Month: March 2021

  • Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb

    Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

    Trend xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.

    Qeyd edək ki, indiyədək komissiyanın 4 iclası keçirilib və daxil olan müraciətlərin 450-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

  • Bakıda bəzi ərazilərdə tıxac yaranıb – SİYAHI

    Hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, sıxlıq halları küçə və prospektlərdən keçən müntəzəm və ekspress xətlər üzrə avrobusların hərəkətini də çətinləşdirir. Hazırda təkcə Heydər Əliyev prospekti kənar yol şəhər istiqamətində, eləcə də Yusif Səfərov küçəsində 30-dan artıq avtobus sıxlıqda qalıb. İntervalda gecikmələr var.

    Sıxlıq müşahidə olunan küçələr aşağıdakılardır:

    1. Bakı – Sumqayıt şosesi – (20 Yanvar dairəsi istiqaməti) sıxlıq

    2. Ziya Bünyadov prospekti – Əsas yol (Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq,Çermet körpüsü üzərindən,20 Yanvar dairəsi istiqaməti) sıxlıq

    3. Üzeyir Hacıbəyli küçəsi – (Cavanşir körpüsünün üzərindən,Hökumət Evi istiqaməti) sıxlıq

    4. Afiyəddin Cəlilov küçəsi – (Cavanşir körpüsünün üzərindən,Hökumət Evi istiqaməti) sıxlıq

    5. Qara Qarayev prospekti – (Xalqlar Dostluğu metro stansiyası istiqamətindən, Dakar dairəsinə qədər) sıxlıq

    6. Abdulvahab Salamzadə küçəsi – Əsas yol – (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq

    7. Babək prospekti – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq

    8. 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq

    9. Həsən bəy Zərdabi prospekti – (Hər iki istiqamət,20 Yanvar dairəsinə düşən hissə və 20 Yanvar dairəsindən çıxan hissə) sıxlıq

    10. Heydər Əliyev prospekti – Kənar yol – (Koroğlu metro stansiyasının qarşısından başlayaraq,Şəhər mərkəzi istiqamətində) sıxlıq

    11. Rəşid Behbudov küçəsi (Üzeyir Hacıbəyov küçəsi ilə kəsişmədən,28 May küçəsi ilə kəsişməyə qədər) sıxlıq

    12. Yusif Səfərov küçəsi – (Xocalı prospekti ilə kəsişmədən başlayaraq,Heydər Əliyev prospekti – Kənar yol istiqaməti) sıxlıq

    13. Gülarə Qədirbəyova küçəsi – (Hər iki istiqamətdə,Koroğlu Rəhimov küçəsi və Ş.İ.Xətai prospekti ilə kəsişmə istiqamətində) sıxlıq

    14. Abbasqulu ağa Bakıxanov küçəsi (Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən,Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər,Türkiyə səfirliyi istiqaməti) sıxlıq

    15. Moskva prospekti – Əsas yol və Kənar yol – (Şamaxinka dairəsinə gedən yol,,20 Yanvar dairəsi istiqamətində) sıxlıq.

  • “Caliber”in 20-ci buraxılışı: Ermənistanda baş verən son hadisələrin təhlili – VİDEO

    “Caliber”in “Youtube” kanalında layihənin növbəti – 20-ci buraxılışı təqdim olunub.

    Videoda layihə müəllifləri Heydər Mirzə və Hans Kloss Ermənistanda baş verən son hadisələri, baş nazir Nikol Paşinyanla Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın şəxsində ordunun bir sıra yüksək rütbəli zabitlərinin qarşıdurmasını və “İsgəndər” operativ-taktiki raket kompleksləri ətrafında çıxışların bu ölkənin Rusiya ilə münasibətlərə təsiri barədə müzakirə ediblər.

    Layihə müəllifləri həmçinin işğaldan azad edilmiş ərazilərə dövlət başçısı tərəfindən xüsusi nümayəndələrin təyin olunması, həmçinin sözügedən ərazilərin minalardan təmizlənməsi kimi bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

    Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

    Sərəncamla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alınır:

    1. 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

    2. 2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

  • Daşqından sonra inşa olunan yeni evlərin qazlaşdırılması başa çatdı

    Daşqın zamanı zərər görən evlərin yerində inşa olunan yeni evlərin qazlaşdırılması başa çatdırılıb.

