Month: January 2021

  • 2020-ci ildə uşaqlara ən çox verilən adlar açıqlandı – SİYAHI

    “İl ərzində 127 588 doğum dövlət qeydiyyatına alınıb”.

    Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

    O bildirib ki, insan doğulandan ölənə qədər onun barəsində məlumatlar məhz vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı əsasında aparılır:

    “2020-ci il ərzində 127 588 doğum dövlət qeydiyyatına alınıb. Bu sahədə yüksək nəticələrə nail olunması diqqətdə saxlanılır.

    İl ərzində səyyar xidmət vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının verilməsi məqsədilə xəstəxanalarda 1 401 uşaq doğumu qeydə alınaraq doğum haqqında şəhadətnamələri valideynlərə təqdim olunub.

    Doğum şəhadətnaməsi olmayan 1 312 uşaq aşkar edilib və 1 205 doğum qeydiyyata alınıb. Digərlərinə isə doğum aktının müəyyən olunması ilə bağlı köməklik göstərilib.

    İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 uşaqdan 100 nəfərin doğumu dövlət qeydiyyatına anılıb.

    2020-ci il ərzində doğumu qeydə alınan uşaqlardan 67 972-si oğlan, 59 616-sı isə qız olub. Onlardan 1 691-i əkiz, 46-sı üçəm, bir dördəm uşağın doğumu qeydə alınıb.

    Eləcə də il ərzində oğlan uşaqlarına verilən adlar arasında Yusif, Uğur, Hüseyn, Məhəmməd, Əli qızlara isə Zəhra, Məryam, Mələk və Aylin adları üstünlük təşkil edib”.

  • Bu gün “Qarabağ” və “Neftçi”nin rəqibləri bilinəcək

    Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin son üç görüşü keçiriləcək.

    Günün ilk matçı Tovuzda yerli komanda ilə “Qəbələ” arasında gerçəkləşəcək. Cütün qalibi 1/4 finalda “Qarabağ”ın rəqibi olacaq.

    “Qaradağ Lökbatan”la “Zirə” arasındakı dueldə mərhələni keçən tərəf növbəti raundda “Neftçi” ilə üz-üzə gələcək.

    1/8 final mərhələsinin son oyunu Masazırda olacaq. “Sabah” I divizion təmsilçisi “Kəpəz”i keçsə, “Keşlə” ilə oynayacaq.

    Azərbaycan Kuboku, 1/8 final

    25 yanvar

    14:00 “Turan Tovuz” – “Qəbələ”
    Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
    Tovuz şəhər stadionu

    16:00 “Qaradağ Lökbatan” – “Zirə”
    Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
    Bakı. “Dalğa Arena”

    17:00 “Sabah” – “Kəpəz”
    Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
    Bakı. “Bank Respublika Arena”

    Qeyd edək ki, 1/8 finalın ilk oyununda “Səbail” I divizion təmsilçisi “Zaqatala”nı dünən 3:2 hesabı ilə məğlub edərək, növbəti mərhələdə “Sumqayıt”a rəqib olub.

  • В органы юстиции ряда стран направлены обращения по поводу освобожденных от оккупации территорий

    Минюст Азербайджана направил в органы юстиции ряда государств обращения по поводу освобожденных от армянской оккупации территорий.

    Об этом 25 января заявил начальник Управления международного сотрудничества Министерства юстиции Адиль Абилов на онлайн-брифинге, посвященном итогам 2020 года.

    Он отметил, что информационная война велась не только в период военных действий, но и после их завершения.

    “В этом контексте мы сообщили нашим зарубежным коллегам, что 10 ноября Армения подписала акт о капитуляции, то есть война завершилась. Кроме того, проинформировали коллег о разрушениях на территориях, освобожденных от армянской оккупации”, – сказал А.Абилов.

  • İşğaldan azad edilmiş ərazilər barədə dünya dövlətlərinin Ədliyyə orqanlarına müraciətlər ünvanlanıb

    “İşğaldan azad edilmiş ərazilər barədə dünya dövlətlərinin Ədliyyə orqanlarına müraciətlər ünvanlamışıq”.

    Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov deyib.

