Month: December 2023

  • Argentinanın yeni seçilmiş prezidenti fövqəladə vəziyyət elan edib

    Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley ölkəsinin iqtisadiyyat, səhiyyə və sosial sektorlarında fövqəladə vəziyyət elan edib.

    Müvafiq fərman hökumət qəzetində dərc olunub.

    Fövqəladə vəziyyətin 31 dekabr 2025-ci ilə qədər davam edəcəyi elan olunub.

    Qeyd olunur ki, islahatlar paketi Argentina iqtisadiyyatının liberallaşdırılmasına xidmət edir.

    “Fərmanda 360-dan çox maddə var ki, onların da əhəmiyyətli bir hissəsi mövcud qanunları ləğv edir və ya onlara dəyişikliyi nəzərdə tutur. Fərman dərc edildiyi gündən qüvvəyə minir”, – dərc edilən mətndə qeyd olunur.

    İslahatlar paketi Konqresə təqdim olunacaq. Fərman yalnız parlamentin hər iki palatası onu etibarsız saydığı halda ləğv edilə bilər.

    Mənbə: TASS

  • Alimlər çuğundur suyunun yeni faydalı xüsusiyyətini aşkar etdilər

    London İmperial Kollecinin alimləri müəyyən ediblər ki, çuğundur suyu içmək xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olan insanlarda qan təzyiqini aşağı salır və əmək qabiliyyətini yaxşılaşdırır.

    Araşdırmanın nəticələri “European Respiratory Journal” nəşrində dərc olunub.

    Tədqiqatda XOAX-dan əziyyət çəkən 81 nəfər iştirak edib. Bu həyati təhlükə yaradan ağciyər xəstəliyi tənəffüs yollarının iltihabı və bronxların şişkinliyi ilə xarakterizə olunur. İştirakçılar təsadüfi olaraq iki qrupa bölüşdürülüb. Birinci qrupun iştirakçıları 12 ay ərzində gündəlik 70 millilitr konsentratlaşdırılmış çuğundur suyu qəbul ediblər, ikinci qrupun iştirakçılarında isə “platsebo” effekti yoxlanılıb.

    Təcrübənin nəticələri göstərib ki, konsentratlaşdırılmış çuğundur suyu içən insanlarda sistolik qan təzyiqi orta hesabla civə sütunu üzrə 4,5 millimetr azalıb. Həmçinin birinci qrupdan olan könüllülərdə dözümlülük və əmək qabiliyyəti göstəriciləri artıb – tədqiqatı başa vurduqdan sonra altı dəqiqə ərzində onlar əvvəlkindən daha çox məsafə qət edə biliblər.

    Alimlər vurğulayıblar ki, çuğundur suyu XOAX müalicəsi üçün təhlükəsiz köməkçi vasitə kimi istifadə edilə bilər. Xüsusilə bu içki qan təzyiqini normallaşdırmaqla XOAX olan insanlarda ürək-damar sistemində ağırlaşmaların yaranması riskini azalda bilər.

    Qeyd olunub ki, çuğundur suyunun orqanizmə təsirini dərindən öyrənmək üçün bir sıra əlavə tədqiqatlar aparmaq lazımdır.

    Mənbə: gazeta.ru

  • Kaliforniyada əhali tullantı suları içəcək

    ABŞ-nin Kaliforniya ştatında su təchizatı agentliklərinə çirkab suları təkrar emal etməyə və sonra içməli suyu evlərə, məktəblərə və müəssisələrə buraxmağa icazə verəcəklər.

    Bununla bağlı qaydaları ştatın tənzimləyici orqanları təsdiqləyiblər.

    Onilliklər ərzində 39 milyondan çox sakinini etibarlı içməli su mənbələri ilə təmin etməyə çalışan dövlət üçün bu, böyük addımdır.

    “Kaliforniyada su çox qiymətlidir. Onu bir dəfədən çox istifadə etməyimiz vacibdir”, – deyə Kaliforniyada suyun təkrar istifadəsi ilə bağlı təbliğat aparan “WateReuse” təşkilatının direktoru Cennifer Uest bildirib.

    Kaliforniya onilliklər ərzində təkrar emal edilmiş tullantı sularından istifadə edir. Məsələn, konkisürmə meydançası bu su ilə doldurur, Soda Sprinqs xizək kurortu ondan qar hazırlamaq üçün istifadə edir, fermerlər isə bu su ilə əkinlərini suvarırlar. Yeni qaydalar su təchizatı agentliklərinə tullantı sularını qəbul etməyə, onları təmizləməyə və içməli su təchizatı sisteminə yönləndirməyə imkan verəcək. Kaliforniya buna icazə verən ikinci ştat olacaq (Kolorado birinci olub).

