Month: February 2024

  • “Lada” avtomobilləri Azərbaycanda yığıla bilər

    Rusiyanın “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” avtomobillərinin yığılmasını təşkil etmək üçün danışıqlar aparır.

    Bu barədə şirkətin rəhbəri Maksim Sokolov Moskvada keçirilən “Rossiya” forum-sərgisi çərçivəsində jurnalistlərə bildirib.

    “Biz belə danışıqlar aparırıq və hazırda “AvtoVAZ” nümayəndə heyəti Azərbaycandadır. Onlar gələcək tərəfdaşlarımızın istehsal imkanlarına baxırlar. Ümid edirəm ki, yazda Azərbaycandan müsbət xəbərlər olacaq”, – deyə Sokolov bildirib.

    Qeyd edək ki, hələ yanvarda təşkil olunan “AvtoVAZ”ın təqdimatında qeyd olunub ki, şirkət Azərbaycanda iri aqreqatların yığılması üsulu ilə avtomobillərinin kütləvi istehsalına başlamağı planlaşdırır.

    Mənbə: TASS

  • Uşaq Avroviziyası 2024-ün harada keçiriləcəyi məlum oldu

    Uşaq Avroviziyası 2024-ün ötən il təmsilçisi qalib gələn Fransada deyil, İspaniyada keçirilməsi qərarı verilib.

    Bu barədə Avropa Yayım Birliyi məlumat yayıb.

    Böyüklər üçün Avroviziya-dan fərqli olaraq, Uşaq Avroviziyası qaydaları qalib gələn yayımçının növbəti müsabiqəni öz ölkəsində keçirməsini tələb etmir.
    Buna görə də, France Télévisions tədbirin təşkili imkanını İspaniyanın milli ictimai yayımı Radiotelevisión Española-ya təhvil verib.

    Ötən il ispaniyalı Sandru Valero ikinci yeri tutub. Ölkə sonuncu dəfə 2004-cü ildə qalib gəlib.

    “İspaniyanın qələbəsindən 20 il sonra biz nəhayət tədbiri burada keçirə bildiyimiz üçün çox şadıq. Biz RTVE-yə Avropanın hər yerindən olan gənc rəssamlara öz istedadlarını nümayiş etdirmək üçün inanılmaz platforma təqdim edən müsabiqəyə ev sahibliyi etməyə razılıq verdiyinə görə minnətdarıq”, – Junior Eurovision-un icraçı direktoru Martin Osterdal bildirib.

  • Bakıdakı dəhşətli qətli videoya çəkən qonşunun hüquqi məsuliyyəti varmı?

    Ötən gün bir ailənin üzvlərinin qətlə yetirilmə anları lentə alınıb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Belə ki, fevralın 13-də baş vermiş ağır cinayəti qonşu qapının gözlüyündən lentə alıb.

    Cinayətkarın əməlini törədən zaman heç bir kömək etməyə çalışmayan, sadəcə, qətl anını lentə alan qonşunun hərəkəti müzakirələrə səbəb olub.

    Vətəndaşların bir qismi videonu çəkən şəxs barədə müxtəlif fikirlər səsləndirib.

    Bəs qanun nə deyir?

    Hüquqşünas Cavid Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, əgər qonşu cinayət hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməyibsə, məsuliyyət daşıyır:

    “Mövcud Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Maddədə qeyd olunan cinayətin obyektiv cəhəti ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi barədə xəbər verməmədə ifadə olunur. Xəbər verməmə dedikdə ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsini bilən şəxsin bu barədə məlumatı hakimiyyət orqanlarına, ya onların vəzifəli şəxslərinə bildirməməsi, ifadə olunan hərəkətsizliyi başa düşülür”.

    Qeyd edək ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

    Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycanda qızqaçırma halları – Artıb

    Azərbaycanda evlənmək məqsədilə qızqaçırma halları artıb.

    Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi məlumatda bildirilib.

