Month: Yanvar 2024

  • Azərbaycanın xaricdəki səfirliklərində seçki məntəqələri yaradılır

    Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılır.

    Bu barədə “Report”a diplomatik mənbələrdən məlumat verilib.

    Bildirilib ki, növbədənkənar prezident seçkisi ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülür. Bu məqsədlə seçki məntəqələri yaradılır.

    Seçki Məcəlləsinə əsasən, konsul qeydiyyatına alınan seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılır.

    Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

  • Günəşdə 2017-ci ildən bəri ən böyük partlayış qeydə alınıb

    Günəşdə 2017-ci ildən bəri ən böyük partlayış qeydə alınıb.

    Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib.

    London vaxtı ilə aparılan dünya kataloqlarında partlayış 2023-cü ilə aid edilib, baxmayaraq ki, dünyanın bəzi regionlarında artıq 2024-cü ildə qeydə alınıb. Partlayış müəyyən hissədə – Günəş ləkələrinin hərəkəti nəticəsində ulduzun tacında maqnit və elektrik enerjilərinin toplanması səbəbindən baş verib.

    “Dünən bu sahə Günəşin əks tərəfində idi, bu gün isə Yerin baxış sahəsinə düşür. Bu səbəbdən belə güclü partlayış tamamilə gözlənilməz oldu. Ola bilsin ki, görünən tərəfə çatmazdan əvvəl arxa tərəfdə, Yerdəki müşahidə cihazlarının görə bilmədiyi hissədə artıq bir neçə böyük partlayış olub”, – deyə laboratoriyadan bildirilib.

    Əgər ehtimal doğru çıxsa, o zaman partlayışlar silsiləsi davam edə bilər və Yer kürəsinin sakinləri onları yanvarın ilk günlərində görəcəklər.

    Qeyd edilir ki, partlayış “müstəsna güc hadisəsi” adlandırıla bilər, çünki əvvəlki rekorddan iki dəfə çoxdur: ilkin olaraq onun gücü X5 bal hesablanıb, 14 dekabr 2023-cü ildə qeydə alınmış əvvəlki rekord X2,8 olub.

    Alimlər bu hadisənin planetimizə təsirini tamamilə istisna ediblər, çünki o, Günəş-Yer xəttindən çox uzaqda, ulduzun şərq kənarında baş verib.

    Mənbə: Lenta.ru

  • Bakıda bayram günü iki nəfər bıçaqlanaraq öldürülüb

    Dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən iaşə obyektlərindən birində 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Binəqədi Rayon Prokurorluğu məlumat yayıb.

    Araşdırmalarla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin qeyd olunan ərazidə aralarında yaranmış mübahisə zamanı Namiq Orucov və Ramil Səfərova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Arif Bəhərçiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam edir.

  • Salatların maksimum təhlükəsiz saxlanılma müddəti açıqlanıb

    Yeni ilin ertəsi günü salatları yemək sağlamlığınız üçün təhlükəli ola bilər.

    Bunu rusiyalı həkim-qastroenteroloq, diyetoloq İnna Zaikina deyib.

    “Bilməlisiniz ki, belə qidalar tez xarab olur. Belə ki, saxlama müddəti az olan məhsullar bir-biri ilə qarışır, yağlı toksinlər istehsal edən mikroorqanizmlərin çoxalması üçün zəmin yaradır”, – deyə diyetoloq vurğulayıb.

    Mütəxəssis bildirib ki, salatların inqrediyentləri bayram süfrəsi açılan gün hazırlanmalı və onlar mütləq soyuducuda saxlanılmalıdır.

    “Bu halda hazırlanan salatın ayrı-ayrı komponentlərinin təhlükəsizliyinə 18 saat zəmanət verilir. Lakin artıq hazırlanmış salatın saxlama müddəti, soyuducuda saxlansa belə, 12 saata qədər azalır”, – diyetoloq İnna Zaikina bildirib.

    Mənbə: Lenta.ru

  • Vətəndaşların DİQQƏTİNƏ: Yanvarın 1-dən qüvvəyə minən qanunlar

    Azərbaycanda Yeni ilin ilk günündən etibarən qüvvəyə minməsi nəzərdə tutulan qanun layihələrinin və mövcud qanunlara dəyişikliklərin bir çoxu artıq təsdiqlənib.

    Sözügedən qanunların bəziləri 2024-cü ilin təsdiqlənən dövlət büdcəsi ilə əlaqədardır.

    Belə ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

    2023-cü ildə isə bu məbləğ ölkə üzrə 246 manat idi.

    2023-cü ildə təsdiqlənən və 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilən yeniliklərdən biri də yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə buraxılmamasıdır. Cari ildə geniş müzakirələrə səbəb olan qərara əsasən, yanvarın 1-dən başlayaraq istehsal ili 2013-cü ilə qədər olan avtomobillərin ölkəyə idxalı qadağandır.

    2024-cü ildən nəqliyyat sahəsində tətbiq ediləcək dəyişikliklərdən biri də sərnişindaşıma fəaliyyətinə tələblərin sərtləşdirilməsidir. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, qanuna taksometr, analoq taxoqraf, rəqəmsal taxoqraf, rəqəmsal taxoqraf kartı, sürücünün taxoqraf kartı, operatorun taxoqraf kartı, emalatxana taxoqraf kartı, nəzarətçi taxoqraf kartı, formulyar, taksi sifarişi operatoru, buraxılış vəsiqəsi, buraxılış kartı kimi yeni anlayışlar əlavə edilib.

    Yanvarın 1-dən ölkədaxili sifarişli daşımalara taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aid edilib.

    Qanunun tələblərinə riayət etməyən fiziki, vəzifəli və hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsində məsuliyyət müəyyən edilib. Bütün bunlar 2024-cü ilin ilk günündən artıq qüvvədə olacaq.

    İlin ilk günündən Azərbaycanda hərbçilərin pensiya yaşı da dəyişir. Dəyişikliyə əsasən, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi 20 təqvim ilindən 25 təqvim ilinə qaldırılır.

    Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizi də 50-dən 65-ə qaldırılacaq. Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu üç təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.

    “Sosial sığorta haqqında” Qanuna da dəyişiklik edilib. Dəyişikliyə əsasən, sığortaolunanın seçim hüququ cari il ərzində yarandıqda məcburi dövlət sosial sığorta haqqının bu maddənin birinci hissəsinə uyğun olaraq hesablanması seçim hüququnun yarandığı gündən etibarən həyata keçirilir. Sığortaolunan seçim hüququnu itirdikdə isə məcburi dövlət sosial sığorta haqqının bu maddənin birinci hissəsinə uyğun olaraq hesablanması seçim hüququnun itirildiyi gündən etibarən dayandırılır.

    Yeni hazırlanmış “Dövlət satınalmaları haqqında” Qanun isə 2023-cü ilin iyulun 14-də imzalansa da, yeni ilin ilk günü tətbiq olunacaq. Bu müddət ərzində iki əsas məqama diqqət yetirilib. Birinci məsələ kimi qanunamüvafiq olaraq normativ aktların hazırlanması vacib idi. Burada söhbət 20 ədəd normativ aktın qəbul edilməsindən gedir. İkinci məsələ isə bu müddət ərzində bazarın qanunun tətbiqinə hazırlanması idi. Bu qanunun əsasında BMT-nin və Avropa Birliyinin satınalmalar üzrə prinsipləri durur.

    Yeni qanuna əsasən, Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edən yeni qanunda satınalmanın yalnız vahid internet portal (bundan sonra – portal) vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.

    Qanunda, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir.

    Həmin qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir və qanun qüvvəyə mindiyi gündən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanunu ləğv edilir.

    “Elektroenergetika haqqında” Qanuna isə yeni maddə əlavə edilib. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır.
    //oxu.az

  • 2023-cü ildə ən populyar olan emojilər açıqlanıb

    “Emojipedia”nın baş redaktoru Keyt Broni, “Yahoo/News”un xahişi ilə 2023-cü ildə ən çox istifadə edilən 10 emojini açıqlayıb.

    Emojilərin arasında lider gülərək ağlayan emoji olub. Növbəti yerdə gülərək yerdə yuvarlanan emojidir (ROFL). İlk üçlüyü qırmızı ürək şəkli tamamlayıb. Aşağıda bükülmüş ovuclar, ağlayan üz, ürək-gözlər, qığılcımlar, atəş, bağlı gözlərlə gülümsəyən üz, ürəklərlə gülümsəyən bir üz.

    2023-cü ildə ortaya çıxan emojilərdən ən populyarı çəhrayı üz, titrəyən üz və mavi ürək olub.

    Keyt Broni hesab edir ki, yuxarıda müsbət mənaları olan emojilərin olması insanların müsbət münasibət saxlamaq istəyini göstərir.

    Broni qeyd edib ki, emoji yaxın gələcəkdə öz aktuallığını itirməyəcək. Onun sözlərinə görə, onlar güclü ünsiyyət vasitəsidir və uzun müddət belə qalacaqlar.

    “Mən tam əminəm ki, emoji yaxın zamanlarda yox olmayacaq. Onların qlobal populyarlığı ildən-ilə artmaqda davam edir və 2023-cü il də istisna deyil. Bu, insanların özlərini daha yaxşı ifadə etmək üçün istifadə etdikləri inanılmaz dərəcədə güclü bir ünsiyyət vasitəsidir”, – deyə o bildirib.

  • Maskın “X” sosial şəbəkəsi 71% ucuzlaşıb

    Amerikalı milyarder İlon Maskın “Twitter” sosial şəbəkəsini satın almasından sonra o, 71% ucuzlaşıb.

    Belə ki, “Fidelity” şirkətinin məlumatına görə, “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) noyabrın sonundakı göstəricilərə əsasən dəyəri, alış zamanı olan qiymətilə müqayisədə 71,5% azdır.

    “Fidelity” fondu vaxtilə Maska “Twitter”i almağa kömək edib.

    Xatırladaq ki Mask şəbəkəni 44 milyard dollara alıb.

    Mənbə: mk.ru

  • Azərbaycanda 2024-cü ilin ilk körpəsi dünyaya gəlib – FOTO/VİDEO

    Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.

    1 yanvar 2024-cü il tarixində saat 00:01-də doğulan körpənin cinsi qız, boyu 45 santimetr, çəkisi 2 580 qram olub.

    Doğulan uşaq ananın ilk hamiləliyi olub.

    Qeyd edək ki, 24 yaşlı Göyçay sakini Sünel Rəsulzadə uşaqlıqda çapıq diaqnozu ilə təcili olaraq qeysəriyyə əməliyyatına qəbul edilib.

    Əməliyyat uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.

  • Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinənlər saxlanılıblar

    Almaniyada avtomobildən istifadə edərək terror aktı hazırlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

    Bu barədə Köln polisinin nümayəndəsi məlumat yayıb.

    Xatırladaq ki, dekabrın 24-də Köln, Vyana və Madriddə terror aktları planlaşdırmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. İndi məlum olub ki, o, terror hücumlarını təklikdə planlaşdırmayıb.

    Potensial hədəflərdən biri kimi Kölnün simvolu və Almaniyanın ən məşhur görməli yerlərindən biri olan Köln Kafedrali seçilib. Belə ki o, dünyanın ən hündür üç kilsəsindən biridir və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

    Mənbə: TASS