Month: Oktyabr 2023

  • Komandolarımız hava hədəflərini yüksək dəqiqliklə məhv ediblər – VİDEO

    Cari ilin hazırlıq planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində döyüş atışlı məşğələlər keçirilir.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hava hədəflərini zenit-raket kompleksindən istifadə etməklə yüksək dəqiqliklə məhv ediblər.

    Keçirilən məşğələlərdə qarşıya qoyulan bütün tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

  • Azərbaycanın dövlət borcu açıqlanıb

    Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203,3 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 14,4%-i qədər olub.

    Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 535 milyon ABŞ dolları xarici, 6 milyard 93,8 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3%-i və 5,1%-i qədərdir.

    Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat tarixinə dövriyyədə olan dövlət istiqrazlarının 25,4%-i birillik, 57,9%-i iki və üçillik, 16,6%-i isə beş və yeddiillik dövlət istiqrazlarının payına düşüb.

  • Bakı-Astara yolunda baş verən qəzada piyada ölüb

    Bakı-Astara avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, qəza magistral yolun 15-ci km-də qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkət edən minik avtomobili qadını vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Əraziyə polis əməkdaşları cəlb ediliblər. Fakt araşdırılır.

  • Mətbuat Şurası Prezident İlham Əliyevə müraciət ünvanlayıb

    Mətbuat Şurasının İdarə Heyəti Prezident İlham Əliyevə Azərbaycanın dövlət başçısı seçilməsinin iyirmi illiyi ilə bağlı müraciət ünvanlayıb.

    Müraciətdə deyilir:

    “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.

    Möhtərəm cənab Prezident!

    Sizin ölkəmizə rəhbərliyinizin 20 ili tamam olur.

    Siz ötən iyirmi ildə hər bir azərbaycanlının Prezidenti, lideri olmağı bacarmış dövlət başçısısınız. Bu, yalnız sözdə ifadə olunan deyim yox, mütləq gerçəklik, danılmaz reallıqdır. Elə bir reallıq ki, özündə canlı tarixi yaşadır. Sizin sayənizdə ölkəmizin son iyirmi ili hər bir vətəndaşın, qəlbi Azərbaycan sevdası ilə döyünən hər bir şəxsin düşüncəsində böyük və şanlı tarixdir. Bu tarixi yaradan Siz olmusunuz!

    Azərbaycanın bütün sahələrdə tərəqqisi və dinamik inkişafı, dünya dövlətləri sırasında özünə layiqli yer tutması fədakar əməyinizin qürur dolu məhsuludur. Cəmiyyətimizin bütün təbəqələrinin təmsilçiləri kimi, media nümayəndələri də bu qüruru və fəxarət hissini yaşayırlar. Prinsipial və qətiyyətli mövqeyinizin böyük Azərbaycan davası naminə olduğunu görmək və duymaq bizi bəxtiyar edir. Dövlətimizin mövqeyini, Prezident və Ali Baş Komandan kimi fikirlərinizi son dərəcə səlis şəkildə bəyan etməklə, bütövlükdə siyasi nitqin, ictimai-publisistik üslubun mükəmməl örnəyinə imza atmısınız. Qəlbimizi Sizə olan dərin rəğbət hissi ilə dolub-daşdıran həm də budur.

    Jurnalistikaya diqqətiniz, peşənin nüfuzunun yüksəldilməsinə həssas yanaşmağınız, onun ölkəmizin həqiqətlərinin təbliği istiqamətindəki missiyasına verdiyiniz dəyər yüksək qədirbilənlik nümunəsidir. Dövlət idarəçiliyində, beynəlxalq münasibətlərdə, milli mənafe naminə mübarizədə medianın rolunu, jurnalistlərlə məqsədyönlü ünsiyyətin nə dərəcədə yüksək önəm daşıdığını bütün aydınlığı ilə nümayiş etdirmisiniz. Ona görə media ilə bağlı çıxışlarınızda səsləndirdiyiniz hər bir fikri sahənin daha da inkişafına yönələn yol xəritəsi kimi qəbul edirik. Media və mətbuata göstərdiyiniz həssas münasibət jurnalistlərlə işgüzar təmaslara verdiyiniz önəm bu il Milli Mətbuat Günündə müqəddəs, əziz Şuşamızda gerçəkləşən Beynəlxalq Media Forumunda da örnək sayılacaq təcəssümünü tapdı.