    O bildirib ki, yalnız döyüşlər dövründə deyil, eləcə də ondan sonra da informasiya müharibəsi davam etdirilib:

    “Bu çərçivədə biz xarici həmkarlarımıza bildirmişik ki, 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktı imzalayıb. Müharibə artıq bitib. Amma işğaldan azad olunan ərazilərimizin darmadağın edildiyi barədə məlumat vermişik”.

  • Başqa dövlət ərazisində dindirilməsi tələb olunan şəxslərlə bağlı YENİLİK

    “COVID-19 pandemiyası ilə bağlı sərhədlər bağlı idi və poçt işləmirdi, bu səbəbdən ekstradisiya sahəsində problem yaranmışdı”.

    Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov deyib.

    O bildirib ki, ekstradisiya sahəsində sənədlərin əsli olması vacibdir:

    “Bu problemi həll etmək məqsədilə elektron sənəd dövriyyəsinin həyata keçirilməsinə nail olduq. Beləliklə pandemiya dövründə xarici ölkədə olan Azərbaycan vətəndaşlarının ölkəmizə ekstradisiyasını təmin edə bildik”.

    “Nazirliyin tarixində ilk dəfə olaraq elektron qaydada Vyetnamla Azərbaycan arasında memorandum imzalanıb. Əgər koronavirusla bağlı problem olsa, biz konfransları videoformatda həyata keçirəcəyik. Bu sahədə müəyyən konvensiyalar var ki, onlara qoşulma məsələsi də müzakirə edilir. Hətta hər hansı şəxsin başqa dövlətin ərazisində dindirilməsi tələb olunursa, bu videokonfrans şəklində həyata keçirilə bilər, bu da bu sahədə ciddi yeniliklərdən biridir”, – deyə o qeyd edib.

    Mətbuat konfransında çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib ki, pandemiya dövründə ədliyyə orqanlarında həyata keçirilən işlər barədə onlayn görüşlər vasitəsilə məlumatlar verilib.

    O bildirib ki, 2020-ci ildə ölkəmizdə bir çox sahələrdə olduğu kimi ədliyyə sahəsi də pandemiya dövründə fəaliyyətini onlayn qaydada həyata keçirib:

    “Pandemiya dövründə 21 videoformatda görüş keçirilərək, ədliyyə sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətə məlumat verilib.

    Bütün çətinliklərə baxmayaraq, 2020-ci ildə ölkəmizin hərbi siyasi uğuru, müasir tariximizin şərəfli səhifələrindən biri oldu”.

  • Nazirlik rəsmisi: “Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunması önəmlidir”

    “İkinci Qarabağ müharibəsi dövründə ədliyyə orqanları tərəfindən çoxşaxəli işlər həyata keçirilib. Dünyanın 70-ə yaxın ölkəsinin ədliyyə nazirlərinə,140 ölkəni birləşdirən qurumlara, prokurorluqlara, Beynəlxalq Hakimlər Assosiasiyasına ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı müraciətlər ünvanlanıb və xalqımıza qarşı törədilmiş insanlıq əleyhinə cinayətlər vurğulanıb”.

    Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov deyib.

    O bildirib ki, Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərlə bağlı məsuliyyətə cəlb olunması önəmlidir:

    “Beynəlxalq təşkilatlara Ermənistanın beynəlxalq müstəvidə törətdikləri cinayətlərə görə cavab verməsində fəal iştirakı üçün müraciətlər edilib”.

    “Nazirlik tərəfindən Azərbaycan həqiqətlərinin geniş yayılması məqsədilə Ədliyyə Nazirliyinin rəsmi səhifəsində üç dildə məlumatlar geniş şəkildə ictimaiyyətləşdirilib. Bu platforma üzərindən Ali Baş Komandan İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr də paylaşılıb”, – deyə S.Kazımov qeyd edib.

  • Назначен новый главный тренер “Кешля” – ОФИЦИАЛЬНО

    Согласно решению Правления футбольного клуба “Кешля”, главным тренером команды назначен Санан Гурбанов, сообщает официальный сайт клуба.

    Контракт с 40-летним специалистом подписан до конца сезона.

    Отметим, что в сезоне 2018/19 Санан Гурбанов возглавлял футбольный клуб “Габала”.

