Month: August 2021

  • Hacıqabulda qəzada bir ailənin üç üzvü xəsarət alıb

    Hacıqabulda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobili anidən idarəetməni itirib və yolun kənarına aşıb.

    Qəza nəticəsində Göyçay rayon sakinləri və bir ailənin üç üzvü olan 1947-ci il təvəllüdlü Mehdiyeva Mehriban Nizami qızı, onun övladları, 1981-ci il təvəllüdlü Mehdiyev Zaur Nurəddin oğlu və 1983-cü il təvəllüdlü Mehdiyeva Arifə Nurəddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Yeddi polis Trampı məhkəməyə verib

    Kapitoli polisinin yeddi əməkdaşı ABŞ-ın keçmiş prezidenti Donald Trampı məhkəməyə verib.

    “Reuters” xəbər verir ki, asayiş keçikçiləri siyasətçini Vaşinqtondakı 6 yanvar hadisələri öncədən planlaşdırmaqda ittiham ediblər.

    Onların sözlərinə görə, Tramp xeyli müddət ərzində prezident seçkilərinin saxtalaşdırılması haqqında əsassız bəyənatlar verərək, öz tərəfdarlarını aqressiv hərəkətlərə sövq edib. Nəticədə acıqlı kütlə Kapitoliyə hücum çəkib.

    Qeyd edək ki, bundan öncə də sözügedən hadisələrlə bağlı Trampa qarşı məhkəmə iddiası irəli sürülüb.

  • İraq ölkədən qanunsuz çıxarılan 200 milyard dolları qaytarmaq istəyir

    İraq hökuməti qanunsuz yollarla ölkədən çıxarılmış 200 milyard dollar həcmindəki milli sərvətini geri qaytarmaq niyyətindədir.

    “Shafaq News” xəbər verir ki, bunu İraqın maliyyə naziri Əli Ələui hökumətin iclası zamanı bəyan edib.

    O bildirib ki, sözügedən vəsaitlərin arasında Səddam Hüseynin aktivləri də var.

    Nazirin sözlərinə görə, təkcə Livan Mərkəzi Bankında vaxtilə İraqdan köçürülmüş 20 milyard dollar yoxa çıxıb.

    Qeyd edək ki, İraqın 2021-ci il üçün dövlət büdcəsi 90 milyard dollar, büdcə kəsiri isə 20 milyard dollar səviyyəsində təsdiqlənib. Odur ki, hökumətin geri qaytarmaq istədiyi vəsaitlər üç illik dövlət büdcəsindən də çoxdur.

  • ABBA 40 illik fasilədən sonra yeni mahnılarını təqdim edəcək

    İnternet şəbəkəsində yeni “ABBA Voyage” saytı və onun “Twitter” hesabı peyda olub.

    “The Sun” xəbər verir ki, 40 illik fasilədən sonra əfsanəvi ABBA qrupu 5 yeni mahnısını təqdim edəcək.

    Məlumata görə, təqdimat mərasimi sentyabrın 2-də baş tutacaq.

    Qeyd edək ki, İsveçli musiqiçilərin son albomu 1981-ci ildə buraxılıb.

  • Türkiyə ordusu yeni PUA ilə təchiz olunacaq

    Türkiyənin “Baykar” müdafiə sənayesi şirkəti ölkənin silahlı qüvvələrini yeni PUA ilə təchiz etməyə hazırlaşır.

    Şirkətin sosial media hesabından yayılan məlumata görə, üç gün sonra “Bayraktar Akıncı” PUA-ları Türkiyə ordusunun istifadəsinə veriləcək.

    “Baykar”ın qurucularından biri olan Səlcuq Bayraktar əlamətdar hadisəni özünəməxsus şəkildə şərh edib. O, “Akıncı”nın əvvəlcə iməklədiyini, sonra yeridiyini, ardından da uçduğunu, daha sonra isə böyüyərək vətənə xidmətə yollandığını bildirib.

  • Pandemiyada koronavirusdan neçə uşaq ölüb?

    Pandemiya zamanı dünyada 9 000 uşaq koronavirusdan ölüb.

    “RİA Novosti” xəbər verir ki, bunu Rusiya Pediatrlar Birliyinin prezidenti Leyla Namazova-Baranova bildirib.

    O qeyd edib ki, bu, son dərəcə aşağı ölüm nisbətidir.

    Həkim həmçinin koronavirusdan uşaq ölümlərinin 1-3 % olduğunu deyib.

