilir.

  • Rusiyanın üç telekanalının Ermənistanda yayımına icazə verilib

    Rusiyanın üç telekanalına paytaxt Yerevanda, birinə isə Ermənistan üzrə yaxın 7 il ərzində yayımına uyğun lisenziya almadan icazə verilib.

    Bunu Ermənistanın Teleradio üzrə Milli Komissiyasının sədri Tiqran Akopyan yanvarın 27-də keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, “RTR-Planeta”, “Rossiya-Kultura” və “Birinci kanal” Yerevan ərazisində, “RTR-Planeta” isə Ermənistan üzrə yayımlanacaq: “Mir” telekanalı isə heç bir müsabiqədə iştirak etmir. O, Yerevanda dövlətlərarası müqaviləyə əsasən yayımlanır. Rusiya telekanalları bundan sonra əvvəllər tələb edilməyən bir sıra şərtlərə əməl etməlidir. Aprelin 24-də əyləncəli verilişlər yayımlamamalı, seçki prosesinə müdaxilə etməməli, Ermənistanda fövqəladə və hərbi vəziyyət rejiminə hörmət etməlidir”.

    ///Report

  • Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov Siyəzəndə dəfn olunub

    Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi doğulduğu Siyəzən rayonuna gətirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, mərhum rayonun Qozağacı kənd qəbristanlığlında torpağa tapşırılıb.

    Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

    Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs Siyəzən rayon sakini 45 yaşlı mühəndis Fərman İsmayılovdur.

  • Keçmiş hakimlər vəkil kimi fəaliyyətə başlayıblar

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    “Report” xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov qurumun cari fəaliyyəti barədə məlumat verib.

    O bildirib ki, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanının yazılı test mərhələsində 250-dən, şihafi müsahibə mərhələsində iştirak üçün 200-dən çox namizəd gözləyir.

    Rəyasət Heyətinin iclasında keçmiş hakim və vəkillərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılıb və müsbət qərar verilib. Həmin şəxslər iclasda vəkil andı içiblər.

    O cümlədən vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad edilmə, fəaliyyətlərində fərqlənmiş bir sıra vəkillərin və Rəyasət Heyəti Aparatının əməkdaşlarının mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.

    Eyni zamanda iclasda “Qanunun Aliliyi” və Qusar rayon Vəkil Bürosunun təsis olunması, həmçinin vəkil kabinetinin yaradılması ilə bağlı məsələyə baxılıb və müsbət qərar verilib.

  • Hikmət Hacıyev: “Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir”

    “Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir və əminəm ki, qarşıdan gələn 10 illiklərdə də bu əlaqələr möhkəmlənəcək və inkişaf edəcək”.

    Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    Bildirib ki, ölkə liderləri şəxsində aparılan siyasət iki ölkə arasında inkişafın nümunəvi şəkildə həyata keçirilməsinə imkan verir.

    PA rəsmisi qeyd edib ki, bizim vəzifəmiz iki ölkə arasında əlaqələri bütün istiqamətlərdə inkişaf etdirməkdir.

  • Azərbaycanda vətəndaşlara “COVID pasportu” veriləcək? – ÜST cavab verdi

    “Vaksinasiya ilə bağlı 2 növ sənəd var. Bunlardan biri peyvənd olunmağa dair, həmçinin uşaqlara peyvənd olunduğu zaman verilən sənəddir”.

    Bunu APA-ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

    O bildirib ki, hər insana harada, nə vaxt peyvənd vurulduğu ilə bağlı sənəd verilməlidir: “Bunun elektron olması daha yaxşıdır, Azərbaycanda bununla bağlı işlər davam edir”.

    Onun sözlərinə görə, digər sənəd isə səyahət edə bilmək imkanı verən sənəddir: “Səyahətlə bağlı sənəd hələ ki, ÜST-ün tövsiyə etdiyi bir şey deyil. İndiyə qədər sarı qızdırma ilə bağlı belə məcburiyyət var. Ondan başqa hər hansı xəstəliklə bağlı səyahət üçün sənəd yoxdur. Yenə də bunlara ölkələr özü qərar verməlidir”.

