Month: September 2021

  • Cəlilabadda 40 ildir sakinləri zəhərləyən zibilxana təmizlənib

    Cəlilabad şəhəri Mirzəli Hüseynzadə küçəsində yerləşən və 40 ildir yığılan tullantılar daşınmayan zibilxana təmizlənib.

    Bu barədə “Report”un Muğan bürosuna həmin küçədə yaşayan sakinlər məlumat verib.

    Onların sözlərinə görə, keçmiş “Məişət evi”nin yaxınlığında böyük bir zibillik poliqonu olub. Həmin əraziyə təxminən 40 il ərzində yaxınlıqdakı 2 mərtəbəli yaşayış binasının sakinləri ilə yanaşı, həm də ətraf küçələrin sakinləri öz məişət tullantılarını atıblar:

    “Bu səbəbdən də şəhərin tam mərkəzində üfunətli bir mənzərə yaranmışdı. Bu ərazi bakteriya və mikrob mərkəzi, gəmirici, bəzən də yırtıcı və zəhərli heyvanların məkanına çevrilmişdi. Həmçinin məsuliyyətsiz şəxslər həmin zibilliyə od vurur, nəticədə ətrafda yerləşən evlərə və həyətyanı sahələrə, xüsusilə də ərazidən keçən dövlət əhəmiyyətli qaz xətti üçün ciddi təhlükə yaranırdı”.

    Məlumata görə, sonuncu dəfə ötən ilin avqust ayında şəhərin mərkəzində yerləşən zibilxanada yanğın törədilib: “Yanğın nəticəsində ətraf sakinlərə ciddi ziyan dəymişdi və hətta yanğın mərkəzi stadionun ərazisinə də keçmişdi. Yalnız yanğınsöndürənlərin əraziyə vaxtında gəlməsi və alovu söndürməsi nəticəsində böyük bir təhlükə sovuşmuşdu”.

  • “Caliber”: David Tonoyanın oğurladıqları və Seyran Ohanyanın bununla hansı əlaqəsi var? – VİDEO

    “Caliber” hərbi-analitik layihəsinin yeni video süjeti Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana qarşı açılan cinayət işinə həsr olunub.

    Növbəti video təhlildə qeyd olunur ki, Nikol Paşinyan Ermənistanda taleyi yüklü məqamlar yetişən kimi diqqəti özündən yayındırmağa çalışır və siyasi hakimiyyət karyerasında birgə addımladığı adamları güdaza verməyə başlayır.

    Ətraflı “Caliber”in süjetində:

  • Venesuelada neft kəməri partlayıb

    Venesuelanın qərbindəki Yaracuy əyalətində neft boru kəmərində partlayış baş verib.

    “Report” xəbər verir ki, bu barədə yerli “National” qəzeti məlumat yayıb.

    Partlayış nəticəsində azı bir nəfər ölüb, iki nəfər yaralanıb. Xəsarət alanların hər ikisi azyaşlıdır. Onlar müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

    İlkin versiyaya görə, partlayış boru kəmərindən yanacağın qanunsuz olaraq boşaldılması cəhdi zamanı baş verib.

    Partlayışdan sonra yaranan yanğın söndürülüb.

  • Ukraynada vaksinasiya məcburi olacaq

    Yaxın gələcəkdə Ukraynada COVID-19-a qarşı məcburi peyvənd tətbiq ediləcək.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna səhiyyə naziri Viktor Lyaşko keçirdiyi brifinqdə deyib.

    “Səhiyyə Nazirliyinin müvafiq əmri mərkəzi icra hakimiyyəti orqanlarının təsdiqinə göndərilib”, – nazir vurğulayıb.

    Lyaşko, həmçinin qeyd edib ki, söhbət məcburi peyvənddən getmir: “Məcburi peyvənd anlayışı yoxdur. Vaksin olunanlar işləyə biləcək, digərləri yox”.

    Onun sözlərinə görə, əmrdə vaksinin məcburi olacağı peşələrin siyahısı dəqiq müəyyən ediləcək.

  • Efiopiya BMT əməkdaşlarına ölkəni tərk etmək üçün üç gün vaxt verib

    Efiopiya hökuməti BMT-nin yeddi şəxsini arzuolunmaz şəxslər siyahısına salıb.

    Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

    “Sözügedən şəxslərə 72 saat ərzində Efiopiya ərazisini tərk etmələri barədə məktublar daxil olub. Onlar ölkənin daxili işlərinə qarışıblar”, – Nazirlik bəyan edib.

    Siyahıya BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndəsi, İnsan Hüquqları üzrə Ali Komissarlığın (OHCHR) monitorinq qrupunun rəhbəri və Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) əməkdaşları daxildir.

  • Həbsdə olan sabiq bələdiyyə sədri vəfat edib

    Zərdabda vəzifəli şəxs həbsxanada dünyasını dəyişib.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, ötən il həbs olunan Zərdab rayon Yarməmmədbağı kənd bələdiyyəsinin sabiq sədri Sahib Xəlilov həbsxanada ölüb.

    Qeyd edək ki, S.Xəlilov bələdiyəyə məxsus torpaq sahəsini qanunsuz satdığına görə həbs edilmişdi.

  • Avropada qazın qiyməti tarixi rekordu bir daha yeniləyib

    Sentyabrın 30-da keçirilən ticarət sessiyasında Avropadakı qazın qiyməti tarixi rekordunu bir daha yeniləyib və 1000 kubmetr üçün 1190 ABŞ dollarına yaxınlaşıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu ICE birjasının məlumatları sübut edir.

    Hollandiyadakı TTF mərkəzində noyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1187,45 ABŞ dollarına çatıb. Günün əvvəlindən etibarən qazın ümumi artımı 13 %-dən çoxdur.

    Bu həftənin əvvəlində Avropada qazın qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 ABŞ dollarını keçdi.

  • FIDE reytinqi: Rəcəbov geriləyib, Məmmədyarov mövqeyini qoruyub

    Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

    “Report” FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə ilk “10-luq”da Azərbaycan təmsilçiləri yer almayıb.

    Şəhriyar Məmmədyarov 2 765 xalla 11-ci pillədəki mövqeyini qoruyub. 2 763 xalı olan Teymur Rəcəbov isə 2 pillə geriləyərək, 12-ci sırada qərarlaşıb.

  • DSX-nin hərbi qulluqçusu Zəngilanda minaya düşərək xəsarət alıb

    Sentyabrın 30-da saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nəzərxanlı Elgün Elxan oğlu Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd döyüş məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Qeyd olunub ki, ilkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyə edilib, həkimlərin tam nəzarəti altındadır.

  • Yaponiyada karantin tam ləğv olunub

    Yaponiyada sabahdan, yəni oktyabrın 1-dən koronavirusa qarşı fövqəladə vəziyyət rejimi qüvvəyə minir.

    Bununla yanaşı, ölkədə koronavirusa qarşı gücləndirilmiş tədbirlər rejimi də tam olaraq başa çatıb.

    Yaponiyada fövqəladə vəziyyət rejimi 19 prefekturada (əyalətdə), nisbətən yumşaq olan fəal tədbirlər rejimi isə 8 əyalətdə tətbiq olunmuşdu. Bu ilin aprel ayında tətbiq olunmuş fövqəladə vəziyyət rejimi bir neçə dəfə uzadılıb.

    Hazırda Yaponiyada əhalinin 60 faizə yaxını tam peyvəndlənib. Gündəlik yoluxma sayı avqust ayındakı 25 mindən 1128 nəfərədək azalıb.