Month: December 2023

  • Qırmızı dənizdə iki gəmi husilərin hücumuna məruz qalıb

    Bazar ertəsi husilər Qırmızı dənizdə ticarət gəmilərinə iki hücum həyata keçiriblər.

    Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

    “Dekabrın 18-də səhər saat 9:00 radələrində husi yaraqlıları Qırmızı dənizin cənubunda ticarət gəmilərinə iki hücum həyata keçirib”, – deyə CENTCOM sosial şəbəkələrdə məlumat yayıb.

    “Swan Atlantic” kimyəvi maddələr daşıyan tankerin Yəməndə husilərin nəzarətində olan ərazilərdən atılan biristiqamətli pilotsuz uçuş aparatı və gəmi əleyhinə ballistik raketlə hücuma məruz qaldığı vurğulanıb.

    Təxminən eyni vaxtda “CLARA” yük gəmisi onların yerləşdiyi yerin yaxınlığında suda partlayış olduğunu bildirib.

    Hər iki hadisə zamanı xəsarət alanlar barədə məlumat verilməyib.

    Mənbə: interfax.az

  • Macarıstan və Türkiyə arasında prioritet strateji tərəfdaşlıq elan edildi

    Macarıstan və Türkiyə arasında prioritet strateji tərəfdaşlıq sazişi imzalanıb.

    Bununla da, iki ölkə arasında münasibətlər səviyyəsi yüksəlib.

    Sənədi Macarıstanın Baş naziri Viktor Orban və Budapeştə bir günlük səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

    Liderlər həmçinin Strateji Əməkdaşlıq Şurasının iclasını, daha sonra isə birgə mətbuat konfransı keçiriblər və burada 21-ci əsrdə birlikdə qələbəyə nail olmaq üçün müttəfiqlik münasibətlərini inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.

    Mənbə: TASS

  • Sumqayıtda velosipedçi ürəktutmadan ölüb

    Sumqayıt şəhərində velosiped sürən 57 yaşlı kişi ürəktutmadan ölüb.

    APA xəbər xəbər verir ki, hadisə Xəzər bağları adlanan ərazidə baş verib.

    1966-cı il təvəllüdlü Camal Əbdül oğlu Canıyevin küçədə velosiped sürərkən qəfil halı pisləşərək dünyasını dəyişib. Onun ürəktutmadan öldüyü ehtimal olunur.

    Fakt araşdırılır.

  • Ərdoğan: “Türkiyə Ukraynada nizamlanma prosesini intensivləşdirməyə hazırdır”

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara əvvəllər yarımçıq qalmış Ukrayna münaqişəsinin həlli üçün İstanbul prosesini canlandırmağa hazırdır.

    Bu barədə o, Budapeştə rəsmi səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə danışıqlardan sonra açıqlama verib.

    Ərdoğan əvvəllər də dəfələrlə vurğulayıb ki, Ankaranın digər NATO ölkələrinin mövqeyinə baxmayaraq, həm Rusiya, həm də Ukrayna ilə danışmaq imkanı var. Prezident həmçinin qeyd edib ki, Türkiyə alyansın “adi” üzvü deyil, çünki o, təşkilatın beş liderindən biridir.

    Mənbə: osnmedia

  • “Real Madrid” “Benfika”dan Silvanı transfer etməyi düşünür

    “Real Madrid” zədəli Alabanın yerinə qışda “Benfika”dan Antoniu Silvanı transfer etməyi düşünür. Müdafiəçi ilə “Mançester Yunayted” də maraqlanır.

    Xatırladaq ki, Alabanın “Vilyarreal”la oyunda (4:1) dizinin çarpaz bağı zədələnib. O, əməliyyat olunacaq və mövsümün qalan hissəsini, o cümlədən Avro-2024-ü buraxacağı ehtimal olunur.

    Qeyd edək ki, “Real Madrid” ilkin olaraq qış transfer pəncərəsində oyunçu almağı planlaşdırmasa da, Alabanın zədələnməsi klubun planlarını dəyişə bilər. Yaxın vaxtlarda “Real Madrid” rəhbərliyi müdafiə xəttini dərhal gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirəcək.

