Month: December 2023

  • Xalq artisti yıxılıb xəstəxanalıq oldu

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Rafiq Əzimovun Lənkəranda qastrol səfəri zamanı başına iş gəlib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 85 yaşlı sənətkar “Qarabağnamə” tamaşasının nümayişindən sonra yıxılıb, ayağını zədələyib.

    R.Əzimov təcili əməliyyat olunub. Hazırda evdədir, vəziyyəti yaxşıdır.

    Məlumatı teatrın Mətbuat Xidməti təsdiqləyib.

  • İlham Əliyev Serbiya prezidentini təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Serbiya Respublikasında növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və lideri olduğunuz “Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Səsvermənin nəticələri Serbiyanın inkişafı və rifahı yolunda həyata keçirdiyiniz siyasətə xalqınızın verdiyi yüksək qiymət və dəstəyi, Sizə olan böyük inam və etimadı bariz şəkildə əks etdirir.

    Dost ölkə və etibarlı tərəfdaşımız olan Serbiya ilə əlaqələrimiz bizim üçün xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi və müxtəlif sahələrdə gündən-günə genişlənən səmərəli əməkdaşlığımız bizi olduqca sevindirir. Aramızdakı fəal siyasi dialoq birgə fəaliyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələrinin qorunub saxlanmasında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz və xidmətləriniz vardır.

    Bu yaxınlarda gözəl ölkənizə səfərimi ən xoş təəssüratlarla xatırlayır, Sizinlə səmimiyyət şəraitində keçən görüşümüzü yüksək qiymətləndirirəm.

    Əminəm ki, Azərbaycan-Serbiya müstəsna münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.

  • Latviya rusiyalıları ölkədən deportasiya edəcək

    “Latviya hökuməti yaşamaq icazəsi almaq üçün tələbləri yerinə yetirməyən mindən çox Rusiya vətəndaşını ölkədən çıxarmaq niyyətindədir”.

    Bu barədə Latviya Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin nümayəndəsi Maira Rouz məlumat verib.

    O qeyd edib ki, ümumilikdə 15,5 minə yaxın Rusiya vətəndaşı Latviyada daimi yaşayış icazəsi almaq üçün müraciət edib.

    Mənbə: Delfi

  • İlham Əliyev İraqla imzalanmış iki sənədi TƏSDİQLƏDİ

    “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nun təsdiq edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Bundan başqa, dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilib.

    Qeyd edək ki, hər iki sənəd 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanıb.

  • Azərbaycanda daha bir uşaq qızılcadan öldü

    Lənkəranda qızılca xəstəliyindən ölüm halı qeydə alınıb.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Şirinsu qəsəbəsində qeydə alınıb.

    Şirinsu qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarət yaranıb. Ailənin özünün gördüyü tədbirlər zamanı uşaqda hərarət aşağı düşüb, qızartılar çəkilib.

    Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili yardım çağırılıb. Təcili yardım uşağa ilkin tibbi yardım göstərib və uşağı təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Həkimlər uşağa yardım göstərsələr də, onu xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, bununla son bir ay ərzində Azərbaycanın müxtəlif bölgələrində qızılcadan artıq səkkizinci uşaq dünyasını dəyişib.

  • Azərbaycanda bir sıra siyasi partiyalar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər

    Azərbaycanda bir sıra siyasi partiyalar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər.

    “Report”un xəbərinə görə, onlar İqbal Ağazadənin sədri olduğu Ümid Partiyası və Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasıdır.

    Ümid Partiyasının sədri İqbal Ağazadə belə bir qərarın qəbul olunmasının səbəbini açıqlayarkən qeyd edib ki, ölkə daxilindəki problemlərin həlli istiqamətində mübarizə və fəaliyyətlərini, prinsip və düşüncələrini yenə də ardıcıl və sistemli davam etdirəcəklər:

    “Lakin bu mərhələ ölkə suverenliyi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həlledici mərhələdir. Başladığı işi uğurla sona çatdırması üçün bu seçkidə iddia və istəklərimizdən, şəxsi və partiya mənafelərimizdən daha çox Azərbaycanımızı düşünərək, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyirik”.

