Month: April 2021

  • “Azərişığ”ın əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanılıb

    Ağcabədidə elektrik dirəyindən yıxılan kişi ölüb.

    Ağcabədi Rayon Prokurorluqdan verilən məlumata görə, aprelin 8-də saat 14 radələrində Ağcabədi rayonunun “Haramı” adlanan ərazisində 1981-ci il təvəllüdlü Yusifov Elbrus Camal oğlunun elektrik dirəyindən yıxılması nəticəsində almış olduğu xəsarətdən hadisə yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Aparılmış araşdırmalarla müəyyən edilib ki, Ağcabədi elektrik şəbəkəsində elektrik avadanlığı işləri mütəxəssisi işləyən Elbrus Yusifov qeyd edilən ərazidə yüksək gərginlikli elektrik xəttinin bağlandığı dirəklərə bərkitmə işlərinin aparılması zamanı yıxılıb və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb.

    Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.

    Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

  • Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi

    Lənkəran rayonunda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb.

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “Riva Hill Resort”, “Palıdlı Sahil”, “Rahat Məkan” istirahət mərkəzlərində sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasimlərinin keçirilməsi müəyyən edilib.

    Polis əməkdaşları tərəfindən mərasimlərin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

  • Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi

    Xəbər verdiyimiz kimi, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı olub.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, toplantıdan sonra Şura rəsmiləri İçərişəhərdə gəzintiyə çıxıb. Gəzinti zamanı maraqlı an yaşanıb. Belə ki, İçərişəhərdə yeni ailə quran bəylə gəlini görən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev onlara yaxınlaşaraq cütlüyü təbrik edib.

    Həmin anı “Anadolu” agentliyinin əməkdaşı Rəsul Rəhimov lentə alı

  • İstirahət mərkəzində yanğın

    İstirahət mərkəzində yanğın

    Gəncədə istirahət mərkəzində yanğın baş verib.

    Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, hadisə şəhərin Kəpəz rayonunda istirahət mərkəzinin ərazisində qeydə alınıb.

    Belə ki, ümumi sahəsi 144 kvadrat metr olan banket zalının dam örtüyünün yanar konstruksiyaları, mətbəxində iki ədəd soyuducu və bir ədəd havatəmizləyici qurğu yanıb.

    Banket zalının qalan hissəsi və yaxınlıqdakı kotteclər yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • Azərbaycanlı ailə 28 il sonra doğma yurdunda çay içdi – VİDEO

    Azərbaycanlı ailə 28 il sonra işğaldan azad edilmiş yurduna gedib və öz həyətlərində çay içib.

    Sfera.az xəbər verir ki, bununla bağlı görüntüləri Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tvitter hesabında paylaşıb.

    “Bunu izləmək çox ağrılıdır. Məcburi şəkildə didərgin salınmış Azərbaycan ailəsi 28 il sonra kəndlərinə qayıdır və evlərinin xarabalıqlarında çay içirlər”.

    Baş konsul əlavə edib ki, 30 illik erməni işğalı zamanı 800 min azərbaycanlının, demək olar, hamısının evləri talan edilib və dağıdılıb. // “Qafqazinfo”

  • Ərdoğan: “Qara dəniz sülh dənizi olaraq qalmalıdır”

    “Ukraynanın şərqindəki vəziyyət diplomatik əsaslarla həll olunmalıdır. Narahatıq doğuracaq hadisələrin inkişafına son qoyulmasını diləyirik”.

    Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

    Ərdoğan qeyd edib ki, Türkiyə bu istiqamətdə lazım olan hər cür dəstəyi verməyə hazırdır: “Qara dəniz sülh dənizi olaraq qalmalıdır. Qara dənizdə sülh və rifahın bərpası hədəfimizdir. Ortaq coğrafiyamızda nəyin bahasına olursa-olsun, gərginliyin artmasını arzu etmirik. Bu istiqamətdə dəyərli dostum Zelenski ilə fikir mübadiləsi apardıq”.

  • Koronavirus intiharların artmasına təsir göstərir: “İnsanlarda fobiyalar artıb”

    Artıq 1 ildir ki, koronavirus xəstəliyi ilə mübarizə aparırıq. İnsanların həyat rejimində ciddi pozulmalar müşahidə edilir. Qapanmalar insanların həyat rutininə təsir göstərir.

    Bu da psixoloji problemlərin ortaya çıxmasına səbəb olur. Xəstəliyə yoluxanlarla yanaşı, yoluxmayanlarda da psixoloji pozuntulara rast gəlinir. Bu xəstəlikdən ciddi şəkildə qorxaraq, özlərinə qapanırlar. Belə hallar da insanları intihara sürükləyir. Ötən günlərdə koronavirus xəstəliyinə yoluxan şəxsin özünə qəsd etmək istəyi ilə bağlı məlumatlar yayılmışdı. FHN tərəfindən onun qarşısı alınıb.