    Siz jurnalist əməyinə dövlət səviyyəsində ali qiymət verilməsini ənənə halına gətirən, jurnalistikamızın potensialını dövlətimizin və cəmiyyətimizin maraq və mənafelərinin qorunmasına səfərbər edən mükəmməl institusional baza yaratmısınız. Həyata keçirdiyiniz islahatlar nəticəsində bu gün peşəmiz təşkilatlanmış struktura malikdir. Sərəncamınız əsasında yaradılmış Medianın İnkişafı Agentliyinin reallaşdırdığı fəaliyyət, beynəlxalq standartlara cavab verən “Media haqqında” Qanunun qəbulu sahəyə fundamental yanaşmanı ortaya qoymaqdadır. Bütün bunlar isə qarşımızda yeni vəzifələr müəyyənləşdirməkdədir. Çalışacağıq ki, etimadınızı gözləntiləriniz səviyyəsində doğruldaq. Əlbəttə, onu da yaxşı dərk edirik ki, Sizin kimi, sözün əsl mənasında, dünya miqyaslı dövlət adamının etimadını doğrultmaq son dərəcə müstəsna məsuliyyətdir.

    Möhtərəm cənab Prezident!

    Siz həm dahi siyasi xadim, böyük hərbi strateq, həm də informasiya cəbhəsində, media-mətbuat müstəvisində haqlı savaş aparmağın ustası olaraq təkrarsız nümunələr göstərdiniz. Vətən müharibəsi günlərində dünyanın nüfuzlu media orqanlarına, tanınmış jurnalistlərə müsahibələriniz, televiziya ilə çıxışlarınız xalqımıza və ordumuza döyüş ruhu, möcüzəvi qələbə əzmi aşılamaqla yanaşı, istər siyasi xadimlərə, istərsə də media nümayəndələrinə əsl ustad dərsləri kimi tarixə həkk olundu. Gərgin əməyinizin nəticəsi gözlərimiz önündədir.

    Bu gün Siz xəyalların gerçəkləşdiyi böyük Azərbaycana rəhbərlik edirsiniz. Ötən iyirmi ildəki arzu və ideyalarda başlıca xətti isə Qarabağ amalı təşkil edib. Əminliklə deyə bilərik ki, liderlik keyfiyyətləriniz bu amalı vahid hərəkat halına gətirdi. Elə bir hərəkat ki, xalqımızı xoşbəxtlik, Sizi müzəffərlik məqamına ucaltdı. Bu gün əminliklə onu da deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin ruhu şaddır. Çünki onun başladığı Qarabağ davası müasir liderlik xarakterinizdən irəli gələn xüsusiyyətlər nəticəsində məntiqi sonluğuna – Zəfərinə qovuşub. Bu səbəbdən Sizə dövlət başçısı kimi fəaliyyətinizin iyirmi illiyi ilə bağlı ürəkdən gələn düşüncələrimizi çatdırarkən Azərbaycan torpaqlarının işğaldan tamamilə azad edilməsi, dövlətimizin suverenliyinin bütün ərazilərimizdə bərpası münasibətilə dərin təşəkkürümüzü də bildirməyi özümüzə borc sayırıq.

    Möhtərəm cənab Prezident!

    Ölkəmizə rəhbərliyiniz dövründə millətimizə nəhayətsiz sevinc və qürur hissləri yaşatdığınız üçün Sizə Azərbaycanın çoxminli jurnalistlər ordusu adından sonsuz minnətdarlığımızı çatdırır və qarşıdan gələn dövrdə Sizin rəhbərliyiniz ilə xalqımızın daha böyük nailiyyətlər əldə edəcəyinə, dövlətimizin şanlı qələbələr qazanacağınıza əmin olduğumuzu bildiririk.

    Tanrı Sizi qorusun!

    Tanrı Vətənimizi qorusun!”

  • Sumqayıtda 50 yaşlı qadın itkin düşüb

    Sumqayıtda 50 yaşlı qadın itkin düşüb.

    “Report”un yerli bürosu məlumat verir ki, şəhər sakini 1973-cü il təvəllüdlü Qızyetər Səttar qızı Süleymanova 2-ci mikrorayonda yaşadığı ünvanı tərk edib və geri qayıtmayıb.

    Faktla bağlı polisə məlumat verilib.