    Напомним, что вчера Юнис Гусейнов подал в отставку с поста главного тренера “Кешля”.

  • “Keşlə”nin yeni baş məşqçisi bilindi – RƏSMİ

    “Keşlə” Futbol Klubunun baş məşqçisi vəzifəsinə təyinat baş tutub.

    Median.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən, Bakı komandasını Sənan Qurbanov çalışdıracaq.

    40 yaşlı mütəxəssis ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

    Qeyd edək ki, Sənan Qurbanov buna qədər 2018/19-cu illər mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.

    Xatırladaq ki, dünən Yunis Hüseynov komandanın baş məşqçi postundan istefa verib.

  • Elnur Allahverdiyevdən təklif: “Şuşa ekoloji şəhər elan olunsun”

    “Ermənilər bizim yaşayış məntəqələrini talayıb qarət etməklə yanaşı, təbiətimizə də ziyan vurublar. Ağacları kəsiblər, meşələri məhv ediblər, çaylarımızı zəhərləyiblər, faydalı qazıntıları oğurlayıblar. Bizim qarşımızda tək şəhər və kəndləri deyil, təbiəti də bərpa etmək vəzifəsi durur”.

    Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

    Millət vəkilinin sözlərinə görə, təbiətin bərpası ilə yanaşı, yeni salınacaq yaşayış məntəqələrində ekoloji standartların qorunması və ekologiyaya zərər verməyəcək istehsal sahələri, infrastrukturun yaradılması lazımdır:

    “Qarabağda şəhərlərimiz yenidən tikiləcək. Bu, bizə imkan verir ki, ekoloji problemlərə diqqət yetirək. İnfrastrukturun yaradılmasında ekoloji standartlara cavab verən yeniliklərdən istifadə edə bilərik. Tikinti materiallarının seçimində ekoloji cəhətdən təmiz vasitələrə üstünlük vermək olar”.

    E.Allahverdiyevin sözlərinə görə, ötən həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında belə bir təkliflə çıxış edib:

    “Komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi zamanı təklif etdim ki, Şuşa ekoloji təmiz şəhər elan olunsun. Eko-şəhər üçün Şuşada bütün tələb olunan şərait var. Tarixi şəhərimizdir, mədəniyyət paytaxtımızdır. Şuşanın hər qarışı bizim üçün dəyərdir, irsdir. Şuşanın təbiətinin şəffaflığı, suyunun təmizliyi, havası imkan verir ki, bu qədim məskənimizi ekoloji şəhər elan edək və onun xalqımız üçün necə böyük əhəmiyyət kəsb etdiyini dünyaya göstərək”.

    E.Allahverdiyev hesab edir ki, Şuşanın ekologiyası, təbiəti heç də az əhəmiyyətli deyil:

    “Biz gördük ki, 27 il nəzarətlərində olmasına baxmayaraq, ermənilər Şuşada heç bir layihə, mədəni, tarixi əhəmiyyətli tədbir, tarixi abidələrin bərpası işlərini həyata keçirə bilməyiblər.

    Aydındır ki, Şuşa onların şəhəri deyil. XIX əsrin ortalarında inşa olunmuş kilsədən başqa Şuşada erməni tarixini əks etdirən heç nə yoxdur. İndi biz şəhərimizi qaytarıb onu mədəniyyət paytaxtımız elan etmişik. Məncə, əgər Şuşa bizim mədəniyyət paytaxtımızdırsa, oradakı tarixi abidələri, binaları bərpa edib qorumaq istəyiriksə, Şuşaya bir ekoloji şəhər, yaşıl şəhər statusu da verə bilərik”.

