Month: April 2021

  • Borca görə qohumunu öldürdü – Gəncədə

    28 avqust 2020-ci il tarixdə Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Dəmirov Yusif Fərhad oğlunun yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

    Gəncə şəhər prokurorluğundan Milli.Az-a verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    İstintaqla zərərçəkmişin qohumu Rəfiyev Seymur Natiq oğlunun Yusif Dəmirova olan borcunu qaytara bilməməsi və sonuncunun ondan borcunu tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Seymur Rəfiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Azərbaycanda monetar siyasətin hədəfləri açıqlanıb

    Azərbaycanda monetar şərait iqtisadi artımın dəstəklənməsi ilə makroiqtisadi sabitliyin qorunması arasında optimal balansın saxlanmasına xidmət edir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov deyib

    O bildirib ki, yanvarın sonundan etibarən pul bazarının müxtəlif seqmentləri üzrə nominal və real faizlərdə cüzi azalma müşahidə edilib:

    “Kredit aktivliyinin tədrici bərpası davam edir. I rübdə bank sistemi üzrə kredit portfeli 1,4 faiz, o cümlədən biznes kreditləri 1 faiz, ipoteka kreditləri 4,4 faiz, istehlak kreditləri 0,5 faiz artıb. Makroprudensial yumşalmaların bir çoxunun iyul ayının 1-dək uzadılması kredit aktivliyinə əlavə dəstək verməkdədir”.

  • Ombudsman Miyatoviçə məktub ünvanladı

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə məktub ünvanlayıb.

    Ombudsman Aparatından Milli.Az-a verilən məlumata görə, məktubun mətni aşağıdakı kimidir:

    “Bildiyiniz kimi, Ermənistan və Azərbaycan arasında münaqişə 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən başa çatmışdır. 30 ilə yaxın davam edən bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altında qalmış və bir milyondan çox azərbaycanlı böyük humanitar fəlakətlə üzləşərək torpaqlarından zorla didərgin salınmışdır.

    Fəaliyyətə başladığı ilk vaxtlardan Azərbaycan Ombudsman təsisatı doğma yurdlarına qayıda bilməyən, ölkəmizin müxtəlif bölgələrində məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalan insanların hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar təşkilatınızı mütəmadi olaraq məlumatlandırmışdır.

    BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan torpaqlarının işğal olunması faktı açıq şəkildə göstərilərək pislənilir və Azərbaycan ərazisində çox sayda mülki şəxsin didərgin düşməsinə münasibətdə ciddi narahatlıq ifadə olunur. Bu sənədlər işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir və müvafiq beynəlxalq qurumları azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz, şərəf və ləyaqətlə qayıtması prosesində onlara yardımçı olmağa çağırır. Buna baxmayaraq, qeyd olunan qətnamələrin icrası və məcburi köçkünlərin torpaqlarına qaytarılmasında köməklik göstərilməsi ilə bağlı tərəfinizdən Ermənistan hakimiyyət orqanlarına hər hansı bir çağırış cəhdinin şahidi olmamışıq.

    Hətta Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərarında münaqişə nəticəsində torpaqlarını tərk etmək məcburiyyətində qalan azərbaycanlılar qarşısında Ermənistanın öhdəliklərini xatırladır. Məhkəmə vurğulayır ki, Azərbaycanın işğal olunmuş ərazilərində olan erməni və ermənilər tərəfindən dəstəklənən digər silahlılar azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına əngəl törədir.

    Ermənistan tərəfindən altı il ərzində girov saxlanılmış Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətini dəfələrlə nəzərinizə çatdırmışıq. Həmin şəxslər doğma torpaqlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən qanunsuz olaraq girov götürülmüş, işgəncə və pis rəftara məruz qalmışlar. Bununla əlaqədar olaraq, müvafiq beynəlxalq qurumlara, o cümlədən sizin təşkilatınıza hesabat və bəyanatlar göndərilmişdir. Təəssüflər olsun ki, sizin tərəfinizdən məsələ ilə əlaqədar hər hansı bir reaksiya verilməmişdir.