    Bəs bu cür hallar çox alarsa, qarşısını necə ala bilərik? Koronavirus xəstələrinə psixoloji yardım hansı şəkildə göstərilməlidir?

    ATU-nun infeksion xəstəlikləri kafedrasının dosenti İlham Bayramov Modern.az-a insanların bu xəstəliyə qarşı psixo fobiyasının olduğunu bildirib:

    “Ona görə də onlara psixoloji yardımın göstərilməsi şərtdir. Xəstəliyin müalicəsi ilə yanaşı onlara psixoloqlar, psixiaterapektlər, psixiatrlar yardım etsələr çox gözəl olardı. Xəstəliyin özündən çox fobiya insanlarda ciddi problemlər yaradır. Koronavirus xəstələrində fobiya çox yüksəkdir. Xəstəliyi insanlara elə təqdim ediblər ki, yoluxmayanlar belə virusdan ciddi şəkildə qorxurlar. Xəstəliyin müalicəsi ilə yanaşı həmin stasionarda psixoloji yardım almaları da vacibdir”.

    İ.Bayramov insanlarda ölüm qorxusunun olduğunu qeyd edib:

    “Həmin xəstəliyə yoluxanlar bizə tez-tez “öləcəyik” deyə suallar verirlər. Hamısında ölüm qorxusu var. Bu xəstəliyə tutulan zaman öncəliklə öləcəklərini düşünürlər. Biz özümüz onlara təsəlli verməyə çalışırıq. Qripin ağırlaşmasının bundan daha pis olduğunu söyləyirik.. Bu doğurdan da belədir. Sadəcə olaraq bu xəstəliyin yoluxduruculuğ və öldürücülük qabiliyyəti qripə nisbətən daha tez baş verir.

    Qripdə ağırlaşma uzun müddət çəksə də, bu xəstəliyi yoluxan insanda ilk gündən pnevmoniya, hərarət yüksəkliyi aşkarlanır. Yanaşı xəstəlikləri olanlar da isə nəfəs darlığı yaradır. Ona görə də xəstələrin təcrübəli həkimlərin əlində olması vacibdir. Müalicə düzgün aparılsa, bu kimi hallara da rast gəlinməz. Xəstəlik ağırlaşma verən zaman xəstələrdə fobiya və qorxu hissi daha da çoxalır”. // Modern.az

  • Zelenski: “Türkiyənin suverenliyimizin yenidən bərpa edilməsi mövzusundakı dəstəyi önəmlidir”

    Bu gün müvəqqəti olaraq işğal edilən Donbas və Krımdakı hadisələri Türkiyə ilə bölüşdüm.

    Bu sözləri Ukrayna lideri Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra birgə mətbuat konfransında çıxışı zamanı deyib.

    “Türkiyənin suverenliyimizin yenidən təsis edilməsi mövzusunda dəstəyi önəmlidir. Ticarət həcminin artması, sərbəst ticarət anlaşmasının imzalanması olduqca vacibdir. Görüşdə təyyarə hazırlanması sahəsindəki əməkdaşlığımızı nəzərdən keçirdik. Müdafiə sənayesi Türkiyə ilə strateji əməkdaşlığımızın hərəkətverici qüvvəsidir”, – deyə V.Zelenski bildirib.

  • Dünya çempionumuz ikinci dəfə Avropa birincisi ola bilmədi

    Sofiyada keçirilən taekvondo üzrə Avropa çempionatının üçüncü günündə komandamız aktivinə daha bir medal əlavə edib.

    Millinin lider idmançılarından olan, son Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı, Universiadanın qalibi, ikiqat dünya və bir dəfə Avropa çempionu Milad Beiqi yarışı 80 kq çəki dərəcəsində gümüş medalla başa vurub.

    Milad qızıl medal uğrunda rusiyalı Maksim Kramtsovla gərgin keçən döyüşdə üç raund üstün olsa da, son anda bərabərə qalıb (12:12) və rəqib qızıl xalla qalib gəlib.

    Qeyd edək ki, Ümundünya Taekvondo Federasiyasının Olimpiya reytinq cədvəlində Maksim Kramtsov ilk pillədə, Milad Beiqi isə ikinci pillədə qərarlaşıb. Hər iki idmançı artıq növbəti Yay Olimpiya Oyunlarına lisenziyalarını təmin ediblər.

    Bu, artıq komandamızın qitə çempionatında ikinci medalıdır. İlk yarış günü qadınlar arasında 46 kq çəki dərəcəsində Minayə Əkbərova bürünc medala sahib olub.

  • Bərdədə avtomobil qəzasında iki nəfər xəsarət alıb

    Bərdə rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü İsmayılov Eyvaz Əvəz oğlu və 1989-cu il təvəllüdlü Əliyev Elgün Əlövsət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağla araşdırma aparılır.