Month: April 2021

  • Goranboyda gənc qadını avtomobil vurub

    Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    Hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

    Yolu qarşı tərəfə keçmək istəyən, Cəlilabad rayon sakini, 2000-ci il təvəllüdlü Aysun Sədrəddin qızı Kərimovanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada elə hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

    A.Kərimovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • “Kristal Abşeron”a cərimə yazılıb

    “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi (MTK) cərimə edilib.

    MTK-ya İnzibati Xətalar Məcəlləsinin 192.1 (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə protokol tərtib edilib.

    Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

    İş hakim Elməddin Hüseynovun icraatındadır.

    Bu inzibati xətaya görə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

  • Dolu Gürcüstanın azərbaycanlılar yaşayan kəndinə ciddi ziyan vurub, sakinlər aksiya keçirib

    Gürcüstanın Kaxeti bölgəsinin azərbaycanlılar yaşayan Qabal kəndində aksiya keçirilib.

    Sakinlər ötən gün axşam saatlarında yağan dolunun onları gəlirsiz qoyduğunu bildiriblər.

    Məhsullar sığortalanmadığından aksiyaçılar hökumətdən kömək xahiş ediblər.

    Sakinlərin sözlərinə görə, Qabalda yaşayan ailələrin yarıdan çoxu bankdan kredit götürüb və indi borclarını necə ödəyəcəklərini bilmirlər. Xahişləri nəzərə alınmayacağı təqdirdə onlar aksiyanı davam etdirmək niyyətindədirlər.

    Kaxeti bölgəsi və Laqodexi bələdiyyəsinin rəhbər şəxsləri kəndə baş çəkiblər. Onlar bildiriblər ki, Qabala təbii fəlakət nəticəsində dəyən zərərin məbləği hesablanacaq və zərər çəkənlərə maliyyə yardımı göstəriləcək.

    Qeyd edək ki, ötən gün axşam Kaxeti bölgəsinə güclü dolu düşüb. Nəticədə Qabal kəndi ilə yanaşı, Baisubani, Çabukiani və Apeni kəndlərinə ciddi ziyan dəyib.

  • Dil Komissiyası televiziyaların monitorinqinə başlayıb

    Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi televiziyaların monitorinqinə başlayıb.

    Mərkəzdən “Report”a bildirilib ki, 12 televiziya kanalı monitorinqə cəlb olunub.

    Qeyd olunub ki, proses iki ay davam edəcək.

    “Qurum 60 saytın monitorinqini başa çatdırıb. Monitorinqin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”, məlumatda bildirilib.

  • Qazaxıstan neft məhsullarının ixracına qadağa qoyur

    Qazaxıstan mayın 9-dan etibarən bir sıra neft məhsullarının ölkədən ixracına 6 aylıq məhdudiyyət tətbiq edəcək.

    Median.Az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu addım daxili bazarda neft məhsulları qıtlığının yaranmaması üçün atılır.

    Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti yaydığı məlumatda bildirib ki, Qazaxıstan ərazisindən avtomobil nəqliyyat vasitələri ilə benzin, dizel yanacağı və bəzi neft məhsullarının (mal nomenklaturası 2709, 2710, 2902, 3403, 3811, 3826) ixracına 6 ay müddətinə qadağa qoyulur.

    Sürtkü yağları (mal nomenklaturası 2710 19 820 0, 2710 19 840 0, 2710 19 860 0, 2710 19 880 0, 2710 19 920 0, 2710 19 940 0, 2710 19 980 0, 3403 19 900 0, 3403 91 000 0) istisna təşkil edir.

    Məhdudiyyət həmçinin istehsalçı tərəfindən avtomobil nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş və texniki şərtlərə uyğun olaraq avtomobilə quraşdırılmış benzin çənində və həcmi 20 litrdən çox olmayan qablarda daşınan neft məhsullarına aid deyil.

  • Azərbaycanın ilk antivirusu təqdim edildi

    Uzun zamandır üzərində işlədiyimiz zərərvericilərin analizi üçün hazırlanmış olan tətbiqin ilkin “beta” test versiyası artıq hazırdır.

    Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

    “Tərəfimizdən Microsoft tərəfindən də tətbiqin leqitimliyi üçün sertifikat əldə edilmiş və proqram təminatına inteqrasiya edilib. Hazırda 3 dildə (azərbaycan, ingilis, rus), 1 milyonluq (məhdudlaşdırılmış) zərərverici imza bazası ilə təchiz olunmuş beta versiyaya, şübhəli faylların analizi üçün onların Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin “Malware Lab”ına təqdim olunması və CERT.gov.az informasiya resursunda dərc olunan xəbər və məqalələrin istifadəçilərə xəbərdarlıq kimi göstərilməsi funksiyaları da əlavə olunub.

    Test buraxılışının məqsədi real istifadəçilərin bu proqram təminatının müsbət və mənfi tərəflərinin eləcə də funksional imkanlarının dəyərləndirilməsi, həmçinin sisteminin davamlılıq və sair kimi texniki performansının ölçülməsidir. Beta versiyasının istifadəsindən əldə olunacaq məlumatlar, istifadəçi dəyərləndirmələri (feedback) layihənin inkişaf etidirilməsi və gələcəyini proqnozlaşdırmaqda bizə yardımçı olacaq”, – məlumatda deyilir.

    Qeyd etmək istərdik ki, layihənin pro versiyasında yanaşma beta versiyasından fərqli olaraq “cloud base” hazırlanması nəzərdə tutulub. Belə yanaşma günü gündən artan zərərverici imza bazasının və bir sıra analiz imkanlarının kompüterlərə yüklənməsindən və kompüter performansını azaltmasından qurtulmaq, eyni zamanda analizlərdə bulud əsaslı süni intellektin tətbiqi üçün nəzərdə tutulub”, – deyə açıqlamada qeyd edilir.

    Proqramın beta versiyasını keçiddən endirə bilərsiniz: Malware-Lab (MAP)

  • Bolqarıstan 1 maydan xarici turistləri qəbul etməyə başlayacaq

    Bolqarıstan Hindistan, Banqladeş, Braziliya və Afrika dövlətlərinin vətəndaşları istisna olmaqla digər ölkələrdən gələn xarici turistləri qəbul etməyə başlayacaq.

    Bununla bağlı müvafiq əmr ölkənin Səhiyyə naziri vəzifəsini icra edən Kostadin Anqelov tərəfindən imzalanıb.

    “Bolqarıstana gəlmək istəyən şəxs, vətəndaşlığından və gəldiyi dövlətdən asılı olmayaraq aşağıdakı sənədlərdən birini təqdim etməlidir. Yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmaq, ikinci peyvənd dozasından isə 14 gün ötməlidir. 72 saat əvvəl keçdikləri PCR testinin mənfi nəticəsinə dair arayış və ya səfərdən 48 saat əvvəl verilən antigen testi”-deyə, əmrdə göstərilib.

  • Parlamentin növbəti iclasının vaxtı açıqlandı

    Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb.

    Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, iclas mayın 4-də keçiriləcək.

    İclasın gündəliyinə 11 məsələ daxildir.

    İclasda Vergi Məcəlləsinə dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılacaq.

  • “Nazirin vəfatı ilə bağlı xəbəri vermək bizim səlahiyyətimizdə deyil” – MOK-dan açıqlama

    Milli Olimpiya Komitəsinin rəsmi “facebook” səhifəsində Gənclər və İdman naziri vəfat etməsi ilə bağlı post paylaşıb.

    Daha sonra isə həmin paylaşım silinib.

    Azxeber.com məsələ ilə bağlı Milli Olimpiya Komitəsi ilə əlaqə saxlayıb.

    Qurumun sözcüsü Günay Malikqızı deyib ki, Azad Rəhimov ilə bağlı yeni paylaşım ediləcək:

    “Postun silinməyinə səbəb yenisi ilə əvəz olunmasıdır. Yeni paylaşım ediləcək. Nazirin vəfatı ilə xəbəri vermək bizim yox, Gənclər və İdman Nazirliyinin səlahiyyətindədir”.

  • DİN “Xudayar statusu” barədə: “Tərəflər dindirilib, həbs olunan yoxdur”

    Şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkələrdə ironik status paylaşdığına görə həmin postu yazan şəxsi döyənlərin həbs edilməsi məsələsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov aydınlıq gətirib.

    O bildirib ki, hazırda həbs olunan yoxdur:

    “Xəbər verildiyi kimi artıq qanunun tələbinə uğun olaraq həmin fakt üzrə cinayət işi başladılıb və istintaq aparılır. Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik həbs olunan yoxdur. İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prosessual qanunvericiliyə uyğun olaraq bu, nəzərə alınacaqdır”.