Month: January 2024

  • Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmədə günahlandırılan general: “Bilsəydim, tədbir görərdim”

    Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunaraq tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində dindirilən “N” saylı hərbi hissəsinin maliyyə xidmətinin rəisi Musa Məmmədov deyib ki, onun tərəfindən maliyyə yoxlamaları zamanı 455 min manat ziyan vurulması müəyyən edilib. O bildirib ki, hərbi hissəyə ayrılan pullar nağdlaşdırılıb və korpusun maliyyə xidmətinin rəisi olmuş Rasim İbrahimova məruzə edilib. Rasim İbrahimov və Emin Poladov onun xidmət etdiyi hərbi hissədə təftiş aparıblar. Şahid deyib ki, hərbi hissəyə ayrılan vəsaitdən mənimsənilən pulun 60 faizini onlara verib, qalan 40 faizini isə özünə götürüb.

    M.Məmmədov bildirib ki, onun tərəfindən mənimsənilən vəsaitin 265 min manatını ödəyib, qalan vəsaiti də hissə-hissəyə ödəyəcək.

    Təqsirləndirilən Cəlal Kazımov deyib ki, şahid M.Məmmədov tərəfindən xidmət etdiyi hərbi hissədə başqa bir hərbi hissədə xidmət edən guya Füzuli Ələkbərov adlı şəxsin adına 17 500 manat köçürüb. Onun sözlərinə görə, bu, istintaq sənədlərində müəyyən edilib.

    Şahid isə bunun düzgün olmadığını, Füzuli Ələkbərovun kartına vəsait köçürmədiyini deyib. Suallara cavab verən şahid deyib ki, real olmayan şəxslərin adına kartlar açıblar və pulları həmin formada mənimsəyiblər.

    Təqsirləndirilən Cəlal Kazımov isə deyib ki, əvvəlki iclaslarda da mövcud olmayan şəxslərin adına kartlar açılması, pulların həmin kartlara əməkhaqqı adı altında köçürülməsi barədə iddialar səsləndirilib:

    “Burada hamı nağıl danışır, belə kart açdıq, pulları belə köçürdük. Bunun mümkün olmadığı məlumdur. Bir neçə maliyyə xidmətlərinin rəisi var ki, onlar şəxsi adlara pul köçürüblər. Amma həmin pulları niyə köçürüblər? Bu, bəlli deyil. Bunları da istintaqda demişəm”.

    Digər şahid Yaşar Rzayev də hərbi hissədə maliyyə xidmətinin rəisi olub. O, xidmət dövründə maliyyə pozuntusuna yol verildiyini bildirib. Qeyd edib ki, hərbi hissələrdən birində aparılan yoxlamadan ona 280 min 685 manat əlavə pul qalıb:

    “Həmin pulu da özümə götürmüşəm. Bir səhvdir etmişəm. Bununla bağlı təftişə gələnlər olub. Onlara həmin puldan vermişəm. Ümumilikdə hərbi hissədə 4 dəfə yoxlama aparılıb”.

    Y.Rzayev deyib ki, təftişə gələnlərdən birinə rəhbərliyi Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi olmuş Rəfael Xələfov edib:

    “Həmin vaxt Rafael Xələfova 164 min manat vermişəm. Ümumilikdə 4 il ərzində 963 min manat təftişçilərə vermişəm”.

    Y.Rzayev bildirib ki, 2019-cu ildə Büdcə və Maliyyə İdarəsində planlaşdırma şöbəsinin rəisi təyin olunub. Onun sözlərinə görə, onların işi şəxsi heyətin iş planını müəyyən etməkdən ibarət olub.

