Month: Oktyabr 2023

  • Azərbaycan hökuməti 2023-cü ilin sonuna orta illik inflyasiya proqnozunu AÇIQLADI

    İqtisadiyyat Nazirliyi antiinflyasiya tədbirlərini nəzərə alaraq 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə – 9,5% olacağını proqnozlaşdırır.

    Bu barədə Nazirlər Kabinetinin “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupunun növbəti iclasında bildirilib.

    Qeyd olunub ki, ölkə prezidentinin hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır. İnflyasiya və qiymət monitorinqi üzrə yaradılmış İşçi qrupun məqsədi də qiymətlərə artırıcı təsir göstərən bütün səbəbləri araşdırıb, onun aradan qaldırılması istiqamətində zəruri işləri görməkdir. Bu baxımdan inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

    Bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 10,9% olub. Bu dövrdə illik inflyasiya isə 5,1% təşkil edib

  • Azərbaycanın daha iki boksçusu Avropa Kubokunda medalı təmin etdi

    Azərbaycanın daha iki boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda medalı təmin edib.

    Yarımfinala yüksələn Tayfur Əliyev (60 kq) və qardaşı Sərxan Əliyev (71 kq) ən azı bürünc medalı rəsmiləşdiriblər.

    T.Əliyev 1/4 finalda Rusiyanı təmsil edən Arşak Tovmasyanı 4:3 hesabı ilə məğlub edib. O, finala gedən yolda fransalı üçqat dünya çempionu Sofyan Umia ilə döyüşəcək.

    S.Əliyev isə bu mərhələdə Miroslav Kapulerdən (İsrail) güclü olub. Görüşün taleyini ilk raundda həll edərək, tam üstünlüklə qalib gələn boksçu yarımfinalda polşalı Damian Durkaçla münasibətlərinə aydınlıq gətirəcək.

    Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisinin üç boksçusu yarımfinala yüksəlib. Finala yüksəlmək üçün Tural Sarıyev (48 kq) Rusiya təmsilçisi Artış Soyanı, Malik Həsənov (63,5 kq) israilli Ahmad Ştivini, Mirşərif Kazımzadə (75 kq) isə Rusiyanın digər boksçusu Cambulat Bijamovu (Rusiya) üstələməlidir.

  • Sosial evlərdən mənzil alacağı adı ilə dələduzluq etdi

    Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Qalib Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilib.

    İttihama görə, Qalib Quliyev tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Sənəm Əliyevaya (şərti) Bakı şəhəri, Yasamal rayonunda tikilən sosial təyinatlı evlərdən qadının qızı, zərərçəkmiş Nailə Əliyevanın (şərti) adına sənədləşdirilməklə dövlət tərəfindən güzəştli şərtlərlə mənzil verilməsində kömək edəcəyini vəd edib. O, bu yolla 2022-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, zərərçəkmiş şəxsdən ümumilikdə 4 000 manat pul alaraq dələduzluq cinayəti törədib.

    Qalib Quliyev məhkəmədə ona elan olunmuş ittihamda özünü təqsirli bilib, törətdiyi əməli etiraf edib. O söyləyib ki, hazırda dəymiş ziyan tam ödənilib. İş üzrə icraata xitam verilməsini xahiş edib.

  • Bakıda itkin düşən ana və dörd uşağı tapılıblar

    Bakıda itkin düşən ana və dörd uşağı tapılıblar.

    APA xəbər verir ki, oktyabrın 10-da itkin düşmüş Qızxanım Firudin qızı Salamzadə və övladları – 2010-cu il təvəllüdlü Səadət Ağazaman qızı Salamzadə, 2008-ci il təvəllüdlü Aynişan Ağazaman qızı Salamzadə, 2006-cı il təvəllüdlü Aysun Ağazaman qızı Salamzadə və 2004-cü il təvəllüdlü Əbil Ağazaman oğlu Salamzadə tapılaraq ailə üzvlərinə təhvil veriliblər.

    Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırma aparılır.

  • Qalada azyaşlını avtomobil vurub

    Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, Qala qəsəbəsində avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Mələk Mehman qızı Həmzətlini vurub.

    Yaralı azyaşlı ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

    Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Nərimanovda gənc oğlan yol-nəqliyyyat hadisəsi zamanı xəsarət alıb

    Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, qəza zamanı 2003-cü il təvəllüdlü Faiq Etibar oğlu Məmmədov xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Qırmızı ət şəkərli diabet riskini 44% artırır

    Honkonq Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, qırmızı ət yemək ürək-damar xəstəlikləri və şəkərli diabet riskini artıra bilər.

    Tədqiqatçılar ABŞ, Avstraliya, Böyük Britaniya, Fransa, Almaniya, Çin, Yaponiya, Qərbi Afrika, Cənubi Koreya və Sinqapur da daxil olmaqla ölkələrdə yaşayan altı milyondan çox insanın iştirak etdiyi 70 tədqiqatın məlumatlarını araşdırıblar. Tədqiqatçıların məqsədi gündə əlavə olaraq 50 qram emal edilmiş qırmızı ət və gündə 100 qram emal edilməmiş qırmızı ət istehlakının təsirlərini öyrənmək idi.

    Nəticələr belə idi: Ən azı 50 qram daha çox emal edilmiş qırmızı ət yeyən insanlarda ürək-damar xəstəliklərinə tutulma riski 26 faiz, 2-ci tip diabetə tutulma riski isə 44 faiz artıb.

    İnsanların ənənəvi olaraq daha çox taxıl və tərəvəz yediyi şərq ölkələrində bu rəqəmlər, ümumiyyətlə, daha az olub. Belə ki, Şərq ölkələrində emal edilmiş qırmızı ət istehlak edərkən şəkərli diabetin inkişaf risk əmsalı 0,96, Qərb ölkələrində isə 1,51 olub. Şərqdə insult riski əmsalı 0,71, Qərbdə isə 1,13 olub.

    Mənbə: Rambler

  • Kirayədə qalmaq adamı tez qocaldır?

    Kirayədə qalan insanların orqanizmi daha tez qocalır.

    Böyük Britaniya və Avstraliyadan olan alimlər aparılan araşdırmalardan sonra belə qənaətə gəlib.

    Onların tədqiqatlarının nəticələri “BMJ” elmi jurnalında dərc olunub.

    Tədqiqatda 1 420 nəfər iştirak edib – onların arasında həm kirayədə qalanlar, həm də artıq öz mənzillərini almış şəxslər var.

    Mütəxəssislər insanların sağlamlıq vəziyyətlərini, öz evlərində, yoxsa kirayədə qalmalarını, borclarının olub-olmaması, kirayə haqqının nə qədər olması, dövlət dəstəyi alıb-almamaları ilə bağlı suallar veriblər.

    Daha sonra iştirakçılardan DNT metilasiyasını (bioloji qocalmanın göstəricisi) təhlil etmək üçün qan nümunələri götürüblər.

    Alimlər qeyd ediblər ki, kirayənin yaratdığı stresə görə mülkləri icarəyə götürən insanlar öz evlərinə sahib olanlardan daha tez qocalır. Onlar, həmçinin işsizlərdən iki dəfə, siqaret çəkənlərdən 50% daha sürətli qocalırlar.

    Kirayəçilər kirayə pulunu ödəyə bilmədikdə, yaxud əlverişsiz evdə yaşadıqda bioloji qocalma daha da sürətlənib.

  • Hipertoniya xəstələri nəyə diqqət etməlidirlər?

    Rusiyalı kardioloq hepertoniya xəstəliyindən əziyyət çəkən insanlara təzyiqə ciddi yanaşmağı məsləhət görüb. Onun fikrincə, bu cür insanların özünə edə biləcəyi ən pis şey qan təzyiqinə nəzarət etməməkdir.

    Həkim onu “səssiz qatil” adlandır. Çünki çox vaxt ağrısı olmur. “Lakin müalicə olunmazsa, qan damarlarımıza, ürəyimizə, beynimizə və böyrəklərimizə zərər verir. Həddindən artıq təzyiq ürəyin daha çox işləməsinə səbəb olur, infarkt və insult riskini artırır. Vaxt keçdikcə ürək əzələsi zəifləyir və ürək daha az səmərəli işləyir. Bundan yalnız ürək-damar sistemi deyil, bütövlükdə bədən əziyyət çəkir.

    “Hipertoniya, həmçinin böyrək çatışmazlığı, görmə itkisi, koqnitiv pozğunluq, demensiya və cinsi disfunksiya kimi bütün bədəndə problemlər yarada bilər”, – deyə kardioloq bildirib.

    Kardioloq əlavə olaraq qeyd edib:

    “Hipertoniyadan əziyyət çəkən insanlar qan təzyiqinə nəzarət etməli və sağlam həyat tərzi keçirməyə səy göstərməlidirlər. Düzgün yeyin, duz qəbulunu azaldın, pis vərdişlərdən imtina edin və mütəmadi olaraq fiziki məşqlər edin”.

    Mənbə: Rambler

  • Bakıda dava zamanı gənc oğlan bıçaqlandı

    Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

    Belə ki, Yeni Sahə adlanan ərazidə 1998-ci il təvəllüdlü Hüseynov Sərxan Elbrus oğlu tanımadığı şəxs ilə dava zamanı bıçaqlanıb.

    Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.