Month: July 2021

  • Da Vinçinin birbaşa törəmələri aşkar olunub

    İtaliyalı mütəxəssislər Leonardo Da Vinçinin ailə şəcərəsini tam şəkildə bərpa ediblər.

    Bu barədə “Journal of Human Evolution” elmi nəşri məlumat yayıb.

    Araşdırma nəticəsində məşhur ixtiraçının birbaşa törəməsi olan 13 nəfər aşkar olunub.

    Tədqiqatın müəllifləri qismində Toskanadakı Da Vinçi muzeyinin təsisçisi və direktoru Alessandro Vetsozi, eləcə də Da Vinçi İrsi Assosiasiyasının prezidenti Anyeze Sabato çıxış ediblər. Onlar 1331-ci ildən bəri Da Vinçi ailəsinin tarixini bərpa etməyə müvəffəq olublar.

  • Belçikada 11 yaşlı uşaq universitet məzunu olub

    Belçikanın Ostende şəhərində dünyaya gələn Loran Simonsun IQ səviyyəsi 145-ə bərabərdir.

    “Haber Global” bildirir ki, 11 yaşlı oğlan Anvers Universitetinin Fizika fakültəsinin üç illik proqramını bir ilə tamamlayaraq ali məktəb məzunu olub.

    O, hədəfinin əbədi həyat olduğunu bildirib.

    “Hədəfim ölümsüzlükdür. Bədənimizin mümkün qədər çox hissələrini mexaniki vasitələrlə əvəz etmək istəyirəm. Bunun yolu isə kvant fizikasından keçir”, – deyə vundrkind bildirib.

    Qeyd edək ki, hazırda dünyanın ən gənc universitet məzunu adını 10 yaşında ikən ABŞ-ın Alabama Universitetini bitirən Maykl Kerni daşıyır.

  • Hinidistanda minlərlə şəxsə saxta peyvənd vurulub

    Hindistanda minlərlə şəxsə COVID vaksini əvəzinə adi fiziki məhlul vurulub.

    Bu barədə CNN məlumat yayıb.

    Məlumata görə, saxta peyvəndin satışı sxemində tibb işçiləri iştirak edib.

    Mumbay şəhər polis idarəsindən verilən məlumata görə, şəhər və ətraf qəsəbələrdə azı 12 saxta peyvənd kampaniyası təşkil olunub.

    Ümumilikdə 2500 nəfərin fırıldaqçıların qurbanı olduğu, saxtakarların isə 28 min dollar qazandığı bildirilib.

    Hazırda sözügedən işlə bağlı 14 nəfər saxlanılıb.

  • Neymar: “Finalda Argentina ilə oynamaq istəyirəm, orada çoxlu dostlarım var”

    Braziliya millisinin hücumçusu Neymar Amerika Kubokunun finalında Argentina millisi ilə oynamaq istədiyini açıqlayıb.

    Bu barədə Sports.ru məlumat yayıb.

    “Argentinanın finala çıxmasını istəyirəm. Onlara azarkeşlik edəcəm, çünki orada çoxlu dostlarım var. Finalda isə Braziliya qalib gələcək”, – deyə Neymar bildirib.

    Xatırladaq ki, finala gedən yolda Braziliya Peru üzərində minimal hesabla (1:0) qələbə qazanıb. Argentina millisi isə yarımfinalda Kolumbiya millisi ilə qarşılaşacaq.

  • Böyük Britaniya Əfqanıstana hava zərbələri endirəcəyini elan edib

    Böyük Britaniya öz qoşunlarını Əfqanıstandan çıxartsa da terrorizmə qarşı mübarizəni davam etdirmək niyyətindədir və terrorçuların mövqelərinə hava zərbələri endirmək hüququnu qoruyub saxlayır.

    TASS agentliyi xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi jurnalistlərə açıqlama verərkən söyləyib.

    O, Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Suriya və İraqda “İŞİD”ə qarşı həyata keçirilmiş “Shader” əməliyyatlarına işarə edib.

    C. Hippi Əfqanıstanda da hadisələrin oxşar xətt üzrə inkişaf edəcəyi təqdirdə belə planların nəzərdə tutulduğunu istisna etməyib.

    Xatırladaq ki, London 2014-cü ildə “Shader” əməliyyatı çərçivəsində terrorçuların hədəflərinə iki minə yaxın hava hücumu təşkil edib.

  • Ronaldu hələ də Avro-2020-nin ən yaxşısıdır – REYTİNQ

    Hazırda davam edən Avro-2020-nin ən yaxşı oyunçularının reytinqi açıqlanıb.

    Bu barədə UEFA məlumat yayıb.

    Siyahının hazırlanmasında meydanda müxtəlif fəaliyyətlərə görə balların təqdim olunması qaydasına əsaslanan mürəkkəb alqoritmdən istifadə olunub.

    Siyahıya Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu başçılıq edir. İkinci pillədə Çexiya millisindən Patrik Şik, üçüncü pillədə isə Danimarkadan Yoahim Mehle qərarlaşıb.

    Siyahının növbəti pillələri bu cürdür:
    4. Marko Veratti (İtaliya)

    5. Andrey Yarmolenko (Ukrayna)

    6. Robin Qozens (Almaniya)

    7. Stiven Suber (İsveçrə)

    8. Nikolay Matviyenko (Ukrayna)

    9. Rahim Sterlinq (İngiltərə)

    10. Cerdan Şakiri (İsveçrə)

  • Abşeronda yol qəzası baş verib, xəsarət alan var

    Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Abşeron rayonunda qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Ağalarov İlham Qardaşxan oğlu xəsarət alıb.

    Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Braziliyalı yarımmüdafiəçi “Barselona”nı məhkəməyə verib

    “Barselona”nın keçmiş yarımmüdafiəçisi Mateus Fernandeslə Kataloniya klubu arasında narazılıq yaşanır.

    “SER Catalunya” xəbər verir ki, buna səbəb klubun müqaviləyə birtərəfli qaydada xitam verməsidir.

    Lionel Messi üçün sərfəli şərtlərə nail olmaq məqsədilə maaş cədvəlini kiçiltməyə çalışan “Barselona” F. Mateusla yollarını ayırıb.

    Braziliyalı müqavilənin ləğvi barədə məlumatı elektron ünvanına gələn məktub vasitəsi ilə öyrənib.

    23 yaşlı futbolçu “Barselona” rəhbərliyini özünü qeyri-adekvat aparmaqda ittiham edir.

    Anlaşması 2024-cü ilin yayına qədər olan braziliyalı klubun ona ödəməli olduğu vəsaiti tam ödəməyi tələb edir.

  • Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı

    Rusiyada koronavirusa bir gündə 23 378 yoluxma qeydə alınıb.

    “İnterfax” ölkənin operativ qərargahına istinadla məlumat verir ki, virusa yoluxan 737 xəstə həyatını itirib. Bu, pandemiya başlayandan ölüm sayında maksimum göstəricidir.

    Ən çox ölüm Moskvada (114 nəfər), Sankt-Peterburqda (99 nəfər), İrkutsk vilayətində (33 nəfər) qeydə alınıb.

    Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayında (5 658 672 nəfər) ölkələr arasında beşinci yerdədir.

  • Kompüter AVRO-2020-nin qalibini müəyyən etdi

    Futbol üzrə Avropa çempionatının ilk yarımfiinal görüşü ərəfəsində maraqlı kompüter təhlili aparılıb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Məlumata əsasən, “Stats Perform Euros Prediction” proqramı vasitəsilə AVRO-2020 yarımfiinalçılarının turniri qalibi olma şansları qiiymətləndirilib.

    Kompüterin proqnozlarına görə, iyulun 11-də Londonun Uembli stadionunda keçiriləcək final matçında qalib gəlmə ehtimalı ən aşağı olan komanda Danimarka millisidir. Onun şansları 8.6% səviyyəsində dəyərləndirilib.

    İspaniyanın 23.1%, İngiltərənin 29.2%, İtaliya yığmasının isə 39.1% qələbə şansı mövcuddur.

    Qeyd edək ki, sözügedən təhlil seçmə komandaların statistik göstəricilər tarixçəsi əsasında aparılıb.