Month: September 2021

  • ABŞ İranın sanksiyalar siyahısına 4 nəfəri əlavə edib

    ABŞ Maliyyə Nazirliyi dörd İran vətəndaşına ikinci dərəcəli sanksiyalar tətbiq edib.

    Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

    Qərara səbəb onların İranın kəşfiyyat və təhlükəsizlik nazirliyi ilə əlaqədə olmasıdır.

    Beləliklə, Əlireza Farahani, Mahmud Xazein, Omid Nuri və Kiya Sadeqi sanksiyalar siyahısına daxil edilib.

  • Sentyabrın 6-dan Azərbaycana 13 ölkənin vətəndaşlarının girişinə icazə verilir

    Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

    – Çin Xalq Respublikası;
    – Estoniya Respublikası;
    -.Finlandiya Respublikası;
    – Fransa Respublikası;
    – Honq-Konq (ÇXR);
    – Xorvatiya Respublikası;
    – İslandiya Respublikası;
    – İtaliya Respublikası;
    – Latviya Respublikası;
    – Malayziya;
    – Səudiyyə Ərəbistanı Krallığı;
    – Yaponiya.

  • Yağışla əlaqədar bəzi yollarda sürət həddi endirilib

    Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.

    Bu barədə “Report” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

    Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

    Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Sabunçuda ev yanıb, xəsarət alanlar var

    Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli evdə kağız və parça tullantıları 1 m² sahədə, evin çöl divarına quraşdırılan 1 ədəd elektrik sayğacı qismən və hasara quraşdırılan 1 ədəd qaz sayğacı yanıb.

    Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

    Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda şagird və tələbələr üçün ictimai nəqliyyatda yenilik edilə bilər: Xüsusi vaqonlar ayrılacaq?

    “Tədrisin ənənəvi qaydada təşkili zamanı koronavirusdan vəfat edən müəllimlərin sayı tədrisin onlayn-distant qaydada həyata keçirildiyi və ya ümumiyyətlə tədrisin tətil elan olunduğu vaxtdan daha azdır”.

    Sfera.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov deyib.

    O bildirib ki, hazırda ölkədə 1.5 milyon şagird var və onlar gün ərzində heç bir yoxlamaya cəlb edilmədən küçədə gəzir, ictimai nəqliyyatdan istifadə edir, marketə gedir, restoran və əyləncə mərkəzlərində olurlar:

    “Amma məktəb açılanda onların hər səhər temperaturu yoxlanılır, hansısa əlamət müşahidə olunan şagird təcrid olunur. Eynilə orta məktəblərdə 150 min müəllim çalışır, onların da gün ərzində hər hansı bir yoxlanılması həyata keçirilmir. Tədris prosesi ənənəvi qaydada təşkil edilsə, onlar hər gün yoxlanılacaq. Əlaməti müşahidə olunan şəxslər təcrid olunacaq”.

    Ekspert həmçinin qeyd edib ki, tədris ənənəvi qaydada bərpa olunanda mütləq şəkildə günün müəyyən saatlarında avtobus və metroda müəyyən vaqonlar şagird və tələbələr üçün ayırmalıdır.

  • “Taliban” Pəncşir vilayətini ələ keçirdi

    “Taliban” nəzarətində olmayan sonuncu Əfqanıstan vilayəti Pəncşiri də ələ keçirib.

    Ölkənin müqavimət hərəkatının liderlərindən olan keçmiş vitse-prezident Əmrullah Salehin Tacikistana qaçdığı bildirilib.

    Kabildən 150 km aralı olan bölgənin gərgin döyüşlər nəticəsində alındığı qeyd edilib.

    Mənbə: “Yeni Şəfəq”

  • Vladimir Putin mobil telefondan istifadə etmədiyini bildirib

    Rusiya Federasiyasının prezidenti Vladimir Putin mobil telefon istifadə etmədiyini söyləyib.

    “RİA Novosti” agentliyi xəbər verir ki, Vladimir Putin bu barədə Şərq İqtisadi Forumunda jurnalistlərin suallarına cavab verərkən deyib.

    “Mənə elə gəlir ki, buna diqqət yetirmək çətin deyildi”, – deyə 68 yaşlı siyasətçi Angela Merkelin Moskvaya səfəri zamanı baş verən hadisəyə eyham vuraraq bildirib.

