Month: January 2024

  • EEVZA çempionatında iştirak edəcək Azərbaycan millisi Litvaya yollanıb

    Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərinə yola düşüb.

    Şahin Çatmanın rəhbərlik etdiyi komanda Latviya, Ukrayna, Estoniya, Polşa və ev sahibi ilə üz-üzə gələcək.

    Yığmamız ilk matçını yanvarın 3-də Estoniyaya qarşı keçirəcək.

    Qeyd edək ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

  • Yeni il süfrəsindəki təhlükə – Ölüm gətirir

    Bayram süfrəsini zəngin və təmtəraqlı etmək üçün çeşid-çeşid yeməklər, növbənöv salatlar və şirniyyatlar hazırlanır.

    Bayram vaxtı istehlak edilməyən yeməklər isə bəzən israf olunmaması üçün sonrakı günlərə saxlanılır.

    Lakin mütəxəssislər hesab edirlər ki, dəfələrlə qızdırılıb bayat şəkildə istehlak olunan yeməklərin orqanizmə bir sıra mənfi təsirləri ola bilər.

    Ona görə də, belə qidaların istehlakı zamanı daha diqqətli olmaq lazımdır.

    Xüsusilə yumurta, balıq, ət, göbələk kimi məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq açıq şəraitdə qalmamalı, daha sonra soyuducuda saxlanılmalıdır.

    İsti yeməklər soyuducuya yerləşdirilməmişdən əvvəl otaq temperaturuna qədər soyudulmalıdır. Bəzi qidaların isidilərək yenidən istehlakı ümumiyyətlə tövsiyə edilmir.

    Belə ki, toyuq əti ya təzə bişmiş, ya da soyuq halda istehlak olunmalıdır. Kartof, çuğundur, ispanaq kimi tərəvəzlər, ən əsas da göbələklər bişirildikdən sonra yenidən qızdırıldıqda qida dəyərini itirdiyi üçün bu məhsulların təzə-təzə bişirilib istehlak edilməsi daha məqsədəuyğundur.

    Yeri gəlmişkən, yeməklərin xarab olub-olmadığını dad və ya qoxu vasitəsilə müəyyən etmək hər zaman mümkün olmur.
    Qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar var ki, onlar qidanın qoxusunu və dadını korlamadan belə çoxala bilir, hətta bəziləri toksin ifraz edir.

    Belə bakteriyalar dəniz məhsulları, süd və süd məhsulları, tortlar və digər kremli şirniyyatlarda daha tez çoxala bildiyi üçün ən çox qida zəhərlənmələri də məhz bu qidalar düzgün saxlanılmadıqda və təkrar isidilərək istehlak edildikdə baş verir.

    Bayat yeməklər kimi, bayat çayın da orqanizmə ziyanı var. Çünki dəmlənmiş köhnə çay bütün faydalı xüsusiyyətlərini itirməklə yanaşı, insan orqanizminə mənfi təsir göstərə bilir.

    Mütəxəssislər deyirlər ki, qeyd olunan mənfi halların baş verməməsi və bayat qida qəbul etməmək üçün yeməkləri mütləq qədərində hazırlamaq lazımdır. Həm də bişirilmə tarixi bilinməyən yeməklər yeyilməməlidir.

    ///Baku.ws

  • Söndürülməmiş siqaret Yevlaxda bayram edənləri qorxutdu – VİDEO

    Sosial şəbəkələrdə yayılan videogörüntülərdə Yevlax şəhəri ərazisində quraşdırılan Yeni il ağacının pirotexniki vasitələrin atılması zamanı yanması barədə iddialar səsləndirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı iddialarla bağlı AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, dekabr ayının 31-i saat 21 radələrində Yeni il ağacının ətrafında olan məişət tullantıları üçün nəzərdə tutulan kauçuk qaba atılan siqaret közü həmin qabda yanğının baş verməsinə səbəb olub.

    “Kauçuk qabda baş verən yanğın dərhal polis əməkdaşları tərəfindən söndürülüb. Hadisə zamanı hər hansı bir xəsarət və ciddi ziyan dəyməsi halı aşkar edilməyib. Əlavə olaraq qeyd edək ki, Yeni il ağacına heç bir ziyan dəyməyib”.

