Month: Oktyabr 2023

  • Daşkəsəndə 20 yaşlı gənc baba evində intihar edib

    Daşkəsən rayon Davrallı kəndində intihar hadisəsi qeydə alınıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon Alunitdağ qəsəbə sakini 2003-cü il təvəllüdlü Qamət Ələkbərov özünü qonaq getdiyi baba evinin həyətində ağacdan asaraq intihar edib.

    İntiharın səbəbləri hələ məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Qaraçuxur qəsəbəsinin bərbad yolu – VİDEO

    Bu kadrlar hansısa ucqar kənddə deyil, Bakı şəhər mərkəzinə ən yaxın qəsəbələrdən birində çəkilib.

    Xezerxeber.az xəbər verir ki, yağışlı havalarda bu yaşayış məntəqəsində yollar keçilməz olur, sakinlər acınacaqlı vəziyyətlə üzləşirlər. Xüsusilə piyadalar, o cümlədən məktəblilər ciddi çətinliklə üzləşirlər.

    Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivinin sakinləri deyirlər ki, ötən il baxımsız küçələrin asfaltlanmasına başlanılıb. Onların da küçəsində bu istiqamətdə müəyyən işlər görülüb. Amma proses yarımçıq saxlanılıb. Bir ildən artıqdır ki, küçə bu vəziyyətdə qalıb.

    Sakinlər iddia edirlər ki, aidiyyəti qurumlara müraciətləri nəticəsiz qalıb.

    Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən küçə onların balasında deyil. Suraxanı Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, həmin yolun əsaslı təmiri 2019-2023-cü il proqramına salınıb. Ancaq müəyyən səbəblərdən hələlik layihə icra olunmayıb.

    “Uzunluğu təxminən bir kilometr 400 metr olan həmin küçənin tam şəkildə asfaltanmasının zəruruiliyi ilə bağlı İcra Hakimiyyəti tərəfindən zəruri addımlar atılıb və aidiyyəti quruma məlumat göndərilib. Asfaltlanma işlərinin yaxın müddətdə həyata keçiriləcəyi gözlənilir”, – deyə əlavə edilib.

    Daha ətraflı videomaterialda:

  • İŞİD Əfqanıstanda məsciddə törədilən terrora görə məsuliyyəti öz üzərinə götürdü

    “İslam Dövləti” (İŞİD) radikal qruplaşması dünən Əfqanıstanın şimalındakı Baqlan əyalətində məsciddə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

    Terror təşkilatı kamikadzenin fotosunu da yayımlayıb.

    Xatırladaq ki, bir gün əvvəl Baqlan əyalətinin inzibati mərkəzi olan Puli-Xumri şəhərində “İmam Zaman” məscidində cümə namazı zamanı partlayış baş verib. Son məlumatlara görə, hücumda azı 50 nəfər həlak olub, onlarla insan yaralanıb.

    Mənbə: Amaj News

  • Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağladı

    Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağda daha bir müşahidə məntəqəsini bağlayıb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    “Qarabağda silahlı birləşmələrin tərk-silah edilməsi və buraxılması ilə əlaqədar Şuşa ərazisində sutka ərzində Rusiya Sülhməramlı Qüvvələrinin daha bir müşahidə məntəqəsi bağlanıb”, – deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı informasiya bülletenində bildirilib.

    Müdafiə Nazirliyindən əlavə edilib ki, sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Qarabağ ərazisində ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

    Mənbə: TASS

  • Parisdə etiraz aksiyası keçirilir

    Fransanın paytaxtı Parisdə minlərlə nümayişçinin iştirakı ilə etiraz aksiyası keçirilir.

    Median.Az bu barədə TASS-a istinadən xəbər verir.

    Etirazçılar kişi və qadınların bərabər əmək hüquqları, eləcə də maaşların artırılması tələbləri ilə bağlı plakatlar qaldırıblar.

    Təhlükəsizliyi təmin etmək üçün əraziyə polis qüvvələri cəlb edilib.

  • Qiymətləri dövlət tərəfindən tənzimlənməyən bazarlara nəzarət necə olacaq?

    Dünən Nazirlər Kabineti yanında “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun iclası keçirilib. İclasda süni qiymət artımının qarşısını almaq üçün Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı qərar alınıb. Bazarlara nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

    Bu qiymət izləmə sistemi vasitəsilə qiymətlərə və bazara nəzarət mümkün olacaqmı? Bazarlardakı süni qiymət artımının qarşısını necə alınacaq? Tək nəzarət kifayət edirmi?

    Valyuta.az bu sualları iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.

    Natiq Cəfərli bildirib ki, inflyasiya ilə mübarizə məqsədilə hökumət zaman-zaman belə iclaslar keçirir, amma burda başqa bir önəmli məsələ var:

    “Azərbaycanda pərakəndə satış zamanı qiymətlər dövlət tərəfindən tənzimlənmir. Düzdür, qiyməti dövlət tərəfindən tənzimlənən müəyyən sahələr var. Kommunal xidmətlərin, enerji daşıyıcılarının, dizel yanacağının, 92 markalı benzininin, istiliyin qiymətini dövlət tənzimləyir. Digər sahələrdə dövlət tənzimlənməsi yoxdur deyə, dövlət monitorinqinin nə işlə məşğul olacağı bir az şübhəli, problemli görünür. Onlar əgər bazar payı çox yüksək olan inhisarçıların bazara qiymət diktəsi ilə məşğul olacaqlarsa, lap yaxşı. Amma bununla da Antiinhisar Xidməti məşğul olmalıdır”.