    Ştat daim ekstremal quraqlıqla üzləşir. Ötən il uzun müddət yağış və qarın yağmaması yazlıq əkinlərin qurumasına və ərzaq qiymətlərinin artmasına səbəb olub.

    Mənbə: The Guardian

  • Zəngli saatın səsinə oyanmaq sağlamlığınız üçün zərərli ola bilər

    ABŞ-nin Virciniya Universiteti yanında “Tibb bacısı işi” məktəbinin tədqiqatçı-doktorantı Kim Yonsu müəyyən edib ki, zəngli saatın səsi ilə oyanmaq hipertoniyaya səbəb ola, insult və miokard infarktı riskini artıra bilər.

    Araşdırmanın nəticələri universitetin saytında dərc olunub.

    Tədqiqatda 32 nəfər iştirak edib. İki gün ərzində könüllülərdən qan təzyiqinin göstəricilərini qeyd edən ağıllı saat taxmaq tələb olunub. Təcrübənin ilk günü, tədqiqat iştirakçıları səhər zəngli saat olmadan təbii şəkildə oyanmalı olublar. İkinci mərhələdə könüllülərə yuxuya getdikdən beş saat sonra zəng çalacaq zəngli saat qurmaq tapşırılıb.

    Qan təzyiqi göstəricilərinin müqayisəsi nəticəsində məlum olub ki, zəngli saatla oyanmaq onun kəskin şəkildə artmasına səbəb olur. Bunun infarkt və insult kimi təhlükəli vəziyyətlərə səbəb ola biləcəyi qeyd edilir. Təbii şəkildə oyanan insanlarda qan təzyiqinin artması 74% daha az müşahidə olunub.

    Məsələ ondadır ki, qan təzyiqinin artması simpatik sinir sisteminin fəaliyyətini stimullaşdırır, bu da stress zamanı zəruri olan həyati orqanlara qan axını artırır. Bu, qan damarlarının daralması və ürəyin yüklənməsi ilə müşayiət olunur. Bundan əlavə, yuxu çatışmazlığı (gündə yeddi saatdan az yatmaq) ürək-damar sistemi üçün mənfi nəticələri artırır və qan təzyiqinin daha da kəskin artmasına səbəb olur.

    Mənbə: gazeta.ru

  • Bakıda avtomobil piyadanı vurub

    Bakının Nizami rayonunda 42 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    “Report” xəbər verir ki, 1981-ci il təvəllüdlü Fuad Kamal oğlu Hüseynov yolu keçərkən avtomobil onu vurub.

    Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Təhlükəsizliyə laqeyd yanaşılan uşaq bağçası – VİDEO

    Bakının Sabunçu rayonunda baxımsız vəziyyətdə fəaliyyət göstərən uşaq bağçası mövcuddur.

    Belə ki, Bakıxanov qəsəbəsində yerləşən 284 saylı körpələr evi – uşaq bağçasının giriş qapısı yoxdur.

    Valideynlər bildiriblər ki, bağçanın qapısının olmamağı risklidir. Hər yoldan keçən daxil olub, uşağın əlindən tutub apara bilər.

    Təhlükəsizliyə laqeyd yanaşılan sözügedən bağçanın təmirsiz şəraiti də gözdən yayınmır.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Bayram ərəfəsində bazarlarda qiymətlər necədir? – ARAŞDIRMA (VİDEO)

    Yeni il yaxınlaşdıqca bəzi region bazarlarında canlanma yaranıb. İnsanlar bayram tədarükü görmək üçün indidən alış-verişə başlayırlar.

    Bəzi bazarlarda isə əksinə durğunluq yaşanır.

    Məsələn, İsmayıllı bazarında meyvə-tərəvəzin qiymətində artım müşahidə edilir.

    Satıcılar isə bahalaşmanın bayramla əlaqədar olduğunu deyirlər.

    Ətraflı süjetdə:

  • Goranboyda TIR yanıb

    Goranboyda yanğın hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR-da anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

    Yanğın söndürülüb, yük maşınının qalan hissəsi yanğından mühafizə edilib.

  • İlham Əliyev Xocalının Dağdağan kəndində olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Yevlaxda bir ailənin beş üzvü dəm qazından zəhərlənib – VİDEO

    Yevlaxda beş nəfər dəm qazından zəhərlənib. Onlar bir ailənin üzvləri olublar.

    Hadisə şəhərin Nüşabə küçəsi 11 ünvanında baş verib.

    Zərərçəkənlər təcili yardım briqadası ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Ailənin üzvü bildirib ki, qaz içəri dolub, xəbərləri olmayıb:

    “Gecə saatlarında böyük nəvəm su istədi. Su içdiyi vaxt anası gördü ki, uşaq yıxılır. Uşaqdan sonra digər nəvəm, gəlinim, yoldaşım, ən axırda da mənim halım pisləşdi”.

    Hadisənin başvermə səbəbləri araşdırılır.