  • Yaponiyada peyvənddə “yad cism” aşkar olundu

    Son həftələrdə koronavirusa yoluxma hadisələrinin rekord dərəcədə artması ilə gündəmə gələn Yaponiyada hökumət ABŞ dərman istehsalçısı “Moderna” tərəfindən hazırlanmış peyvəndlərinin bir hissəsinin istifadəsini dayandırmağa qərar verib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Avqustun 1-dən ölkədəki 8 peyvənd mərkəzində istifadə edilməyən 39 peyvənddə “yad cism” aşkar edildiyi açıqlansa da, Yaponiya Səhiyyə Nazirliyi mümkün risk səbəbindən, eyni partiyada istehsal olunan 1 630 000 dozanın istifadəsini dayandırmağa qərar verib.

    Buna baxmayaraq, bu günə qədər sözügedən peyvəndlərlə əlaqədar qeyri-adi sağlamlıq probleminin aşkarlanmadığı bildirilib.

  • Təyyarənin göyərtəsində dünyaya gələn əfqan uşağına hava gəmisinin adı verildi

    Əfqanıstandan təxliyyə zamanı təyyarənin göyərtəsində dünyaya gələn qız uşağına təyyarənin şərti çağırış adı verilib.

    CNN bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Tod Uoltersə istinadən məlumat yayıb.

    Generalın sözlərinə görə, hərbçilər “C-17” təyyarəsinin göyərtəsində dünyaya gələn qızın valideynləri ilə danışıb.

    “Onlar körpənin adını Riç qoyublar. Belə ki, körpənin valideynlərini Qətərdən Almaniyanın Ramştayn şəhərinə aparan “C-17” təyyarəsinin şərti çağırış adı məhz Riç idi”, – deyə general Tod Uolters vurğulayıb.

  • Koronavirus böyrəklərə necə təsir edir?

    Rusiyalı həkim-nefroloq Anna Korobkina koronavirus infeksiyasının böyrəklərə təsiri ilə bağlı xəbərdarlıq edib.

    Bu barədə o, “Sputnik” radiosuna verdiyi müsahibədə deyib.

    Onun sözlərinə görə, COVID-19 ACE2 fermentinin mövcud olduğu bütün orqanlara hücum edir, o virus tərəfindən hüceyrələrə daxil olmaq üçün reseptor kimi istifadə olunur.

    Həkim qeyd edir ki, bu reseptorlar ürəkdə, bağırsaqda, yemək borusunda, sidiklikdə var.

    “Böyrəklərdə onlardan iki dəfə çoxdur, buna görə böyrəklər daha çox viral invaziya riski altındadır. Bir virusun möhkəmlənməsi nəticəsində kəskin böyrək çatışmazlığı meydana gələ bilər, hipoksiya və trombotik pozğunluqlar da burada rol oynayır”, – deyə mütəxəssis vurğulayıb.

    Həkim əlavə edib ki, kəskin böyrək zədələnməsi xüsusilə ağır hallarda koronavirus infeksiyasının ölüm faktorlarından biridir. Eyni zamanda, xəstələr onlarda böyrək xəstəliyi olduğunu bilməyə bilər, çünki əvvəllər bununla bağlı heç bir şey hiss etməyiblər və COVID-19 əvvəllər yavaş inkişaf edən prosesləri qəfil kəskinləşdirə bilir.

    Həkim evdə müalicə olunan xəstələrə zülalı müəyyən etmək üçün ümumi sidik testindən və kreatinin səviyyəsi üçün biokimyəvi qan testindən keçməyi tövsiyə edir.

    “Sonradan qan laxtalanması parametrlərini izləmək və trombozun qarşısını almaq lazımdır, çünki tromb həm də böyrək damarlarında əmələ gəlir”, – deyə o bildirib.

  • Bayden: “Kabildə terror aktlarını İŞİD-in Xorasan qolu gerçəkləşdirib”

    ABŞ prezidenti Co Bayden Əfqanıstan paytaxtında baş verən və 12 ABŞ hərbçisinin ölümünə səbəb olan terror aktları barədə mətbuata açıqlamalar verib.

    TRT xəbər verir ki, dövlət başçısı partlayışların İŞİD-in Xorasan qolu tərəfindən törədildiyini bəyan edib.

    O, hadisənin səbəbkarlarının tapılıb cəzalandırılması üçün ABŞ-ın əlindən gələni edəcəyinə söz verib.

    Bayden həmçinin, bugünədək 70 mindən çox insanın təxliyə edildiyini və müvafiq əməliyyatın davam edəcəyini bildirib.