  • Azərbaycan XİN Latviyanı təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi Latviya bayrağının tanınmasının yüz illiyi münasibətilə bü ölkəni təbrik edib.

    Nazirlik təbrik mesajını rəsmi “Tvitter” səhifəsində paylaşıb.

    “Latviya xalqını və Latviya XİN-dəki həmkarlarımızı bu tarixi gün münasibətilə təbrik edirik!”, – deyə paylaşımda qeyd olunub.

    Xatırladaq ki, Latviya öz dövlət müstəqilliyini 18 noyabr 1918-ci ildə elan etsə də, onun beynəlxalq səviyyədə tanınması bir qədər uzun çəkib. Belə ki, yalnız 1921-ci ildə Antanta ölkələri tərəfindən Litva bayrağına rəsmi səviyyədə tanınma hüququ verilib.

  • Azərbaycanda ödəniş kartları ilə aparılan əməliyyatların dəyəri açıqlanıb

    2020-ci ildə Azərbaycanda debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 28 milyard 951 milyon manat təşkil edib.

    Ötən ilin göstəriciləri ilə müqayisədə əməliyyatların həcmi 24,6 faiz artıb.

    2020-ci ildə debet və kredit kartlar vasitəsilə 226 milyon 455 min əməliyyat aparılıb. Əməliyyatların ümumi həcmi 2019-cu ilin yekun göstəriciləri ilə müqayisədə 39,5 faiz artıb.

    Ötən il ölkədə kredit kartları üzrə 31 milyon 730 min əməliyyat aparılıb. Əməliyyatların sayı 2019-cu illə müqayisədə 68,4 faiz artıb. Əməliyyatların həcmi isə 1 milyard 852 milyon manat təşkil edib ki, bu, əvvəlki illə müqayisədə 15,7 faiz çoxdur.

    İstifadə edilən ödəniş kartlarının ümumi sayı 9 milyon 230 min olub. Dövriyyədə olan ödəniş kartlarından 8 milyon 137 mini debet kartlarının, 1 milyon 93 mini isə kredit kartlarının payına düşüb.

    Debet kartlarının böyük qismini – 42,3 faizini sosial kartlar, 30,7 faizini əməkhaqqı kartları, 26,9 faizini isə digər kartlar təşkil edib.

  • DİM-dən xarici dil üzrə fəlsəfə doktoru olmaq istəyənlərə MÜRACİƏT

    Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) təklifi ilə xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün 25 bal müəyyənləşdirilib.

    Dövlət İmtahan Mərkəzindən (DİM)verilən məlumata görə, həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir və dinləmə, oxu, dildən istifadə və yazı bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə minimal keçid balını toplamaq tələb olunur.

    Doktoranturaya DİM tərəfindən keçirilən xarici dil üzrə qəbul imtahanında 25 və daha yüksək bal toplayanlar həmin imtahandan keçmiş sayılır və fəlsəfə fənni üzrə qəbul imtahanına buraxılırlar, lakin doktoranturaya qəbul olan şəxslərdən xarici dil imtahanında yalnız 35 bal və ya daha yüksək nəticə göstərənlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

    Qeyd edək ki, DİM 2021-ci il yanvarın 26-dan fevralın 7-dək iddiaçıların xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edib. Doktoranturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyat isə 2020-ci ilin oktyabr-noyabr aylarında aparılıb. Xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarının 2021-ci il fevralın 14-də, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə fevralın 15-də keçirilməsi nəzərdə tutulur.

  • Mehmanxanaların gəlirləri əvvəlki ilə nəzərən dörd dəfə azalıb

    2020-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3 dəfə azalaraq 999,8 min olub.

    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 5,4 dəfə azalaraq 416,7 min olub. Bu da ümumi gecələmələrin 41,7 faizini təşkil edib.

    2020-ci ildə mehmanxanaların gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 milyon manat olub. Bunun 60,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

    2020-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 6,5 faiz səviyyəsində olub.

    Qeyd edilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül davam edib. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb.