Month: Yanvar 2024

  • Filmlərlə bağlı yeni qanun bu gündən qüvvəyə minir

    Bu gündən film istehsalı ilə bağlı vergi güzəşti tətbiq olunacaq.

    Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Azərbaycan Respublikasında qeydiyyatdan keçən və film istehsalını, habelə dublyajını həyata keçirən, mikrosahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib.

  • Buğda idxalı daha üç il müddətinə ƏDV-dən azad edilib

    Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

    Bu, Vergi Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

    Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.

    Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddəti iki dəfə uzadılmaqla vergidən azad edilmişdi.

    Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir.

  • Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

    Dekabrın 31-də paytaxt ərazisindəki evlərin birindən 20 000 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakini S.Quliyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabiq icra başçısı doğum günündə vəfat etdi – FOTO

    Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vəlihə Abdullayeva vəfat edib.

    İqtisadiyyat.az xəbər verir ki, o, Bakı şəhərində 75 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Vəlihə Böyükağa qızı Abdullayeva 1949-cu ilin yanvarın 1-də dünyaya gəlib. O, 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-ci ildən Salyan Rayon Maliyyə şöbəsində, Salyan Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində, Salyan Rayon İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb.

    1997-ci ildən Salyan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirib, 1998-2001-ci illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

  • Xaricdən dərman gətirmək istəyənlərin diqqətinə: Resept əsas götürüləcək

    Bu gündən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.

    Bu, “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər. Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iki iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi ölkəyə gətirilə bilər.

    Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

  • Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır

    Bu gündən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minir.

    Dəyişikliyə əsasən, aksiz dərəcələri artırılır.

    Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.

    Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, qanuna görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

    Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

    Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti, tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır. Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilir.

  • Lənkəranda pirotexniki vasitələrin satışına görə beş nəfər məsuliyyətə cəlb edildi

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Lənkəran rayonunda müxtəlif ərazilərdə beş nəfər rayon sakini – E.Əliyev, A.Ağayev, S.Talıbov, E.Heydərov, T.Cabbarovun gizli şəkildə pirotexniki vasitələrin satışını apardığı müəyyən edilib.

    Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

  • Prezident İlham Əliyev kubalı həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 1-də kubalı həmkarı Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Biz Azərbaycan-Kuba ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Bu xoş fürsətdən istifadə edərək Yeni, 2024-cü il münasibətilə də Sizə ən səmimi təbriklərimi çatdırır, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Bakıda avtomobilini beton maneəyə çırpan sürücü həlak oldu

    Bakının Sabunçu rayonunda baş verən avtoqəzada bir nəfər ölüb.

    APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

    1987-ci il təvəllüdlü Nicat Cabir oğlu Ələsgərov idarəetməsində olan VAZ markalı nəqliyyat vasitəsini beton maneəyə çırpıb.

    Qəza zamanı o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Ağdaşda zəlzələ olub

    Ağdaş rayonunda zəlzələ olub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Büronun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 10:35-də Mingəçevir stansiyasından 23 km cənub-şərqdə, Ağdaş rayonunda qeydə alınıb.

    Yeraltı təkanların dərinliyi 30 km, maqnitudası 3,24 olub.

    Zəlzələ hiss edilməyib.