Month: March 2021

  • 49 qadının saxlanıldığı “Pəhləvanlar” kafesinin sahibini infarkt vurdu, qardaşı isə… – ŞOK DETALLAR

    Əxlaqsızlıq yuvası olması ilə məşhurlaşan “Pəhləvanlar” kafesini işlədən şəxslər hakim qarşısına çıxarılıb.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonundakı kafedə əxlaqsızlıq yuvası saxlamaqda və narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Qabil Ramazanov, onun qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.

    Hökmə əsasən Habil Ramazanov və Yalçın Əzimli 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Qabil Ramazanov barəsində isə şərti cəza təyin edilib. Bildirək ki, Qabil Ramazanov məhkəmə istintaqı dövründə həbsdə idi. Onun səhhətində ciddi problem yarandığı, infarkt vurduğu üçün ev dustaqlığına buraxılmışdı.


    İttihama görə, Qabil Ramazanov özünə məxsus “Pəhləvanlar” kafesində əxlaqsızlıq yuvası təşkil edib.

    Məlumata görə, Qabil Ramazanov 18 otaqdan ibarət kafesində ayrı-ayrı şəxslərin yüngül həyat tərzi sürən qadınlarla cinsi əlaqədə olmasına şərait yaradıb. Bunun qarşılığında həmin qadınlara müştərilərdən aldığı pulun müəyyən hissəsini ödəyirmiş.

    İttihamda yazılır ki, kafedə xüsusi hazırlanmış otaqlarda qadınlar kişi müştərilərə pul müqabilində intim xidmət göstəriblər. Kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimov həmin obyektdə əxlaqsızlıq yuvası təşkil etməklə qazanc əldə ediblər.

    Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı kafenin ikinci mərtəbəsində müştərilərlə intim əlaqədə olmaq üçün gözləyən 49 qadın saxlanılıb.

    Əməliyyat zamanı kafenin birinci mərtəbəsində yerləşən 18 otaqdan 5-də kafedə işləyən qadınlarla intim münasibətdə olan müştərilər olub. Onlar da əməliyyatçılar tərəfindən saxlanılıb və barələrində zəruri tədbirlər görülüb. İttihamda o da göstərilir ki, Qabil Ramazanovun kafedəki iş otağından narkotik vasitə də aşkar edilib.

    İstintaq orqanı Qabil Ramazanov barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edib.

    Digər iki təqsirləndirilən Habil Ramazanov və Yalçın Əzimlinin barəsində isə Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə ittiham verilib. Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər.

    Ramazanov qardaşları dəfələrlə televiziya verilişlərində, tədbirlərdə pəhləvan kimi şoular göstəriblər. Onların pəhləvan kimi fəaliyyəti ilə bağlı “Youtube” kanalında xeyli sayda videogörüntülər də var. Həbs edilən Ramazanov qardaşlarının böyük qardaşları da pəhləvan olub.

  • Sensasion məhkəmə işi: “Zaminbank”ın həbs edilən sədri ilə “Şərurlu İsfəndiyar”ın qalmaqalı, nazirlərlə görüş

    2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılov hakim qarşısına çıxarılıb.

    Məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub.

    Məlumata görə, iş üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan biri tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.

    Nadir İsmayılov Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

    N.İsmayılov 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır.

    Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir.

    N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir.

    Martın 5-də baş tutan məhkəmədə zərərçəkmişlərdən yalnız İsfəndiyar Axundov iştirak edib.

    Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, İ.Axundov əvvəlcə Nadir İsmayılovla münasibətlərindən danışıb. Deyib ki, Nadir İsmayılovla dost olub, illərlə birlikdə çörək kəsiblər.

    Daha sonra İsfəndiyar Axundov hadisələrin bu yerə gəlib çatmasının səbəblərini danışıb.

    O deyib ki, 2012-ci dövlətin ən yüksək vəzifəli məmurları onu görüşə çağırıb. Səbəb isə həmin illərdə tikinti sektorunda baş verən xaos olub. Həmin ərəfədə minlərlə insan MTK-lardan ev almaq istəyərkən aldadılmışdı.

    İ.Axundov ifadəsində bildirib ki, görüşdə fövqəladə hallar naziri, daxili işlər naziri, baş prokuror və Bakı meri Hacıbala Abutalıbov olub.