    Azərbaycanın qeyd olunan beynəlxalq sənədlərə uyğun olaraq, işğal olunmuş ərazilərinin azad edilməsi üçün apardığı əks-hücum əməliyyatları dövründə Ermənistan tərəfindən raket hücumlarına məruz qalan yaşayış məntəqələrində tərəfimdən bir neçə faktaraşdırıcı missiya həyata keçirilmiş və nəticələrə əsaslanan yeddi tematik hesabat hazırlanmışdır. Bu hesabatlar Ermənistanın açıq şəkildə, heç bir fərq qoymadan qadağan olunmuş silahlardan istifadə etməklə yüzlərlə mülki şəxsin ölümünə və yaralanmasına səbəb olan hücumlarını əks etdirir. Gəncə və Bərdədə əhalinin sıx məskunlaşdığı ərazilərin, həmçinin Azərbaycanın fəal hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən digər şəhər və rayonlarının atəşə tutulması uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla günahsız insanların ölümü ilə nəticələnmişdir. Bu əməllər bilavasitə müharibə cinayətləridir. Bu hesabatlar bütün müvafiq beynəlxalq insan hüquqları təşkilatları ilə yanaşı, sizin təşkilatınıza da göndərilmişdir. Ancaq təəssüflər olsun ki, insan hüquqları və humanitar hüququn pozulması hallarına qarşı sizin tərəfinizdən heç bir reaksiya verilməməsinin bir daha şahidi olduq.

    Hesab edirik ki, insan hüquqlarının pozulması hallarına münasibətdə uzun müddət davam edən susqunluq, beynəlxalq hüququn tətbiq edilməsində istəksizlik, digər dövlətin ərazi bütövlüyünə qarşı hörmətsizlik təcavüzkarı daha çox insan hüquqları pozuntularına sövq edir. İşğalın təxminən otuz ildir davam etməsi və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı açıq-aşkar hörmətsizlik bu münasibətin bariz nəticəsidir.

    Hesab edirəm ki, siz Avropa Şurası İnsan Hüquqları Komissarı kimi təcavüzkarlıq və dözümsüzlük siyasətinin təhlükələrini gələcək nəsillərə xatırladan bir dərs olaraq yaradılmış Hərbi Qənimətlər Parkı ilə bağlı deyil, Azərbaycanın azad edilmiş ərazilərindəki yüzlərlə tarixi abidə, onlarla muzey, məscid və mədəni irsin məhv edilməsi, talan olunması və vandalizmə məruz qalması ilə bağlı təəssüf hissinizi bildirməli və bu halları qınamalısınız.

    Azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə yüz mindən artıq işarələnməmiş mina yerləşdirilmişdir. İndiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olmuş və ya yaralanmışdır. Bu məsələ tərəfimizdən dəfələrlə əlaqədar beynəlxalq təşkilatlar qarşısında qaldırılmışdır. Bununla belə, daha çox itkilərin baş verməsinin qarşısının alınması məqsədilə hələ də həmin təşkilatlar tərəfindən Ermənistana bu xəritələri təqdim etməsi üçün çağırışlar edilməsini gözləyirik.

    Yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəfsiz bir qurum olaraq sizi Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi və insan hüquqlarının pozulması hallarının dayandırılması üçün Ermənistana çağırışlar etməyə dəvət edirəm.

    Ədalətlilik və qərəzsizlik prinsiplərinə əsaslanaraq təşkilatınızla insan hüquqlarının müdafiəsi və təbliği sahəsində yaxın əməkdaşlığımıza ümid edirəm.”

  • Rus jurnalist Paşinyanı çaş-baş qoydu

    Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Kazan şəhərində Avrasiya İqtisadi Birliyi hökumət başçılarının toplantısı zamanı “İzvestiya” qəzetinin müxbirinin gözlənilməz sualı ilə qarşılaşıb və özünü itirib.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, jurnalist ona müavini Tiqran Avinyanın seçkilərdən sonra baş nazir olacağı haqda sual verib.