    Mənbə: 24newnews.ru

  • Türkiyə Prezidenti Macarıstanın Baş nazirinə TOGG avtomobili hədiyyə edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərə gəldiyi Macarıstanda ölkənin Baş naziri Viktor Orban ilə görüşüb.

    Mətbuata qapalı keçirilən ikitərəfli görüşdən sonra Ərdoğan və Orban yüksək səviyyəli nümayəndə heyətlərinin danışıqlarında iştirak ediblər.

    Liderlərin qarşılıqlı hədiyyə mübadiləsi maraq doğurub. Belə ki, Ərdoğan macar Baş nazirə “TOGG” elektromobili, Orban isə Türkiyə Prezidentinə at hədiyyə edib.

  • Sumqayıtda pirotexniki vasitələrın satıldığı anbar aşkar edilib

    Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə tədbir keçirilib.

    Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, tədbir zamanı Sumqayıt şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən bir nəfər şəhər sakini müəyyən olunaraq saxlanılıb.

    Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.

    Sumqayıt ŞPİ-də araşdırmalar davam etdirilir.

  • Müəllimənin öldüyü qəza ilə bağlı hökm oxundu

    Bu ilin fevralında Şəmkirdə ağır yol qəzası törətmiş 1989-cu il təvəllüdlü Mais Rəfiyevin məhkəməsi başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, Şəmkir Rayon Məhkəməsində keçirilən prosesdə Mais Rəfiyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.

    Bildirilib ki, M.Rəfiyevin ehtiyatsızlığından onun idarə etdiyi “Mercedes-Benz ML 350” markalı avtomobil Şəmkir-Şiştəpə yolunda 1971-ci il təvəllüdlü Təranə Nağıyevanın sürdüyü “Nissan”la toqquşub. Nəticədə T.Nağıyeva vəfat edib. Onun avtomobilində olan iki xanım sərnişin xəsarət alıb. Həmçinin M.Rəfiyevin avtomobilindəki sərnişinlərdən Əfqanıstan vətəndaşı Abdulvahab Alabi xəstəxanaya yerləşdirilib.

    Məhkəmənin hökmü ilə Mais Rəfiyev bir il sürücülük hüququndan məhrum edilməklə dörd il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

    Xatırladaq ki, qəzada ölən T.Nağıyeva və avtomobildə xəsarət alan qardaşı arvadı Şiştəpə kənd orta məktəbinin müəllimələri olublar.

  • Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib

    Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin rəsmi tərəfdaşlığı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə – Gürcüstan Forumu” keçirilib.

    Forum iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ucaldılan Azərbaycanın ümummilli liderinin abidəsini ziyarət edib. Onlar abidənin önünə əklil qoyub və gül dəstələri düzüblər. Ümummilli liderin xatirəsi dərin ehtiramla yad olunub.
    Daha sonra Forum öz işinə başlayıb.

    Forumun əvvəlində Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılan mədəni irsimizi əks etdirən foto sərgi nümayiş etdirilib.

    Forum Azərbaycan Respublikasının və Gürcüstanın Dövlət Himnləri ilə başlayıb.

    Eləcə də ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Forumu Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili açıq elan edib.

    O, tədbir iştirakçılarını salamlayaraq onları Forumun mahiyyəti ilə bağlı məlumatlandırıb.

    T.Allahverdili söyləyib ki, forumun əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımız, eləcə də Qərbi Azərbaycandan olan soydaşlarımızla Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını müzakirə etmək, gürcü politoloqların, tarixçilərin məsələ ilə bağlı fikirlərini öyrənməkdir.

    Tədbirdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Səfirliyinin müşaviri Eldar Bayramov Qərbi Azərbaycana qayıdışla bağlı danışıb. O, bunun həmin ərazilərdən didərgin düşən azərbaycanlıların haqqı olduğunu bildirib.