    Millət vəkilinin sözlərinə görə, artıq dünyada elektrik enerjisindən istifadə edən texnologiyalardan daha çox yararlanmağa başlanılıb. Məsələn, Bakının özündə elektriklə işləyən avtomobillərin sayı, əhalinin bu növ nəqliyyat vasitələrinə marağı gündən-günə artır:

    “Biz tutaq ki, Şuşada ancaq elektrik enerjisi ilə çalışan avtomobil, nəqliyyat vasitələri və digər texnologiyanın tətbiqinə icazə verə bilərik. Fikrimcə, ideyanın özü müsbət qarşılanarsa, ekoloji standartların tətbiqi üçün görüləcək işlərin geniş planını hazırlamaq olar. Əminəm ki, özəl sektor bu təşəbbüsə dəstək verər. Prezident cənab İlham Əliyev ölkəmizdə müasir texnologiya, süni intellekt və s. bu kimi yeniliklərin tətbiqinə hər zaman dəstək verib. Azərbaycan bu gün o ölkələrdəndir ki, Beşinci sənaye inqilabına hazırlıqlar görür, dünyanın aparıcı texnoloji şirkətləri bizə hədsiz maraq göstərirlər”.

    Deputat hesab edir ki bu, həm də bütün dünyaya Şuşanın əsl sahiblərinin kimin olması barədə daha bir ismarıc ola bilər:

    “Qoy görsünlər ki, 27 il ərzində Livandan, Yaxın Şərqdən gətirdikləri etnik ermənilər hesabına bu şəhərə yalnız 3-4 min sakin yığa bilən Ermənistandan fərqli olaraq, biz Şuşaya qayıdıb, onu bərpa etməklə yanaşı, həm də təbiətin qayğısına qalırıq”.

  • Vaqif Əsədov: “Piyadaların səhlənkarlığı avtomobil qəzalarına zəmin yaradır” – MÜSAHİBƏ

    Son dövrlərdə avtomobil qəzalarının sayında azalma müşahidə edilir. Bəlkə də çoxumuz bu kimi halların azalmasını pandemiya dövrü və əhalinin böyük hissəsinin karantin qaydalarına görə evdən çıxmadığı ilə əlaqələndirəcəyik.

    Bu amillərlə yanaşı, son illər hüquq-mühafizə orqanlarında aparılan islahatlar, tətbiq edilən yeniliklər qəzaların sayının azalmasına səbəb olur.

    Bəs ümumiyyətlər, qəzalar hansı səbəbdən baş verir? Qeydə alınan qəzalarda ərazi üzrə xidmət aparan yol polislərinin nə qədər payı var?

    Oxu.Az-ın bu və digər suallarını Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov cavablandırıb.

    – Son dövrlərin statistikalarına əsasən, paytaxt ərazisində qeydə alınan avtomobil qəzalarının sayı azalıb, yoxsa artıb?

    – Hər il Bakıda, eləcə də respublika ərazisində qeydə alınan avtomobil qəzalarının statistikası aparılır. Rəqəmlər üzərində müzakirələr gedir və qəzaların baş vermə səbəbləri və onların aradan qaldırılması istiqamətində zəruri olan tədbirlər görülür. Ümumiyyətlə, ilbəil qəzaların sayında azalma və ya artım olduğunu müşahidə etmək üçün ən azı son 5-10 ilin statistikası müqayisə edilməlidir. Yolların uzunluğu, hərəkət zolaqları, yol ayrıcları, piyada keçidləri, sürətə nəzarət mexanizmləri və s. – bütün bunların hər birinin yollarda baş verən qəzalara müəyyən mənada təsiri vardır.

    Məsələn, 10 il bundan öncə Bakı şəhərinin inzibati ərazisinə daxil olan küçə və yolların uzunluğu 2013 km-ə qədər olub. Bu gün isə bu rəqəm təxminən 2250 km-dir. Fərq göz qabağındadır. Eyni zamanda 10 il öncə küçə və ümumi yollarda dördzolaqlı hərəkət var idisə, bu gün artıq əks-istiqamətli yol zolaqlarını da nəzərə alsaq, hava limanı yolunda 8 və ya 10 zolaqlı hərəkətin təmin edildiyi avtomobil yolu sürücülərin ixtiyarına verilib.

    Eləcə də 10 il öncə Bakı şəhərində yol ayrıclarının, yol kəsişmələrinin və ya birləşmələrinin sayı 320 olubsa, artıq bu rəqəm 650-ni keçib. Piyadalar üçün nəzərdə tutulan yeraltı piyada keçidlərinin sayı 10 il əvvəl 12 idisə, bu gün yeraltı və yerüstü keçidlərin ümumi sayı 80-nə çatıb.

