Month: April 2021

  • Qazi adı altında reketlik edənlər – VİDEO

    Maştağa qəsəbəsində neft quyusunun yaxınlığında qanunsuz evlərin tikintisini bir qrup Qarabağ müharibəsi iştirakçısı himayədarlıq edir.

    Sərxan İsayev və Azər Cəbrayılov ətraflarına dəstə toplayaraq, bu ərazidə neft quyularının yaxınlığında torpaqları zəbt edərək vətəndaşlara satır.

    Azər Cəbrayılov köhnə taktikasından istifadə edərək qanunsuz tikinti işlərini başa çatdırmaq üçün yenə də müharibə veteranlarından istifadə edir. Ona bu işdə cəmiyyətdə daha çox “saxtakar veteranlar” kimi tanınan Şəmilov İlyas Cəbrayıl oğlu və Abbasov Zavur Ağaqulu oğlu köməklik göstərir.

    Bu saxtakar dəstənin üzvləri indi İkinci Qarabağ müharibəsi qazilərini də aldadaraq öz ətraflarında toplamağa çalışırlar. Çünki quldur dəstənin “böyük” oğurluq planları var – xalqa məxsus olan neft mədəni ərazilərindəki boş torpaq sahələrini zəbt edərək ev tikib satmaq.

    Təəssüf ki, saxtakarlar bəzi qaziləri nələrinsə müqabilində öz yanlarına çəkə bilir. Onlardan tələb olunan isə odur ki, hərbi forma geyinib tikinti ərazisində görünsünlər, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazilər aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməyə cəsarət etməz.

    Halbuki bu cür sahələrdə yaşamaq insan həyatı üçün bir sıra təhlükələr yaradır.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Bağçaların işləməsi məsələsinə aydınlıq gətirildi – RƏSMİ

    Bakıda fəaliyyət göstərən uşaq bağçaları fəaliyyətini davam etdirəcək.

    Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə, Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti davam edir.

    Bağçalarda çalışan işçi heyətin qısa müddət ərzində tam tərkibdə peyvənd olunması ilə bağlı tapşırıq verilib.

  • İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə yeni sədr təyin etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, bu vəzifəyə Zaur Rauf oğlu Mikayılov təyin edilib.

  • Dünya bazarında neftin qiyməti

    Dünya bazarında neft ucuzlaşıb.

    Bu barədə RT məlumat yayıb.

    WTI markalı neftin may fyuçersləri 0,85 faiz ucuzlaşıb və bir barelinin qiyməti 60,93 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin iyun fyuçersləri isə 0,93 faiz ucuzlaşaraq, bir bareli 64,26 dollara satılıb.

  • Fəxrəddin Altun Bakıya səfər edəcək

    Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Bakıya səfər edəcək.

    Trend-in məlumatına görə, bu barədə xəbəri Türkiyə Prezident Administrasiyası yayıb.

    Məlumata əsasən, səfərin 10-11 apreldə baş tutması nəzərdə tutulur. Səfər zamanı Türkiyə Azərbaycan arasında başda KİV sahəsində əməkdaşlıq olmaqla, müxtəlif məsələlərin müzakirəsi nəzərdə tutulur.

  • DİN-də yeni təyinat

    Şirvan Şəhər Polis Şöbəsində (ŞPŞ) yeni kadr təyinatı olub.

    “Report”un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Ramil Salayev Şirvan ŞPŞ-nin əməliyyat işləri üzrə rəis müavin təyin olunub.

    Qeyd edək ki, R.Salayev bu təyinata qədər Şirvan ŞPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.

  • Saatlıda toy məclisi təşkil edənlər cərimələndi

    Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini İlqar Mahmudovun yaşadığı evin həyətində qonaqların iştirakı ilə toy məclisi təşkil etdiyi müəyyən edilib.

    İ.Mahmudov və məclis iştirakçılarından 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.

  • Daha bir nişan məclisi təşkil edənlər cərmələndi

    Bərdə rayonunda nişan məclisi təşkil edən şəxslər müəyyən olunub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini Eynulla Quluyevin şəhər ərazisindəki kafelərin birində qonaqların iştirakı ilə öz övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

    E.Quluyev və iştirakçılardan beş nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.

  • “Baku Steel Company”dəki ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıldı

    Aprelin 4-də saat 21 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin dəmir qəbulu məntəqəsində 1972-ci il təvəllüdlü Babayev Şahin Qələndər oğlunun idarə etdiyi yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, aparılan araşdırmalarla müəyyən edilib ki, qeyd edilən dəmir qəbulu məntəqəsində Mehdiyev Zeyqəm Mehdi oğlu tərəfindən idarə edilən stasionar qaldırıcı kran vasitəsilə iri həcmli dəmir parçaları daşınan zaman həmin əraziyə gələn Cəmiyyətdə xidməti müqavilə əsasında sürücü kimi işləyən Şahin Babayevin idarə etdiyi “KamAZ” markalı yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.

    Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

  • Külli miqdarda mənimsəmə edən məmur hakim qarşısında

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 5 saylı Poçt Filialının 81 saylı poçt şöbəsinin rəisi işləmiş Sücayət Ələkbərova barəsindəki hökmdən apellyasiya şikayəti verib.

    “Report”un məlumatına görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrlik etdiyi cinayət kollegiyası baxacaq.

    Qeyd edək ki, S.Ələkbərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs olunub. S.Ələkbərova işlədiyi poçt şöbəsində külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinib. İttihama görə, poçt şöbəsində audit yoxlaması zamanı kassada 25 398 manat və 16 000 ABŞ dolları məbləğində, ümumilikdə 52 598 manat pul vəsaitinin çatışmadığı aşkar edilib.

    S.Ələkbərovaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham verilib.