    “Bildirildi ki, 1036 nəfər aldadılıb. Onların narazılığını həll emək lazımdır. Narazı insanları müxalifət öz tərəfinə çəkə bilərdir. Seçki ərəfəsi idi və ölkədə gərginlik ola bilərdi. Mənə dedilər ki, vergidən azad ediləcəyəm və dövlət də dəstək göstərəcək. Mən də bu işi görməyi öz öhdəmə götürdüm. Dedim ki, mən də bu dövlətin bir əsgəriyəm”- deyə İ.Axundov qeyd edib.

    İ.Axundov daha sonra Nadir İsmayılovla aralarında yaranmış qalmaqal haqda danışmağa başlayıb.

    Deyib ki, görüləcək işlərlə bağlı Nadir İsmayılovun dəstəyi ilə kredit götürüb.

    “Ümumi 10 milyon razılaşdırıldı. 5 milyon mənə verildi. 5 milyon da onda qaldı, bankda depozitə qoydu. Mən həmin krediti 10 ilə qaytarmalı idim. Sonra Mərkəzi Bank dedi ki, gətir pulu qaytar.

    Əslində indi burda Nadirin baş mühasibi oturmalı idi. 6 milyon ödəmişəm. Amma həmin adam kreditə ödəməyib. Sənədlərdə yazılıb ki, pul hesaba ödənilib. Əslində isə kreditə ödənildiyi yazılmalı idi.

    Sonra məlum oldu ki, 10 milyonluq kreditin hamısı mənim adıma yazılıb. Artıq problemlər yaranmağa başalyırdı. Özü ilə danışdım. Nadir mənə dedi ki, pulu ödəməsəm, obyekt əldən gedəcək. Mənə dedi ki, 80 milyon alacağı var və alan kimi mənim pulumu verəcək. Amma vermədi. Mən də buna inanmışdım.

    Sonra dedi ki, onda qalan 4 milyonu da mən gətirib ödəyim. Bunu da ödədim. Amma Mərkəzi Bank çağırdı ki, həmin pulu “Zaminbank”a yox, onlara ödəməliyəm. Mənə dedilər ki, sən aldadılmısan. Dövlətə kömək edəcəyim yerdə gəlib bataqlığa düşdüm”- deyə İ.Axundov bildirib.

    İ.Axundov qeyd edilən 10 milyonluq kreditə görə 12 milyon 800 min ödəniş etdiyini deyib.

    Nadir İsmayılova etibarının olduğunu deyən İsfəndiyar Axundov bildirib ki, kredit ayrılanda heç bir sənədə imza atmayıb:

    “İllərlə çörək kəsmişik, etibar eləmişəm, savadsızlığımdan istifadə ediblər”.

    Məlum olub ki, İ.Axundova kredit ayrılan zaman ona məxsus “Flaminqo” restoranı, “milyonerlər məhəlləsi”ndəki villası girov qoyulub.

    Bundan sonra Nadir İsmayılov danışıb və İsfəndiyar Axundova əvvəlcə barışıq təklif edib: “Mən əvvəlcə təklif edirəm ki, İsfəndiyar müəllim şikayətini geri götürsün və öz aramızda həll edək. Əks halda həqiqətləri açıb deyəcəm”.

    İsfəndiyar Axundov etiraz edib və deyib ki, 25 milyonluq işi batmaq üzrədir: “Mənim başıma oyun açdılar. O vaxt dedim ki, heç olmasa “Flaminqo”nu çıxarsınlar, amma onu da etmədilər. Mən onunla çörək kəsmişəm. Mənə izah etsəydilər, kömək edəcəkdim. Amma məni aldadıblar. Mən bilmirdim ki, obyektlər Mərkəzi Banka girov qoyulub”.

    Nadir İsmayılov bildirib ki, əgər İsfəndiyar Axundov barışığı qəbul eləməsə, həqiqətləri danışmağa başlayacaq.

    İ.Axundov da Nadir İsmayılovla etiraz etməyib: “Danış, nə bilirsənsə, danış”.

