Month: March 2021

  • Bakının məkəzində dörd naməlum şəxs oğlan və qızı döydü

    Bakıda gənc oğlan və qız döyülüb.
    “Report” xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Bülbül prospekti 29 ünvanında qeydə alınıb.
    Belə ki, dörd naməlum şəxs gənc oğlan və qızı döyərək hadisə yerindən qaçıb.
    Daha sonra əraziyə polis əməkdaşları gəlib.
    Faktla bağla araşdırma aparılır.

  • Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən işğaldan azad olunan ərazilərdə bir çox əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb, bir neçə infrastruktur, nəqliyyat və təchizat, eləcə də torpaq sahələrinin inventarlaşdırılması başa çatdırılıb.
    Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclasında məlumat verilib.
    bildirilib ki, azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu İqtisadi məsələlər üzrə İşçi Qrup əmlakın inventarlaşdırılması, işğaldan əvvəl mövcud olan xəritələrin vektorlaşdırılması, habelə iqtisadi fəallığın dəstəklənməsi kimi proseslər üzərində işləyir.
    Həmçinin, aidiyyəti qurumlar tərəfindən Qrupun sahəvi tədbirlər planının icrasına başlanılıb. Veb əsaslı, mətn və qarfiki komponentlərdən ibarət Qarabağ İnventar Proqramı hazırlanıb və dövr ərzində təkmilləşdirilib. Hazırda müvafiq dövlət qurum və təşkilatları ilə texniki inteqrasiya mühiti qurulur.

  • Perm şəhərində Xocalıya ədalət tələb edilib

    Azərbaycan diasporunun təşkilatçılığı ilə Perm şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, şəhərin “Siti star” mədəniyyət mərkəzində baş turan tədbirdə Azərbaycan diasporunun üzvləri, müxtəlif icmaların nümayəndələri və üzərində “Biz ədalət tələb edirik” şüarı yazılan köynəklər geyinmiş tələbələr iştirak ediblər.

    Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimdə çıxış edən Perm vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilən dəhşətli soyqırımı aktı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Xocalı faciəsi indiyədək beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymətini almayıb. Xocalıya ədalət çağırışı ilə çıxış etmək, 29 il öncə insanlığa sığmayan bu cinayəti törədən müqəssirlərin məsuliyyətə cəlb olunmasını tələb etmək hər kəsin borcudur.

    Daha sonra tədbirdə Xocalı qətliamının canlı şahidlərinin iştirakı ilə çəkilmiş sənədli film nümayiş etdirilib.

  • Qarabağ dirçəlir: investisiya ilə bağlı artıq 400 təklif var

    “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib. Azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu İqtisadi məsələlər üzrə İşçi Qrup əmlakın inventarlaşdırılması, işğaldan əvvəl mövcud olan xəritələrin vektorlaşdırılması, habelə iqtisadi fəallığın dəstəklənməsi kimi proseslər üzərində işləyir.

    Milli.Az bildirir ki, aidiyyəti qurumlar tərəfindən Qrupun sahəvi tədbirlər planının icrasına başlanılmışdır. Belə ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir çox əmlakın çöl inventarlaşdırma işləri tamamlanmış, bir necə infrastruktur, nəqliyyat və təchizat, eləcə də torpaq sahələrinin inventarlaşdırılması başa çatdırılmışdır. Veb əsaslı, mətn və qarfiki komponentlərdən ibarət Qarabağ İnventar Proqramı hazırlanmış və dövr ərzində təkmilləşdirilmişdir. Hazırda müvafiq dövlət qurum və təşkilatları ilə texniki inteqrasiya mühiti qurulur.

    İşğaldan əvvəl mövcud vəziyyətə dair xəritə materiallarının vektorlaşdırılması, bu sahədə zəruri işlərin davam etdirilməsi məqsədilə kənd yaşayış məntəqələrinin kağız xəritələrin koordinat sisteminə gətirilməsi üçün işlər aparılır.

    Bu ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir.

    Artıq investisiya layihələri ilə bağlı 400-dən artıq müraciət daxil olmuşdur. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

    Yeni təşviq alətlərinin formalaşdırılması, o cümlədən sənaye parkları, sənaye məhəllələri, aqroparkların yaradılması ilə bağlı təkliflər hazırlanır.

    Sahəvi Tədbirlər Planına uygun olaraq, işğaldan azad edilmiş ərazilərin turizm potensialının qiymətləndirilməsi, bölgənin regional turizm strategiyasının formalaşdırılması, turizm marşrutlarının hazırlanması istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən müvafiq işlər görülür.

    Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər İşçi Qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

    Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

  • “Android” Azərbaycanın əməliyyat sistemi bazarında liderdir

    2021-ci ilin fevralında Azərbaycanın əməliyyat sistemi bazarında “Android” sisteminin payı 52,07 faiz təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,03 faiz azdır.

    Median.Az Trend-ə istinadən bildirir ki, ikinci yerdə qərarlaşmış “Microsoft” şirkətinin “Windows” əməliyyat sisteminin bazarda payı 1,42 faiz artaraq 35,17 faiz təşkil edib.

    “Apple” şirkətinin “iOS” əməliyyat sisteminin payı 0,42 faiz artaraq 8,62 faizə bərabər olub.

    Digər əməliyyat sistemləri sırasında “macOS X” (Apple, 2,35 faiz), “Linux” (0,38 faiz) və digər əməliyyat sistemləri (1,26 faiz) yer alıb.

