Month: February 2024

  • İmişlidə çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənir

    İmişli şəhərində çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənir.

    “Report”un Muğan bürosunun məlumatına görə, İmişli şəhərinin Meliorator qəsəbəsində yerləşən 12, 13 və 14 nömrəli çoxmənzilli yaşayış binalarının dam örtüklərində müasir metal vərəqlərdən ibarət örtük materiallarından istifadə edilməklə əsaslı təmir işlərinə başlanılıb.

    Ötən əsrin 50-60-cı illərində inşa olunmuş çoxmənzilli yaşayış binalarının dam örtükləri inşa olunan vaxtdan təmir-bərpa işləri aparılmaması ilə əlaqədar mənzillərin yağış sularına məruz qalması halları yaşayışçıların problemlərinə səbəb olurdu. Bu səbəbdən də sözügedən binalarda dam örtüklərinin yenilənməsi məqsədəuyğun hesab edilib.

    Artıq bu problem tam olaraq aradan qaldırılır.

    Qeyd edək ki, gələcəkdə İmişli şəhərinin digər ərazilərində yerləşən çoxmənzilli yaşayış binalarının dam örtüklərində də əsaslı təmir işlərinin aparılması istiqamətində müvafiq tədbirlər nəzərdə tutulub.

  • В Азербайджане запрещены импорт и продажа медицинского средства Pencan

    В Азербайджане запрещены импорт и продажа медицинского средства Pencan.

    Об этом сообщили в Центре аналитической экспертизы Министерства здравоохранения Азербайджанской Республики.

    Согласно информации, в обращении компании M&C Firması говорится, что было принято решение отозвать у конечных пользователей, предприятий розничной торговли (аптек) и оптовой торговли (дистрибьюторов) медицинское изделие под торговым названием “Pencan 25Gx3 1/2 (88 мм) M.FK-EU/AP/SA”, выпущенное под серийным номером 23E24H8B05, в связи с риском поломки спинальной иглы при использовании.

    Данное обращение было рассмотрено сотрудниками Центра аналитической экспертизы и, руководствуясь положениями части 5 “Правил отзыва лекарственных средств”, утвержденных постановлением Кабинета министров Азербайджанской Республики от 27 ноября 2019 года №460, было принято решение об отзыве медицинского изделия.

    Принимая во внимание вышесказанное и положения части 16 “Правил отзыва лекарственных средств”, запрещаются ввоз в страну и оптовая и розничная продажа медицинского изделия с коммерческим наименованием “Pencan 25Gx3 1/2 (88 мм) M.FK-EU/AP/SA”, выпущенного под серийным номером 23E24H8B05.

  • Azərbaycanda bir tibbi vasitənin satışı qadağan olundu

    Azərbaycanda bir tibbi vasitənin satışı qadağan olunub.

    Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

    Qeyd olunub ki, “M&C Firması”nın Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciətində 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2 (88 mm) M.FK-EU/AP/SA” ticari adlı tibb vasitəsinin spinal iynəsinin iynə altlığı və polad kannulanı birləşdirən hissənin istifadə zamanı qopması riski ilə əlaqədar könüllü olaraq geri çağırmaq qərarı qəbul etdiyi və qeyd edilən seriya ilə buraxılan tibb vasitələrini son istifadəçilərdən, pərakəndə satış müəssisələrindən (apteklərdən) və topdansatış müəssisələrindən (distribütorlardan) geri çağırması bildirilib.

    Müraciəti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları araşdırıb və Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 5-ci hissəsinin müddəalarını rəhbər tutaraq, müraciətdə qeyd edilən tibb vasitəsinin geri çağırılması qərarı Mərkəzin sərəncamı ilə təsdiqlənib.

    Yuxarıda qeyd edilənləri və “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 16-cı hissəsinin müddəalarını nəzərə alaraq, 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2 (88 mm) M.FK-EU/AP/SA” ticari adlı tibb vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilir.

  • Bosniya və Herseqovinanın Serb lideri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

    Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az xəbər verir ki, məktubda deyilir:

    “Cənab Prezident, əziz dostum.

    İcazə verin, ölkənizdə keçirilən prezident seçkilərində tarixi qələbəniz və aşkar zəfəriniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Bu, siyasi, iqtisadi daxil olmaqla Sizin hər bir strategiyanızın doğru olduğunu təsdiq edən parlaq qələbədir. Azərbaycan Respublikasını möhkəm addımlarla sabit və firavan gələcəyə aparmaqda xalqınızın Sizə və Sizin müdrikliyinizə inamı və etimadı vardır.

    Cənab Prezident, seçicilərin bu qərarı təkcə Azərbaycan və onun xalqı üçün deyil, habelə bütün regionda və dünyada sülh uçun önəmlidir.

    Biz Serb Respublikasında Azərbaycandakı seçki kampaniyasını və seçkilərin nəticələrini diqqətlə izlədik və mən birmənalı olaraq dəstəyimi və Sizin qalib gələcəyinizə dair ümidimi açıq şəkildə ifadə etdim.

    Zati-aliləri, Azərbaycan Respublikasının möhtərəm Prezidenti, fürsətdən istifadə edərək Sizi növbəti yeddi illik prezidentlik müddətiniz münasibətilə bir daha təbrik edirəm.

    Sizə dərin minnətdarlığımı bildirir, cansağlığı, dost Azərbaycan xalqına rifah, firavanlıq və inkişaf arzulayıram”.

  • Maya Sandu Prezident İlham Əliyevi təbrik edib

    Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident.

    Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və Azərbaycan xalqına sülh, firavanlıq arzulayıram.