    Müşavir çıxışında Cənubi Qafqazda yaşayan azərbaycanlıların və gürcülərin dövlətçilik tarixindən danışıb, ermənilərin bu bölgəyə sonradan köçürülmələrini sübut edən faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov deyib ki, Qərbi Azərbaycan qayıdışla siyasi müstəvidə həyata keçirilən işlər təqdirəlayiqdir. O bildirib ki, bu gün Qərbi azərbaycanlılar öz doğma tarixi yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyir. O.Ərəbov Prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində xalqımızın buna da nail olunacağını vurğulayıb.

    Sonra Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü Naqif Həmzəyev çıxış edib.

    O söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini diqqətə çatdırıb.

    Bildirib ki, Azərbaycan daim sülhün və əmin-amanlığın tərəfdarı olub. Lakin bəzi separatçı qüvvələr regionda sülhü pozmağa çalışıblar və Azərbaycan, əslində, onların bu cəhdlərinin qarşısını alıb, regionda davamlı sülhün təmin olunması üçün bütün ilkin zəruri tədbirləri görüb. Bu tədbirlər Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq ümidlərini artırıb və onlar inanırlar ki, bu gün heç də uzaqda deyil.

    Deputat dost və qardaş Gürcüstanın və gürcü xalqının da regionda sülhün bərpa olunmasına çalışdığını qeyd edib. Bildirib ki, məhz Azərbaycan, Gürcüstan və Türkiyə birliyi nəticəsində buna nail olacağıq. KOBİA yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Qərbi azərbaycanlıların doğma yurd-yuvalarına qayıtması onların öz mənəvi haqqı olduğunu bildirib.

    Çıxışlardan sonra Forum iki hissəli panel müzakirələri ilə davam edib.

    Birinci panel İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Gürcüstan Tarixi İnstitutunun dosenti, professor Nikoloz Cavaxişvili moderatorluğu ilə keçirilib. Paneldə Gürcüstan Parlamentinin sabiq deputatı Ramiz Bəkirov, gürcü tarixşünas, professor Tengiz Malania və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Huseyn Yusubov çıxış ediblər. Onlar “Cənubi Qafqazda sülh quruculuğu və separatizimə qarşı birgə fəaliyyət” mövzusunda müzakirələr aparıblar.

    Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgərin moderatorluğu ilə “Gürcüstanın işğal olunmuş ərazilərindən və Qərbi Azərbaycandan məcburi deportasiya edilmiş şəxslərin geri dönüş prosesi” mövzusunda ikinci panel keçirilib.

    Burada isə politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze, jurnalist Ceyhun Məhəmmədəli və Qarabağ qazisi-jurnalist Nahid Canbaxışlı çıxış ediblər.

    Forum sual-cavab sessiyası ilə öz işinə yekun vurub.

    Sonda isə ASAP-ın Gürcüstan nümayəndəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nəsimi Sadıqlı tərəfindən Forum iştirakçıları adından beynəlxalq ictimaiyyətə çağırış və Forumunun yekunlarına dair bəyanat səsləndirilib.

    Bəyanat beynəlxalq təşkilatlara və Gürcüstanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərə göndəriləcək. Forumda çıxış edən məruzəçilərə plaket və Qərbi Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim edilib.

  • Azərbaycanın vətəndaş cəmiyyəti COP-29-la əlaqədar bəyanat yayıb

    Azərbaycanın vətəndaş cəmiyyəti – qeyri-hökumət təşkilatları (QHT) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar birgə bəyanat yayıb.

    “Report” xəbər verir ki, bəyanat gələn il Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilən ictimai müzakirə zamanı qəbul olunub.

    Bəyanatda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarı alqışlanıb:

    “Bu növbəti tarixi uğur münasibətilə Azərbaycan xalqını, şəxsən Prezident İlham Əliyevi təbrik edirik! Bütün post-sovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası bu mötəbər qlobal tədbiri gələn il qəbul edəcək. Bu məsələdə beynəlxalq aləmin vahid mövqedən çıxış etməsi Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Beynəlxalq birliyin belə bir qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.”