  • Şri-Lankada “cin çıxarma” adı ilə doqquz yaşlı qızı ölənə kimi döydülər

    “Cin çıxarma” ritualı zamanı doqquz yaşlı qız ölənə kimi döyülüb.

    “The New Straits Times”ın məlumatına görə, dəhşətli hadisə Şri-Lankada baş verib.

    Bildirilir ki, uşağın valideynləri onu paytaxt Kolombonun yaxınlığında bir kəndə aparıblar. Ekzorsist ritual çərçivəsində uşağı ağacla döyüb. Qışqırığı eşidən qonşular polis çağırıb. Lakin artıq gec olub. Uşaq xəstəxanaya gedərkən keçinib.

    Ekzorsizm ayini keçirən qadın və uşağın anası həbs olunub.

  • Uill Smit özünü siyasətdə sınayacaq

    Amerikalı aktyor və rejissor Uill Smit özünü siyasət aləmində sınayacaq.

    “Crooked Media” xəbər verir ki, sənətçi yaxın gələcəkdə hansısa siyasi post üçün müraciət edəcəyini bildirib:

    “Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

    Bununla yanaşı, o, fəaliyyət sahəsini nə vaxt dəyişəcəyini deməyib.

    Afroamerikalı ulduz ötən il ABŞ-da rasizmə qarşı etirazları dəstəkləyib. O, hətta bu problem üçün bir araya gələn müasir gəncliklə fəxr etdiyini də dilə gətirib.

    Beş il əvvəl aktyor ABŞ-da prezidentliyə namizəd ola biləcəyini demişdi.

  • Bakıda dələduzluqla məşğul olan “general” azadlığa buraxıldı

    Nərimanov Rayon Məhkəməsində beynəlxalq təşkilatda işlədiyini deyən saxta general-mayor Firdovsi Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmə onun barəsində irəli sürülən Cinayət Məcəlləsinin 320.1-ci (saxta sənəd hazırlama və satma) maddəsinin sübuta yetirilmədiyi qənaətinə gəlib.

    Hökmə əsasən, bu maddə üzrə ona bəraət verilib. F.Ələkbərova 1 il 1 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

    Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin edib və 2 min manat cərimə edilib.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.

    Belə ki, paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş F.Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamenitinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırıb. Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb.

    Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24976 manat, T.Musayevdən 3000 manat və E.Axundzadədən 6 000 manat pulu dələduzluq yolu olaraq ələ keçirib. Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb.

    F.Ələkbərovun Nəsimi rayonunda yerləşən ofisinə baxış zamanı təşkilatın adından qanunsuz hazırlanmış özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, iki dəst general forması və digər madi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, F.Ələkbərov zərərçəkənlərdə inam yaratmaq məqsədi ilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb.

    Faktla bağlı Baş İdarədə F.Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 320.1 (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb.

  • AZAL: Ləğv edilmiş reyslərin biletləri yenidən təxsis ediləcək

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) koronavirus (COVID-19) pandemiyasına görə ləğv edilən reyslərin biletlərinin yenidən təxsis edilməsi şərtlərini açıqlayıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq AZAL-dan bildirilib.

    Məlumatda deyilir ki, aviaşirkət və onun aşağıbüdcəli törəməsi – “Buta Airways”in ləğv edilmiş reyslərinə bilet almış sərnişinlərə həmin biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə yenidən təxsis etməyə icazə verilir.

    Belə ki, AZAL sərnişinlərinə, uçuş tarixini dəyişməklə, lakin əvvəlki hərəkət marşrutunu saxlamaqla, bileti ödənişsiz yenidən rəsmiləşdirməyi təklif edir. Tariflər arasındakı fərqi ödəyərək sərnişinlər aviaşirkətin bütün hazırkı istiqamətləri üzrə uçuş marşrutunu dəyişə bilərlər.

    “Buta Airways”in ləğv edilmiş reyslərinin biletlərini alan sərnişinlər isə tariflər arasındakı fərqi ödəyərək, həmçinin həmin biletləri AZAL-ın xüsusi reyslərinə yenidən rəsmiləşdirə, eləcə də əlavə ödəniş etmədən, aşağıbüdcəli aviaşirkətin hazırkı xüsusi reyslərinə (istənilən istiqamət) yenidən təxsis edə bilərlər.

    AZAL və “Buta Airways” sərnişinləri biletlərin dəyişdirilməsi üçün müvafiq olaraq callcenter@azal.az və callcenter@butaairways.az ünvanları vasitəsilə, həmçinin müvafiq olaraq https://help.azal.az/hc/az/requests/new və https://help.butaairways.az/hc/az/requests/new linkləri ilə geri əlaqə forması vasitəsilə aviaşirkətlərin çağrı mərkəzlərinə və ya aviabiletlərin alındığı yer üzrə müraciət edə bilərlər.

    Hər iki aviaşirkətin sərnişinləri yalnız bir dəfə aviabileti ödənişsiz yenidən təxsis edə bilər.

    Aviabiletin dəyərinin qaytarılmasına alternativ olaraq vauçer formasında sənəd təklif olunur. Həmin vauçeri ilkin aviabiletin əldə edildiyi tarixdən iki il ərzində istifadə etmək mümkündür.

    Vauçer AZAL və “Buta Airways” şirkətlərinin bütün istiqamətləri üzrə biletlərin alınması üçün etibarlıdır.

  • Füzuli rayonunun Üçbulaq kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndinin görüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik: