Month: April 2021

  • Uşaq evləri ilə bağlı yeni qaydalar təsdiqləndi

    Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair qaydalar təsdiq edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan qrup evlərinə qəbulu və qrup evlərini tərk etməsi qaydaları müəyyən edilib, həmçinin qrup evlərində uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələlər tənzimlənib.

    Eyni zamanda, qərarda uşaqların qrup evlərinə qəbulu və qrup evlərini tərk etməsinə dair zəruri sənədlərin siyahısı təkmilləşdirilib, qrup evlərində yaşayan uşaqların hüquq və vəzifələri müəyyənləşdirilib. Qrup evlərində 0-18 yaş arası uşaqlara qayğı göstərilir. Uşaqlar qrup evlərinə 6 yaşınadək qəbul edilirlər.

    Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərində uşaqlar münasib yaşayış şəraiti ilə təmin edilirlər. Həmin müəssisələrdə xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.

    Baş nazirin digər qərarı ilə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu və müəssisələri tərk etməsi qaydaları müəyyən edilib, müəssisələrdə uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələlər tənzimlənib.

    Qərarda uşaqların müəssisələrə qəbulu və müəssisələri tərk etməsinə dair zəruri sənədlərin siyahısı təkmilləşdirilib, müəssisəyə qəbul edilmiş uşaqların hüquq və vəzifələri müəyyənləşdirilib.

    Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrində uşaqlar münasib yaşayış şəraiti ilə təmin edilirlər. Həmin müəssisələrdə xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.

  • “Atasığorta” vətəndaşı özünü yandırmaq həddinə çatdırıb – Video

    “Kreditlə “Hunday Elantra” markalı, 99-PC-383 dövlət nömrə nişanlı maşını alan zaman, zorla mənə 70 faizlik kasko sığorta etdiriblər. Qanunla maşınıma dəyən ziyanın 70 faizini sığorta, qalan 30 faizini isə mən ödəməliyəm.

    Bu ayın 4-də İsmayıllı rayonunda qəza törətmişəm. Maşınıma kaskonun öz servisində baxış keçirdilər və 1741 manat zərər dəydiyini dedilər. Bu məbləğin 521 manatını mən, qalan məbləği isə sığorta ödəməli idi. Mən üzərimə düşən məbləği aparıb ustalarına verdim ki, maşını təmir etsinlər. Lakin usta maşını götürmədi. Mənə isə bildirdi ki, maşınınızın 3-5 mindən yuxarı xərci var. Soruşuram ki, bəs niyə 1741 manat yazmısan? Cavab verir ki, “mənə nə deyiblər, onu yazmışam”.

    Yenidən “AtaSığorta”ya zəng etmişəm ki, usta maşını götürmür. Bəs mən necə edim? Dedilər ki, öz ustanda yoxlat və bizə sənəd gətir. Mən də maşını qanunla “Hyundai”ın rəsmi servisinə apardım. Möhürlü, imzalı olaraq sənəd verdilər ki, 8640 manat məbləğində maşına ziyan dəyib. Həmin sənədi öz istəklərinə qarşılıq aparıb “AtaSığorta”ya verdim. Onların da ekzpertizaları gedib həmin servisdə maşına yenidən baxış keçirib. Görüblər ki, maşının bu qədər zərəri var, bu qədər detal dəyişilməlidir”.

    Şikayətçinin sözlərinə görə, “AtaSığorta” üzərlərinə düşən 70 faizi ödəməkdən boyun qaçırır.

    “Mənə zəng vurub bildirirlər ki, sizə 3070 manat pul veririk, amma 8640 manatın 70 faizi 6000 manat edir. Cavabında isə deyirlər ki, Xırdalandakı servisə apar. Biz orada maşını düzəltdiririk. Axır məbləğ nə çıxarsa, onun 30 faizini siz ödəyərsiniz. Mən isə bununla razı deyiləm. Aparıb ucuz, necə gəldi detallar yığacaqlar, sonra da məndən neçə min pul tələb edəcəklər. Mən qanunla olan haqqımı tələb edirəm”,- deyə şikayətçi bildirib. Onun sözlərinə görə, “Atasığorta” faktiki olaraq onu intihar həddinə çatdırıb.

    Bizimyol.info məsələ ilə bağlı “AtaSığorta” ASC şirkəti ilə əlaqə saxlayıb. Telefona cavab verən “AtaSığorta”-nın əməkdaşı bildirib ki, biz 3070 manatdan artıq pul ödəyə bilmərik.

    “Vətəndaş istədiyi servisə müraciət etdi və bizim nümayəndə də maşına baxış keçirdi, qiymətləndirmə apardılar. Orada bütün detallar təzə olmaqla 8500 manat qiymət yazılmışdı. Maşını əvvəlki vəziyyətinə qaytarmaq şərti ilə biz 70 faiz ödəməliyik. Məsələn, detalı neçənci ildirsə, həmin ilə uyğun qiymətlə hesablanır. Biz yenidən məsələyə baxdıq, araşdırdıq, lakin qiymət artımı olmayacaq. Qüsur haqqında nə detallar varsa, hamısı hesablanılıb yazılacaq. Biz vətəndaşa bütün şərtlərimizi izah etmişik. Məsələ ilə bağlı rəsmi şəkildə bizə yazsın. Şikayətə rəhbərlik tərəfindən baxılacaq”.

    //bizimyol.info

  • Bakıda tibbi maska taxmış şəxslər evə basqın edib

    Bakıda evə basqın olub.

    “Report”un məlumatına görə, Nizami rayonunda S.Səfərovanın yaşadığı mənzilə tibbi maska taxmış 3 nəfər aldatma yolu ilə daxil olub.

    Naməlum şəxslərin ikisi kişi, biri isə qadın imiş.

    Onlar S.Səfərovanı döyərək hədələyib, onun evindəki qızıl-zinət əşyalarını aparıblar.

    Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.

  • “EuroHome”un direktoru HƏBS EDİLDİ

    “EuroHome” tikinti materialları bazarının direktoru Samir Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

    Median.Az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, o, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilib.

    Xatırladaq ki, sonuncu dəfə 12 may 2020-ci il tarixində Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın hadisəsi baş vermişdi.

    Qeyd edək ki, “EuroHome”un sahibi Azay Möhnətovdur.

  • Azərbaycanda ilk dəfə “Özəl icra haqqında” qanun layihəsi hazırlanıb

    Azərbaycanda ilk dəfə olaraq “Özəl icra haqqında” yeni qanun layihəsi hazırlanıb.

    Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

    Qeyd edilib ki, yeni qanun layihəsi məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində fəaliyyəti tənzimləyən normativ aktların sistemləşdirilməsi, habelə alternativ mexanizmlərin, o cümlədən özəl icranın tətbiqi ilə bağlı ilk dəfədir ki, hazırlanıb.

  • Sabiq icra başçısı vəfat etdi (FOTO)

    Milli Azadlıq Hərəkatının öncüllərindən biri, Cəbrayıl Rayon İcra Hakimiyyətiin sabiq başçısı Kərim Fərhad oğlu Kərimov vəfat edib.

    Sabiq icra başçısı Almaniyada müalicə olunduğu klinikada dünyasını dəyişib.

    Allah rəhmət eləsin!

  • Названа смертельная опасность семечек

    Врач-эндокринолог Татьяна Бочарова в интервью телеканалу «Звезда» рассказала о смертельной опасности жареных семечек.

    По словам специалиста, семена подсолнуха в обжаренном виде становятся источником канцерогенов, поэтому лучше употреблять этот продукт сырым. Врач также предупредила, что семечки очень калорийны.

    «Сто граммов — это 550 калорий, что равноценно плитке шоколада. Проблема в том, что как полноценная еда они не воспринимаются, и способствуют набору лишнего веса», — пояснила Бочарова.

    Она развеяла миф о том, что от употребления семечек возникает аппендицит. Однако у человека с язвой и гастритом регулярное поедание этого продукта может спровоцировать обострение заболевания, уточнила врач.

    Бочарова рекомендовала есть семена подсолнуха сырыми и в небольшом количестве (30 граммов в день). В них присутствует много клетчатки и витаминов группы B, А и Е, а также магния, который нужен для функционирования сердца и нервной системы, напомнила специалист.

