Month: November 2023

  • Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partlayıb

    Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonu, Novoivanovka kəndinə yaxın ərazidə baş verən yanğın zamanı mina partlayıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, yanğın hələ də davam edir.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi və digər qurumların əməkdaşları cəlb olunub.

    Yanğın həmsərhəd ərazidə baş verdiyindən, həmçinin mina təhlükəsi nəzərə alınaraq yanğına tam müdaxilə etmək hələlik mümkün olmayıb. Amma alovun Novoivanovka kənd ərazisinə keçməməsi və təhlükənin artmaması üçün tədbirlər görülür.

  • “SpaceX” şirkəti “Starship” Ay raketinin təkrar sınaq buraxılışına hazırlaşır

    Aya və Marsa insanlı missiyalar üçün yaradılmış superağır “Starship” raketinin orbital uçuşuna təkrar sınaq buraxılışının keçirilməsi noyabrın 17-nə planlaşdırılır.

    Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə raketi hazırlayan “SpaceX” şirkəti məlumat yayıb.

    Raket buraxılışının “SpaceX”in Texas ştatının cənub-şərqindəki Boka Çikadakı buraxılış meydançasından baş tutacağı gözlənilir. Pilotsuz rejimdə uçuş bir saat yarım davam edəcək. Raket Yer ətrafında bir dövrə vuracaq. Ardından “Ship 24” gəmisi Sakit Okeanda, Havay adaları yaxınlığında idarə olunan suya düşməni həyata keçirəcək. Raketin birinci hissəsi Meksika körfəzinə düşməlidir.

    Yenidən istifadə edilə bilən (çoxdəfəlik) raket sistemi “Ship 24” kosmik gəmisi və “Super Heavy” daşıyıcı aparatından ibarətdir. Onun hündürlüyü 120 metrə çatır. O, dünyada indiyə qədər hazırlanmış bütün digər raketlərdən daha hündürdür. “Super Heavy” daşıyıcısı NASA tərəfindən Aya insanlı uçuşlar üçün yaradılan “Space Launch System” (SLS) ağır raketindən iki dəfə güclüdür.

    Xatırladaq ki, raketin aprel ayında həyata keçirilən ilk sınaq uçuşu uğursuzluqla başa çatıb. “Starship” superağır raketi birinci hissənin ayrılması zamanı dağılıb. Videogörüntülərə görə, raket buraxılışdan bir neçə dəqiqə sonra nəzarətsiz şəkildə fırlanmağa başlayıb.

  • Naməlum şəxslər Baydenin nəvəsini aparan avtomobilə girməyə cəhd ediblər

    ABŞ kəşfiyyatçıları Prezident Co Baydenin nəvəsini daşıyan avtomobilə girməyə cəhd edən üç naməlum şəxsə atəş açıblar.

    Bu barədə ABŞ hüquq-mühafizə orqanlarının nümayəndəsi məlumat verib.

    Onun sözlərinə görə, Prezidentin nəvəsi Naomi Baydeni qorumaq vəzifəsini yerinə yetirən agentlər bazar günü axşam saatlarında avtomobilin şüşəsini sındıran üç nəfəri görüblər.

    Bildirilib ki, agentlərdən biri atəş açıb, lakin atəş nəticəsində heç kim xəsarət almayıb. Maşına girmək istəyən üç nəfər qaçıb gizlənə bilib.

    Qeyd olunur ki, Vaşinqtonda 2023-cü ildə avtomobil oğurluğunda əhəmiyyətli artım müşahidə olunur.

    Mənbə: Associated Press

  • Atasını öldürən qadının məhkəməsi başlayır

    Astarada atasını öldürməkdə təqsirləndirilən Rühəngiz Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    APA xəbər verir ki, təqsirləndirilən şəxsin barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Nahid Hüseynovun icraatına verilib.

    Qeyd edək ki, avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılıb.

    İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

  • Polşanın Baş naziri Moravetski nazirlər kabineti ilə birlikdə istefa verib

    Polşanın Baş naziri Mateuş Moravetski nazirlər kabineti ilə birlikdə istefa verib.