    Nadir İsmayılov ifadəsinə belə başlayıb:

    “İsfəndiyar Axundov danışır, amma bəzi məqamları dəqiq danışmır. Bir gün mənə dedi ki, 75 min kvadrat evlərini, 16 mərtəbəli binasını, Tbilisi prospektindəki obyektini əlindən alıblar. Bu hadisələr 2012-ci ildə baş verirdi. İndi ad çəkmək istəmirəm. O zaman kimlər nələr edirdi…

    Mən gördüm ki, İsfəndiyarın vəziyyəti pisdir. Ona kömək məqəsədi ilə kredit ayırmağı təklif etdim. İşlərini yoluna qoysun deyə. Deyirdim ki, iş gör, səni batırmaqlarına imkan vermə.

    Bütün bu söhbətlərə İsfəndiyar müəllimin qudası Məhərrəm Sadıqov da şahiddir. Çağırarsınız, o da gəlib ifadə verər.

    10 milyonun 5 milyonu qalmışdı. Amma həmin 5 milyonun, İsfəndiyarın götürmədiyi pulun faizini mən ödəyirdim. Çünki Mərkəzi Bank pulu “Zaminbank”a vermişdi. 10 milyonun faizi “Zaminbank”ın müxbir hesabından silinirdi. Sonra qalan 5 milyonu hissə-hissə özü götürdü.

    Mənim yanımda oğlu Mehman ilə danışıb. Türkiyədə bina tikmək istəyirdilər. Oğluna 2 milyon lazım idi. Oğluna dedi ki, Nadir əminin yanındayam, pulu verir. Oğluna dedi ki, adamları göndər, gəlib aparsın”.

    Nadir İsmayılov bu ifadələri verən zaman emosional danışıb və hirslənib. O söyləyib ki, bu qədər haqsızlığa dözə bilmir:

    “Mən susdum, amma gördüm ki, günahsız yerə həbsdə qalıram. Artıq 8 aydır ki, hənsxanadayam. Əlim-qolum bağlı qalıb.

    Məndə səs yazıları, görüntülər var. Telefon danışıqları var. Hamısını gətirib ortaya qoyacam. Tutulmamışdan iki gün əvvəl də İsfəndiyar müəllimlə görüşdük, danışdıq, öpüşdük. Sonra da məni tutdular”.

    Sual-cavablardan məlum olub ki, “Zaminbank”da İsfəndiyar Axundovun xanımının adına hesab olub. Həmin hesaba 4.5 milyon pul qoyulub və kreditin bağlanmasına yönəldilib.

    Nadir İsmayılov deyir ki, Həmin pulu hesaba özü köçürüb. İsfəndiyar Axundov isə deyir ki, həmin pulu özü ödəyib.

    İsfəndiyar Axundov orta təhsilinin belə olmadığını, buna görə də Nadir İsmayılov tərəfindən aldadıldığını vurğulayıb.

    Amma N.İsmayılov bununla razılaşmır: “İsfəndiyar müəllim ölkədə ən böyük kapitalı olan iş adamlarından biridir. Böyük biznes şəbəkəsi var. Onun bir sənədə imza atmaması, ondan xəbərsiz sənədləşmə aparılmasına necə inanmaq olar? Kredit müqaviləsi üç tərəf arasında imzalanıb. “Zaminbank”, İsfəndiyar Axundov və Mərkəzi Bank arasında”.

    Suallar zamanı İsfəndiyar Axundov bildirib ki, hazırda əmlaklarını girovdan çıxara bilmir.

    Nadir İsmayılov söyləyib ki, İsfəndiyar Axundovun Mərkəzi Banka 5 milyon borcu qalır. Kreditin yarısından çoxunu ödədiyi üçün “Flaminqo” restoranını girovdan çıxara bilər.

    Məhkəmə araşdırması davam edir. Növbəti prosesə İsfəndiyar Axundovun epizodu üzrə dindirilmələr davam edəcək.

    Xatırladaq ki, N.İsmayılovun adı başqa bir cinayət işində də keçirdi. Həmin işdən sonra Nadir İsmayılovun əməlləri barədə araşdırma aparılmağa başlanmışdı.

    Belə ki, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovdan şikayət etmişdi.

    Elnur Məmmədov Rövşən Heybətova 200 min manat pul verərək Türkiyəyə aparmasını istəmişdi. R.Heybətov Türkiyədə hücuma məruz qaldığını, pulun oğurlandığını bildirirdi.

    Lakin Elnur Məmmədov buna inanmayaraq R.Heybətovdan şikayətçi olmuşdu.

    Bu cinayət işi üzrə məhkəmə araşdırması davam edən zaman Nadir İsmayılov məhkəmədə şahid qismində dindirilmişdi.

