Month: November 2023

  • Almaniyada səkkiz əyalətdə həyəcan: Antiterror əməliyyatı keçirildi

    Almaniyada “Reyxsburqerlər”ə (“Reyx vətəndaşları”) qarşı antiterror əməliyyatı keçirilir. Bunun üçün səkkiz federal əyalətin ərazisində 20 nəfər axtarışa verilib.

    Son məlumatlara görə, 20 nəfər mütəşəkkil cinayətdə ittiham olunub.

    Üçüncü Reyxin yoxa çıxmasını inkar edən hərəkat nümayəndələrinin kompüterləri, telefonları və digər yaddaş daşıyıcıları müsadirə edilib. Münhen prokurorluğu cinayətkar hərəkatda çoxlu sayda şübhəlinin şəxsiyyətinin müəyyən edildiyini bildirib.

    “Reyx vətəndaşları” hərəkatı 1980-ci illərdə yaranıb, onun iştirakçıları müasir Almaniyanın hakimiyyətini və onun siyasi quruluşunu tanımır. Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə ölkədə 23 minə yaxın insanın özünü hərəkatın üzvü hesab etdiyini bildirib.

    Hərəkatın lideri – hüquq-mühafizə orqanları onun adını açıqlamır – 2021-ci ilin noyabrında həbs edilib. Ona qarşı cinayət təşkilatı yaratmaq və üsyana çağırışlar maddəsi ilə iş açılıb. 2022-ci ilin dekabrında polis Bundestaqa basqın etməyi və ölkəyə zadəgan ailəsinin varisi, 71 yaşlı şahzadə XIII Henrixi rəhbərliyə gətirməyi planlaşdıran hərəkat üzvlərini saxlayıb.

    Mənbə: Kommersant.ru

  • Koreya yarımadasında yenidən gərginlik: Dayandırılmış hərbi tədbirlər bərpa olunur

    Şimali Koreya Seulla razılaşma əsasında dayandırılmış bütün hərbi tədbirləri bərpa edəcək.

    Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) Koreya Respublikası ilə hərbi gərginliyin azaldılmasına dair 2018-ci ildə əldə olunan razılaşmaya əsasən qoyulan məhdudiyyətlərə əməl etməyi dayandıracaq.

    “Bundan sonra ordumuz sentyabrın 19-da imzalanmış Şimal və Cənub arasında hərbi sazişlə məhdudlaşmayacaq. Biz Şimal və Cənub arasında hərbi razılığına əsasən dayandırılmış bütün hərbi tədbirləri dərhal bərpa edəcəyik”, – deyə məlumatda vurğulanıb.

    Qeyd edək ki, noyabrın 22-də Koreya Respublikası KXDR-in kəşfiyyat peykinin orbitə buraxılmasına cavab olaraq, razılaşmanı qismən dayandırdığını bəyan etmişdi. Seulun bəyanatında uçuşa qadağan zonalar məsələsinə toxunulub. Şimali Koreyanın Müdafiə Nazirliyi qeyd edib ki, buraxılış ölkənin özünümüdafiə hüququna uyğun olaraq Koreya yarımadası ətrafında düşmənin getdikcə həyəcanlı fəaliyyəti fonunda həyata keçirilib.

    Mənbə: Vesti.ru

  • Azərbaycandan Ukraynaya yeni yardım

    Azərbaycandan elektrik avadanlıqlarının daha bir partiyası Ukraynaya yola düşüb.

    Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında yazıb.

    Səfir qeyd edib ki, humanitar yük transformatorlar və kabel avadanlıqlarından ibarətdir. Bu yardım ən çox ehtiyac duyulan bölgələrə dərhal paylanılacaq.

    V.Kanevski əlavə edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ayırdığı 7,6 milyon ABŞ dolları məbləğində vəsait çərçivəsində humanitar yardımın daha bir partiyasıdır.

  • “Qalatasaray”ın hücumçusu İkardi Madrid “Real”ına keçə bilər

    Madrid “Real”ı zədəli forvardı Vinisius Juniorun əvəzinə “Qalatasaray”ın hücumçusu Mauro İkardini transfer etməyi düşünür.

    Məlumata görə, Kral klubu argentinalı hücumçunu qış transfer pəncərəsində ala bilər və onun üçün 15 milyon avro ödəməyə hazırdır.

    Qeyd edək ki, bu mövsüm 30 yaşlı İkardi “Qalatasaray”ın heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Argentinalının “Qalatasaray”la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

    Mənbə: sport-express.ru

  • Bakıdakı yanğınla bağlı yolda məhdudiyyət tətbiq edilib

    Bakıda ticarət obyektində baş vermiş yanğınla bağlı Binəqədi rayonu, Azadlıq prospektindən Süleyman Sani Axundov küçəsi istiqamətində yolda məhdudiyyət tətbiq edilib.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

    Sürücülərdən məhdudiyyəti nəzərə almaları xahiş edilib.

  • Xaçmaz polisi sənədsiz silah-sursat aşkarlayıb

    Xaçmaz polisi sənədsiz silah-sursat aşkarlayıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

    Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən üç ədəd müxtəlif markalı tüfəng təhvil götürülüb.

    Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində bir ədəd “AK-74” markalı avtomat, eləcə də altı ədəd patron darağı və 194 ədəd güllə aşkar ediblər.

    Faktlar üzrə Xaçmaz RPŞ-də müvafiq araşdırmalar aparılır.

  • Xırdalanda qadın qonaq getdiyi evdə intihar etdi

    Abşeronda intihar hadisəsi baş verib.

    Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

    Naxçıvan sakini, 32 yaşlı Aidə Vahid qızı Bayramova qonaq gəldiyi evdə özünü asıb.

    İntiharın səbəbi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə Cihazqayırma zavodunda yanğın olub – YENİLƏNİB

    Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində Gəncə Cihazqayırma Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yağ çəlləklərində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

    * * * * *

    Gəncədə yanğın hadisəsi baş verib.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

    Belə ki, Cihazqayırma zavodunda anidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olub.

  • Aİ Macarıstana “yaşıl enerji” üçün 4,6 mlrd. avro ayıracaq

    Avropa Komissiyası “yaşıl enerji”yə keçid üçün REPowerEU Avropa proqramının bir hissəsi kimi Budapeştin hazırladığı planı təsdiqləyib.

    Plan Avropa İttifaqı tərəfindən Macarıstana 4,6 mlrd. avro səviyyəsində maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur.

    Xatırladaq ki, cari ilin 21 noyabr tarixində Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin beşinci iclası keçirilib.

    İclasın yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın gələn il Gürcüstanda keçirilməsinə qərar verilib. Həmçinin iclas çərçivəsində “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb və bu istiqamətdə “yaşıl enerji platforması”nın yaradılması razılaşdırılıb.

    ///Apa

  • Malatyada güclü zəlzələ baş verib

    Malatyada 5,2 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) məlumat verilib.

    Məlumata görə, yeraltı təkanların episentri Battalgazidə olub.

    Zəlzələnin ocağı yerin 6,99 kilometr dərinliyində yerləşib.