Month: April 2021

  • Azərbaycan Kubokunda ilk finalçı bəlli oldu

    Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçının adına aydınlıq gəlib.

    Yarımfinalın cavab oyununda “Qarabağ”ı məğlub edən “Sumqayıt” həlledici qarşılaşmaya vəsiqə qazanıb.

    Matçın əsas və əlavə vaxtı, ilk qarşılaşmadakı kimi qolsuz başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) qonaqlar tarixində 2-ci dəfə finala yüksəlib.

    Qeyd edək ki, yarımfinalın digər matçında “Zirə” səfərdə 2:1 hesabı ilə qalib gəldiyi “Keşlə”ni qəbul edəcək.

  • Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib

    Azərbaycan əhalisinin pərakəndə ticarət şəbəkələrində pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub.

    2021-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,8 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

    Ümumilikdə, qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,5 milyard manatlıq məhsul satılıb.

  • Rusiyada peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək

    Rusiyanın Xabarovsk diyarında Pasxa bayramı ərəfəsində koronavirusa qarşı peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək.

    Bu barədə diyarın Səhiyyə Nazirliyi bildirib.

    Qeyd olunur ki, aprelin 29-30-da peyvənd olunacaq 60 yaşdan yuxarı şəxslərə 10 yumurta təqdim olunacaq.

    Aksiya yerli quşçuluq müəssisəsinin dəstəyi ilə keçirilir.

    Ümumilikdə peyvəndləmə məntəqələrində 1400 pensiyaçıya yumurta veriləcək.

  • Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 90,3 % azalıb

    Ötən ay Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin sayı illik müqayisədə 73,4 % azalıb.

    Bu barədə Gürcüstan Milli Bankının mart ayı üzrə hesabatında bildirilib.

    Ziyarətçilərin 91,7 %-ni turistlər təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 64,4 % azdır.

    Sənəddə qeyd olunub ki, illik müqayisədə qonşu ölkələrdən Gürcüstana səfər edənlərin sayında da azalma qeydə alınıb. Qonşu ölkənin Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayı 90,3 % azalıb. Ermənistandan səfərlərin sayı 82,8 %, Rusiyadan isə 85,7 % az olub.

  • Azərbaycanda plyonka və jalüz probleminə son qoyulur – YENİ QƏRAR

    Pərdə, plyonka və jalüz yenidən gündəmdədir. Bu ilin fevralında Milli Məclisin keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarılmışdı. Dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.

    Bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir. Artıq dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

    Qaynarinfo “Yeni Müsavat”a istinadən xəbər verir ki, bu barədə açıqlama verən yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı, illərdir müzakirə edilən məsələnin çox sadə bir həll düsturunun olduğunu deyib:

    “Ortalıqda standartı da müəyyənləşdiriblər, artıq qanunda da yazılıb ki, ön şüşəyə hər hansı bir formada örtük çəkmək qadağandır. Yalnız yarıya qədər o tündləşdirilməyə icazə verilir. Bu icazə zavod istehsalı olan şüşələrə aiddir. Yəni ön şüşəni müdaxilə nəticəsində tündləşdirmək olmaz. Mövsümdən asılı olmayaraq arxa yan şüşələrə və arxa şüşəyə pərdə, plyonka, jalüz çəkməyə icazə verilir.

    Eyni zamanda tünd şüşələr də tətbiq etmək olar. Çünki Avropada istehsal olunan bir çox avtomobillərin şüşələri Avropa İqtisadi Konvensiyasına uyğun olaraq tünddür. Nəqliyyat vasitələri zavoddan tünd şüşələrlə buraxılır. Belə avtomobillər ölkəyə gətiriləndə, onların şüşələrini şəffaflaşdırmaq üçün xeyli xərc çıxır. Bu da avtomobilin qiymətinə avtomatik olaraq təsir göstərir”.

    Ekspert pərdə, plyonlka məsələsinin araşdırılmasına görə 2 ay müddət müəyyən edilməsinin mənası olmamasına toxunub:

    “Görün nə vəziyyətdəyik ki, adi bir plyonka, pərdə bu boyda hökuməti də, dövləti də, parlamenti də məşğul edir. Yəni ortada standart var, qanun var, qaydalar var, qanunda hər şey yazılıb. Yenidən bunu yazmaq üçün 2 ay müddət mənə də çox qəribə gəldi ki, bu 2 ayda nə edəcəklər, nəyi araşdıracaqlar? Bu gün plyonka çəkən sürücülər hamısı narahat halda gözləyir ki, görəsən, standartda nə yazacaqlar? Plyonkanı sökəcəklər, yoxsa sökməyəcəklər?”

    Azərbaycanda ötən ilə qədər avtomobilin arxa görüntü şüşəsindən savayı bütün şüşələrinə plyonka çəkmək qadağan idi. AZS122-2004 AZS standartına və ümumiyyətlə tərəfdar çıxdığımız beynəlxalq normalara görə, sürücünün görünüş dairəsindən savayı digər şüşələr nizamlanmalı deyil. Elə həmin AZS 122-2004 standartına əsasən:

    Küləyə qarşı şüşələr üçün – 75 faiz;

    Küləyə qarşı olmayan digər şüşələr üçün – 70 faiz.

    Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

    “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, qaydalara əsasən DYP inspektoru vizual olaraq şüşələrinin qara olmasını müəyyən etdikdən sonra, bunu təsiqləmək üçün avtomobili saxlayır:

    “Birbaşa yoxlanış bu cür baş verir. İnspektor saxlayır, saxlama səbəbini deyir, sənədləri tələb edir, taumetr adlanan cihazla isə cihazın istismar kitabçasına uyğun yoxlama aparır. Taumetr adlanan cihaz inspektorda yoxdursa, posta və ya cərimə meydançasına getməklə bağlı göstəriş qeyri-qanunidir. Qanunda bu cür göstəriş nəzərdə tutulmayıb. Ölçmədən öncə sürücü bu cihazın uyğunluq sertifikatını və istismar kitabçasını tələb edə bilər. Sürücü əmin olmalıdır ki, bu cihaz rəsmi olaraq texniki ölçü cihazı kimi təsdiqlənib. Qaranlıq havada, yağışda və soyuqda ölçməyə qadağa mövcud deyil. Bütün qadağalar cihazın kitabçasında qeyd edilir. Əgər belə qadağalar varsa, DYP inspektoru buna diqqət etməlidir”.

    İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən: 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda sürücü idarəetmədən kənarlaşdırılır.

    Qara şüşələrə görə isə 342.5-ci maddəni tətbiq etmək daha doğru olur – xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə edilir. Onu qeyd edək ki, AZS 122-2004-də sürücünün görünüş dairəsi P şəkilli müəyyən edlilib. Qanunda sürücünün arxasında qalan şüşələrə jalüz asılmağa icazə var. Qadağa yoxdur və cəriməsi mövcud deyil. Dəyişikliklərə qədər icazə verilməyən örtük – qanunda plyonka və pərdə olaraq müəyyən edilmişdi. AZS 122-2004 standartına son edilmiş dəyişikliyə görə sənaye üsullu jalüzlər istifadə edilə bilər”.

    Hüquqşünas deyir ki, ölkəmizin qoşulduğu Avropa İqtisadi Konvensiyası pərdə, plyonka və jalüz məsələlərini tənzimləyir.

  • Vətən müharibəsində iştirak etmiş 405 qaziyə əlillik statusu verilib

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    Nazir Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi sahəsində görülən işlər barədə bildirib ki, artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir:

    “İndiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib”.

  • Azərbaycanlı müğənni pandemiyada məclis apardığını etiraf etdi

    “Ruzini Allah verir, dolanışıq sarıdan pis deyilik. Düzdür, o vaxtkı kimi deyilik. Amma elə də çətinlik yoxdur. Arada işlər olur gedirik. Evdə keçirilən məclislərə qatılırıq. Orada böyük ansambl yoxdur. 15 nəfərlik ansambldan düşdük 3 nəfərə”.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev “Səhər mərkəzi” proqramında deyib. Sənətçi pandemiyada evlərdə keçirilən məclislərə qatıldığı etiraf edib.

    Elton biznes qurub-qurmaması ilə bağlı suallara isə belə cavab verib:

    “Biznesi bilmədən qurmaq olmur. Ən gözəl biznes sevdiyin işlə məşğul olmaqdır. Musiqinin haqqını verən insan musiqi ilə məşğul olmalıdır”.

  • Bugünkü imtahanın nəticələri nə vaxt elan ediləcək?

    Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarının nəticələrinin elan ediləcəyi vaxt açıqlanıb.

    Median.Az-ın Mərkəzə istinadən verdiyi məlumata görə, aprelin 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

    İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

  • İranda daha 385 nəfər koronavirusdan öldü

    İranda ötən sutka ərzində 385 nəfər koronavirusdan (COVID-19) ölüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

    Bununla da İranda bu virusdan ölənlərin sayı 71 351 nəfərə yüksəlib.

    Ötən 24 saat ərzində 19 899 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 479 805 nəfərə çatıb. Virus daşıyıcılarından 5 367 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

    İranda indiyədək 1 938 064 nəfər koronavirusdan sağalıb, 15,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

    Ümumilikdə İranda 1 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 798 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 204 min təşkil edir.

    Koronavirusa yoluxma üzrə 198 rayon qırmızı və 157 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 74 rayon sarı, 9 rayon isə mavi zona hesab olunur.

  • Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb

    2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 43,1 faiz azalaraq 34,1 milyon manat olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, gəlirlərin 58,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,7 faizi ictimai iaşə xidmətlərindən, 2,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

    2021-ci ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,8 faiz səviyyəsində olub (2020-ci ilin yanvar-mart aylarında 12,2 faiz). Bu göstərici Şabranda 45,1 faiz, Beyləqanda 21,1 faiz, Qusarda 19,4 faiz, Naftalanda 16,8 faiz, Qəbələdə 14,8 faiz, Lənkəranda 14,7 faiz, Qubada 13,8 faiz, Şəmkirdə 11,0 faiz, Mingəçevirdə 10,6 faiz, Bərdədə 10,3 faiz, Şamaxıda 9,8 faiz, Bakıda 9,6 faiz, Ağcabədidə 9,0 faiz, Cəlilabadda 8,3 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.