Month: December 2023

  • BMT Qəzzanı artıq yaşamaq üçün uyğun olmayan yer adlandırıb

    “Qəzzada dağıntılar o qədər böyükdür ki, onu daha yaşana bilən yer adlandırmaq olmaz”.

    Bunu BMT-nin Fələstin Qaçqınlarına Yardım Agentliyinin (UNRWA) baş komissarı Filippa Lazzarini bildirib.

    “Mən Qəzzadan qayıtdım. Bu, müharibə başlayandan bəri əraziyə üçüncü səfərim idi. Hər dəfə vəziyyət daha da pisləşir. Bu gün Qəzza artıq yaşana bilən bir yer deyil”, – deyə o, bəyan edib.

    Lazzarini həmçinin əlavə edib ki, dekabrın 1-dən sonra Qəzzada döyüşlər bərpa olunub və BMT anklavın şimal hissəsinə çıxışı itirib.

    Mənbə: gazeta.ru

  • Murad Arif: “Mən müsəlman deyiləm” – VİDEO

    Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

    Verilişin budəfəki sayının qonağı müğənni Murad Arif olub.

    O, “YouTube” da yayımlanan “Popumuz var” layihəsinə dəvət etdiyi qonaqları necə seçməsi barədə danışıb:

    “Elə qonaqlar olub ki, yazılan rəylərin əsasında çağırmışam. Elələri də var ki, özümə maraqlıdır deyə. Meyxanaçı qonağım isə olmayıb. Sağlığında Vüqar Biləcərini dəvət etmək istəyirdim. Başqa birini çağırmalı oldum. Bu məsələni ertələdim və Vüqar dünyasını dəyişdi”.

    Müğənni verilişin aparıcısı Kamran Ağabalayevin “Demokratiya, diktatura, yoxsa heç biri” sualına cavab verərkən deyib:

    “Mədəni və intellektual səviyyəsini yetişdirmədiyin cəmiyyət üçün demokratiya təhlükəlidir. Bəziləri kökə ilə, bəziləri şallaqla anlayırlar”.

    M.Arif heç bir dinə inanmadığını da etiraf edib:

    “Nə müsəlman, nə də xristianam. Müsəlman ailədə doğulub böyümüşəm. Ətrafımda da ibadət edən adamları görürəm. Analyıram ki, heç bir dinə aid deyiləm”.

    Ətraflı süjetdə:

  • Ankarada Qərbi Azərbaycana qayıdışla bağlı məsələ müzakirə olunub

    Türkiyənin paytaxtı Ankarada Qərbi Azərbaycana qayıdışla bağlı məsələ müzakirə olunub.

    Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

    Bildirilib ki, Ankarada səfərdə olan Azərbaycan Milli Məclisi Azərbaycan-Türkiyə Parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun nümayəndə heyətinin iştirakı ilə Ankara Universitetində Qərbi Azərbaycana qayıdış mövzusunda dəyirmi masa formatında tədbir keçirilib.

    Azərbaycan Milli Məclisinin və Türkiyə Böyük Millət Məclisinin üzvlərinin, Ankarada fəaliyyət göstərən Ortadoğu Texniki Universitetinin rektorlarının, Ankara Universitetinin professor-müəllim heyətinin iştirak etdiyi tədbir Ankara Universitetinin rektoru Necdet Ünüvarın açılış nitqi ilə başlayıb.

    Daha sonra Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov Ermənistan tərəfindən zorla doğma yurdlarından qovulmuş azərbaycanlıların hüquqlarının beynəlxalq platformalarda müdafiə edilməsinin əhəmiyyətini qeyd edib.

    Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, millət vəkili Əziz Ələkbərli təşkilatın fəaliyyəti, məqsədi və məramı haqqında danışıb, Qərbi Azərbaycandan olan əhalinin əsas hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin və təmin olunmasının vacibliyini qeyd edib.

    Daha sonra nümayəndə heyətinin tərkibində olan millət vəkilləri Nizami Cəfərov, Fəzail Ağamalı, Anar İskəndərov, Məlahət İbrahimqızı Qərbi Azərbaycan İcmasının fəaliyyətinin müxtəlif aspektləri haqqında məlumat veriblər.

    Türkiyə parlamentində Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım, çıxışında Qərbi Azərbaycandan məcburi köçürülmüş əhalinin hüquqlarının beynəlxalq platformalarda müdafiəsi məqsədilə Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlığın zərurətini vurğulayıb.

    Daha sonra çıxış edən Qazi Universiteti, Orta Doğu Texniki Universiteti, Sosial Elmlər Universiteti rektorları və Ankara Universitetinin professor-müəllim heyəti üzvləri Qərbi Azərbaycan mövzusunun tədris prosesində işlənməsi, bu mövzuda akademik tədbirlərin ardıcıl olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

    Tədbirin sonunda iştirakçılar Ankara Universiteti Rektorluğu önündə 2001-ci ildə ümmmilli lider Heydər Əliyev tərəfindən əkilmiş ağacın önündə xatirə şəkli çəkdirərək, ulu öndərin əziz xatirəsini yad ediblər.

