Month: January 2024

  • Şirvanda dəhşətli qəza: Sürücü yanaraq öldü –

    Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun 6-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində aşırıb.

    Nəticədə o hadisə yerinə həyatını itirib.

    Araşdırma aparılır.

  • Türkiyədə əməliyyat zamanı saxlanılan 30 şübhəli həbs edilib

    Türkiyənin 16 vilayətində mərc və şans oyunlarına qarşı eyni vaxtda həyata keçirilən “Sibergöz-14” əməliyyatında saxlanılan 93 şübhəlidən 30-u həbs edilib.

    Məlumata görə, mərkəz və şans oyunları təşkil etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması, cinayət törətmək üçün təşkilat yaratmaq və cinayət nəticəsində əldə edilmiş əmlakın yuyulması əməllərinə qarşı keçirilən əməliyyatda saxlanılan 93 şübhəlidən 44-ü polis bölməsində keçirilən əməliyyat tədbirlərindən sonra sərbəst buraxılıblar.

    Mənbə: Anadolu

  • “Qarabağ” “Zirə”ni 4 cavabsız qolla yendi

    “Qarabağ” və “Zirə” komandaları yoxlama oyununda üz-üzə gəliblər.

    Qarşılaşma “Azərsun Arena”da gerçəkləşib.

    Dörd hissədən (45, 25, 45, 25 dəqiqə) ibarət görüş Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 4:0. Komandanın ilk qolunu 64-cü dəqiqədə Leandro Andrade vurub. Riçard Almeyda 108-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 111-ci dəqiqədə Redon Cica komandasının üçüncü qoluna imza atıb. 120-ci dəqiqədə Nəriman Axundzadə fərqlənib.

    Qeyd edək ki, “Zirə” ilk yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib – 2:1. “Qarabağ” isə klubun əvəzedici komandasını 7:2 hesabı ilə üstələyib.

  • Azərbaycanda quzu əti niyə bahalaşır?

    Son günlər Azərbaycanda qoyun-quzu ətinin bahalaşması müşahidə olunur.

    Yaxın günlərə qədər kiloqramı 16-17 manata təklif olunan quzu ətini Bakıda bəzi yerlərdə, hətta 20 manata satırlar.

    Bəs qiymət artımı nə ilə bağlıdır?

    Qaynarinfo “Report”a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Xaliq Məmmədov hazırda qoyunlarda döl dövrü olduğundan onların bazara az sayda çıxarıldığını deyib:

    “Son nəticədə tələb təklifi üstələyir və qiymətlərin artmasını stimullaşdırır. Digər səbəb isə odur ki, dünyada, o cümlədən Azərbaycanda yem bahalaşıb. Bu da qoyunçuluğun inkişafına mənfi təsir göstərir və ətin qiymətini artırır. Qoyunların sayının azalmasının qarşısını almaq, bu heyvanın yetişdirilməsində effektiv və dayanıqlı inkişafa nail olmaq üçün yarımintensiv və intensiv üsulların tətbiqinə ehtiyac var. Azərbaycanda qoyunçuluğun inkişafı üçün şərait var. Ölkədə damazlıq qoyunçuluğa xüsusi diqqət yetirilməli, bu sahədə təcili olaraq kooperativlər yaradılmalı, ailə-kəndli təsərrüfatlarının inkişafı xüsusi konsepsiya əsasında genişləndirilməlidir”.

    Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası qoyunçuluğun inkişafına müsbət təsir edəcək:

    “Ötən il həmin ərazilərdə yerləşən yaylaqlara təxminən 3 700 qoyunçuluq və arıçılıq təsərrüfatı köçürülüb. Minalardan təmizləmə işləri davam etdikcə daha çox təsərrüfat bu ərazilərə köçürüləcək və sahə inkişaf edəcək”.

    Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Eldar Həsənov isə deyib ki, Azərbaycanda qoyunların sayının azalmasına səbəb həm də onların erkən yaşda, az çəkidə kəsilməsidir:

    “Belə olan təqdirdə isə heyvan yetişdirilməsi tam aparılmır. Son illər iqlim dəyişiklikləri ilə əlaqədar olaraq təbii otlaqlarda – bitki örtüyündə baş verən dəyişikliklər, yem çatışmazlığı da bahalaşmaya səbəb olan amillərdən biridir. Yem bazası da heyvandarlığın inkişafı üçün vacib şərtdır, bol olarsa, heyvanların yemlənməsi lazımi səviyyədə aparılarsa, məhsuldarlıq artar. Ölkə üzrə kəndətrafı örüş sahələrində də azalma var”.
    E.Həsənov əlavə edib ki, ölkədə intensiv və yarımintensiv qoyunçuluğun inkişafı əhəmiyyətlidir:
    “Bu sahədə fəaliyyət göstərən fermalar var. Fermerlər bu sahədə təcrübəni öyrənməli, tətbiq etməlidirlər”.

    Hazırda Azərbaycan ət məhsullarına olan tələbin bir hissəsini idxal hesabına ödəyir. Ətə tələbin yüksəlməsi qonşu ölkələrdən, əsasən də Gürcüstandan Azərbaycana gətirilən ət məhsullarının həcminin artmasına gətirib çıxarır. Son üç ildə ölkəyə diri qoyun əsasən Gürcüstandan gətirilir.

    2023-cü ilin 10 ayında Azərbaycan xarici ölkələrdən 24,211 milyon ABŞ dolları dəyərində (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 75% çox) 312 min 933 baş (86% çox) diri qoyun idxal edib. Bunun da 15,952 milyon ABŞ dolları dəyərində (36% çox) 214 min 191 baş qoyun (42% çox) Gürcüstandan, 7,94 milyon ABŞ dolları dəyərində (6,6 dəfə çox) 98 min 152 baş (6,4 dəfə çox) Rusiyadan və 317,62 min ABŞ dolları dəyərində (64% az) 590 baş (71 % az) Türkiyədən gətirilib.

    2022-ci ildə Azərbaycana idxal edilən 194 min 562 baş diri qoyunun 90,4%-i Gürcüstanın payına düşüb. Bundan başqa Rusiyadan, Türkiyədən və Bolqarıstandan diri qoyun idxal edilib. 2021-ci ildə alınmış 117 min 574 ədəd diri qoyunun 56% -i Gürcüstanın, 38%-i isə Rusiyanın payına düşüb.

    Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında (sonuncu statistik rəqəmlər) ölkədəki qoyun-keçinin baş sayı 9% (illik müqayisədə) azalaraq 7 milyon 223 min başa enib. Quş əti də daxil olmaqla diri çəkidə ətin istehsalında da azalma müşahidə olunur. Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 3% azalaraq 538,2 min ton ət istehsal edilib.

    Mövsümi faktorlar nəzərə alınmaqla aprel ayından yerli istehsalın həcminin artmasını müşahidə edə bilərik. Ət məhsullarının qiymətlərinin artması arzuolunan deyil, amma tələb olunan əsas qida mallarından hesab olunur və kifayət qədər çox istifadə edilir. Bu səbəbdən də insanların ümumi xərcinə təsir edir.

    Ona görə də yerli istehsal hesabına tələbin ödənilməsində çətinlik olsa, məqsədəuyğundur ki, xərc aşağı olan ölkələrdən idxal həyata keçirilsin. İdxalın stimullaşdırılması məqsədəuyğundur. İqtisadi stimullar, optimallaşma tədbirləri və vergi güzəştləri yerli istehsalın məsrəflərinin azalmasına səbəb olmaqla özünü məhsulların maya dəyərinin aşağı düşməsində göstərə bilər.

  • Xocalı sakinləri bu evlərə köçürüləcək: Müjdə canlı bağlantıda verildi (VİDEO)

    Ötən ilin sentyabrın 9-da aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunan Xocalı şəhərində görülən işlərlə bağlı son məlumatlar əldə edilib.

    Bu barədə “AzTV Xəbər”in Xocalıya ezam olunmuş əməkdaşı birbaşa bağlantıda məlumat verib.

    Qeyd edilib ki, qarlı-şaxtalı hava şəraitinin olmasına baxmayaraq, təmir-tikinti işləri gecə saatlarına kimi davam edir. Hazırda Xocalı şəhərində 283 evdə əsaslı təmir-bərpa işləri aparılır, bərpaya yararsız evlər isə yenidən inşa edilir, kommunikasiya xətləri yenilənir.

    O da bildirilib ki, yaxın günlərdə Xocalının digər ərazilərində də tərmir-bərpa və abadlıq işləri görüləcək.

    İşğal dövründə dağıntılarla yanaşı ekoloji terrora məruz qalan Xocalı şəhərinin məişət tullantılarından təmizlənmə işləri həyata keçirilir.

    Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:

  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

    2023-cü ilin dekabr ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

    Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın qiymətində olub.

    Ucuzlaşma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Qeyd edək ki, 2023-cü ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 102,7 faiz təşkil edib.

  • Baş nazir öz ölkəsini Norveçlə səhv saldı

    Danimarkanın baş naziri Mette Frederiksen ölkəsini Norveçlə səhv salıb. Belə ki, o, “Instagram” sosial şəbəkəsindəki hesabında ölkənin yeni kralının fotosunda səhv kral evini qeyd edib.

    Qaynarinfo xəbər verir ki, bu barədə Danimarkanın BT qəzeti məlumat yayıb.

    Nəşr vurğulayır ki, Frederiksen yeni kral Frederik X və Danimarka kral evinə öz hörmətini bildirmək istəyib. Lakin o, fotoda sonuncunu qeyd edərək, Danimarka və Norveç kral evlərini qarışdırıb.

    BT qeyd edir ki, baş nazir yarım saatdan sonra kral evini dəyişib.

    Qeyd edək ki, 52 il hakimiyyətdə olmuş Danimarka kraliçası II Marqret taxtdan imtina edib. Taxtdan imtina hökumət üzvləri, kraliça, vəliəhd şahzadə və onun oğlu şahzadə Kristian (XI Kristian) iştirak etdiyi Dövlət Şurasının iclasında baş tutub.

  • Məhkəmə 20 nəfəri qanunsuz işlədən iş adamına cəza vermədi

    Bakıda məşhur restoranların sahibinə qarşı açılmış cinayət işi ilə bağlı məhkəməyə qərar verib.

    Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidməti tərəfindən Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən “Miror” restoranında yoxlama həyata keçriilib.

    Aparılan yoxlama zamanı restoranın sahibi, 1992-ci ildə İmişli rayonunun Yalavac kəndində anadan olmuş Namidar Niftaliyev tərəfindən sözügedən restoranda Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni – 20 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib. Təqsirləndirilən şəxs həm də “Tural” şadlıq sarayının sahibidir.

    O, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü başa çatanadək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsindən alınmış 17 avqust 2023-cü il xidməti məktubundan müəyyən edilib ki, sahibkar “Miror” restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 20 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində xeyli məbləğdə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta və icbari tibbi sığorta” haqqını ödəməkdən yayınıb və qabyuyan, xadimə, aşbaz, barmen və digərlər sahələrdə çalışan şəxslərlə hər hansı əmək müqaviləsi bağlamayıb.

    İşin istintaqı başa çatıdırılıb və Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərləri olmadığından cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

  • Britaniya HDQ Yəmən sahillərində bir gəminin raketlə vurulduğunu bildirib

    Böyük Britaniya Hərbi Dəniz Qüvvələri bir gəminin Yəmənin Ədən şəhərindən cənub-şərqdə raketlə vurduğunu bildirib.

    Zərbə havadan endirilib.

    Hələlik hadisənin digər təfərrüatları yoxdur.

  • Ağdaş və Göyçay sakinlərindən qanunsuz silahlar götürülüb

    Polis əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı sakinlərdən 2 sənədsiz ov tüfəngi aşkarlanaraq götürülüb.

    Bu istiqamətdə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.