  • 2023-cü ildə ən çox maaş alan futbolçu məlum oldu

    Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu 2023-cü ildə dünyanın ən çox maaş alan futbolçuları siyahısında birinci yeri tutub.

    “Forbes” biznes jurnalının versiyasına görə, portuqaliyalı futbolçu 2023-cü ildə 260 milyon dollar qazanıb ki, bunun da 200 milyon dolları onun maaşı və bonuslarının payına düşüb, 60 milyon dollar isə sponsorluq müqavilələrindən əldə edilib.

    Ən çox maaş alan futbolçular siyahısında ikinci yerdə 135 milyon dollarla “İnter Mayami”nin hücumçusu Lionel Messi, üçüncü yerdə isə 112 milyon dollarla “Əl-Hilal”ın hücumçusu Neymar qərarlaşıb.

    Mənbə: Livesport.ru

  • “Meta” HƏMAS-la bağlı paylaşımları siləcəyini bəyan etdi

    Amerikanın “Meta” şirkəti HƏMAS-ın müəllifi olduğu və ya bu hərəkatı dəstəkləyən bütün paylaşımları siləcəyini bəyan edib.

    ABŞ hökuməti HƏMAS-ı xarici terror təşkilatı kimi səciyyələndirir, buna görə də şirkətin platformalarında bu hərəkatı dəstəkləyən yazıların dərc edilməsi qadağan edilir. Eyni zamanda ictimai-siyasi, insan haqları ilə bağlı xəbərlərin və məsələlərin işıqlandırılmasına icazə veriləcək.

    Məlumata görə, şirkətdə daxil olan məlumatların monitorinqini həyata keçirəcək xüsusi mərkəz yaradılıb. Mərkəzin vəzifələrinə digər məsələlərlə yanaşı, ictimai qaydalara uyğun gəlməyən məlumatların silinməsi də daxildir. Eyni zamanda alqoritmlərə nəzarət də gücləndiriləcək.

    Mənbə: Vzqlyad.ru

  • Fransada maksimum terror təhlükəsi elan edildi

    Fransa hakimiyyəti maksimum terror təhlükəsi səviyyəsi tətbiq etmək qərarına gəlib.

    Buna səbəb ölkənin şimalında yerləşən Arras kommunasında məktəb müəlliminin öldürülməsi və İsraildəki böhran fonunda təhlükənin artması olub.

    Ölkədə tətbiq edilən “Terror aktı təhlükəsi” səviyyəsi hazırkı “Vigipirate” antiterror planında nəzərdə tutulan üç səviyyədən maksimumudur.

    Qərar Fransa Prezidenti Emmanuel Makronun sədrliyi ilə Yelisey sarayında keçirilən iclasdan sonra Baş nazir Elizabet Born tərəfindən qəbul edilib.

    Qeyd edək ki, “Terror aktı təhlükəsi” səviyyəsinin tətbiqi barədə qərar hücumdan dərhal sonra, həmçinin ölkədə yeri müəyyən edilməmiş terror qruplaşması olduqda verilə bilər.

    Mənbə: TASS

  • Məhkəmə işində vəkil qardaşı çıxdı, hakim özü-özünə etiraz etdi

    Sabunçu Rayon Məhkəməsinin hakimi Ruslan Mirzəliyev özü-özünə etiraz edərək icraatına verilən işə baxmaqdan imtina edib.

    Bu barədə e-huquq.az-a hakimin qardaşı vəkil Rüfət Mirzəliyev məlumat verib.

    Onun sözlərinə görə, vəkil əmlakın üzərinə həbs qoyulması ilə bağlı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edib. İş icraata verildikdə təyin olunan hakimin qardaşı Ruslan Mirzəliyev olduğunu görüb və bu barədə ona məlumat verib. Hakim Ruslan Mirzəliyev işə baxmaqdan imtina edib və iş başqa hakimin icraatına verilib.

    Qeyd edək ki, hakimin mülki və ya kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslərlə və yaxud onların nümayəndələri ilə, cinayət işində isə ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə onların nümayəndələri ilə qohumluq əlaqəsində olması ona etiraz edilməsi üçün əsasdır. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur.

  • Bakıda birmərtəbəli ev yanıb

    Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 70 kvadratmetr olan, birmərtəbəli, 2 otaqlı evin bir otağında 6 kvadratmetr sahədə ev əşyaları yanıb.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.