    “Müxalifət nümayəndələri baş nazir postuna sizin müavininiz Tiran Avinyanın namizədliyini təklif edir”,-jurnalist Paşinyana bildirib. Ermənistan baş naziri bu məlumat qarşısında açıq-aşkar özünü itirib, nəsə deməyə çalışıb. Amma jurnalist davam edib və ona sual verib: “Tiqran Avinyan baş nazir olacağı halda Rusiya ilə hansı münasibətlər quracaq?”

    Paşinyan deyib ki, Avinyan onun müavinidir, onun siyasi komandasının üzvüdür və aralarında fikir ayrılıqlarının yaranacağını gözləmir. “Bağışlayın, Tiqran Avinyan mənim siyasi tərəfdaşımdır. Mən düşünürəm ki, biz seçkilərə birlikdə gedəcəyik və aramızda fikir ayrılıqları olmayacaq”,-o bildirib.

    Bu vaxt jurnalist Paşinyana istefa verdiyini xatırladıb, amma o deyib ki, baş nazirin səlahiyyətlərini icra etməkdə davam edir.

  • Bu il 100 minə yaxın abonent artımı gözlənilir – “Azəriqaz”ın Baş direktoru

    Azərbaycanda qazlaşma prosesi hər il dövlət proqramına uyğun davam etdirilir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

    O bildirib ki, bu sosial bir addımdır: “Qazlaşma cənab Prezidentin Azərbaycan vətəndaşının rifahı üçün atdığı addımlardandır. Bu proses hər il mütəmadi davam edir. Azərbaycanda abonentlərin sayı hər il artır. Bu il də 100 minə yaxın abonent artımı gözlənilir. Artıq ölkə üzrə abonent sayı 2 milyon 400 minə çatıb. Ölkədə qazlaşma hazırda 96, 2 faiz təşkil edir”.

    R. Əliyev deyib ki, bu il dövlət proqramına uyğun olaraq xüsusi təkliflər verilib: “Təkliflərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”

  • Mağaza sahibini döyüb, mağazada soyğunçuluq etdi – VİDEO

    Kürdəmirdə mağaza sahibini döyərək kassadan pul və konturları aparan şəxs saxlanıb. İstintaq zamanı məlum olub ki, həmin şəxs mağaza sahibinə min manatdan artıq ziyan vurub. İlkin dindirilmə zamanı Qaçay Qaçayev törətdiyi əməli etiraf edib.

    Kürdəmirdə mağaza sahibinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Sığırlı kənd sakini Səlahəddin Qurbanov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Qaçay adlı şəxsin onu döyərək sahibi olduğu mağazadan 550 manat dəyərində kontur və 600 manat oğurladığını bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Sığırlı kənd sakini Qaçay Qaçayev polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Məlum olub ki, Qaçay Qaçayev müştəri qismində Səlahəddin Qurbanova məxsus mağazaya girib, onunla mübahisə edib və mağaza sahibinə qarşı soyğunçuluq əməli törədib. İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib və qarşı tərəfdən üzr istəyərək onu bağışlamasını istəyib. Hazırda faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb və araşdırma davam etdirilir.

  • Ermənistanın hərbi cinayətlərini beynəlxalq komissiya araşdıracaq

    Qarabağda hərbi cinayətlərin araşdırılması üçün iki ölkə – Azərbaycan və Türkiyə arasında birgə komissiya yaradılıb.

    Median.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiti Hulusi Kılıç deyib. O qeyd erdib ki, yaradılan komissiyada 30-dan çox ölkənin nümayəndəsi iştirak edir və yaxın günlərdə araşdırmalara start veriləcək:

    “Komissiya Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin təklifi, Dünya Türk Yazarlar Birliyi başqanı Salih Kurt və İslam Ölkələri Alimlər Birliyinin baş direktoru, professor Bayram Altanın təşəbbüsü ilə yaradılıb. Burada 30 ölkədən nümayəndlər var ki, mən də həmin şəxslərdən biriyəm. Komissiyanın məqsədi 44 günlük Vətən müharibəsi dövründə işğalçı ermənilərin qardaş Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlərin araşdırılmasıdır.

    Bildiyimiz kimi müharibə dövründə erməni silahlı qüvvələri Gəncə və Bərdəyə istifadəsi qadağan olunan raketlər atıb, mülki əhaliyə qarşı qətliam həyata keçiriblər. Araşdrımalarımız məhz bu yöndə olacaq. Məqsədimiz Ermənistanın faşizm siyasətini bütün dünyaya göstərməkdir”.