    Daha sonra jurnalist V.Putindən ümumiyyətlə mobil telefondan istifadə edib-etmədiyini soruşub.

    “Xeyr”, – deyə V. Putin cavabında bildirib.

    Qeyd edək ki, bu ilin avqust ayında Almaniya Kansleri Angela Merkelin Moskvaya son səfəri zamanı Vladimir Putinlə görüş zamanı qadın siyasətçinin mobil telefonuna zəng gəlmişdi.

    Almaniya kansleri telefonu cibindən çıxardaraq söndürmüşdü. V. Putin isə məsələyə diqqət etmədiyi görüntüsü yaratmış və nitqinə davam etmişdi.

  • Güləşçilərimizdən MDB oyunlarında uğur start: Üç qızıl, bir gümüş və iki bürünc medal – FOTO

    Rusiyanın Kazan şəhərində I MDB Oyunları start götürüb.

    Azərbaycan Güləş Federasiyasından oxu.az-a verilən məlumata görə, bu gün “Bars” Arenada yunan-Roma güləşi üzrə yarış keçirilib.

    Ölkəmizi güləşin bu növündə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında gənclərdən ibarət millimizin 8 üzvü təmsil edib.

    Onlardan 7-si qrup mərhələsini uğurla adlayıb. Yarımfinalda daha 4 qələbə qeydə alınıb. Yekunda 8 güləşçimizdən 6-sı fəxri kürsüyə qalxıb.

    Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

    Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə üçüncü yeri tutub.

    Beləliklə, millimiz I MDB Oyunlarında uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

  • Yeni Zelandiyada mağazaya daxil olan silahlı şəxs insanlara atəş açıb – VİDEO

    Yeni Zelandiyanın Oklend şəhərində mağazaya daxil olan silahlı şəxs insanlara atəş açmağa başlayıb.

    Bu barədə RNZ radiosu məlumat yayıb.

    Son məlumata görə, insident nəticəsində altı nəfər yaralanıb, onlardan üçünün vəziyyəti krtikdir.

    Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, silahlı hücumu həyata keçirməkdə şübhəli bilinən şəxs polislər tərəfindən öldürülüb.

    Hələlik insidentin motivləri bəlli deyil.

  • Aİ, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə dual təhsil proqramına qəbul elan edilir

    Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən (PTDA) “Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə dual təhsil proqramı ilə təhsil alacaq tələbələrin qəbuluna başlanılır.

    Dual təhsil proqramlarında tədris müddətində tədrisin nəzəri hissəsi peşə təhsil müəssisəsində və praktiki hissəsi işəgötürən müəssisələrdə paralel olaraq təşkil edilir.

    “Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə tədrisin nəzəri hissəsi Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində həftədə 2 gün, praktiki hissəsi isə həftədə 3 gün olmaqla həmin şəhərdə fəaliyyət göstərən “Gold Əminə” marketlər şəbəkəsində iş şəraitində həyata keçiriləcək. İlk peşə təhsil səviyyəsi üzrə təşkil edilən dual təhsil proqramı ödənişsizdir və 6 ay davam edəcəkdir.

    Tədris dövründə tələbələr ərzaq və qeyri-ərzaq malları üzrə satıcı işinin təşkili, xəzinədar işinin əsasları, əmək və qida təhlükəsizliyi, sanitariya qaydaları, həmçinin müştəri məmnuniyyəti və digər mövzular üzrə nəzəri bilik və praktiki bacarıqlar əldə edəcəklər. Tədris müddətində tələbələr fərdi qəza sığortası və “Gold Əminə” marketlər şəbəkəsi tərəfindən uniforma (xüsusi geyim) və qida ilə təmin olunacaqlar.

    Qeyd edək ki, proqramı müvəffəqiyyətlə tamamlayan tələbələr peşə təhsili haqqında diplom almaqla yanaşı, sözügedən marketlər şəbəkəsində işləmək imkanı qazanacaqlar.

    6 sentyabr 2021-ci il tarixinədək http://portal.edu.az/ platforması üzərindən onlayn qeydiyyatdan keçərək proqrama müraciət etmək mümkündür.

    Təşəbbüs, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən PTDA ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

    Əlaqə üçün məlumat:
    Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org

    Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

    Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

    BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

    Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.