    10 il əvvəl Bakıda işıqforlarla tənzimlənən yol kəsişmələrinin sayı 179 olubsa, bu gün bu rəqəm 342-yə, dəmiryolu ilə avtomobil yolunun kəsişmələrinin sayı əvvəl 54 olubsa, bu gün 83-ü keçib.

    Bakı şəhəri üzrə 10 il əvvəl körpü və tunellərin sayı 27 idisə, bu il bu rəqəm 68-ə çatdırılıb. Bu rəqəmləri deməkdə məqsədim odur ki, bu məqamların hər biri real yol nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradır.

    – Amma nəzərə alaq ki, 10 il bundan qabaq Bakıda bu qədər avtomobil də yox idi, elə deyilmi? Bu, bir az da tələb-təklif məsələsidir…

    – Təbii ki, bu məsələlər bir-biri ilə zəncirvari bağlıdır. 10 il və ya daha əvvəl respublika üzrə qeydiyyatda olan avtomobillərin sayı təxminən 500-600 min olubsa, 2020-ci ildə bu rəqəm 1 milyon 500 minə yaxınlaşıb. Ötən il üçün Bakı şəhəri üzrə bu rəqəm 700 minə yaxındır. Paytaxt əhalisinin sayının artmasını da nəzərə almaq lazımdır.

    – Polis əməkdaşlarının sayı 10 il əvvəl ilə müqayisədə artıb, yoxsa azalıb?

    – Son illər ərzində paytaxtdakı yol polisinin xidmət apardığı ərazi genişlənib. Əgər 10 il öncə bir polis əməkdaşı 5-8 km-lik ərazidə hərəkətin təşkilinə cavabdehlik daşıyırdısa, bu gün bu rəqəm 7-13 km təşkil edir. Nəzərə alsaq ki, 10 il əvvəlki nəqliyyat vasitələri ilə bu gün istifadə edilən avtomobillər eyni standartlara uyğun deyil. Çünki vaxtı ilə avtomobil yollarında sürət həddi aşağı olub. Bu gün sürət həddi 110 km/saat-a çatdırılıb. Yəni, bu göstəricilər artsa da, 10 il əvvəl respublika üzrə avtomobil qəzalarında ölənlərin sayı 1000 nəfər artıq olub. Bu gün isə rəqəmlərdə ciddi azalmaların olduğunun şahidi olursunuz.

    – Bakı şəhəri üzrə avtomobil qəzalarının sayı nə qədər olub?

    – 2020-ci ildə paytaxt üzrə 460 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalar nəticəsində 169 nəfər həlak olub, 387 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2019-cu il ilə müqayisədə bu göstəricilər müvafiq olaraq, 109 hadisə, 17 ölüm, 131 xəsarət faktı az deməkdir.

    Hadisələrin azalmasına səbəb isə gündəlik polisin apardığı təbliğat və profilaktik, maarifləndirici tədbirlərdir. Avtomobil yollarında nəqliyyatın hərəkətinin düzgün təşkili və ən son müasir texnikaların tətbiq edilməsi vətəndaşları da, sürücüləri də, digər hərəkət iştirakçılarını da qaydalara ciddi riayət etməyə sövq edir.

    – Qəzaların əsas səbəblərindən biri sürücülərin və piyadaların bir-birini başa düşməməsidir. Necə düşünürsünüz, yolda hərəkət iştirakçılarının bir-birinə jest etməsi çaşqınlıq yaratmır ki?

    – Bilirsiniz, bu, bir qədər arxayınlıqdan qaynaqlanan məsələdir. Belə ki, əvvəl piyadalar sürücülərin onlara yol vermədiyindən şikayət edirdisə, indi artıq əksinə olub. Sürücülər şikayət edir ki, piyadalar maşınlara yol vermir. Piyada düşünür ki, sürücü onu görür, mütləq dayanacaq. Sürücü isə düşünür ki, piyada maşını görür, gözləyəcək. Amma piyada düşünmür ki, sürücü diqqətsiz ola bilər, nəqliyyat vasitəsində texniki cəhətdən hansısa problem ola bilər, avtomobili saxlamaq mümkün olmaz və nəticədə qəza baş verər.

