Month: April 2021

  • Vətən müharibəsi şəhidi Gəncədə dəfn ediləcək

    Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş və dünən nəşi tapılmış Elvin Mustafayev Gəncədə dəfn ediləcək.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Vətən müharibəsi zamanı şəhid olan 23 yaşlı Mustafayev Elvin Fuad oğlunun nəşinin gətirilməsi üçün yaxınları Füzuli rayonuna gediblər. Şəhid bu gün Gəncə şəhərində Şəhidlər xiyabanında dəfin olunacaq.

    Qeyd edək ki, şəhidin ailəsi onunla sonuncu dəfə oktyabrın 28-də danışıblar, həmin vaxtdan Elvin Mustafayev barədə heç bir xəbər ala bilməyiblər.

  • Rusiya ilə Özbəkistan arasında hərbi əməkdaşlıq sənədi hazırlanıb

    Rusiya və Özbəkistan Müdafiə nazirlikləri 2021-2025-ci illərdə hərbi sahədə strateji tərəfdaşlıqla bağlı proqram hazırlayıb.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu özbəkistanlı həmkarı Bahadur Qurbanovla görüşdə bildirib.

    Onun sözlərinə görə, iki ölkə arasında ilk dəfədir belə bir sənəd hazırlanıb.

  • Nazir müavini: “Xarı bülbül Şuşamızın tacı və florasının birinci simvoludur”

    “Xarı bülbül çoxillik ot bitkisidir”.

    Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

    O qeyd edib ki, Azərbaycanda Ophris-quşsəhləbi consi bitkisinin bütün növləri xalq arasında bu adla adlanır və üç növü var.

    “Bunlar Qafqaz quş səhləbi, Arı quş səhləbi və Mozalan quş səhləbi bitkiləridir. Bunların üçünü də ümumiləşdirib Xarı bülbül adlandırmaq olar. Əfsanədə olduğu kimi, bülbül və sinəsinə qonmuş arı. Əsl Xarı bülbül Şuşada rast gəlinəndir və həqiqətən də, Şuşamızın tacı və florasının birinci simvoludur”, – nazir müavini söyləyib.

  • Göyçayda keçmiş məhkum narkotiklə saxlanılıb

    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş R.Səfərov saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, şəxsi axtarış zamanı həmin şəxsdən 6 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib və oradan 470 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 750-ni ötüb

    Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 33 295 borcalana 1 765,087 milyon manat məbləğində ipoteka krediti verib.

    Bu barədə Fondun açıqlamasında bildirilir.

    Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 mln manat məbləğində biznes kreditlərinə zəmanət verib, 758 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

    Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

  • Ermənilərin ərazilərimizdəki dağıntıları Kolumbiya mətbuatında

    Kolumbiyanın nüfuzlu rəqəmsal kütləvi informasiya vasitəəsi “Las2Orillas” qəzetində tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu, Azərbaycanın azad olunmuş ərazilərində 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən törədilmiş kütləvi dağınıtılar və YUNESKO-nun erməni vandalizminə laqeyd yanaşmasından bəhs edən “YUNESKO kor, kar, lal olub, yoxsa əsirə çevrilib?” başlıqlı yazı dərc olunub.

    Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, yazıda Şuşa, Ağdam, Qubadlı, Zəngilan və digər şəhərlərimizdə Ermənistanın mədəni soyqırımı törətdiyi, ərazilərdə dini ziyarətgah, məscid, muzey, arxeoloji yer, məzarlıq və çoxlu sayda digər mədəni və dini abidələri məhv etdiyi bildirilir və bu hərəkətlərin insanlıq əleyhinə cinayət olduğu vurğulanır. Ermənistanın bu addımlarla “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il Avropa Konvensiyası və YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1992-ci il Konvensiyasını kobud şəkildə pozduğu, bütün bunların müqabilində isə bu günədək cəzasız qaldığı qeyd olunur.

    YUNESKO-nun beynəlxalq təşkilat olaraq rolunun dünyada tarixi-mədəni və dini abidələrin qorunması olduğu halda, Ermənistanın ötən ilin sonlarınadək işğalda saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizmə heç bir münasibət bildirmədiyi, bu müddət ərzində bir dəfə də bu ərazilərə müşahidə missiyası təşkil etmədiyi söylənilir və bu təşkilatın erməni vandalizmi qarşısında səssiz qalmasının təəccüb və hiddət doğurduğu deyilir.