    Həmin prosesdə N.İsmayılov barəsində qanunsuz köçürmələrə görə araşdırma aparıldığı üzə çıxmışdı.

    //Musavat.com

  • Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik maddə aşkarlanıb.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Qeyd olunub ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri Qaradağ rayonunun sakinləri A.Nəsirov və A.Feyzullayev sonuncunun idarə etdiyi “Chevrolet” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

    Şöbədə keçirilən baxış zamanı həmin avtomobildən 3 kiloqram 230 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Lənkəranda ev yanıb

    Lənkəran şəhərinin Şilim kəndində ümumi sahəsi 140 kvm olan birmərtəbəli üç otaq və aynabənddən ibarət evin bir otağının, mətbəxinin, aynabəndinin yanar konstruksiyaları və dam örtüyü 80 kvm sahədə yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Əsəb xəstəsi olan qadın oğlunu öldürdü

    Rusiyada ruhi əsəb xəstəliyindən əziyyət çəkən qadın övladının ölümünə səbəb olub.

    Belə ki, Rusiyanın Vıborq şəhərində mənzildən 15 yaşlı yeniyetmənin meyiti və halsız vəziyyətdə olan qadın aşkarlanıb. Aparılan araşdırma zamanı məlum olub ki, Ruhi Əsəb Dispanserində qeydiyyatda olan qadın borunun ağzını açaraq məişət qazını evə buraxıb.

    Nəticədə yeniyetmə oğlan boğularaq ölüb, qadın isə xəstəxanaya aparılıb. Hazırda faktla bağlı cinayət işi açılıb.

    ///Report

  • Direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb

    Bu gün 16:00 tarixində keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınıb.

    Təhsil Nazirliyindən verilən məlumata görə, qeyd olunan tarixdə imtahanda iştirak etmiş hər bir iştirakçı təkrar imtahana cəlb olunacaq və onlara yeni sual variantı təqdim ediləcək.

    “Eyni zamanda bildiririk ki, texniki profilaktik işlərin görülməsi ilə əlaqədar 7 mart 2021-ci il tarixində keçirilməsi planlaşdırılan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi təxirə salınıb.

    Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib.

    İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq”, – deyə məlumatda qeyd edilib.

  • “Əgər yoluxma artarsa, SMS icazə bərpa edilməlidir” – AÇIQLAMA

    Əgər yoluxma sayında yenidən artım olarsa, yeganə yol sərt karantin tədbirlərinə gedilməsi və SMS icazə sisteminin bərpa olunmasıdır.

    Bunu həkim-infeksionist Vüqar Cavadzadə deyib.

    İnfeksionist qeyd edib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla aparılır, dövlət tərəfindən bütün tədbirlər görülür: “Sadəcə olaraq insanlarda bir qədər arxayınlıq yaranıb. Bəzi insanlar demək olar ki, koronanın varlığını yaddan çıxarıb. Son günlərin statistikasında artım dinamikası müşahidə olunur. Bu da karantin tədbirlərinin nisbətən yumşalması ilə bağlıdır.

    Bir sıra məktəblər, o cümlədən ictimai iaşə obyektləri mərhələli formada açılmaya getdi. Təbii olaraq mərhələli bərpa prosesi ictimai nəqliyyatda sıxlığın yaranmasına səbəb olur. Bu da yoluxma statistikasında artıma gətirib çıxarır. Son dövrlər yoluxma sayı 100-dən aşağı düşmüşdüsə, hazırda gündəlik 300-350 nəfərdə yoluxma qeydə alınır”.

    Ekspert qarşıdan gələn Novruz bayramı ərəfəsində yoluxma sayında artımın olacağını istisna etmir:

    “Bayram ərəfəsində insanların qonaq getmək kimi bir ənənəsi var. Bu zaman insanlar bir-biri ilə daha çox ünsiyyətdə olacaq. Bu da yoluxmaların artmasına təsir edəcək”.

    Vüqar Cavadzadə hazırda ölkədəki epidemioloji vəziyyəti stabil qiymətləndirib:

    “Düşünmürəm ki, hazırda sərt karantinə gediləcək. Çünki bu gün epidemik proses nəzarət altındadır. Amma yoluxma sayı artarsa, sərt karantindən başqa alternativ yolumuz qalmır.

