Month: November 2023

  • Bakı məktəbində “fond pulu” yığılır: Komitə sədrinin səs yazısı – AUDİO

    Bakıda daha bir məktəbdə valideynlərdən yığılan “fond pulu” narazılıqlara səbəb olub. Söhbət Sabunçu rayonu 310 saylı orta məktəbin 5 E sinfindən gedir. Valideyn komitəsinin sədri “Whatsapp” mesencerində yaratdığı qrupda hər şagirddən 10 manat məbləğində pul tələb edir. Hər bir valideyni “fond pulu”nu verməyə məcbur edən komitə sədri yığılan vəsaitin printer üçün kağıza və xadiməyə veriləcəyini bildirir.

    Bu barədə Bizim.media-ya narazı valideynlər müraciət edib. Həmçinin faktla bağlı səs yazıları təqdim ediblər.

    Səs yazısında “fond pulu” ilə yanaşı artıq geridə qalan Müəllimlər Günü ilə bağlı da hər şagirddən 30 manat pul yığıldığı qeyd olunur.

    Valideynlərin bildirdiklərinə görə, məktəbdə vaxtaşırı pul yığılması hallarından təngə gəliblər. İddialarına görə, pulun yığılmasını məktəb rəhbərliyi tələb edir.

    Məsələ ilə bağlı 310 saylı məktəblə əlaqə yaratdıq. Məktəbin direktoru Rəsmiyə Quliyeva “fond pulu” və digər məsələlər üçün pul yığılmasından xəbərsiz olduğunu bildirib:

    “Mən heç bir sinifdən pul tələb etmirəm. Məktəbə heç nə lazım deyil. Nə lazımdırsa, var. Bu gün araşdıracağam, görüm nə məsələdir, niyə pul yığılır? Çünki biz valideynlərdən nə “fond pulu”, nə də başqa bir şey tələb edirik. Müəllimlərlə iclaslarda və valideynlərlə görüşlərdə də demişəm ki, məktəbdə printer və kseroks aparatları var, nə lazımdırsa, gəlin, həll edək”.

    Direktor əlavə edib ki, elə bu gün valideynlərdən pul tələb edən sinif rəhbəri barəsində tədbir görəcək.

    Qeyd edək ki, sözügedən məktəbin adı bundan əvvəl başqa bir qalmaqalda da çəkilib. Belə ki, həmin məktəbin müəllimi Leyla Niyazovanın 4-cü sinif şagirdini döyməsi iddia edilib.

  • Xocalı şəhərində soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılacaq

    Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan abidə ucaldılacaq.

    “Report”un məlumatına görə, abidə Xocalı şəhərində qoyulacaq.

    Hazırda abidə ucaldılacaq ərazidə hazırlıq işləri və təmizləmə əməliyyatları həyata keçirilir.

    Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən orada azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

    Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

  • Gəncədə VAZ yük maşını ilə toqquşdu, ölən var

    Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Lent.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

    21 yaşlı Zöhrab Hüseynovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Səbuhi Məmmədovun idarə etdiyi “ZiL-130” markalı yük avtomobili ilə toqquşub.

    Nəticədə sürücü Z.Hüseynov və sərnişini Çingiz Mustafayev xəsarətlər alıblar, digər sərnişin Mehdi Qəhrəmanzadə isə hadisə yerində həlak olub.

    Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

  • Yol polisi birinci qrup əlilə bir gündə iki dəfə cərimə yazdı – Şikayət (FOTO)

    Ordubad rayonu, Kələki kənd sakini, birinci qrup əlil Qafqaz Hüseynov Dövlət Yol Polisi əməkdaşları tərəfindən bir gündə iki dəfə qanunsuz olaraq cərimələnib.

    O, bu barədə Bakupost.az -a şikayətində bildirib.

    Q.Hüseynovun sözlərinə görə, avtomobili özünün idarə etməsinə fiziki imkanı yoxdur:

    “Birinci qrup əliləm. Avtomobili dost-tanış pul yağıb alıb ki, harasa gedəndə əlil arabası ilə gedə bilim. Maşın elə düzəldilib ki, əlil arabası salona yerləşir. Özüm anadangəlmə əlil olduğum üçün maşını sürə bilmirəm. Ona görə də arada harasa getmək lazım olanda həmkəndlim Səmədi çağırıram ki, gəl, maşını sür gedək. Yəni avtomobil ancaq mən içində olanda hərəkət edir. Səmədin də sürücülük vəsiqəsi var. Ona görə də ona etibarnamə verməyə ehtiyac görməmişəm”.