    Siyasətçi bunu noyabrın 13-də yeni Seymin seçkidən sonra ilk iclasında çıxışı zamanı bildirib.

    Moravetskinin Respublika Prezidenti Anjey Duda adından hökumət qurmaq üçün ilk cəhdinə başlayacağı gözlənilir.

    “Parlament adətinə uyğun olaraq, mən istefaya getmək istəyirəm”, – deyə Moravetski bildirib.

    Xatırladaq ki, oktyabrın 15-də keçirilən parlament seçkisi nəticəsində hakim “Qanun və ədalət” partiyası parlamentdə 194, müxalifətdəki “Vətəndaş Koalisiyası” partiyası – 157, “Üçüncü yol” partiyası – 65, “Solçular” partiyası – 26 yer alıb. Qanunverici orqanda daha 18 yeri “Konfederasiya” millətçi koalisiya hərəkatı əldə edib. Qələbə qazanmasına baxmayaraq, “Qanun və ədalət” partiyası parlamentdə çoxluğu əldə edə bilməyib.

    Mənbə: RİA Novosti

  • Məktəbli qızı təqib edən doqquz uşaq atasının məhkəməsi baş tutub

    Bu günlərdə Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə Qaraçuxur qəsəbəsində naməlum şəxsin məktəbli qızı təqib etməsi ilə bağlı şikayət daxil olub.

    “Qafqazinfo” xəbər verir ki, şikayətçi VAZ-2104 markalı avtomobilin sürücüsünün məktəbdən evə qayıdan 2009-cu il təvəllüdlü qızını israrla təqib etdiyini, küçədə ona qarşı xuliqanlıq etdiyini bildirib. Bundan sonra polis əməkdaşları axtarış tədbirləri keçiriblər və 1981-ci il təvəllüdlü S.Salahov (şərti) saxlanılaraq 32-ci Polis Bölməsinə aparılıb. Onun barəsində inzibati protokol tərtib edilib və Suraxanı Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmədə yeniyetmə qız həmin şəxsin avtomobillə uzun müddətdir onu təqib etdiyini və buna görə böyük həyəcan keçirdiyini deyib:

    “3-4 ay olar ki, məktəbdən evə gələrkən VAZ-2104 minik markalı maşınla bir nəfər orta yaşlı kişi məni izləyir. Mən dayananda maşını saxlayıb mənə baxır və həmin şəxsin bu hərəkətlərindən qorxaraq yolumu dəyişib başqa yolla evə gedirəm. Sonuncu dəfə də Qaraçuxurda həmin maşın məni izləyərkən yolun qarşı tərəfinə keçdim, bir az getdikdən sonra maşını saxlayaraq mənim gəlməyimi gözlədi. Maşının pəncərəsindən gözlərini zilləyərək mənə baxırdı. Həmin şəxsi görərkən qorxudan gedə bilmədim. Maşının yaxınlığından keçərkən həmin şəxs maşının qapısını açıb düşmək istədi. Mən də yoldan keçən bir tanımadığım qadına yaxınlaşdım. Həmin qadınla bir az getdikdən sonra fikirləşdim ki, evə qayıtmalıyam. Geri qayıdarkən gördüm ki, yenə də həmin maşın dayanıb və məni gözləyir”.

    Saxlanılan şəxs isə ondan şikayət edən 14 yaşlı qızı tanımadığını deyib. O, məktəblinin dediklərini inkar edib:

    “Özümə məxsus VAZ-2104 markalı maşınla küçələrdən, marketlərdən karton və plastmas toplayaraq müəssisələrə təhvil verirəm, bununla ailəmi dolandırıram. Şikayətçi qızı tanımıram və heç bir zaman görməmişəm. Onu ilk dəfə polis bölməsinə dəvət olunduğum zaman orada görmüşəm. Hazırda doqquz uşağım var, onlardan beşi qız uşağıdır. Qızın və atasının verdiyi şikayət tam əsassızdır”.

    Suraxanı Rayon Məhkəməsi saxlanılan şəxsin əməlində inzibati xətanın olmaması qənaətinə gəlib. O, məhkəmə zalından sərbəst buraxılıb.