  • Azərbaycandan İstanbula 27 mindən çox turist səyahət edib

    Ötən ilin noyabr ayında Azərbaycandan 27 min 113 turist Türkiyənin İstanbul şəhərinə səyahət edib.

    Median.Az “report”a istinadən xəbər verir ki, bu barədə İstanbul Vilayəti Mədəniyyət və Turizm Müdirliyi məlumat yayıb.

    Noyabr ayında İstanbul şəhərinə ümumilikdə 1 milyon 288 min turist səfər edib ki, bu da illik müqayisədə 4 % azdır. Hesabat dövründə İstanbula ən çox Rusiyadan olan turistləri (135 min 696 nəfər) gəlib. Onlardan sonra bu siyahını Almaniyadan (89 min 810), İrandan (88 min 727) və ABŞ-dan (61 min 566) olan turistlər davam etdirib.

    İstanbula noyabrda səfər edən turistlərin 96,7 %-i və ya 1 milyon 245 nəfəri hava yolu ilə, 43 mini dəniz yolu ilə gəlib.
    2023-cü ilin yanvar-noyabr ayında isə İstanbula gələn xarici turistlərin sayı 9 % artaraq 16 milyon 051-ə çatıb.

  • Şəhid general-mayor Polad Həşimovun doğum günüdür

    Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

    P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub.

    Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.

    General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

    Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

    Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

    2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
    Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Altı il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

    P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhəboyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

    2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. 2021-ci ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

    P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

    P.Həşimovun Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızı yadigar qalıb.

  • Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri müəyyənləşib

    Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri müəyyənləşib.

    Dünya Güləş Birliyinin (UWW) rəsmi saytının məlumatına görə, Xorvatiyada keçiriləcək “Zaqreb Open”də Azərbaycan 28 güləşçi ilə təmsil olunacaq.

    Sərbəst güləş: İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nüdərrin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrail Qadjiev (74 kq), Arsen Coyev, Osman Nurməhəmmədov (hər ikisi 86 kq), Giorgi Meşvildişvili, Vahit Qalayev (hər ikisi 125 kq).

    Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Xasay Həsənli, Sənan Süleymanov (hər ikisi 77 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Murat Lokiayev, Murad Əhmədiyev (hər ikisi 97 kq), Sabah Şəriəti, Beka Kandelaki (hər ikisi 130 kq).

    Qadın güləşi: Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Elis Monolova (68 kq).

    Qeyd edək ki, “Zaqreb Open” 10-15 yanvar aralığında baş tutacaq.

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin fevral füçersləri 1,65% bahalaşaraq, bir barelinin qiyməti 72,83 ABŞ dolları olub.

    “Brent” markalı neftin mart füçersləri 1,88% bahalaşaraq, bir barelinin qiyməti 78,49 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Prezident olmaq istəyənlər üçün ayrılan vaxt altı gün sonra başa çatır

    Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.

    “Report”un xəbərinə görə, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.

    Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək.

    Bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

    Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

    Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyevin, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.

    MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.

    Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

    Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

  • В Геранбойском районе опрокинулся автомобиль: есть пострадавшие

    В селе Сяфикюрд Геранбойского района произошло серьезное дорожно-транспортное происшествие.

    Как передает АПА, легковой автомобиль Mercedes съехал с дороги и опрокинулся.

    В результате аварии местные жители – Абдуррахман (2005 г.р.) и Аллахверди (2004 г.р.) Насибовы, а также Ибрагим Йолчуев (2006 г.р.) получили различные травмы и были госпитализированы, их состояние оценивается как стабильное.

    По данному факту ведется расследование.

  • Goranboyda minik maşını aşıb, xəsarət alanlar var

    Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

    “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı rayon sakinləri – 2005-ci il təvəllüdlü Əbdürrəhman Nəsibov, 2004-cü il təvəllüdlü Allahverdi Nəsibov və 2006-cı il təvəllüdlü İbrahim Yolçuyev – müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.