    Q.Hüseynov deyir ki, DYP əməkdaşları “Sürücülük hüququ olmadan avtomobil idarə etmək” maddəsi ilə ona bir gündə iki dəfə cərimə yazıblar:

    “Cərimələrdən birinin məbləği 300, digərininki isə 100 manatdır. Düşünürlər ki, maşın mənim adınadır, başqa adama etibarnamə verməmişəm deyə, yəqin özüm sürürəm. Ancaq mən hər dəfə maşın hərəkətdə olanda onun içində oluramsa, Səmədə etibarnamə verib-verməməyin nə mənası var? Üstəlik Azərbaycanda üztanıma kamerası yoxdur ki, bunlar kameradan baxıb maşını sürənin kim olduğunu təyin etsinlər. Bu halı ancaq və ancaq DYP işçisi aşkar edə bilər. Amma buna baxmayaraq, mənə bir gündə iki dəfə cərimə yazıblar. Bu, tamamilə qanunsuzdur”.


  • Azərbaycanda spirtli içki və tütün məhsulları BAHALAŞDI

    2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 110,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

    Bildirilib ki, cari ilin oktyabrında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, ötən ilin oktyabrına nisbətən 103,9 faiz təşkil edib.

    2023-cü ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,1 faiz təşkil edib.

  • В Азербайджане застрелился военнослужащий

    В Тертерскую военную прокуратуру поступила информация о том, что военнослужащий N-ой воинской части Министерства обороны, старший лейтенант Эльсун Бандалиев совершил самоубийство, выстрелив в себя из огнестрельного оружия.

    На основании поступившей информации сотрудниками Тертерской военной прокуратуры и управления криминалистики и информационных технологий Военной прокуратуры Азербайджанской Республики (АР) был проведен осмотр места происшествия и тела, изъяты в качестве вещественных доказательств имеющие значение для дела предметы, получены объяснения, выполнены другие действия.

    По данному факту возбуждено уголовное дело по соответствующей статье Уголовного кодекса АР, допрошены свидетели, назначены различные экспертизы и проведены незамедлительно необходимые следственные действия.

    В настоящее время расследование продолжается, будет обеспечено принятие всех мер в соответствии с требованиями законодательства.

  • Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb

    Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Elsun Habil oğlu Bəndəliyevin odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Tərtər Hərbi Prokurorluğuna məlumat daxil olub.

    Daxil olmuş məlumat əsasında Tərtər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınaraq və digər hərəkətlər icra edilib.

    Fakt üzrə Tərtər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

  • Azərbaycanda ət məhsulları bahalaşıb

    Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən bəzi ərzaq məhsullarının qiyməti qalxıb.

    Bu barədə məlumat Dövlət Statistika Komitəsinin aylıq bülletenində yer alır.

    Qeyd olunur ki, daha çox düyünün, mal və qoyun ətinin, təzə balığın, südün, yumurtanın, üzümün, pomidorun, xiyarın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, meyvə şirəsinin qiymətində artım müşahidə olunub.

    Ucuzlaşma isə əsasən, manna və qarabaşaq yarmasının, çörəyin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, naringinin, limonun, kivinin, almanın, kələmin, balqabağın, şəkər tozunun, qəhvənin qiymətlərində qeydə alınıb.

    Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Tarif Şurasının səlahiyyətlərindən biri əlindən alındı

    Azərbaycanda universal poçt rabitəsi xidmətlərinin tariflərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müəyyən edəcək.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanda qeyd edilib.

    Yeni fərmana əsasən, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanının 3.6-cı bəndi və “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsində dəyişiklik edilib.

    Bu dəyişikliklə universal poçt tariflərinin tənzimlənməsi funksiyası Tarif (Qiymət) Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

    Fərmanda göstərilir ki, RİNN tarifləri müəyyən edərkən İqtisadiyyat və Maliyyə nazirliklərinin rəylərini nəzərə almalıdır.

  • Azərbaycan iki beynəlxalq sazişə qoşuldu

    Prezident İlham Əliyev “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

    Bu barədə President.az xəbər verir.

    Sənədlə Azərbaycan Respublikası 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulur.

    Bu Qanun qüvvəyə mindiyi gündən “Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1728-VQ nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1914) 1-ci maddəsi ləğv edilir.