    Ölkəmizdə 3 dəfə sərt karantinə gedilib. Ən çox yoluxma payız aylarında qeydə alınmışdı. Gündəlik 4000-4500 nəfərin testinin nəticəsi pozitiv çıxırdı. Sərt karantin tədbirləri tətbiq olunandan sonra yoluxma sayında azalma qeydə alındı. Əgər yoluxma sayında yenidən artım olarsa, yeganə yol sərt karantin tədbirlərinə gedilməsi və SMS icazə sisteminin bərpa olunmasıdır. İnsanlar bir qədər ehtiyatla davranmalıdır ki, bayramdan sonrakı dövrdə sərt karantin rejimində yaşamayaq”.

    ///Teleqraf

  • Azərbaycan Türkiyə ilə birgə film və seriallar çəkəcək

    Azərbaycan və Türkiyə arasında kino sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində bir çox maddələr üzərində qarşılıqlı razılıq əldə olunub.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, razılığa Ankarada Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə gəlinib.

    Qarşılıqlı əməkdaşlıqlar aşağıdakı maddələri ehtiva edəcək:

    – Müştərək filmlərin istehsalı və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi

    – Müştərək serialların istehsalı ilə əlaqədar işlərin aparılması

    – Qarabağ mövzusunda müştərək filmlərin çəkilməsi

    – Müştərək film festivallarının keçirilməsi, həmçinin mədəniyyət paytaxtımız Şuşa şəhərində beynəlxalq film festivalına dair işlərin görülməsi

    – Film və serialların distribüsiyası və beynəlxalq platformalarda yayımlanmasına dair əməkdaşlığın genişləndirilməsi

    – Hər iki ölkənin dövlət və özəl kino qurumları və kinematoqrafçıları arasında təcrübə mübadiləsi

    – Azərbaycan və Türkiyə Film Komissiyaları arasında əlaqələrin yaradılması və təcrübə mübadiləsinin həyata keçirilməsi

    – Animasiya sahəsində peşəkarlıq səviyyəsinin artırılmasına dair işlərin aparılması

    – Təhsil və tədris layihələrinin təşkili

    – Hər iki ölkənin təşəbbüsü əsasında Türkdilli ölkələrin iştirakı və üzvlüyü ilə beynəlxalq ortaq film fondunun yaradılması istiqamətində müzakirələrin aparılması

    – Hər iki ölkədə uşaqlar və gənclər üçün kino mədəniyyəti ilə bağlı sosial layihələrin təşkili.

    Həmçinin, Azərbaycan və Türkiyə arasında Mədəniyyət üzrə əməkdaşlıq Protokolunun imzalanması üçün zəruri işlərin görülməsi və Birgə Komissiyanın (İşçi qrupunun) növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçirilməsi barəsində razılıq əldə olunub.

  • “Alpin” əmtəə nişanlı 23,760 kiloqram sümüksüz dondurulmuş hind quşu məhsulu məhv edilib

    Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Ladess group” MMC tərəfindən Türkiyədən ölkəmizə idxal edilən “Alpin” əmtəə nişanlı sümüksüz dondurulmuş hind quşu məhsuluna baxış keçirilib.

    Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

    Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib.

    Agentlik tərəfindən istehlak üçün yararsız məhsulun məhv edilməsi barədə qərar qəbul edilib.

    Ümumi çəkisi 23,760 kiloqram olan sümüksüz dondurulmuş hind quşu məhsulu partiyası Sumqayıt şəhər Təmizlik Departamentinin Zərərsizləşdirmə Poliqonunda məhv edilib.

  • Rusiyada kişi kürəkəninin qətlini sifariş verdi

    Moskvada kişi 43 kürəkəninin oğurlanmasını və qətlini sifariş verib.

    Bu barədə “Moskovskiy komsomolets” xəbər yayıb.

    Nəşrin məlumatına görə, dörd nəfər naməlum şəxs kişini evinin yanında tutub döyüblər, elektroşokerlə vurublar, sonra avtomobilə basıb aparıblar.

    Bundan sonra o, Krasnoqorsk şəhərinə aparılıb, orada da güllələnib.

    İstintaqın məlumatına görə, qətlin sifarişçisi qayınata olub. Artıq o və sifarişin iki icraçısı saxlanılıb.

    Hadisənin baş vermə səbəbləri araşdırılır, istintaq davam edir.