    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, 2010-cu ildə Kür çayının daşması nəticəsində Salyan şəhəri, Ə.Quliyev küçəsində zərər görən evlərin əvəzində dövlət tərəfindən inşa edilərək sakinlərə təhvil verilmiş evlərin qazlaşdırılması ilə əlaqədar bu ilin yanvar ayında başlanılan tikinti-quraşdırma işləri yekunlaşıb.

    “Gilan evləri” adlanan yeni massivdə mövcud olan 118 fərdi yaşayış evinin 10-u indiyədək sakinlərin öz vəsaiti hesabına qazlaşdırılıb. Digər 108 fərdi yaşayış evindən ibarət yeni yaşayış massivinin qazlaşdırılması üçün iki pilləli sistem əsasında ümumi uzunluğu 4 341 metr olan müxtəlif diametrli yerüstü polad boru ilə qaz xətləri çəkilib. Hər bir fərdi yaşayış evinə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

    Qeyd edilib ki, qaz açılışı təmin olunan “Gilan evləri” adlanan yeni yaşayış massivində Vətən müharibəsində şəhid olan Famil Hicran oğlu Camalzadənin ailəsi də yaşayır. Onların da fərdi yaşayış evi qazla təchiz olunub.

  • Üzərində erməni vandalizminin izləri olan məscid – VİDEO

    Baku TV əməkdaşları Füzuli rayonunun Merdinli kəndində olub.

    Erməni vandalizmi nəticəsində, kənd infrastrukturu məhv edilib, Merdinli məscidi yararsız hala salınıb.

    Eləcə də kənd ərazisində yerləşən qəbiristanlıqda olan qəbirlər dağıdılıb.

    Ətraflı süjeti təqdim edirik:

  • Sabiq icra başçısının həbs müddəti uzadıldı

    İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

    “Report” xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Şəhla Abdullayevanın sədrlik etdiyi iclasda qərar elan edilib.

    Qərara əsasən, V. Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.

    Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

    2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

    İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

    Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

    İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

  • Sarkisyan yenə Paşinyanın müraciətini rədd etdi: Siyasi böhran dərinləşir

    Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı vəsatətini ikinci dəfə imzalamayıb.

    Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

    A.Sarkisyan bu gün “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna hələ 2018-ci ildə edilmiş düzəlişlərin konstitusiyaya uyğunluğunun nəzərdən keçirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

    Qeyd edək ki, A. Sarkisyanın Konstitusiya Məhkəməsinə etdiyi müraciət Qasparyanın vəzifəsindən azad edilməsinə əngəl yaratmır, çünki Konstitusiya Məhkəməsi vəsatətə və Paşinyanın bu vəsatəti qaldırmasına imkan verən qanunvericilik düzəlişlərinə baxacaq.

    Qanuna əsasən, baş nazirin imzaladığı vəsatət imzalandıqdan üç gün sonra avtomatik olaraq qüvvəyə minir.

  • Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlandı

    Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlanıb.

    Qafqaz Müsəlmanları İdarəsindən APA-ya bildirilib ki, Azərbaycanda Ramazan ayının aprelin 14-də başlanacağı gözlənilir.

  • Dövlət Xidmətindən hərbi vəzifəlilərə zənglər edilməsi ilə bağlı yayılan məlumatlara MÜNASİBƏT

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi vəzifəlilərə zənglər edilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

    SHXÇDX-dən APA-ya bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli 2280 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında Qismən səfərbərlik elan olunub:

    “Prezidentin Sərəncama əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən hərbi vəzifəlilərlə komplektləşdirilib.

    Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Prezidentin 28.09.2020-ci il tarixli 2280 nömrəli Sərəncamıyla hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabr ayının 25-dən 2021-ci il aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər.

    Məlumat üçün bildiririk ki, hərbi vəzifəlilərin təlim və səfərbərlik üzrə çağırılması Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı olduqdan sonra mümkündür. Hazırda bununla bağlı Prezident tərəfindən Sərəncam olmadığı üçün hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təlim və səfərbərlik üzrə çağırılması mümkün deyil”.