    İqtisadçı bildiirb ki, zaman-zaman belə xəbərlər yayılır:

    “Bununla vətəndaşlarda belə təəssürat yaratmağa çalışırlar ki, bəli, biz işləyirik, qiymətləri ucuzlaşdırmağa çalışacağıq. Amma real həyatda bunun həyata keçirilməsi mexanizmləri çox zəifdir. Çünki bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur. Süni qiymət artımı baş veribsə, deməli bazar iqtisadiyyatının elementləri, institutları zəifdir. Burda da rəqabəti, bazar institularını gücləndirmək lazımdır”.

  • “Sədərək Yusif” məhkəməyə verildi – 300 min manatlıq qalmaqal

    “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimfəyli məhkəməyə verilib.

    Qaynarinfo xəbər verir ki, iddiaçı Nəcəfov Arazxan Ponu oğludur. Arazxan Nəcəfov Yusif Qədimbəyli ilə yanaşı, qardaşları Yunis Qıdimbəyli və Ənvər Qədimov barəsində iddia qaldırıb. O, həmçinin “Sədərək” firmasını də məhkəməyə verib.

    İddiaya Nəsimi Rayon Məhkəməsində baxılacaq. Anar İbadzadə iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxti barədə açıq mənbələrdə məlumat yoxdur. İşin mahiyyəti də bəlli deyil.

    Araşdrımalarımız zamanı məlum olub ki, Arazxan Nəcəfov 20 il “Sədərək” Ticarət Mərkəzində icarədar olub. O, məcburi köçkün, eyni zamanda Qarabağ veteranıdır. Devalvasiya zamanı onun biznesi dayanıb və Ticarət Mərkəzinə 30 min manat borcu yaranıb.
    2016
    -cı ildə Yusif Qədimbəylinin adamları onun Ticarət Mərkəzindəki mağazasını qapadıb. Mağaza bağlanan zaman Arazxan Nəcəfovun orada 300 min manat dəyərində malı olub.

    Yusif Qədimbəylinin adamları həmin malı da ələ keçiriblər.

    Arazxan Nəcəfov onlardan malını geri istəsə də xeyri olmayıb. Bu baxımdan, o məhkəməyə üz tutub.

  • Sevdiyi qızın evinin işığını söndürən şəxs həbs edildi

    Abşeronda sevdiyi qızın evinə hücum edən şəxs saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron-1, yaşayış kompleksinin həyətində baş verib.

    Belə ki, 1992-ci ildə Bərdə rayon, Soğanverdilər kəndində doğulmuş Təyyar Hüseynov (soyad şərti) 3 ildir münasibətdə olduğu və son bir ildə ayırıldığı Afət adlı qadının telefonuna zəng edib. O, Afətlə münasibətlərinin yenidən bərpa olmasına cəhd edib. Telefonu açmadığına görə qızın evinə gedib və qapısını döyüb. Afətin qapını açmadığına görə əsəbiləşərək, onun ünvanına ucadan nalayiq söyüşlər söyüb. Daha sonra isə blokda yerləşən sayğacdan işığı söndürüb. Bundan qəzəblənən Afət polisə şikayət edib.

    Təyyar Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə Təyyar Hüseynov İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 20 gün müddətinə inzibati həbs olunub.

  • Unun qiyməti bahalaşıb? – Şirkətlər təkzib edir

    Azərbaycanda unun qiymətinin bahalaşması ilə bağlı ölkə mətbuatında məlumat yayılıb.

    Qaynarinfo xəbər verir ki, məlumatda topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olduğu bildirilib.

    Bununla bağlı Azərbaycanda un şirkətlərinin bir neçəsi ilə əlaqə saxladıq.

    “Karmen” MMC unun qiymətinin qalxması ilə bağlı məlumatı təkzib edib. Qurum bildirib ki, son bir ayda 50 kiloluq un kisəsi 26 manat 95 qəpiyə təklif olunur.

    “Karat” MMC-dən də unun qiymətində heç bir artım olmadığını qeyd ediblər. Şirkət bildirib ki, hazırda 50 kliloluq unun kisəsi 26 manat 95 qəpiyə satılır. Şirkətdən bildirildi ki, onlara unun qiymətinin bahalaşması ilə bağlı hər hansı məlumat daxil olmayıb.

    “Qarabağ Un” MMC-dən isə 50 kiloluq un kisələrinin 26 manat 80 qəpiyə satıldığı qeyd edilib. Şirkətdən unun qiyməti ilə bağlı artımın olmadığı da vurğulanıb.

  • Rusiyanın itkiləri açıqlandı

    Ukrayna müharibənin 597-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

    Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

    Məlumata əsasən, Rusiya indiyə qədər 285 920 hərbçi, 4931 ədəd tank, 9313 ədəd zirehli döyüş maşını, 6807 ədəd artilleriya sistemi, 811 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 546 hava hücumundan müdafiə sistemi, 316 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 9203 ədəd avtomobil texnikası, 5264 ədəd PUA, 1531 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 967 xüsusi avadanlıq itirib.