  • Şimali Makedoniya ilin sonuna qədər TAP-a qoşulacaq

    Şimali Makedoniya ilin sonuna qədər qaz saxlanclarını Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstandakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalları ilə birləşdirəcək qaz kəməri layihəsi üzərində işə başlayacaq.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski Vyana İqtisadi Forumunda çıxışı zamanı bildirib.

    “Biz qonşu ölkələrlə, xüsusən də Yunanıstanla birlikdə strateji layihələr üzərində işləyirik və ilin sonuna qədər Şimali Makedoniyaya Trans-Adriatik Boru Kəmərinə, Revituzadakı LNG terminallarına, eləcə də Aleksandrupolisdə tikiləcək yeni terminala qoşulmağa imkan verəcək yeni boru kəməri layihəsinin həyata keçirilməsinə başlayacağıq. Bu, ölkənin enerji müstəqilliyini və enerji təchizatı mənbələrinin şaxələndirilməsini təmin edəcək”, – D.Kovaçevski deyib.

    Qeyd edək ki, 2022-ci ildə Aleksandrupolis şəhərində üzən maye qaz terminalının tikintisinə başlanılıb. Yeni terminal 2023-cü ilin sonuna kimi fəaliyyətə başlamalıdır, onun gücü ildə 5,5 milyard kubmetr təbii qaz olacaq. Revituza adasındakı mövcud terminal Afinanın qərbində yerləşir.

    Xatırladaq ki, 31 dekabr 2020-ci il tarixində Azərbaycan Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya kommersiya məqsədli qazın tədarükünə başlayıb. 25 il müddətinə nəzərdə tutulan tədarüklər Avropa bazarına illik 10 milyard kubmetrdən çox ixracı təmin edir ki, bunun da 8 mlrd. kubmetri İtaliyanın payına düşür. Yunanıstan və Bolqarıstan isə hərəyə 1 milyard kubmetr paya malikdirlər.

  • Krım tatarlarının liderinə Ukrayna Qəhrəmanı adı verilib

    Ukrayna Prezidenti Volodimir Zelenski Krım tatar xalqının lideri, xalq deputatı Mustafa Cemilevə Ukrayna Qəhrəmanı adı verib və onu 80 illik yubileyi münasibətilə təbrik edib.

    “Bu gün Mustafa Cemilovun 80 yaşı tamam oldu, onu təbrik etdim, Ukraynanın və Krım tatar xalqının azadlığını müdafiə etdiyinə görə təşəkkür etdim. Onu Ukrayna Qəhrəmanı adı ilə təltif etdim”, – deyə Zelenski bildirib.

    Bu barədə Krım Tatar Xalqı Məclisinin sədri Refat Çubarov da məlumat verib.

    Qeyd edək ki, Mustafa Cemilev Krım tatarəsilli siyasi və ictimai xadim, 1991-2013-cü illərdə Krım Tatarları Məclisinin sədri, keçmiş sovet dissidentidir.

    Mənbə: pravda.com.ua

  • Naxçıvanda zəlzələ olub

    Naxçıvanda zəlzələ olub.

    Yerli vaxtla saat 18:58-da Naxçıvanda zəlzələ qeydə alınıb.

    Zəlzələ 3 bala qədər hiss olunub.

  • DYP yolun hərəkət hissəsində avtomobil saxlayan sürücülərə xəbərdarlıq edib

    “Bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla özləri ilə yanaşı, digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar”.

    Bu barədə Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd olunub.

    Bildirilib ki, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsinin bir sıra hallarda daha ağır faciələrə səbəb olduğunu göstərir: “Yol-nəqliyyat hadisəsində, eləcə də nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən sürücülərin yerinə yetirməli olduqları vəzifələr qanunvericilikdə göstərilib.Bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla, özləri ilə yanaşı digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar”.

    Sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün təhlükəsizlik tədbirləri görməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, yaxud yanıb-sönən qırmızı işıq fənərini qoymalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsini boşaltmalıdır: “Eləcə də nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinin kənarına paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra texniki yardım istəməlidir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını diqqətə çatdırır və bir daha sürücülərə müraciət edərək onlardan qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir”.