    Hulusi Kılıç əlavə edib ki, komissiyanın fəaliyyətində həmçinin elm adamları və din xadimlərinin də iştirakı nəzərdə tutulub: “Onlar Qarabağ bölgəsində məscidlərə və abidələrə dəymiş ziyanı araşdıracaqlar”.

  • Azərbaycanlı gimnast Mixail Malkin Avropa çempionatında finala çıxıb

    Azərbaycanlı gimnast Mixail Malkin Rusiyanın Soçi şəhərində keçirilən tamblinq üzrə Avropa çempionatında batut üzərində hərəkətlərdə, ikili mini-batut və tamblinq üzrə yarışlardan finala çıxıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, M.Malkin tamblinq üzrə 76.200 xal yığaraq lider qismində finala yüksəlib.

    Gənclər arasında batut üzərində hərəkətlərdə Azərbaycanı Hüseyn Abbasov, Nicat Mirzəyev və Maqsud Maqsudov təmsil edir. H.Abbasov 96.195 xal yığaraq təsnifatda 13-cü yeri tutub və ikinci mərhələyə çıxıb. M.Mirzəyev 89.875 xalla 30-cu, M.Maqsudov 60.070 xalla 40-cı olub.

    Tamblinq üzrə Avropa çempionatı Soçidə aprelin 29-dan mayın 2-dək keçirilir. Yarışda 23 ölkədən idmançılar iştirak edir.

    Azərbaycanı Avropa çempionatında Nicat Mirzəyev, Hüseyn Abbasov, Maqsud Maqsudov, Selcan Maqsudova, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə, Tofiq Əliyev və Mixail Malkin təmsil edir.

  • Bakı yollarında ölüm saçan təmizlik işləri

    Xəbər verdiyimiz kimi, aprelin 23-də Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

    Median.Az baku.ws-ə istinadən bildirir ki, Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünü yuyan AAYDA-nın əməkdaşı Nizami Məmmədovu vurub.

    Daha sonra “Hyundai” yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.

    Hadisədən sonra baku.ws-in qaynar xəttinə oxucularımız müraciət edib. Oxucular bildiriblər ki, qəza işlər görülərkən təhlükəsizlik tədbirlərinin pozulması səbəbindən baş verib.

    Bir neçə sürücü bildirib ki, həmin vaxt onlar da az qala qəza törədəcəklərmiş.

    Ekspertlər də hesab edirlər ki, bir çox hallarda yollarda təmir işləri aparılarkən təhlükəsizlik tədbirləri pozulur.

    Bu və digər məqamlara aydınlıq gətirmək üçün nəqliyyat eksperti Ərşad Hüseynovla əlaqə saxladıq. O, baku.ws-ə açıqlamasında bildirdi ki, yolda istənilən işlər görüləndə Yol Hərəkəti Haqqında qanunun 71-ci maddəsində göstərilən bütün tələblərə ciddi əməl olunmalıdır.

    “Həmin tələblərdə göstərilir ki, iş görülərkən qabaqcadan xəbərdarlıq nişanları qoyulmalıdır. Həmin nişanlar təmir gedən yol barədə xüsusi lövhələr qoyulur.

    Panduslar və işıqqaytaran sistemlər qoyulmalıdır, işıqlandırma təmin edilməlidir. Nişanlar iş görülən ərazidən 100 metr qabaqda qoyulmalıdır”, – deyə Ərşad Hüseynov bildirib.

    Ekspert vurğulayıb ki, belə hallarda sürücülər son dərəcə diqqətli olmalıdır:

    “Əgər yolda zolaqlardan biri görülən işlərə görə zəbt olunubsa, qabaqcadan işarə qoyulmalıdır ki, həmin zolaq ləğv olunur və hərəkət digər xəttə keçir.