    Haqq və Ədalət Partiyasının yaydığı açıqlamada isə partiyanın geniş tərkibdə iclasının keçirildiyi qeyd olunub:

    “Qarşıdan gələn Prezident seçkiləri məhz ona görə bayram əhvalı yaradacaq ki, azad olunmuş doğma Qarabağ torpaqlarımızda, yəni Respublikamızın bütün ərazisində ilk dəfə Azərbaycanın yaratdığı seçki məntəqələrində Azərbaycanın Dövlət bayraqları dalğalanacaq, soydaşlarımız sərbəst və demokratik şəkildə öz Prezidentini seçəcəklər. Partiya üzvləri də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qəbul etdiyi qərarı dəstəklədiklərini və seçkilərdə öz doğmaları ilə aktiv şəkildə iştirak edərək İlham Əliyevin lehinə səs verəcəklərini söyləyiblər. Sonda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib”.

  • Bakıda müəllim vəfat etdi

    Bakıda müəllim vəfat edib.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu 143 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Elşən Hüseynzadə dünyasını dəyişib.

    Onun xəstəlik səbəbindən vəfat etdiyi deyilir.

    Allah rəhmət eləsin!

  • Pulu qaytarmayıb intihar görüntüsü yaratdı – Bakıda inanılmaz fırıldaq

    Dələduzluqda ittiham edilən iş adamı Cəfər Əliyevə hökm oxunub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1974-cü il təvəllüdlü C.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.

    Araşdırmalar zamanı məlum olub ki, C.Əliyev Sadiq Yusifov adlı şəxsdən biznes qurmaq və gəlir əldə etmək adı ilə 145 min dollar (250 min manata yaxın) alıb.

    İttihama əsasən, o, vədinə əməl etməyib və Sadiqə nəinki gəlir, aldığı pulları da qaytarmayıb. Bundan sonra S.Yusifov Cəfərdən pulunu tələb edib. Cəfər isə pulu gətirmək üçün Türkiyəyə gedəcəyini bildirib. Bir müddət sonra isə sonuncunun qohumları Sadiqə Cəfərin intihar etdiyini və dəfn edildiyini bildiriblər.

    Lakin qısa vaxt sonra bu yalanın üstü açılıb və Cəfərin yaşadığı məlum olub. Onun barəsində edilmiş şikayət üzrə cinayət işi açılıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr tarixli hökmü ilə Cəfər Əliyevə 6 il həbs cəzası verilib.

  • Bakıda tramvay xətləri olacaq? – Nazir müavini CAVAB VERDİ

    Tramvay xətlərinin çəkilməsi ilə bağlı konkret fikir yoxdur, belə bir məsələ müzakirə edilmir. Lakin bu o demək deyil, tramvaylarla bağlı məsələ diqqət mərkəzində deyil.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

    R.Hümmətov bildirib ki, yerüstü tramvay xətlərinin çəkilməsi, müəyyən ərazilərin olmasını tələb edir.

    “Biz bilirik ki, nöqtələr arasında olan sərnişin sıxlığı var. Lakin bu tramvay xətlərinin yerüstü, ayrıca bir zolaqlarda birləşdirilməsi imkanlarını təəssüf ki, məhdud qiymətləndiririk”, – deyə o əlavə edib.

  • Bakıda məktəbi bitirə bilməyən 1 300-ə yaxın şəxs imtahan verəcək

    Bakıda məktəbi bitirə bilməyən 1 300-ə yaxın şəxs imtahan verəcək.

    Bu barədə Bakı Şəhəri Üzrə Təhsil İdarəsi məlumat yayıb.

    Qeyd olunub ki, əvvəlki illərdə məktəbi ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək aralıq imtahanları üçün sənəd qəbulu başa çatıb. Eksternat imtahanlarında iştirak etmək üçün 1 290 müraciət daxil olub. Eksternat imtahanları 25-26 dekabrda paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

    Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.