Month: Oktyabr 2023

  • Şabranda üç yaşlı uşaq çayda batıb

    Şabran rayonunun Çayqaraqaşlı kəndində bədbəxt hadisə baş verib.

    “Report”un Şimal bürosunun məlumatına görə, 2020-ci il təvəllüdlü Xədicə İsmət qızı Abdulova kənd ərazisindən keçən çaya düşərək boğulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Xaçatryan işgəncə verdiyi şəxslə məhkəmədə üzləşdi: “Tanıdın məni?” – VİDEO

    Bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Çerkezoviç Xaçatryan hakim qarşısına çıxarılıb.

    Bu barədə İTV məlumat yayıb.

    Bildirilib ki, məhkəmə prosesində Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşib.

    Həmin şəxs məhkəmədə Xaçatryana səslənərək: “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” atdın ha, qaçdım dalınca… Tanıyarsan”, – deyib.

    Xaçatryan ona diqqətlə baxıb, lakin cavab verməyib.

  • Şənbə gününə gözlənilən hava proqnozu açıqlandı

    Oktyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 40-50% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə bir dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

  • Sumqayıtda təqaüdçülərin bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb – VİDEO

    Sumqayıt şəhərində naməlum şəxs şəhər sakini olan bir nəfərin etibarından sui-istifadə edərək onun təqaüd kartında olan pul vəsaitini oğurlayıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında kartından pul çıxarmaqda ona köməklik etməsi üçün tanımadığı şəxsə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edərək hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi oradan uzaqlaşandan sonra bankomatdan çıxan pulu götürərək hadisə yerindən uzaqlaşıb.

    Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rövşən Xələfov saxlanılıb. O ifadəsində bankomatların qarşısında dayanaraq əsasən ahıl şəxslərin təqaüd kartlarından oğurluq etdiyini bildirib.

    Araşdırmalar davam etdirilir. R.Xələfovun Sumqayıt, eləcə də digər ərazilərdə analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat verə bilərlər.

  • Bakıda 13 milyona satışa çıxarılan uşaq bağçası necə özəlləşdirilib? – AÇIQLAMA

    Xətai rayonunda uşaq bağçası-körpələr evinin 128 sot ərazisi 13 milyon manata satışa çıxarılıb.

    Körpələr evi-uşaq bağçasının nə zaman və hansı əsasla özəlləşdirildiyi barədə Bizim.media İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlayıb.

    Qurumdan bildirilib ki, bağça 16 il öncə özəlləşdirilib:

    “Azərbaycan Respublikasının Prezidentinin “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” 23 avqust 2006-cı il tarixli 1635 nömrəli Sərəncamına əsasən, 206 saylı körpələr evi və uşaq bağçası 11.06.2007-ci il tarixində keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən özəlləşdirilib”.

  • Məşhur azərbaycanlı bloqerə qarşı Rusiyada əlavə yoxlamalar başlanıldı

    Rusiya hüquq-mühafizə orqanları məşhur azərbaycanlı bloqer Hüseyn Həsənova qarşı əlavə yoxlamalar aparırlar.

    Bu barədə rusiyalı ictimai xadim, Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina bildirib.

    “Polis qumar oyunlarının təşkili və reklamı ilə bağlı qanunsuz fəaliyyətlərinə görə (Yeqor) Krid, (Hüseyn) Həsənov, (Yuri) Xovanski və digər bloqerlərə qarşı əlavə yoxlama aparır. Bu, Təhlükəsiz İnternet Liqasının cinayət işinin açılmasının rədd edilməsi ilə bağlı qətnamədən prokurorluğa şikayət etməsindən sonra baş verib”, – deyə E.Mizulina əlavə edib.

    İctimai xadim vurğulayır ki, Moskva Şəhər Prokurorluğu əvvəlki yoxlamada prosessual qanun pozuntularını müəyyən edib və buna görə də cavab tədbirləri görülür.

    Qeyd edək ki, “Instagram”da ən populyar azərbaycanlı Hüseyn Həsənovun (27,3 milyon izləyici) qanunsuz reklama görə cəzalandırıla biləcəyi barədə məlumat bu il fevralın sonunda yayılmışdı, may ayında isə bloqerin adı Rusiya Daxili İşlər Nazirliyinin tərtib etdiyi “qara siyahı”ya salınıb.

    Mənbə: sportclan.ru

  • Mərkəzi Bankın səlahiyyəti artırılır

    Mərkəzi Bankın səlahiyyəti artırılır.

    Bu “Mərkəzi Bank haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə digər maliyyə bazarı iştirakçıları kimi, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorlarının da fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirəcək.

  • KİV: HƏMAS uşaqlar da daxil olmaqla 100-dən çox insanı girov götürüb – VİDEO

    Fələstinin radikal HƏMAS hərəkatı İsraildəki hücumlar zamanı girov götürülən azı 64 nəfəri Qəzza zolağına gətirib.

    “The Washington Post” (WP) nəşrinin əməkdaşları müxtəlif videomaterialları təhlil edərək bu qənaətə gəliblər.

    Bildirilir ki, bu 64 nəfər arasında 49-u mülki şəxs (o cümlədən doqquz uşaq), 11-i isə İsrail hərbçiləridir.

    “Dördündə mülki vətəndaş, yoxsa hərbçinin əsir götürüldüyünü müəyyən etmək mümkün olmayıb”, – deyə materialda qeyd edilir.

    Nəşrdə verilən hesablamalara görə, HƏMAS hücumlar zamanı azı 106 nəfəri (95 böyük və 11 uşaq) girov götürüb. Qəzza zolağına aparılanlardan əlavə, 16 nəfər İsrailin içərisində görüntülənib.

    Jurnalistlər mövcud foto və videoyazılar əsasında qalan 26 girovun yerini müəyyən edə bilməyiblər.

  • Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində dövlət rüsumları müəyyən edilir

    Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən ödəniş təşkilatı 2 000 manat dövlət rüsumu ödəməli olacaq.

    “Report” xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Bundan başqa, sənədə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən elektron pul təşkilatından 3 000 manat, operatordan isə 2 500 manat rüsum alınacaq.

  • Azad edilmiş ərazilərdə minaya düşən şəxslərin kimliyi məlum oldu – YENİLƏNİB

    2023-cü il 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

    İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində “QAZel” markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Famil İlyas oğlu Əbilov həlak olub, “KamAZ” tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Namaz Nəbadi oğlu Bayramov xəsarət alıb.

    ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.

    * * * * *

    İşğaldan azad edilmiş ərazilərdə iki mülki şəxs minaya düşüb.

    APA xəbər verir ki, onlardan biri hadisə yerində dünyasını dəyişib, digəri isə ağır xəsarət alıb.

    Hazırda əraziyə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb ediliblər, minaya düşən şəxslərin ərazidən çıxarılması istiqamətində işlər görülür.