    Yolun daraldığını xəbər verən işarələr olmalıdır. İş görənlər qurum tərəfindən yaxşı təlimatlandırılmalıdır. Onlar hərəkət təmin olunan yola çıxmamalıdırlar. Üzərlərində işıqqaytaran sistemlər olmalıdır. Yolda avtomobil varsa, onun üzərində sarı yanıb-sönən işıqlar olmalıdır.

    Təmir və digər işləri təhlükəsizlik baxımından günün uyğun saatına salınmalıdır. Hərəkət intensivliyi nisbətən aşağı vaxta salınmalıdır.

    Təmir və yaxud digər işi görən qurum əvvəlcədən digər dövlət qurumları ilə razılaşdırmalar aparmalıdır.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polis İdarəsi ilə razılaşdırılmalar aparılmalıdır. Bu 3 qurumun razılığı olmadan işlər aparılmamalıdır”.

  • Əgər bu yayı normal keçirmək istəyiriksə …. – AÇIQLAMA

    Qarşıdan insanların hər il səbrsizliklə gözlədiyi yay fəsli gəlir. Ölkə daxili və ölkə xarici turizm məkanları, çimərliklər yay fəslində insanların ən çox üz tutduğu yerlərdir. Lakin əfsuslar olsun ki, ötən il pandemiya yay fəslini normal qaydada keçirməyə imkan vermədi, çimərliklərə məhdudiyyətlər tətbiq edildi, ölkə xarici turizm demək olar ki, mümkünsüz oldu, daxili turizm isə yenə də məhdudiyyətlərlə müşayiət olundu. Bu yayın da normal keçəcəyi şübhə altındadır, hazırki rəqəmlər yay haqqında optimist düşünməyə imkan vermir.

    Median.Az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Afət Həsənova bildirib ki, bu yayın ötən yaya nisbətən daha rahat keçirilməsi hər bir insandan asılıdır:

    “Əlbəttə ki, istirahət etmək, açıq havada gəzmək, günəş şüası qəbul etmək insan sağlamlığı üçün olduqca faydalıdır. Ancaq əfsuslar olsun ki, ötən yay pandemiya bu imkanlardan geniş istifadəyə imkan vermədi. Lakin bu yay əgər istəsək biz bu imkandan istifadə edə bilərik. Belə ki, virusun azalması bizim hər birimizdən asılıdır. Yəni virusun azalmasında həmrəylik göstərməliyik.

    Bunun üçün hesab edirəm ki, Azərbaycanda vaksinləşmənin sürtlə başa çatması üçün əhali həmrəylik göstərməlidir çünki vaksinləşmə kollektiv immunitetin əmələ gəlməsi üçün ən vacib elementlərdən biridir. Məlumdur ki, Azərbaycanda vaksin çatışmazlığı yoxdur, ölkədə kifayət qədər vaksin var və daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur. Lakin əsas məsələ insanların vaksinə maraq göstərək bu prosesdə aktiv iştirak etməsidir. Təbii ki, əgər biz bu prosesi uğurla başa vurarıqsa yay mövsümündən faydalana bilərik, yəni yay mövsümünü yaxşı keçirmək üçün indidən tədbirli olmalıyıq”.

    Deputat bildirib ki, vaksinləşmə ilə yanaşı qoyulan qaydalara da riayət etmək zəruridir:

    “Təbii ki, insanların ölkə daxilində sərbəst hərəkətinə, o cümlədən istirahət mərkəzlərinə, çimərliklərə getməsinə icazə verilməsi barədə qərar epidemioloji vəziyyəti nəzərə alaraq Operativ Qərərgah tərəfindən veriləcək. Ancaq biz özümüzü yay mövsümünə hazırlamaq istəyiriksə, indidən özümüzü qorumalıyıq, vaksinasiya prosesində aktiv iştirak etməliyik.

    Təbii ki, qaydalara riayət edəriksə, özümüzü qoruyarıqsa, yoluxmaların sayı da azalar və epidemioloji vəziyyət yaxşı olar. Belə olan halda isə yay mövsümündən faydalana bilərik.
    Yəni yoluxmanın azalması özümüzdən asılıdır. Biz nə qədər çox qaydalara riayət etsək, vaksinasiya prosesində aktiv iştirak etsək o qədər tez uğurlu sonluğa çata bilərik”.