    Təqsirləndirilən Nizami Məmmədov deyib ki, şahid Yaşar Rzayev onun kadrı olub:

    “Yaşar Rzayevi mən hərbi hissəyə maliyyə xidmətinə rəis göndərmişəm. Bir neçə ildən sonra dedi ki, rəis, təqaüdə çıxacağam, məni yüksək vəzifəyə gətir, təqaüdə çıxanda pensiyam yüksək olsun. Onu idarədə planlaşdırma şöbəsinə gətirdim. 2017-ci ildə Rafael Xələfov yoxlama aparıb. Bu da mənə bir söz deməyib. Belə çıxır ki, Rafael Xələfovla birləşib iş görüblər. Rafael Xələfov bu işçini çox tərifləyirdi, deyirdi ki, yaxşı işçidir, qabağa çəkmək lazımdır. Rafael Xələfov bildirirdi ki, belə işçiləri qabağa çəkmək lazımdır, qoy yaxşı işçilərlə bağlı and içməyə yerimiz olsun. Amma indi məlum olur ki, Rafaellə əlbir olub, iş görüblər. Dəfələrlə qəbulumda olub. Amma mənə bir dəfə Rafaelin qanunsuz iş görməsini deməyib. Desəydi, tədbir görərdim”.

    Şahid deyib ki, Rafael Xələfovla heç bir işbirliyi olmayıb.

    Digər şahid Əli Qədirli isə deyib ki, maliyyə yoxlamaları zamanı onun tərəfindən dövlətə 400 min manat ziyan vurulması müəyyən edilib. O, 2019-cu ildə maliyyə xidmətinə rəis təyin olunduğunu bildirib:

    “Məndən əvvəl də belə olub. Pullar hesaba köçürüləndən sonra məbləğlərin şişirdilməsi nəticəsində bir qismi mənimsənilib. 2019-cu ildə həmin vəzifəyə gələndə vəziyyəti belə görmüşəm”.

    Şahid qeyd edib ki, iki dəfə yoxlamanı təqsirləndirilən Bayram Bayramov aparıb:

    “Üçüncü dəfə isə yoxlamaya Rafael Xələfov 4 nəfərlə gəlmişdi. Yoxlamalar zamanı bilinməyən məbləğlərin olması müəyyən edildi. Həmin vəsaitin də 50 faizini Rafael Xələfov götürdü”.

    Əli Qədirli ifadəsində dövlətə onun tərəfindən dəymiş ziyanın 50 min manatını ödədiyini deyib. Bildirib ki, qalan məbləği də yaxın zamanlarda ödəyəcək.

    Bundan sonra ifadə verən şahid Samir Həmidov deyib ki, şərti olaraq 26 nəfərin adına əməkhaqqı kartı açıblar:

    “Həmin şəxslərin ad və soyadları mənim tərəfimdən şərti adlar altında yazılıb. Həmin adları banka təqdim etməklə əməkhaqqı kartı açılıb. Pullar da həmin kartlara köçürülüb. Bundan sonra tərəfimizdən həmin pullar nağdlaşdırılaraq götürülüb”.

    Şahidin ifadəsi ilə bağlı arayış verən Nizami Məmmədov deyib ki, mövcud olmayan şəxslərin adına bankda əməkhaqqı kartı açmaq mümkün deyil:

    “Bu, uydurmadır. Şəxsi heyətlə bağlı hərbi hissə komandiri tərəfindən banka siyahı təqdim olunub. Şəxsiyyət vəsiqəsini təqdim etməklə şəxsi heyət üzvlərinə əməkhaqqı kartı açılıb”.

    Bu məsələ ilə bağlı arayış verən digər təqsirləndirilən Cəlal Kazımov deyib ki, 2013-cü ilə kimi əməkhaqqı kartları hərbi vəzifə kartını banka təqdim etməklə açılıb:

    “Amma 2013-cü ildə Zakir Həsənov nazir vəzifəsinə gələndən sonra hərbçilərə əməkhaqqı şəxsiyyət vəsiqəsi əsasında verilməyə başlanıb. Həmin vaxtdan da hərbçilərin əməkhaqqı kartlarının alınması üçün banklara şəxsiyyət vəsiqələri təqdim olunub. O dövrdən banka şəxsiyyət vəsiqəsi təqdim etmədən əməkhaqqı kartı alınması mümkün deyil”.