    Ümidvaram ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri bundan sonra da ölkələrimizin əməkdaşlığının inkişafı üçün əsas təşkil edəcək.

    Dövlətlərimiz arasında siyasi dialoqun konstruktiv xarakterini vurğulamaq və ölkəmin ikitərəfli münasibətlərin dərinləşməsinə açıq olduğunu təsdiqləmək istərdim. Əminəm ki, biz birgə səylərlə ölkələrimizin vətəndaşlarının mənafeyi naminə iqtisadi-ticari, investisiya, enerji və kənd təsərrüfatı sahələrində Moldova-Azərbaycan əməkdaşlığını daha da intensivləşdirə biləcəyik.

    Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar və nailiyyətlər arzulayır, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib

    Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

    “Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.

    Sonra tədbir Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında davam edib.

    Səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələrinə Sarayın foyesində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı hazırlanmış veb saytı, poçt markası, posterlər təqdim edilib.

    Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Prezident İlham Əliyevin muxtar respublikanın 100 illik yubileyi münasibətilə təbrikini çatdırıb.

    Naxçıvan Muxtar Respublikanın 100 illiyini Azərbaycanın bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qeyd olunmasını xüsusi xoşbəxtlik kimi dəyərləndirən Fuad Nəcəfli Prezident İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib, ali dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.

    Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən bu il ərzində əlamətdar tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

    F.Nəcəfli vurğulayıb ki, Naxçıvanda müasir idarəetmə modelinin tətbiqi, aparılan institusional islahatlar, nəqliyyat imkanlarının genişləndirilməsi, Azərbaycanda ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublikanın yaşıl enerji zonası elan olunması, bütün bunların yekunu olaraq isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyub.

    Sonra Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ulu torpaq, Ulu Öndər” filmi nümayiş etdirilib.

  • Netanyahu hərbi kabinetin təcili iclasını çağırdı

    İsrailin baş naziri Benyamin Netanyahu hərbi kabinetin təcili iclasını çağırıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

    Məlumata görə, Qəzza zolağında əməliyyatın müzakirəsi və girovların azad edilməsi ilə bağlı mümkün sövdələşmə gündəmdədir.

    “İsrail hökuməti HƏMAS hərəkatının Qəzza zolağındakı lideri Yəhya Sinvarı anklavda saxladığı bütün girovları azad etmək şərti ilə aradan qaldırmaq əvəzinə, ölkədən çıxarmağı düşünür”, məlumatda qeyd olunub.

  • Axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib

    Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, başqa ölkələrin ərazisində silahlı birləşmələrdə qanunsuz olaraq iştirak etməkdə təqsirləndirilərək 2023-cü ildə beynəlxalq axtarışa verilmiş Tacikistan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü Mamur İkromoviç Yusupovun verilməsinə dair Tacikistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Mamur Yusupov 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.

  • Rusiya XİN Azərbaycanda seçkinin uğurla keçirilməsini alqışlayıb

    “Rusiya Azərbaycanda prezident seçkisinin uğurla keçirilməsini alqışlayır”.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

    “Rusiya tərəfi Azərbaycanda seçkinin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ən yüksək səviyyədə üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsinə sadiqdir”, – bəyanatda qeyd olunub.

    Rusiya XİN Prezident Vladimir Putinin telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevi səmimi qəlbdən təbrik etdiyini və ona təbrik məktubu ünvanladığını xatırladıb:

    “Məktubda qeyd olunub ki, səsvermənin nəticələri Azərbaycan Prezidentinin yüksək siyasi nüfuzunu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyi kursa ümumxalq dəstəyini tam təsdiq edir”.

    Bəyanatda bildirilib ki, Azərbaycanda keçirilən seçkini 790 beynəlxalq müşahidəçi izləyib:

    “Rusiya Federasiyası 148 nümayəndəni, o cümlədən Federal Məclis, MDB İcraiyyə Komitəsi və Parlamanet Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı və ATƏT DTİHB vasitəsilə göndərib. MDB-nin Baş katibi Sergey Lebedev seçkinin demokratik iradənin ifadəsi prinsiplərinə uyğun keçdiyini, seçicilərin böyük fəallığının müşahidə olunduğunu vurğulayıb. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinin sözlərinə görə, səsvermə rəqabətli, alternativ əsasda və əlverişli atmosferdə keçib. Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min seçkilərin açıq və şəffaf keçirilməsinə diqqət çəkib. Bütün bunların fonunda Qərb dövlətlərinin və onların nəzarətində olan beynəlxalq strukturların qiymətləndirmələri son dərəcə qərəzli görünür. Onlar əvvəlcədən də Azərbaycanda prezident seçkisinə son dərəcə qərəzli yanaşıb və seçki prosesini gözdən salmaq üçün əvvəlcədən təsdiqlənmiş üsullardan istifadə ediblər”.

    Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrinin 100 faizindən daxil olmuş ilkin məlumatlara əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində liderdir.

  • Azərbaycanın güləş yığmalarının Avropa çempionatı üçün yekun heyətləri – SİYAHI

    Fevralın 12-18-i aralığında Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.

    Bu barədə Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, yarışa baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında yunan-Roma güləşçiləri start verəcəklər.

    Heyətdə Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.

    Daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi Semyon Çterev, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq), Ayona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (65 kq) mübarizə aparacaq.

    Çempionatın son günlərində isə xalçaya sərbəst güləşçilər çıxacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Arseni Cioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) uğur qazanmağa çalışacaq.

    Avropa çempionatında I-S kateqoriyalı hakimlər Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaq.