Month: July 2021

  • Dünya üzrə vurulan vaksinlərin sayı dörd milyarda yaxınlaşır

    Azərbaycanda olduğu kimi, dünya ölkələrində də koronavirusa qarşı aparılan vaksinasiya kampaniyası davam edir.

    Ourworldindata.org məlumat bazasına əsasən, artıq qlobal miqyasda 3 milyard 860 milyondan çox COVID peyvəndi vurulub.

    Vurulan vaksinlərin xeyli hissəsi Çinin (1.5 milyard) payına düşür.

    Əhali nisbətinə görə vaksinasiya səviyyəsi üzrə isə lider Maltadır. Burada hər 100 nəfərə 166.85 doza peyvənd vurulub.

  • Koronavirusun daha bir ciddi fəsadı məlum olub

    İngiltərənin İmperiya kolleci və Kembric Universiteti alimləri koronavirusun daha bir ciddi fəsadını üzə çıxarıblar.

    Onlar öz araşdırmalarının nəticələrini “The Lancet” jurnalında dərc ediblər.

    Alimlər müəyyən ediblər ki, COVID-19 intellekt səviyyəsini ömürlük azalda bilər.

    Məlumata əsasən, müvafiq sınaqlarda 81 337 nəfər iştirak edib. Onlardan 12 689-u koronavirusa yoluxaraq, sağalan şəxslər olub. Testlər nəticəsində COVID-ə yoluxmuş şəxslərdə beyin dumanlanması, diqqət yayınıqlığı və lazımi sözlərin tapılması kimi zehni problemlər müşahidə olunub. Xəstəliyi ağır keçirmiş şəxslərdə isə intellekt səviyyəsinin daha kəskin aşağı düşməsi qeydə alınıb.

    Alimlər bu halın xəstəlikdən ötən vaxtla bağlılığını da araşdırıb və mənfi nəticə əldə ediblər. Məlum olub ki, koronavirus əqli qabiliyyətləri ömürlük zəiflədir.

  • Şabranda qadın sirkə turşusu içib, vəziyyəti ağırdır

    Şabran şəhərində 51 yaşlı qadın sirkə turşusu içib.

    “Report” xəbər verir ki, hadisə şəhərin Vidadi Abdullayev küçəsində qeydə alınıb.

    1970-ci il təvəllüdlü, Sevinc Əliverdi qızı Məmmədova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

    S. Məmmədovaya zəruri ilkin tibbi yardım göstərilir.

    Xəstəxanadan S. Məmmədovanın sirkəni təsadüfən içdiyi bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Dörd milyarda yaxın telefon nömrəsi satışa çıxarılıb: Siyahıda sizin də nömrəniz ola bilər

    Daha bir sosial şəbəkə hakerlərin hücumuna məruz qalıb.

    “RİA Novosti” xəbər verir ki, bu dəfə kibercinayətkarların hədəfi “Clubhouse” olub. Lakin hakerlər sosial şəbəkə istifadəçilərinin nömrələrilə yanaşı, həmin nömrələrin yaddaşında olan kontaktları da ələ keçiriblər.

    Beləliklə də, 4 milyarda yaxın telefon nömrəsi oğurlanaraq satışa çıxarılıb.

    Müvafiq satış elanı tematik platformaların birində yerləşdirilib. Hakerlər sübut üçün 83 milyon telefon nömrəsini dərc ediblər.

  • Özbəkistanlı Olimpiya rekordçusu karyerasını başa vurdu

    1992-ci ildə gimnastika üzrə komanda yarışlarında Olimpiya çempionu olmuş Oksana Çusovitina karyerasını başa vurduğunu açıqlayıb.

    Rusiya mətbuatının məlumatın görə, üçqat dünya çempionu Tokio Olimpiadasında yarışların təsnifat mərhələsindəki çıxışından sonra bu qərara gəlib.

    Qeyd edək ki, 46 yaşlı idmançı indiyədək 8 Olimpiadaya qatılıb ki, bu da gimnastlar arasında rekord nəticədir.

  • Britaniya ordusunda qadın hərbçilərin çoxu zorakılıq və təcavüzə məruz qalıb

    İngiltərə parlamentində qadın hərbçilərlə bağlı hesabat dinlənilib.

    Bu barədə “TRT Haber” məlumat yayıb.

    Məlumata əsasən, hesabat zərif cinsin nümayəndlərinin ordudakı vəziyyətinin heç də ürəkaçan olmadığını ortaya qoyub.

    Məlum olub ki, silahlı qüvvələrdə xidmət edən qadınların 3/2-si zorakılıq, mənəvi və ya fiziki təcavüzə məruz qalıb.

    Araşdırma çərçivəsində 4106 qadın hərbçi dindirilib. Onların 62%-i orduda özlərinə qarşı ayrıseçkilin şahidi olduqlarını bildiriblər.

  • Abşeronda üç avtomobil toqquşdu, xəsarət alanlar var

    Abşeronda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

    Belə ki, 10-SH-264 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə 10-TP-924 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil toqquşub, sonuncu maşın da 90-BG-386 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşına dəyib.

    Qəza nəticəsində “Ope” markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıb.

    Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

  • “Keşlə”-“Soçi” matçının hakimləri məlum olub

    UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab oyunlarına təyinat almış hakimlərin adlarını açıqlayıb.

    Bakıda keçiriləcək “Keşlə”-“Soçi” matçını Viktor Şimusikin başçılığı ilə Belarusdan olan hakimlər briqadası idarə edəcək.

    Qeyd edək ki, iyulun 29-da baş tutacaq qarşılaşmada komandamız 3:0 hesablı səfər məğlubiyyətinin əvəzini çıxmağa çalışacaq.

  • Şabranda “KamAz”la avtobus toqquşub, beş nəfər xəsarət alıb

    Şabran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

    “KamAz” markalı yük avtomobili ilə “Hyundai” markalı avtobus toqquşub.

    Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

    Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara ilkin tibbi yardım göstərilir.

    Qeyd edək ki, yaralananlardan biri 1957-ci il təvəllüdlü Şirinbala Əli oğlu İlyasovdur.

    Faktla bağlı araşdırma aparılır.

  • Floridada binanın çökməsi nəticəsində ölənlərin yekun sayı açıqlanıb

    ABŞ-ın Serfsayd (Florida ştatı) şəhərində çökən 12 mərtəbəli binanın qalıqları arasında aparılan axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

    “The Washington Post” xəbər verir ki, bir ay davam edən proses nəticəsində 96 nəfərin cəsədinin qalıqları aşkar olunub.

    Xilas edilən 54 yaşlı bir qadın isə xəstəxanada vəfat edib. Beləcə, faciə qurbanlarının sayı 97 nəfərə çatıb.

    Qeyd edək ki, bina uçqunu iyunun 24-nə keçən gecə baş verib.