Month: May 2021

  • Stokholmda Azərbaycan bayrağı ucaldılıb

    İsveçdə fəaliyyət göstərən azərbaycanlı icmasının təşkilatçılığı ilə Stokholm şəhərində 28 May – Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, paytaxtın mərkəzindəki Radisson Blu Royal Viking Hoteldə pandemiya qaydalarına uyğun şəkildə baş tutan toplantıda “Azərbaycan naminə” təşkilatın, “SAF” İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin, “Qarabağ” mədəniyyət təşkilatının, SAMM TV-nin və “Starka kvinnor” dərnəyinin rəhbərləri iştirak ediblər. Tədbirdə çıxış edən Abdulla Amir Cavanşir Haşimi, Nadir Hollenbrand, Rahim Sadıqbəyli, Sevda Dadaşova və Rza Qaraçay dünya azərbaycanlılarını Respublika Günü münasibətilə təbrik ediblər.

    Qeyd edilib ki, Azərbaycanın ötən il Vətən müharibəsində əldə etdiyi parlaq Qələbə dövlətçilik tariximizdə 103 il öncə baş verən bu əlamətdar hadisənin xüsusi qürur və fəxarət hissi ilə keçirilməsini təmin edib.

    Soydaşlarımızın təşəbbüsü ilə tədbir keçirilən binanın üzərində üçrəngli Azərbaycan bayrağı qaldırılıb.

  • Qazax İcra Hakimiyyətinin avtomobili su kanalına aşdı, xəsarət alan var

    Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.

    “Report”un məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

    Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

    Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

    Hadisənin təfərrüatları araşdırılır.

  • Cəlilabadda şəhidin adına xatirə bulağının və parkın açılışı olub

    Cəlilabad rayonunun Musalı kəndinin sakinləri Vətən müharibəsi şəhidi Elşən Niftullayevin adına bulaq tikib, kiçik park yaratmaqla vətəndaş təşəbbüsü göstəriblər.

    “Report”un Muğan bürosu xəbər verir ki, park və bulağın açılışı şəhidin ad günündə keçirilib.

    Qeyd edək ki, Elşən Əfqan oğlu Niftullayev 1999-cu il Cəlilabadın Musalı kəndində dünyaya göz açıb. Həqiqi xidmət illərində düşmənlə üzbəüz mövqerdə xidmət edən Elşən Niftullayev sonrakı xidmətini hərbi kurs bitirməklə gizir olaraq davam etdirib. O, 44 günlük müharibənin ilk anlarından Tərtər-Ağdərə istiqamətində döyüşlərdə iştirak edib. Cəsarəti və əzmi, ağır əməliyyatlarda irəli atılması ilə şəxsi nümunə göstərib.

    Elşən Niftullayev döyüşlərin ən gərgin anlarında, oktyabrın 6-da yaralı olmasına baxmayaraq, inadla adsız yüksəkliyə qalxıb, üç rəngli bayrağımızı zirvəyə sancarkən şəhid olub.

    Elşən Niftullayev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə “Vətən Ugrunda” medalı ilə (ölümündən sonra) təltif edilib.

    Qeyd edək ki, şəhidin atası Əfqan Niftullayev də birinci Qarabağ müharibəsi iştirakçısıdır.

  • Türkiyədə koronavirusla bağlı son vəziyyət

    Türkiyədə son 24 saat ərzində 220 162 nəfərin COVID-19 testi yoxlanıb.

    “Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 7 773 nəfər təşkil edib.

    164 nəfər isə koronavirus səbəbindən vəfat edib.

    Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 083 099 nəfərə çatdığı bildirilib. Onlardan 12 284 nəfəri son sutka ərzində sağalanlardır.

    Hazırda ölkə xəstəxanalarında 1454 nəfər ağır COVID xəstəsi müalicə alır.

  • Koronavirusa qarşı ürəyi gücləndirək 5 QIZIL QAYDA

    Koronavirusun ən çox təsir etdiyi orqan ürəkdir.

    Türkiyəli mütəxəssis Atalay Karakaya koronavirusun damarlarda laxtalanmaya səbəb olduğunu bildirib:

    “Ayaqlarda yaranan laxtalanma ürəyə, ürəkdən ağciyərlərə çatdığı zaman ölümcül nəticələrə yol açır. Bu müddətdə maksimum səviyyədə ürək-damar sağlamlığınızı qoruyun”.

    Ən az 2 litr su!

    “Xüsusilə isti yay günlərində ən az 2 litr olmaqla 3 litrə qədər su içilməlidir. Yetərli miqdarda su qandakı laxtalanmanın qarşısını alır”.

    Həkim yoxlanışlarını ertələməyin!

    “Artıq çəki və yuxu pozuntuları da metabolik problemlərlə birlikdə, ürək-damar sağlamlığımıza mənfi təsir edən faktorlar arasındadır. Xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlər istifadə etdikləri dərmanları buraxmamalı, mütəmadi qəbul etməlidirlər”.

    Qidalanmanıza diqqət edin!

    “Pandemiyada artan çox yemə istəyi, hərəkətsiz qalma və sifariş edilən şirniyyat və “fast food” kimi qidalar ürək damar xəstəliklərinə yol açır. Hazırda bu xəstəliklər daha da artdı. Qidalanmanızda sağlam qidalara və hərəkətsiz qalmamağa diqqət etməlisiniz”.

    Hazır qidalardan uzaq durun

    “Mümkün olduğu qədər təbii və orqanik bəslənməyə üstünlük verin. Yüksək miqdarda duz, şəkər və yağ tərkibli paketli, hazır qidalardan uzaq durun. Qida tükətimində yağ, duz və şəkər tarazlığı isə çox önəmlidir”.

    Bol-bol harəkət edin

    “Ürək, xüsusən damar sağlamlığı baxımından mütləq hərəkət etməliyik. Bu da psixoloji olaraq özümüzü rahat, pozitiv hiss etdirərək koronavirusa qarşı mübarizə aparmağımıza kömək edər”. /medicina.az

  • Azərbaycan Prezidentinin 10 illik fəaliyyəti: Davamlı inkişaf, tərəqqi dövrü – VİDEO

    Davamlı inkişaf və tərəqqi yolunda olan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixin yeni mərhələsinə qədəm qoyub və artıq neçə illərdir ki, regionun lider dövlətinə çevrilib.

    Təsadüfi deyil ki, məhz İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın inkişafı və güclənməsi üçün zəruri olan bütün addımlar atılıb.

    Hakimiyyətdə olduğu illər ərzində bir çox sahələrdə uğurlu addımlar atan, bir neçə beynəlxalq və ölkədaxili layihələrə imza atan İlham Əliyev çoxşaxəli sosial-iqtisadi islahatlar kursu ilə ölkə iqtisadiyyatının inkişafı yolunda böyük uğurlara zəmin yaradıb. Bu isə öz növbəsində hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub.

    Məhz cənab Prezidentin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, daxili və xarici siyasət nəticəsində qazanılan uğurlar müasir dövlətimizin inkişafının təməl daşıdır. Artıq ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada davamlı və ardıcıl, müasir çağırışlara cavab verən islahatlar aparılmasın.

    Respublikamızda müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqisi milli dövlətçilik maraqlarına əsaslanır.

  • Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

    Gürcüstanın paytaxtı Tbilisinin teleqülləsi və şəhər şurasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqandırılıb.

    Şəhərin əsas simvollarından biri 28 May – Azərbaycanın Respublika Günü münasibətilə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.

    Azərbaycan bayrağı işıqlarla Azadlıq meydanında yerləşən Tbilisi Şəhər Şurasının (sakrebulo) binası üzərində də əks etdirilib.

  • Gəncədə zəncirvari qəza: Beş maşın toqquşdu, dörd nəfər yaralandı

    Gəncədə beş maşının toqquşması nəticəsində zəncirvari qəza baş verib.

    Hadisə H.Əliyev prosspektində olub.

    İlkin məlumata əsasən, qəza zamanı “VAZ 2107”, “VAZ 21099”, “Nissan”, “VAZ21015” və Çin istehsalı olan “GAC” markalı avtomobillər toqquşub.

    Hadisə nəticəsində dörd nəfər – 1983-cü il təvəllüdlü İsamyılov Ramiz Zakirəddin oğlu, 1980-ci il təvəllüdlü Qurbanov Ramiz Nazim oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Çingiz Qabil oğlu və 1983-cü il təvəllüdlü İsmalıyov Ramin müxtəlif dərəcəli xəsarətlər alıb.

    Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və vəziyyətləri orta ağırıdır. Xəsarət alan şəxslərin bədənlərində müxətlif sınıqlar var.

    Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın təfərrüatı araşdırılır.

  • Vaksinasiyaya görə növbə götürmək üçün bunu etmək lazımdır – VİDEO

    Son günlər sosial şəbəkələrdə, eləcə də xəbər saytlarında poliklinikalarda olan növbə problemi ilə bağlı məlumatlar yayılır. Amma əslində bu problemlər olmaya da bilər. Bunun üçün isə randevu.its.gov.az saytına daxil olaraq qeydiyyatdan keçmək tövsiyə olunur.

    Bu saytdan qeydiyyatdan keçməklə növbə gözləmədən peyvənd olunmaq mümkündür.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, 2 dəqiqə vaxt sərf etməklə uzun növbə gözləmədən peyvənd olunmaq mümkündür. Ancaq ya məlumatsızlıqdan, ya da laqeydlikdəndir ki, bəzi insanlar elektron xidmətlərdən istifadə etmirlər və nəticədə poliklinikalarda uzun növbələr yaranır.

    Amma İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan randevu.its.gov.az saytına daxil olub ordakı təlimatları yerinə yetirməklə rahatlıqla növbəyə yazılmaq mümkündür.

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koordinatoru Pərvin Baxşəliyeva deyib ki, bu sayt təkcə insanların rahatlığını təmin etmir, eyni zamanda işlərin daha tez həll olunmasına imkan verir.

    Xatırladaq ki, sayt fevral ayından istifadəyə verilib.

  • POS-terminal və bankomatların sayı artıb

    Azərbaycanda POS-terminalların sayı aprel ayı ərzində 852 vahid və ya 1,5% artaraq mayın 1-nə 59 036 ədəd təşkil edib.

    Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, ilin əvvəlindən ölkədə POS-terminalların sayı 1 916 vahid və ya 3,4% artıb.

    Məlumata əsasən, POS-terminalların 38 753 ədədi və ya 65,6%-i Bakıda, qalan 20 283 və ya 34,4%-i isə regionlarda quraşdırılıb.

    Hesabat ayında bankomatların sayında da artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı aprel ərzində 7 ədəd və ya 0,3%, ilin əvvəlindən isə 55 ədəd və ya 2% artıb. Bankomatların 1 453 ədədi və ya 52,5%-i Bakıda, 1 317 ədədi və ya 47,6%-i isə regionlarda quraşdırılıb.