Month: June 2021

  • Ukraynadan Azərbaycana gətirilən 8,3 ton “Roshen” karamelləri yararsız çıxdı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

    AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ukraynada istehsal olunan və “Azroşen” MMC tərəfindən ölkəmizə idxal edilən “Roshen” əmtəə nişanlı karamel məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

    Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələklərinin miqdarının normadan çox olduğu aşkar edilib. İdxal olunan məhsulun texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, istehlak üçün yararsız olduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 8,3 ton karamel məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.

  • Türkiyədən Azərbaycan ərazisi ilə Çinə növbəti ixrac qatarı yola salınıb

    Türkiyənin Kösəköy stansiyasından Çinin Sian şəhərinə növbəti ixrac konteyner blok qatarı yola çıxıb.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən məlumat verilib.

    Məlumata görə, blok qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir.

    Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən konteyner qatarı Çinə sərinləşdirici içkilər daşıyır. Konteynerlər ölkəmizin ərazisinə çatdıqdan sonra Bakı limanından Qazaxıstanın Aktau limanına göndəriləcək.

    Konteynerlər Xəzər dənizini operatoru “ADY Konteyner” lan fider gəmisi vasitəsilə aşacaq.

    Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “Pasifik Eurasia Logistics”, “GR Logistics”, “ADY Konteyner” və “KTZ Express” şirkətləridir.

  • Şəkidə birmərtəbəli ev yanıb

    Şəki rayonunda evdə yanğın olub.

    Bu barədə “Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, rayonun Kiçik Dəhnə kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Boğulma təhlükəsi ilə üzləşən 10 nəfər xilas edilib, 1 nəfər ölüb

    Azərbaycan Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 115 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 10 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib. Həmçinin, Şüvəlan qəsəbəsində dənizdə qeyri-çimərlik ərazidə batan 1999-cu il təvəllüdlü Xəlilov Rəşad Habil oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Çexiyalı futbolçu: “Bakıda hər iki komanda üçün şərtlər eyni olacaq”

    “Dünya çempionatının seçmə mərhələsində baş məşqçi Karel Yarolimin rəhbərliyi altında Bakıda oynamışam”.

    Bu fikirləri Çexiya millisinin futbolçusu Antonin Barak Danimarkaya qarşı Bakıda keçirəcəkləri Avropa çempionatının 1/4 final mərhələsinin oyunundan əvvəl federasiyanın rəsmi saytına müsahibəsində deyib.

    27 yaşlı yarımmüdafiəçi 2017-ci ildəki səfərin uzun çəkdiyini bildirib: “Həmin vaxt fərqli şərtlər var idi. Bunlarla bir az məşğul olduq. Amma indi AVRO-2020-nin 1/4 final oyunudur. Bu mövzuda dərinə baş vurmağa gərək yoxdur. Hər matç bizim üçün sonuncu ola bilər. Rəqib üçün də həmçinin. Biz çıxılmaz vəziyyətdə olduğumuzu düşünə bilmərik. Hər iki komanda üçün şərtlər eyni olacaq. Mümkün qədər daha yaxşı hazırlaşmalıyıq”.

    Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya – Danimarka oyunu saat 20:00-da başlayacaq.

  • “Bakı Metropoliteni”ndə kadr dəyişikliyi olub

    “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və Rabitə Xidmətinin baş mühəndisi Fəxrəddin Əmirov vəzifəsindən azad edilib.

    Onun yerinə Əliqismət İbrahimov təyin olunub.

    Yeni baş mühəndis bu təyinata qədər adı çəkilən xidmətin istehsalat və texniki şöbəsinin rəisi olub. Keçmiş baş mühəndis isə bundan sonra metronun Təlim və Tədris Mərkəzində yeni kadrların hazırlanması ilə məşğul olacaq.

  • Azərbaycanın sığorta bazarı 10% böyüyüb

    Bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 398,001 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

    Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxdur.

    Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 208,233 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48,6% çoxdur.

    Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 33,9 manat olub.

  • Robert Koçaryanın məhkəməsi bərpa olunub

    Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində cinayət işi üzrə məhkəmə prosesi Yerevanın Şenqavit rayon məhkəməsində davam edir.

    Ermənstanın keçmiş baş naziri Armen Gevorkyanla bağlı məhkəmə prosesi də bərpa olunub.

    Bildirilib ki, əvvəlki məhkəmə prosesləri müxtəlif səbəblərə görə təxirə salınmışdı.

    Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərindən əvvəl Koçaryan, Gevorkyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturova qarşı irəli sürülən ittihamları qanunsuz saymışdı.

    Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

    Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub və o, ötən il mayın 18-də girov qarşılığında azadlığa buraxılıb.

    R.Koçaryanla yanaşı, o dövrdə Ermənistan müdafiə nazirinin keçmiş müavini (2017-2018-ci illər arasında KTMT Baş katibi) Yuri Xaçaturov, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və baş nazirin keçmiş müavini Armen Gevorkyan konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar.

  • “Wizzair” Gürcüstandakı bazasını bərpa edir

    İyulun 1-dən Macarıstanın aşağıbüdcəli “Wizzair” şirkəti Gürcüstanın Kutaisi beynəlxalq hava limanındakı bazasını bərpa edəcək.

    Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

    Loukoster yenilənmiş aeroportdan 6 istiqamət üzrə – Milan, Praqa, Afina, Saloniki, Larnaka, Memmingen şəhərlərinə reyslər yerinə yetirəcək.

    İlkin mərhələdə epidemioloji vəziyyət və Avropa ölkələrində tətbiq olunan məhdudiyyətlər səbəbindən Kutaisidən müntəzəm reyslər həftədə bir dəfə həyata keçiriləcək, qış mövsümündən etibarən isə istiqamət və reyslərin sayı tədricən artırılacaq.

    “Wizzair” Kutaisi hava limanında bazasını 2012-ci ildə yaradıb. Ötən ilin iyulunda bazanın fəaliyyəti dayandırılıb.

  • Dövlət Bağçalı Türkiyədə qəbul imtahanlarının ləğv olunmasını təklif edib

    “Artıq universitetə qəbul imtahanlarına neştər vurmağın vaxtıdır. Gəlin, universitetlərə qəbul imtahanlarını ləğv edək”.

    Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri, deputat Dövlət Bağçalı bildirib.

    “Hesab edirəm ki, övladlarımızın həyatını 2 günlük qəbul imtahanına məhkum etmək ədalətlli və doğru deyil. Universitetlərə qəbul imtahanları tamamilə ləğv edilməlidir”, – o partiyasının Türkiyə Böyük Millət Məclisindəki deputat fraksiyasının toplantısında deyib.

    Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə Millət İttifaqı adlı birlik yaradıb.