    Eləcə də sürücü düşünmür ki, piyada yolu keçərkən anidən ayağı büdrəyə bilər və s. gözlənilməz hallara qarşı müəyyən məsafə saxlasın. Elə məhz bu kimi kiçik detallara laqeyd yanaşılması gətirib ağır faciələrə yol açır. Biz bu statistikaları açıqlayan zaman insanları qorxutmağa çalışmırıq. İstəyirik ki, bütün hərəkət iştirakçıları diqqətli olsunlar, birinci özlərinin, daha sonra isə digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etsinlər.

    – 2020-ci ildə qeydə alınan yol-nəqliyyat hadisələrinin 57,8 %-ni (266 fakt) piyadaların vurulması təşkil edib. Bu istiqamətdə rəqəmlər əvvəlki illərdən nə qədər fərqlənir?

    – 10 il bundan əvvəl Bakı şəhəri üzrə avtomobil qəzalarının baş verməsində birinci növbədə sürət həddinin aşılması dayanırdı. Yəni, sürət həddinin aşılması ilə bağlı həm respublika, həm də Bakı üzrə qeydə alınan hadisələr təxminən 50 faizdən çox idi. Amma bu gün Bakı üzrə sürət həddinin aşılması ilə baş verən qəzalar ümumi qəzaların 27,2 faizini təşkil edir. Azalmaya səbəb sürət həddinin aşılması ilə bağlı elektron və ya “İ-Patrul” sistemi vasitəsilə elektron qərarlar qəbul edilir. Belə ki, sürət həddinin 11-20 km/saat, 21-40 km/saat, 41-60 km/saat və 61 km/saatdan artıq keçilməsinə görə müvafiq olaraq ayrı-ayrılıqda dörd formada inzibati tənbeh tədbirləri görülür. Bu texnologiyanın tətbiqi avtomatik olaraq göstəricilərin sayında azalmalara gətirib çıxarır.

    Bu gün dövlətimizi, vətəndaşlarımızı, eləcə də polisləri də narahat edən məsələlərdən biri piyadaların vurulması ilə nəticələnın yol-nəqliyyat hadisələridir. Hansı ki, 2020-ci ilin statistikasında bu, ümumi qəzaların 57,8 faizini təşkil edir. 2019-cu ildə isə bu göstərici 62 faiz olub.

    – Çox maraqlı məqama toxundunuz. Rəqəmlərdə sanki təzad var. 10 il əvvəl yeraltı və yerüstü keçidlərinin sayının az olduğu zaman piyadaların vurulması daha az olub, nəinki bu gün, bəs bu, nə ilə bağlıdır?

    – İndi piyadaların vurulması, xüsusilə də piyada keçidlərinin təxminən 100-150 metr yaxınlığında qeydə alınan qəzalar bizi narahat edir. Əvvəl deyirdilər ki, piyada keçidləri yoxdur, yolun bir tərəfindən digər tərəfinə keçmək təhlükəlidir. Amma indi piyada keçidlərinin sayı 80-ə çatdırılıb, qəzalar hələ də qeydə alınır. Səbəb nədir? Sürücü diqqətsizliyi və piyada səhlənkarlığı?

    İnanın ki, burada təkcə dövlətin, dövlət qurumlarının gördüyü işlər, yol polisinin xidmət amili deyil, insan təfəkkürü, düşüncəsi çox önəmlidir. Hər kəs tənbəllik edir. “Piyada keçidinə getməyim, yolu buradan keçim” deyib, tənbəllik etməklə real yol-nəqliyyat hadisəsinə zəmin yaradırlar.

    – Ötən həftə il ərzində paytaxtın avtomobil qəzalarına ən çox “ev sahibliyi” etdiyi küçə və prospektləri açıqladınız. Sadaladığınız amillərlə yanaşı, bu qəzalara səbəb bir az da polis əməkdaşlarının hərəkəti düzgün təşkil edə bilməməsi ola bilərmi?