  • Bakıda güclü küləklə əlaqədar işlər dayandırılır – XƏBƏRDARLIQ

    Küləkli hava şəraitində küləyin surətindən asılı olaraq açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görülməlidir.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.

    Qeyd edilir ki, “Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, şiddətli külək şəraitində açıq havada işləyərkən işçilərə fasilələr verilməli və ya iş dayandırılmalıdır.

    Məcəlləyə 2-ci Əlavəyə əsasən, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər, tikinti işləri görülərkən küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılmalıdır.

    Dənizdə işləyərkən küləyin gücü 3 baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir.

    Dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri dayandırılmalıdır.

    Küləyin gücü 6 baldan artıq olarsa, daimi dəniz özüllərində istismar edilən quyularda işləri, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işlərini, 8 baldan çoxdursa, qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işləri dayandırmaq tələb olunur.

    Əgər küləyin gücü 10 baldan artıq olarsa, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması təmin edilməlidir.

    İşlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbənindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir”.

    Qeyd edək ki, surəti 30-33 m/s olan külək 10 bal və ondan artıq hesab olunur.

  • Bu sahədə çalışanların ailə üzvlərinə kompensasiya ödəniləcək

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, qanunun 20.1-ci maddəsinə dəyişiklik olunur.

    Dəyişikliyə əsasən, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödəniləcək.

    Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

  • Çin Azərbaycana təmənnasız olaraq 150 min doza vaksin göndərib

    Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız olaraq COVİD-19 infeksiyası əleyhinə peyvəndin təqdim olunmasına həsr olunmuş təhvil-təslim Aktının imzalanma mərasimi keçirilib.

    Tədbirdə AR Səhiyyə nazirinin müavini Viktor Qasımov, AR Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər.

    Tədbiri açılış nitqi ilə çıxış edən səhiyyə nazirinin müavini Viktor Qasımov Çin tərəfinin nümayəndələrinə ölkəyə gətirilən vaksinlərə görə minnətdarlığını bildirdi. Çin Xalq Respublikasının etibarlı tərəfdaş olduğunu qeyd edən nazir müavini, COVİD-19 ilə mübarizə sahəsində əməkdaşlığın bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı.

    Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxışında ÇXR Hökumətinin Azərbaycana təmənnasız olaraq COVİD-19 infeksiyası əleyhinə 150.000 doz peyvəndin təqdim edilməsinə həsr edilmiş təhvil-təslim mərasiminin təşkilinə görə Azərbaycan tərəfinə səmimi təşəkkürünü ifadə etdi.

    Səfir, epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlarda bir-birlərinə kömək etdiklərini, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünya təhlükəsizliyinin qorunmasına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğuladı.

    Səfir Qo Min Çin və Azərbaycan arasında etibarlı dostluq və tərəfdaş münasibətlərin mövcud olduğunu və bu münasibətlərin daha da dərinləşməsinə hazır olduqlarını qeyd etdi.

    XİN-in Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev çıxışında Çin Hökuməti tərəfindən COVİD-19 infeksiyası əleyhinə peyvəndin təmənnasız olaraq Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü ifadə etdi. O, Azərbaycan və Çin xalqlarının dostluq və əməkdaşlıq ənənələrinə sadiq qalaraq mövcud vəziyyətdə biri-birləri ilə həmrəylik nümayiş etdirdiyini məmnunluqla qeyd etdi.

    Ramil Rzayev Azərbaycan və Çin arasında yüksək səviyyəli münasibətlərin mövcud olduğunu və əməkdaşlığın bütün sahələrdə dinamik inkişafını diqqətə çatdırdı. O, ölkələrimiz arasında qarşılıqlı anlaşma və etimada əsaslanan yüksək səviyyəli siyasi dialoqun bundan sonra da davam etdiriləcəyini əminliklə qeyd edərək, ölkələrimiz arasında münasibətlərin xalqlarımızın rifahı naminə daha da genişlənəcəyini vurğuladı.

    Tədbirin sonunda Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının səfiri Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVİD-19 pandemiyası əleyhinə peyvəndlərin təqdim edilməsinə dair Təhvil -Təslim Aktları” imzalandı.