  • Aygün Kazımova Qarabağda çıxış üçün 200 min istəyib? – AÇIQLAMA

    Xalq artisti Aygün Kazımovanın Qarabağda keçirilməsi nəzərdə tutulan Yeni il şənliyində çıxış üçün yüksək məbləğdə ödəniş tələb etməsi ilə bağlı məlumatlar yayılıb.
     
    Belə ki, Xalq artistinin 45 min manat özünə, 75 min manat səhnə dekoru-işığa, 85 min manat isə heyətinə ödəniş (ümumilikdə təxminən 200 min manat) tələb etdiyi iddia olunub.
     
    Median.Az xəbər verir ki, Globalinfo.az məsələni dəqiqləşdirmək üçün tədbirin təşkilatçılarından “Evvent Office” ilə əlaqə saxlayıb.
     
    Təşkilatçılar iddialara aydınlıq gətirib:
     
    “Həmin konsert proqramında Aygün Kazımova iştirak etməyəcək. Tanınmışlardan Abbas Bağırov və başqaları çıxış edəcək. Digər məsələ haqqında bir söz deyə bilmərik”.
     
    Qeyd edək ki, Xalq artisti Aygün Kazımova zənglərimizə cavab verməyib.

  • MDB xüsusi xidmətlərinin rəhbərləri növbəti ildə də görüşəcəklər

    Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri XX yubiley iclasının 2024-cü ildə keçirilməsi barədə razılığa gəliblər.

    Məlumata görə, tədbir birliyə üzv dövlətlərdən birinin paytaxtında keçirilə bilər. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin deyib.

    “Biz razılaşdıq ki, gələn il növbəti, 20-ci yubiley toplantısını keçirək. Yer hələ seçilməyib, amma əminliklə, bu, Birlik dövlətlərindən birinin paytaxtı olacaq”,- deyə o, Minskdə keçirilən MDB dövlətlərinin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin XIX iclası zamanı bəyan edib.

    Mənbə: TASS

  • Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

    Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilən iclasında uçot dərəcəsi 4,5% səviyyəsində saxlanılıb.

    “Report” xəbər verir ki, bu barədə tənzimləyicinin bəyanatında bildirilir.

    “Əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, o cümlədən marjinal kredit xətti və depozit xətti üzrə faiz dərəcələri sabiq qalaraq müvafiq olaraq 4,50%, 4,75% və 4,00% təşkil edəcək”, – məlumatda qeyd edilib.

    Bundan başqa, ECB cari il üçün avrozonanın ÜDM artımı proqnozunu sentyabrda gözlənilən 0,7%-dən 0,6%-ə endirib. 2024-cü il üçün proqnoz da əvvəllər gözlənilən 1%-dən 0,8%-ə endirilib. 2025-ci ildə ECB avrozonanın ÜDM-nin 1,5% artacağını gözləyir.

  • Vətəndaşların NƏZƏRİNƏ: Bakının bir hissəsində qaz kəsiləcək

    Bakının bir hissəsində qaz təchizatının dayandırılması plandaşdırılır.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

    Bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən “1 Saylı QNAS Qaraçuxur” magistral qaz kəmərində kranın quraşdırılması zəruriyyəti ilə əlaqədar 15 dekabr 2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Qaraçuxur əhali” ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır.

    “Təmir işləri aparılan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsinin, MİDA yaşayış kompleksinin, həmçinin Bahar, Zığ Bağları, Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – deyə məlumatda qeyd olunub.

  • Tofiq Yaqublu saxlanıldı

    Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.

    Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

    Hələ ki, onun nədə şübhəli bilindiyi açıqlanmayıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı təsdiqləyib.

    Nazirlik rəsmisi qeyd edib ki, hazırda araşdırma aparılır.

  • Samuxda sərxoş halda avtoxuliqanlıq edən şəxs saxlanılıb

    Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sərxoş halda sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Səyavuş İmanov idarə etdiyi “Ford” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması üzə çıxıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə S.İmanov sürücülük hüququndan bir il müddətinə məhrum olunmaqla 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

  • 2023-cü ildə futbol agentlərinə rekord məbləğ ödənilib

    FIFA 2023-cü ildə futbol agentlərinə ödənilmiş məbləği açıqlayıb.

    Qurumun rəsmi saytı xəbər verir ki, klublar cari ildə menecerlərə 888,1 milyon ABŞ dolları veriblər.

    Bu, rekord göstəricidir. Belə ki, 2022-ci ildə bu məbləğ 654,7 milyon dollar olub.

    Agentlərə ödənişlərin 86,6 faizini Avropa klubları ediblər. Bunun 280 milyon dolları İngiltərə təmsilçilərinə məxsusdur. Səudiyyə Ərəbistanı klubları (86 milyon dollar) ikinci sıradadır.

    Qadın futbolunda isə agentlərə ödənişlər ilk dəfə bir milyon dolları ötüb.