Month: December 2023

  • Türkiyədə zəlzələ olub

    Türkiyənin şərqində 4,2 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

    Zəlzələ Elazığ vilayətində baş verib. Zəlzələ ocağı 9,36 kilometr dərinlikdə yerləşib.

    Təbii fəlakət nəticəsində dağıntılar qeydə alınmayıb.

  • Bakıda hərəkətdə olan avtomobildə qəfil buxarlanma yaranıb – VİDEO

    Bakıda hərəkətdə olan avtomobildə qəfil buxarlanma yaranıb.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda deyilir.

    Bildirilir ki, Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsünün üzərində hərəkət edən avtomobillərdən birinin mühərrik hissəsində texniki səbəbdən qəfil buxarlanma yaranıb:

    “Avtomobildə azyaşlı uşaqlar olduğundan və digər təhlükəli vəziyyətin yaranmaması üçün Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən dərhal yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib.

    Yol polisi əməkdaşlarının köməkliyi ilə yaranan problem həll edilərək, yolda digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib”.

  • Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı

    Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti aprelin 1-dək artırılıb.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

  • Gömrük postlarında gözləyən maşınların sayı azaldı

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 150 yük maşını gözləyir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 60, “Mazımqara” gömrük postunda 68, “Samur” gömrük postunda 25 və “Xanoba” gömrük postunda 5 yük maşını var.

    “AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır”, – deyə məlumatda qeyd edilib.

  • Qaradağda mağazada yanğın olub

    Qaradağda yanğın olub.

    FHN-dən verilən xəbərə görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 280 kvadratmetr olan birmərtəbəli mağazanın taxta atmaları 10 kvadratmetr sahədə yanıb.

    Yüksək temperaturdan lambirdən ibarət tavan 20 kvadratmetr sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Yeni il axşamı Bakıda ictimai nəqliyyat necə işləyəcək?

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sakinlərin və paytaxt qonaqlarının Dənizkənarı Milli Parka səfər etmələri və ictimai nəqliyyata kütləvi şəkildə axını nəzərə alınaraq, dekabrın 31-də marşrutların fəaliyyəti saat 01:30-dək təşkil olunacaq.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    “Sıxlığın yaranmaması və ictimai nəqliyyata olan sərnişin tələbatının ödənilməsi üçün müntəzəm marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılara avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi tapşırılıb”, – məlumatda deyilir.

  • Ceyhun Bayramov Fransanın “persona-non-grata” elan etdiyi Azərbaycan diplomatları ilə görüşüb

    Xarici işlər naziri Ceyhun Bayramov 30 dekabr 2023-cü il tarixində Fransa tərəfindən 27 dekabr tarixində heç bir əsas olmadan persona-non-grata elan edilmiş Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları ilə görüşüb.

    Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

    Bildirilib ki, nazir səfirlik əməkdaşlarına göstərdikləri səmərəli diplomatik xidmətə görə təşəkkür edib.

    Fransa tərəfindən atılan bu əsassız addımın sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasında mövcud ikitərəfli münasibətlərə vurulan növbəti zərbə olduğu bildirilib.

    İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarının Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək əsassız addımlar atan Fransa tərəfinin olduğu qeyd edilib.

    Nazir Ceyhun Bayramov səfirlik əməkdaşlarına bundan sonrakı diplomatik fəaliyyətlərində uğurlar arzu edib.

  • Bakı şəhərinin Baş Planı təsdiqlənib

    Bakı şəhərinin Baş Planı təsdiqlənib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı təsdiq edilib.

  • Azərbaycan və İraq arasında hava əlaqəsi haqqında saziş təsdiqləndi

    Azərbaycan və İraq hökumətləri arasında 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanmış saziş təsdiqlənib.

    President.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i təsdiq edib.

  • Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi qeyd ediləcək

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sərəncamda qeyd edilib ki, 2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur.

    Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir.

    Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir.

    Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə, qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir.

    2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar.

    Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur.

    Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır.

    Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika yaşıl enerji zonası elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

    İmzalanmış sənədə əsasən:

    1. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi geniş qeyd olunsun.

    2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanmasını və həyata keçirilməsini təmin etsin.