    Şahid qismində daha sonra Sahil Mehdizadə ifadə verib. Sahil Mehdizadənin ilkin ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər yaranıb. Belə ki, o, ifadəsində mənimsəmə kimi qeyd edilən müəyyən miqdarda vəsaitin hərbçilərə ödənildiyini deyib. İstintaqda isə həmin vəsaitin mənimsənildiyi qeyd edilən akta qol çəkərək təsdiq edib.

    O, vəkil Rəşad Mirmehdizadənin bunun səbəbi ilə bağlı suallarına cavab verməyib.

    Daha sonra digər şahidlər – Fərrux Xəlilov, Yasin Şahverdiyev, Təyyar Fərəcov, Yasin Davudzadə, Nicat Qurbanov, Nicat Yusifov, Taleh Hüseynov və İbadulla Əliyev ifadə veriblər. Onlar da işlədikləri hərbi hissələrdə qanunsuzluqlara yol verdiklərini, dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsinə yol verdiklərini deyiblər.

    Onların mənimsədikləri vəsaitlərin bir qismi ödənilib, böyük hissəsi isə hələ də ödənilməyib.

    Proses yanvarın 26-da davam etdiriləcək.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

    Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

    Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

    Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

  • Gəncədə məktəblinin qətli ilə bağlı YENİ DETALLAR: “Son zəng”də…

    Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Bəxtiyar oğlu Rəhimovun qətlə yetirilməsi ilə bağlı bəzi detallar üzə çıxıb.

    Mərhumun yaxın qohumları bizim.media-nın yerli bürosuna bildiriblər ki, Raulla ona bıçaq zərbəsi endirən həmyaşıdı Fərid Şabanov arasında əvvəllər də mübahisə olub.

    Məlumata görə, F. Şabanov Bağmanlar qəsəbəsində babasının evində yaşayır. F. Şabanovun anası, Raulun isə babası həmin məktəbdə müəllimdir. Ötən il keçirilən “Son zəng” mərasimində onlar arasında bir dəfə də mübahisə olub.

    “Raul çox sakit və mehriban uşaq idi. Böyük-kiçiyin yerini bilən idi. Uzaqdan bir az qohumluqları da çatır. Onu niyə bıçaqla vurduğunu biz də hələ bilmirik. Bildiyimiz odur ki, səhər məktəbə gedib və bu hadisə baş verib”, – deyə Raulun qohumu əlavə edib.

    Gəncə Şəhər Regional Təhsil İdarəsinin məlumatına görə, qətli törədən F. Şabanov məktəbin şagirdi deyil.

  • Bakıda şaxta olacaq, yollar buz bağlayacaq

    Şaxta olacaq, yollar buz bağlayacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

    Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-ü axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Yanvarın 24-25-də Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0 dərəcədən 2 dərəcəyədək şaxta olacağı gözlənilir.

    G.Məmmədova həmçinin vurğulayıb ki, yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yanvarın 24-də yollarda görünüş məsafəsinin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimalı var.

  • Emin Ağalarov 27 il əvvəl yanacaqdoldurma məntəqəsində çalışdığı dostu ilə – FOTO

    Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yeni paylaşım edib.

    Sənətçi 2.2 milyon izləyicisi olan instaqram hesabında dostu Murat Kayarla fotosunu paylaşıb.

    Ağalarov bir zamanlar dostu Muratla ABŞ-dədə yanacaqdoldurma məntəqəsində çalışdığını bildirib.

    “27 il əvvəl Nyu-Cersi ştatında eyni yanacaqdoldurma məntəqəsində saatı 5 dollara işlədiyimiz dostum Murat. İnanılmaz xatirələr” – deyə, Xalq artisti şəkilə şərh yazıb.

  • Şuşada “İslam ölkələrinin ortaq süfrəsi” festivalı keçiriləcək

    Bu il Şuşada “İslam ölkələrinin ortaq süfrəsi” festivalı keçiriləcək.

    Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

    Eyni zamanda, Şuşada islam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.

    Bununla bağlı Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırıq verilib.

  • “Bandotdel”dən silsilə əməliyyatlar: Saxlanılanlar var – FOTO/VİDEO

    Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar həyata keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Nəticədə qanunsuz dövriyyədən 24 kiloqram narkotik vasitə və dörd ədəd odlu silah çıxarılıb.

    Tədbirlər zamanı əvvəllər məhkum olunmuş Murad Baxşızadə, Elşad Camalov, Məmməd Məmmədov və Anar Ərəbov üzərlərində odlu silah gəzdirdikləri üçün saxlanılıblar. Onlardan lüləsi və və qundağı kəsilmiş dörd ədəd tüfəng aşkar edilib. Baş İdarə əməkdaşları tərəfindən Abşeron, Nəsimi və Suraxanı rayonlarında keçirilən əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Soltan Şirinov, Cavid Əlizadə, tanışı Turan Mustafayev, əvvəllər məhkum olunmuş Fərid Kazımov və Zaur İbrahimov saxlanılıblar. Bu şəxslərdən 19 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən qurudulmuş marixuana və 5 kiloqram heroin aşkar olunub.

    Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) köhnə avtomobil idarə edən şəxslərə xəbərdarlıq edib.

    Bu barədə BDYPİ-dən məlumat verilib.

    “Yollarda xoşagəlməz halların yaşanmaması üçün şinlərinin protektorundakı naxışlarının qalmış hündürlüyü normaların tələbinə uyğun olmayan avtomobillərin istismarına yol verməyin, qarlı, şaxtalı havalarda təkərlərin təzyiqini normadan aşağı saxlayın, istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz edilməyən köhnə avtomobilləri idarə etməkdən çəkinin, avtomobilinizin şüşə silgəclərinin, şüşəyuyanlarının, xarici işıq cihazlarının işlək vəziyyətdə olmasından əmin olun, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, habelə avtomobillərin zəncir və dartı kəndiri ilə təchiz olunmasını təmin edin.
    Unutmayaq ki, hərəkət sürətinin yol və hava şəraitinə uyğun seçilməsi, ara məsafəsinin gözlənilməsi, zərurət olmadan ötmə əməliyyatlarının aparılmaması, qəfil manevr və kəskin tormazlamalardan çəkinmə, xüsusilə enişli-yoxuşlu yollarda, sərt döngələrdə ehtiyat tədbirlərinin görülməsi hər zaman, xüsusilə əlverişsiz hava şəraitində ən etibarlı yanaşmadır” – xəbərdarlıqda qeyd olunub.

  • Baş nazirdən Şuşa ilə bağlı – Sərəncam

    “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib.

    Bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

    Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Mədəniyyət Nazirliyi müəyyən edilib.

    Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirməlidir.

    Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Arvadını öldürən şəxs yenidən hakim qarşısında

    Bakıda arvadını öldürməkdə təqsirləndirilən Yadigar Cəfərovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

    Pravda.az xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 26-na təyin edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Cəfərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə 2021-ci il iyulun 8-də Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1980-cı il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. O, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib.

    Yadigar Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

  • Perinatal Mərkəzdəki yanğın zamanı təxliyə olunmuş körpələrdən ikisi öldü

    Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra Kliniki Tibbi Mərkəzə (KTM) köçürülən uşaqlardan 2-si dünyasını dəyişib.

    Bakupost.az-ın əldə etdiyi məlumata görə, körpələr bu gün səhər saatlarında vəfat edib.

    Qeyd edək ki, Perinatal Mərkəzdə yanvarın 9-da 4 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

    Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.

    Perinatal Mərkəzdən təxliyə edilənlər Kliniki Tibbi Mərkəzə (KTM), KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına, “Yeni Klinika”ya, Mərkəzi Neftçilər Xəstəxanasına, Sabunçu Tibb Mərkəzinə və Xətai Tibb Mərkəzinə yerləşdirilmişdi.