    Bəyanatda Azərbaycanın COP29-u da ən yüksək səviyyədə keçirəcəyinə əminlik ifadə olunub:

    “Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrlik zamanı 120 ölkənin dəstəyini qazanmağı bacarıb və etimadı tam doğruldub, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb. Azərbaycan COP29 tədbirində on minlərlə xarici qonağı qəbul etməyə hazırlaşır. Qonaqların təmsil etdiyi ölkələrin bu cür müxtəlifliyi və zənginliyi yalnız BMT Baş Assambleyası kimi tədbirlərə xas cəhətdir. Biz – Azərbaycan ictimaiyyətinin təmsilçiləri olaraq, gələn hər bir qonağı Vətənimizdə görməyə şad olacağıq”.

    Qeyd olunub ki, ətraf mühit, iqlim məsələləri milli sərhədlər tanımır, ümumbəşəri mahiyyətlidir:

    “Onun qorunması və hər bir sahədə yaşıl təfəkkürün daha çox hakim olması planetimiz – Ümumi Evimiz üçün çox vacibdir. Biz bu sahədə bütün dünya ilə eyni hiss və həyəcanı bölüşürük.

    Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın yaşıl enerji siyasətinə olan qlobal dəstəyi ifadə edir. Biz – vətəndaş cəmiyyətinin təmsilçiləri bu sahədə də Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətini yüksək qiymətləndiririk və tam dəstəkləyirik. Bərpa olunan və yaşıl enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının Azərbaycanda 30%-ə çatdırılması gözlənilir. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir, statistik göstəricilərə görə, ölkənin quruda külək və günəş enerjisinin həcmi 27 giqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 giqavat təşkil edir.

    2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru, Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb”.

    Sənəddə xatırladılıb ki, artıq Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir:

    “Burada yaxın illərdə hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə gözəl töhfədir. Bu yaxınlarda Prezident İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın indi yaşıl gündəliyə doğru sürətlə irəlilədiyini açıqladı. Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri kimi bunu alqışlayırıq və qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfə kimi yüksək qiymətləndiririk.

    Azərbaycan xalqı daim ətraf mühit məsələlərinə həssaslıqla yanaşıb, onun qayğısını çəkib. Milli adət və ənənələrdə, folklorda da təbiətə məhəbbət, qayğı məqamları qabarıq ifadə olunub.

    Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biri kimi müəyyən edilib. Bir müddət əvvəl Bakıda Yaşıl Enerji Məşvərət Şurasının birinci toplantısının baş tutması bu siyasi iradənin növbəti nümunəsidir. Artıq bütün dünyada Azərbaycanın Yaşıl Enerji Dəhlizi barədə danışılır. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş də imzalayıb.

    Beləliklə, Azərbaycan apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etməyə tam layiqdir. Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyimizi bəyan edirik”.

    Vurğulanıb ki, COP29 eyni zamanda sülhə, əmin-amanlığa yol açır, rifaha xidmət edir:

    “COP-la bağlı Azərbaycan və Ermənistan arasında vasitəçisiz, birbaşa kommunikasiya əsasında əldə edilmiş razılaşma bu qlobal tədbirin sülhpərvər mahiyyətini bir daha nümayiş etdirir. COP mövzuları bəşəriyyəti, müxtəlif dövlətləri, dövlətlər qrupunu, düşərgələri ümumi məqsəd naminə səfərbər edən, birləşdirən qüvvədir. COP həmrəylik, qlobal məsuliyyəti bölüşmək və əməkdaşlıq platformasıdır. Biz qəbul etdiyimiz bu bəyanatla, COP29-la əlaqədar müsbət təşəbbüsləri dəstəkləməyə, beynəlxalq QHT-lərlə əməkdaşlığa, xarici ölkələrin vətəndaş cəmiyyəti təmsilçilərinə bu istiqamətdə hər cür köməklik göstərməyə hazır olduğunuzu elan edirik”.