    Rəsmi məlumata görə, 2023-cü ildə əvvəlki illə müqayisədə evlənmək məqsədilə adam oğurluğu 15,0 faiz çox olub.

    Həmçinin, 2023-cü ildə əvvəlki illə müqayisədə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma 11,3 dəfə, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma 2,4 dəfə, rüşvət cinayətləri 2,1 dəfə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə 2,0 dəfə, quldurluq 31,1 faiz, soyğunçuluq 23,9 faiz, qaçaqmalçılıq 17,3 faiz, ekoloji cinayətlər 14,4 faiz, oğurluq 10,8 faiz, xuliqanlıq və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər – hər biri 5,7 faiz azalmış, terror xarakterli cinayətlər 4,3 dəfə, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı 3,1 dəfə, qanunsuz sahibkarlıq 66,7 faiz, vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma 50,8 faiz, dələduzluq 32,4 faiz, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə 30,1 faiz, ictimai mənəviyyat əleyhinə cinayətlər 23,0 faiz, mənimsəmə və ya israf etmə cinayətləri isə 21,0 faiz artıb.

  • Ötən il ən çox maaş alanlar onlar olub

    2023-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilə nisbətən 11,2 faiz artaraq 933,8 manat təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

    Qeyd edilib ki, əməkhaqqı neft-qaz sektorunda 3492,0 manat, qeyri neft-qaz sektorunda 885,2 manat təşkil edib.

    Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 904,0 manat, özəl müəssisələrdə isə 966,0 manat olub.

    Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

  • Sınaq imtahanı olacaq

    Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 18-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.

    DİM-dən verilən məlumata görə, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.

    İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3469 abituriyent qeydiyyatdan keçib. İmtahan fevralın 18-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 20 binada təşkil olunacaq.

    Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

    İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.

    İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Abituriyentlərə tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd etsinlər və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralasınlar.

    İmtahanın idarə edilməsi üçün 40 imtahan rəhbəri, 310 nəzarətçi, 20 ümumi imtahan rəhbəri, 55 buraxılış rejimi əməkdaşı ayrılıb.

    Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilir.

    Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.

  • Temperatur 5-10° enəcək, qar yağacaq – Xəbərdarlıq

    Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 15-dən ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 15-i günün ikinci yarısından 17-si gündüzədək havanın arabir küləkli olacağı, şimal-qərb küləyinin 15-20 m/s, 15-i axşam və 16-sı gecə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

    Fevralın 16-17-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 16-sı səhər yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, 17-də isə ayrı-ayrı yerlərdə qısamüddətli sulu qar və qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.

    Azərbaycanın rayonlarında fevralın 18-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 15-də gündüz əksər rayonlarda yağıntıda qısamüddətli fasilə olacaq.

    Şərq küləyi fevralın 16-17-də arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

  • Prezident sükan arxasında – Video

    Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

    Median.Az
    qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı inauqurasiya mərasiminə özü avtomobili idarə edərək gəlib.

    Həmin anın görüntülərini təqdim edirik:

  • Dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

    Ölkəyə müxtəlif təyinatlı tibbi avadanlıqlar gətirəcəyi vədi verərək etibardan sui-istifadə yolu ilə müxtəlif insanlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, zərərçəkənlərdən daxil olan şikayətlər əsasında Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs 1981-ci il təvəllüdlü Ramin Məhərrəmov tutularaq istintaqa təqdim edilib.

    R.Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

    Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar polisə məlumat verə bilərlər.

  • Vətəndaşların nəzərinə: Sabah üç rayonda qaz olmayacaq

    Sabah Masallı, Xızı və Siyəzən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, “Masallı 1” və “Masallı 2” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində və “Yaşma-Siyəzən” yüksək təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı fevralın 15-də saat 10:00-dan “Yaşma Qəbul” ölçü qovşağından və saat 14:00-dan “Masallı 1” və “Masallı 2” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.