    – Sadalanan bütün səbəblərdən dolayı, xidmət apardığımız ərazidə qeydə alınan avtomobil qəzalarına görə rəhbərlik tərəfindən fəaliyyətimizə qiymət verilir, yeri gəldikdə irad tutulur. Bu gün hər bir yol polisinin xidmətinə qiyməti xidməti ərazisində qeydə alınan avtomobil qəzalarının sayı müəyyənləşdirir. Paytaxtın hansı ərazisində qəzaların sayı azalırsa, yol polisinin fəaliyyətinin keyfiyyəti üzə çıxır, hansı ərazilərdə qəzalar çoxalır, yol polisinin fəaliyyətinə kölgə düşür.

    Hadisələrin azalması üçün yol polisi ilk növbədə hərəkəti düzgün təşkil etməli, zəruri təbliğat və profilaktik tədbirlər aparmalı, daha sonra isə inzibati tənbeh tədbirləri görməklə hərəkət iştirkaçılarını eyni səhvləri təkrarlamamağa sövq etməlidir. Yol infrastrukturunda səviyyənin yüksəlməsi, yol polisinin tətbiq etdiyi yeni texnologiyalar və rəhbərliyin ciddi nəzarəti ilbəil qəzaların sayının azalmasına təsir edən amillərdəndir.

    – 2020-ci ildə yol polisləri tərəfindən nə qədər protokol tərtib edilib?

    – Ötən il ərzində təkcə yol polisləri tərəfindən 764 mindən çox inzibati protokol tərtib olunub. Onlardan 2 735-i sərxoş halda avtomobilin idarə olunmasına görə tərtib olunub. Bu isə yol polisinin sırf sərxoş halda olan sürücülərin səbəb olacağı 2 735 avtomobil qəzasının qarşısını alması deməkdir. Bu rəqəm 2019-cu illə müqayisədə 1 035 fakt (60,9%) artıb. Polislərin ayıq-sayıqlığı, bəzi şübhəli məqamlarda sürücüləri yoxlaması da məhz bu və digər səbəbdən baş verəcək qəzaların qarşısının alınması, təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi daşıyır.

    Bundan başqa yol polisi əməkdaşları tərəfindən paytaxt ərazisi üzrə ötmə, manevretmə və qarşıdan gələn avtomobilin yoluna çıxmaqla qaydalarının pozulmasına görə 38 153, yolayrıclarının keçilməsi qaydalarının pozulmasına görə 56 357 (2019-cu ildə bu göstərici 104 770 olub), işıqforun qırmızı işığında keçməklə qayda pozulmasına görə 33 870 (2019-cu ildə bu rəqəm 36 593 olub), sərnişindaşıma qaydalarının pozulmasına görə 3 160 (2019-cu ildə bu rəqəm 4 971 olub), eləcə də avtoxuliqanlıq etdiyinə görə 118 sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.

    – Yeni tətbiq edilən “İ-Patrul” sistemi ilə qeydə alınan xətaların statistikası aparılıbmı?

    – Əlbəttə, yol polisi əməkdaşlarının tərtib etdiyi protokollardan əlavə müasir texnologiyaların tətbiqi də qayda pozuntularının qarşısını alır. Belə ki, keçən il ərzində “İ-Patrul” sistemi vasitəsilə 580 minə yaxın qayda pozan sürücülər barəsində elektron qərarlar qəbul edilib.

    Eyni zamanda, 2020-ci il ərzində yol polisinin xidməti avtomobillərində olan “İ-Patrul” sistemi vasitəsilə sürət həddini aşan 81 463 sürücü müəyyən olunaraq, barələrində elektron qərarlar qəbul edilib.

    – Bəzən sosial şəbəkədə sürücülər yol polisi tərəfindən tərtib edilən protokollardan şikayət edirlər. Bununla bağlı müraciətlərin sayı varmı?

    – Bu istiqamətdə müraciətlər daxil olur. Daxil olan müraciətlərin hər birinə baxılır, araşdırılır.

    – Avtomobil qəzalarının statistikasına görə paytaxtın ən təhlükəli küçə və prospektləri hansılardır?