    Məqalədə həmçinin Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun ölkə ərazisində dağıntıya məruz qalmış abidələrin bərpası ilə yanaşı, ölkə xaricində də tarixi-mədəni irsin mühafizəsi istiqamətində fəaliyyət göstərdiyi, bu xüsusda Vatikanda Müqəddəs Marçellinio, Pietro və Sebastian katakombalarının bərpası, eləcə də Notr-Dam kilsəsinin təmiri kimi önəmli töhfələrə imza atdığı, elmi-mədəni layihələrin həyata keçirilməsi üçün YUNESKO-ya maliyyə yardımları göstərdiyi, müsbət fəaliyyətin Latın Amerikası regionunda da təzahür etdiyi, bu çərçivədə 2017-ci ildə Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılması ilə bağlı layihə çərçivəsində təlim seminarlarının keçirilməsini maliyyələşdirdiyi məlumat verilir.

    Sonda YUNESKO-nun təşkilatdaxili siyasi qərəzin əsirinə çevrilib-çevrilmədiyi sual edilir, qurumun təyinatına uyğun olaraq davranmalı olduğu, qeyri-siyasi və tərəfsiz mövqe tutması gərəkdiyi, bu kimi vandalizm hallarına göz yummamalı və tarixi-mədəni irslərin mühafizəsi işinə sadiq qalmalı olduğu deyilir.

  • Əfqanıstanda 135 “talibançı” öldürülüb

    Əfqanıstanın müxtəlif əyalətlərində “Taliban” hərəkatının 130-dan çox silahlısı öldürülüb.

    Median.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin xəbərində deyilir.

    Əməliyyatlar Laqman, Lohar, Qəzni, Vardak, Herat, Qor, Faryab, Balx, Bağlan, Tahar, Kunduz, Gülmend və Qəndəhar əyalətlərində keçirilib.

    Məlumata görə, əməliyyatlar zamanı ümumilikdə 135 “talibançı” öldürülüb, daha 92 silahlı yaralanıb.

    Təhlükəsizlik qüvvələri həmçinin yol kənarlarında quraşdırılmış 72 bombanı zərərsizləşdirib.

    “Taliban” hələ xəbəri şərh etməyib.

  • Burkino-Fasoda hücumlar zamanı 15 nəfər öldürülüb

    Afrikanın qərbindəki Burkino-Fasoda bir neçə silahlı hücum baş verib.

    Bu barədə “RİA Novosti” bildirib.

    Qeyd edilir ki, hücumlar nəticəsində azı bir neçə yerli sakin həlak olub. Hadisələrin təfərrüatları açıqlanmır. Yalnız bildirilir ki, hücumlara bir neçə kənd məruz qalıb.

    “Silahlı şəxslər bir sıra kəndlərə və yaşayış məntəqələrinə basqın etdilər. Onlar təxminən 15 insanı öldürdülər”, – hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə bildirib.

    Son üç il Burkino-Faso ciddi təhlükəsizlik böhranı ilə qarşılaşıb.

    Daha əvvəl bu ölkədə bir neçə mülki şəxs girov götürülüb. Onlar arasında iki ispan və bir irland jurnalist vardı. Bu şəxslərin hamısı heyvanların müdafiəsi üzrə qeyri-hökumət təşkilatının aksiyasında iştirak edərkən pusquya düşüblər. Girovlardan heç biri sağ qalmayıb.

  • Səbail rayonunda ahıl qadını avtomobil vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Hadisə Səbail rayonunda qeydə alınıb.

    Xaqani küçəsində 1960-cı il təvəllüdlü Məmmədova Sara Əlibaba qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

  • Şüvəlana yeni avtobus xətti açılacaq – RƏSMİ

    2020-ci il ərzində 301 avtobus dayanacağı təşkil edilib. Onlardan 100-ü pavilyondur.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib.

    O bildirib ki, son 5 ildə ümumilikdə 791 dayanacaq təşkil edilib ki, bunlardan 415 ədədi pavilyondur:

    “Ümumilikdə dayanacaqların 40 faizi yenilənib. Qalan 60 faizi isə tam təmir olunub. Gələcəkdə dayanacaqların günəş enerjisi ilə işıqlandırılması da nəzərdə tutulur”.

    V.Kərimlinin sözlərinə görə, 50 marşrutda 1097 avtobusda mərkəzləşdirilmiş dispetçer xidmətinə qoşulub:

    “Bunlar daha çox real vaxt rejimində əldə olunacaq məlumatlarla – sərnişin axınının həcmi və istiqamətləri, sürücülərə və sərnişinlərə nəzarət, dayanacaqdan kənar keçən marşrutlarla və s. bağlıdır”.

    O bildirib ki, Şüvəlan qəsəbəsinə yeni avtobus xətti açılacaq. Sözügedən xətt yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcək:

    “Yaxın zamanlarda daha bir neçə xətt açılacaq, onlardan biri də Şüvəlan qəsəbəsinə nəzərdə tutulub”.