Month: December 2023

  • MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə aldı

    Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

    Bu barədə MSK-nın bugünkü iclasında qərar qəbul olunub.

    Məsələ barədə məlumatı MSK sədri Məzahir Pənahov təqdim edib.

    Xatırladaq ki, YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib.

    MSK dekabrın 19-da İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

    YAP dekabrın 26-da İlham Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə MSK-ya təqdim edib.

    Qeyd edək ki, Azərbaycanda gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək.

  • Tələbələrin ixtisas üzrə təcrübə keçmə qaydası təsdiqlənib

    Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası” təsdiq edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 868) ləğv edilib. Bu Qərar 2024-cü il sentyabrın 15-dən qüvvəyə minir.

  • Fazil Mustafaya sui-qəsdlə bağlı tutulanların istintaqı başa çatdı

    Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş araşdırılması üçün hakim Elnur Nuriyevin icraatına verilib.

    Məhkəmənin hazırlıq iclası gələn il yanvarın 12-nə təyin edilib.

    Cinayət işi üzrə Fazil Mustafa zərərçəkmiş qismində tanınıb.

    Qeyd edək ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

    Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

    ///APA

  • Yanvar ayında nə qədər şaxta olacaq?

    2024-cü ilin yanvar ayının hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxındır.

    Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə isti olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta, dağlarda 14-19 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-25 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-28 mm).

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

    Gecələr havanın temperaturu 0-5 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-30 mm).

    Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 22-49 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 17-31 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-98 mm).

  • Tarixi abidəyə müdaxilənin qarşısı alındı

    Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 21 ünvanında yerləşən 3350 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar olunub.
     
    Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi məlumat yayıb.
     
    Bildirilib ki, yol verilmiş müdaxilə faktının qarşısı alınıb.
     
    Tarixi abidənin birinci mərtəbəsində, fasad hissəyə bərkidilmiş əlüzyuyan çanaq sökülüb.
     
    Yol verilmiş qanun pozuntusu ilə bağlı obyekt sahibinə xəbərdarlıq edilib.

  • Şuşa və Suqovuşana fərdi avtomobildə​ səfər edəcək​ sürücülərə XƏBƏRDARLIQ

    Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

    Müraciətdə deyilir:

    “Ötən illərin təcrübəsi deməyə əsas verir ki, ölkəmizdə uzunmüddətli qeyri-iş günlərində əhalinin bölgələrə və paytaxta axını yollarda hərəkət intensivliyinin artmasına bilavasitə təsir göstərir. Lakin təəssüf ki, bir sıra hallarda sürücülərin tələskənliyi, yolda müəyyən edilmiş hərəkət sürətini aşmaları, ötmə və manevretmə qaydalarını pozmaları bu günlərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını da əhəmiyyətli dərəcədə artırır.

    Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval-ruhiyyədə keçməsi üçün ötən illərdə olduğu kimi dövlət yol polisinin şəxsi heyəti yenə də gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək.

    Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını, xüsusilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilində ilk dəfə səfər edəcək sürücüləri diqqətli olmağa, sükan arxasına yorğun, yuxulu və ya hər hansı dərman preparatlarının təsiri altında əyləşməməyə, yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamağa, yol və hava şəraitini nəzərə almağa, ələlxüsus dağlıq relyefdə təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, özlərinin və doğmalarının həyatını təhlükə qarşısında qoymamaq üçün tövsiyələrə əməl etməyə çağırır”.

  • Məşhur meyxanaçı vəfat etdi – FOTO

    Meyxanaçı Elçin Alatavalı ağır xəstəlikdən sonra vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Qeyd edək ki, Elçin Alatavalı vaxtı ilə ən hazırcavab meyxanaçı kimi tanınıb. Lakin o, sonralar efirlərə çıxmayıb

  • Sumqayıt Tibb Mərkəzinə yeni direktor təyin edildi

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sumqayıt Tibb Mərkəzinə direktor təyin edilib.

    TƏBİB-dən bildirilib ki, Mərkəzin direktoru vəzifəsi Elnur Azadxanova həvalə olunub. O, bundan əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

    E.Azadxanov 1976-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində doğulub.

    O, 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 2006-ci ildə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Kardiologiya ixtisası üzrə klinik ordinaturanı bitirib, 2010-cu ildə Türkiyə Cümhuriyyəti Fırat Universiteti Tibb Fakültəsinin “Kardiyoloji Araştırma ve Uygulama Merkezi”ndə invaziv kardiologiya üzrə ixtisaslaşma təhsili alıb.

    Mərkəzin yeni direktoru 2000-2002-ci illərdə Tərtər-Ağdərə istiqamətində “N” saylı hərbi hissədə həkim kimi hərbi xidmətdə olub. 2003-2005-ci illərdə Cəlilabad rayonunun Göytəpə şəhərindəki Uşaq Xəstəxanasında həkim-pediatr, 2007-2011-ci illərdə Göytəpə şəhərindəki xəstəxanada həkim-terapevt, 2011-2020-ci illərdə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində Poliklinika şöbəsinin müdiri, həkim-kardioloq vəzifəsində çalışıb.

    O, 2020-ci ilin fevral ayında Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru, mart ayında isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb.

    E.Azadxanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 18 iyun 2693 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

    Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.

  • İranla Azərbaycan arasında yeni körpünün açılışı olub

    Bu gün İran və Azərbaycan arasında Astarada yeni sərhəd keçid məntəqəsinin açılışı olub.

    Bu barədə “Tasnim” məlumat yayıb.

    Açılış mərasimində Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri – Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş iştirak ediblər.

    Astara şəhərinin Bağçasəra kəndində yerləşən sərhəd terminalının müvəqqəti keçid məntəqəsi və daxili və xarici tranzit nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Bu körpünün açılışı ilə iki ölkə arasında giriş-çıxış tranzit nəqliyyat vasitələrinin tutumu artacaq.

    ///APA

  • Bakı metrosunda çoxdan gözlənilən yeniliyin tətbiqinə başlandı

    “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərə gediş haqqını QR-bilet sistemi ilə ödəmək imkanı yaradılıb.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

    Məlumata görə, sərnişinlər QR ödəniş üsulundan mobil cihazlarına “BakıKart” mobil tətbiqini yükləməklə istifadə edə bilərlər.

    Xatırladaq ki, bu sistem, pilot layihə kimi, ilk dəfə bu ilin sentyabr ayında “bənövşəyi xətt”in “Xocəsən” və “8 Noyabr” stansiyalarında tətbiq edilib. Artıq bütün stansiyaların avtomat nəzarət-buraxılış məntəqələrindəki 350-dən artıq qurğuda (turniketdə) texniki işlər tam yerinə yetirilərək proqram təminatını həyata keçirən cihazlar quraşdırılıb və sınaqlar uğurla başa çatdırılıb.

    Yeni ödəniş üsulunun üstünlükləri bunlardır:

    – kartsız olması “BakıKart” plastik kartını almağa sərf olunan vəsaitə qənaət etməyə imkan yaradır. QR-bileti yaratmaq üçün sadəcə, mobil telefonun internetə çıxışının olması kifayətdir.

    – Vaxta qənaət – artıq “BakıKart” plastik kartının balansını artırmaq üçün yükləmə terminalından istifadə etməyə ehtiyac yoxdur. Sərnişin hesabının balansını rahatlıqla “BakıKart” mobil tətbiqi üzərindən artıra və izləyə bilər.

    – Ödəniş tarixçəsinin izlənilməsi – sərnişin tətbiqdə ictimai nəqliyyata sərf etdiyi vəsaiti izləyərək dövri büdcəni hesablaya bilər.

    QR-bileti “BakıKart” mobil tətbiqini “Google Play” və ya “App Store” platformalarından yükləyərək və qeydiyyatdan keçərək yaratmaq mümkündür. Bu zaman “pul kisəsi”ndə balans ən azı bir manat artırılmalıdır. Sərnişin yaradılmış QR-bileti turniketdə ödəmə displeyinə yaxınlaşdıraraq keçid edə bilər.

    QR-bilet istifadəçiləri bunları bilməlidirlər:

    – QR-bilet yalnız bir gediş üçün etibarlıdır;

    – QR-bilet beş dəqiqə ərzində etibarlıdır;

    – QR-bilet üçün “pul kisəsi”ndə bir manat bloklanır;

    – Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır;

    – QR-biletdən beş dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.

    Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

    Bu ilin iyun ayında avtobuslarda nağdsız ödənişlər üçün “BakıKart” mobil tətbiqi istifadəyə verilib. Bu tətbiq istifadəçilərə asanlıqla səfərlərini planlamaq, “BakıKart” plastik kartlarının balansını artırmaq və gediş haqqını ödəmək imkanları yaradır. Həmçinin, istifadəçilər tətbiqdə QR-biletlər yarada və QR-bilet tarixçələrini görə bilərlər.

    Hazırda ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq.

    2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda müvafiq ödəniş sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur.
    //oxu.az