    – 2020-ci ildə paytaxtın Heydər Əliyev prospektində 21 avtomobil qəzası baş verib. Ərazidə qeydə alınan qəzaların sayına görə bu prospekt siyahının birinci pilləsində yer alıb. Bu qəzalar nəticəsində 17 nəfər həlak olub, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Daha sonra siyahının ikinci pilləsində Ziya Bünyadov prospekti gəlir. İl ərzində bu prospektdə 19 avtomobil qəzası qeydə alınıb ki, nəticədə 6 nəfər ölüb, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Onu da qeyd edim ki, yol-nəqliyyat hadisələrinin əksəriyyəti axşam saatlarında, daha dəqiq desək, saat 20:00-dan 00:00-a qədər olan aralıqda qeydə alınır. Bu aralıqda 121 avtomobil qəzası qeydə alınıb ki, nəticədə 55 nəfər həlak olub, 95 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bütün hallarda qəzaların sayında azalma müşahidə olunur. Lakin hər bir hərəkət iştirakçısı məsuliyyətli olmaqla, yol hərəkətində mədəniyyət səviyyəsinin formalaşması prosesində yaxından iştirak etsə, göstəricilər daha da azalar.

    Eyni zamanda, 2020-ci il üzrə avtobus sürücülərinin iştirakı ilə 26 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 10 nəfər ölüb, 22 nəfər xəsarətlər alıb. 2019-cu ildə isə avtobusların iştirakı ilə 33 qəza baş verib ki, bu hadisələr nəticəsində 9 nəfər ölüb, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Müqayisə etsək, görürək ki, 7 hadisə, 1 ölüm və 10 xəsarət faktı azalıb.

    Böyüklərin diqqətsizlikləri nəticəsində azyaşlıların yol kənarında oyun oynaması kimi faktlarla üzləşirik. Velosiped, skeytbord və “rolik”lərlə yolun hərəkət istiqamətinə çıxaraq, təhlükəli anlar yaşadırlar. Bütün bunlar real yol-nəqliyyat hadisələrinə şərait yaradan amillərdir.

    Belə ki, azyaşlıların iştirakı ilə 2020-ci ildə 33 avtomobil qəzası qeydə alınıb ki, nəticədə 7 azyaşlı həlak olub, 26 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. 2019-cu ildə isə 45 avtomobil qəzası baş verib ki, nəticədə 11 azyaşlı həlak olub, 41 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Müqayisə etsək, görərək ki, 12 hadisə, 4 ölüm, 15 xəsarət faktı azalıb. Xüsusilə qeyd etmək istəyirəm ki, azyaşlıların həyat və sağlamlıqlarının, eləcə də yollarda təhlükəsizliklərinin təmin olunmasında cəmiyyətin heç bir üzvü kənarda qalmamalıdır.

    – Yəqin ki, razılaşarsınız, mövsümi olaraq kəskin hava şəraiti, yağış və qar yağıntıları da qəzalara səbəb olan amillərdəndir.

    – Ümumilikdə, bəli, bu, səbəb kimi qeyd oluna bilər. Hava şəraitindən asılı olmayaraq, yol polisi əməkdaşları öz xidmətini davam etdirir. Üstəlik dəyişkən hava şəraitlərində fəaliyyətimiz gücləndirilmiş iş rejimində aparılır. Bu, bizim vəzifə borcumuzdur. Yağışlı hava şəraitində ən vacib olan yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Buna görə də, tərəfimizdən zəruri tədbirlər görülür. Açığı etiraf edim ki, Bakı şəhərində hava şəraitinin kəskin dəyişməsi yollarda gərginlik yaradır.

    Hər dəfə bununla bağlı sürücülərə müraciətlər olunur, diqqətli olmaları, mövsümə uyğun olaraq avtomobillərində zəruri dəyişiklikləri (təkərlərin dəyişdirilməsi və s.) etmələri tövsiyə edilir. Ölkəmiz inkişaf edir. İnkişaf tempi artdıqca qəza şəraitləri də artır. Digər sahələr öz üzərinə düşən vəzifələri yerinə yetirir. Eyni zamanda artıq sovet avtomobilləri deyil, xarici şirkətlərin istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir. Müasir texnologiyalar nəticəsində qaydalara riayət etməklə təhlükəsiz hərəkəti təmin etmək çox rahatdır. Buna görə də hərəkət iştirakçılarının məsuliyyətli, yol polisi əməkdaşlarına dəstək olmaları arzuediləndir.