Month: February 2024

  • Rüşvətə görə tutulan şəxslərlə bağlı QƏRAR

    Ali Məhkəmədə rüşvətalma və rüşvətə təhrik etmədə təqsirləndirilən Toğrul İskəndərov və Bağır Şirəliyevin barələrindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, dövlət kassasiya protesti qismən təmin edilib. Belə ki, Toğrul İskəndərovun Cinayət Məcəlləsinin 311.1 və 32.3,320.1-ci maddələri, Bağır Şirəliyevin isə Cinayət Məcəlləsinin 32.5,311.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin hökmü kassasiya protestinə əsasən dəyişdirilib. Həmin şəxslərin “Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilsin” hissəsi dəyişdirilərək, “Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibin olmadığına görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilsin” sözləri ilə əvəz edilib. Hökm qalan hissədə kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Toğrul İskəndərov 5 il və Bağır Şirəliyev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bağır Şirəliyev Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzanı çəkməsi himayəsindəki – 22 noyabr 2016-cı il təvəllüdlü uşağı 14 yaşına çatmasınadək, yəni 22 noyabr 2030-cu il tarixə kimi təxirə salınıb.

    Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən, Toğrul İskəndərovun Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilib. Onun Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilib. Həmin hökmdən Toğrul İskəndərovun Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin maddəsi ilə təyin edilmiş 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən, qismən toplanılsın və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü ilə onun Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, Bağır Şirəliyevin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilib. Təqsirləndirilən şəxs Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilib. Həmin hökmdən Bağır Şirəliyevin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilib. Onun üzərində yalnız Cinayət Məcəlləsinin 32.5, 311.1-ci maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü Bağır Şirəliyevin apellyasiya şikayətinə əsasən, qalan hissədə dəyişdirilmədən saxlanılıb.

    Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon Dövlət Arxivinin müdiri Toğrul Çapar oğlu İskəndərov xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb. Müəyyən edilib ki, Toğrul İskəndərov qeyd olunan vəzifədə işləyərkən tanışı Bağır Şirəliyevlə qabaqcadan əlbir olaraq 2022-ci ilin avqust ayı ərzində vətəndaşın adına torpaq sahəsi ayrılmasına dair arxivdə olan sənədlər əsasında müvafiq arayışın verilməsi müqabilində rüşvət alıb. Habelə, Toğrul İskəndərovun qabaqcadan əlbir olduğu Bağır Şirəliyevlə birlikdə ayrı-ayrı vətəndaşlara müvafiq qurumlarda iş stajlarının olması barədə saxta arayışlar təqdim edərək onların 11 min 500 manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə, qeyd edilən qanunsuz hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə də əsaslı şübhələr müəyyən edilib. İlkin sübutlar əsasında Toğrul İskəndərov və Bağır Şirəliyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.1 (rüşvətalma), 32.4 312.2 (rüşvət verməyə təhrik etmə), 178.2.1, 178.2.2, 178.2.3 (dələduzluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə Toğrul İskəndərov barəsində həbs, Bağır Şirəliyev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

  • İstintaq təcridxanasına mandarinin içərisində narkotik keçirilməsinin qarşısı alınıb

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.

    Həbs edilmiş şəxs Fərid Arzuman oğlu Məmmədova anası Süsən Fəxrəddin qızı Abbasova tərəfindən gətirilmiş sovqatdakı iki ədəd mandarinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,461 qram marixuana və 1,268 qram metamfetamin aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda tələbə vəfat edib

    Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev dünyasını dəyişib.

    Bu barədə Universitetin sosial şəbəkə hesablarında məlumat yayılıb.

    Bildirilib ki, 2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuş Şahin Əliyev Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Qrup nümayəndəsi kimi daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

  • Nazirdən yüksək vəzifəyə TƏYİNAT

    Elm və Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin edilib.

    Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çapay Məmmədov nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı olmaqla bir neçə dövlət şirkətində insan resursları sahəsində rəhbər vəzifələrdə çalışıb.

  • MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı HƏBS OLUNDU

    Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətmələrinin təfərrüatları məlum olub.

    “Report”un əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsində həmin şəxslərlə bağlı qərar qəbul edilib.

    Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər.

    Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil edəcəyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, dörd nəfər həbs olunub.

    Hazırda xuliqanlıq maddəsi ilə bağlı qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

  • Azərbaycanlı iş adamı Ukraynada dünyasını dəyişdi

    Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamı Çingiz Abbasov dünyasını dəyişib.

    Konkret.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

    İş adamının qəfildən ürəyi dayanıb.

    Qeyd edək ki, Çingiz Abbasov 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Uzun illər Ukraynada yaşayıb. Onun Donetskdə olan evi və obyektləri Ukrayna-Rusiya müharibəsi zamanı dağıdılıb. Xarkova köçən azərbaycanlı bir müddət idi ki, orada məskunlaşmışdı.

  • Prezident bir qrup gənci təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları verilib:

    Abdullayeva Gülnar Rizvan qızı

    Ağamirova Rəvanə Seymur qızı

    Ağazadə Taryel İsa oğlu

    Allahverdiyev Ayxan Elman oğlu

    Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı

    Məhərrəmova Zərifə Hüseyn qızı

    Məmmədov Ulucay Akif oğlu

    Məmmədova Dinara Bəxtiyar qızı

    Məmmədova Fatimə Nizami qızı

    Mirələmli Pərviz Atamalı oğlu.

  • “Tik-Tok”da video çəkərək insanları narahat edən yeniyetmə evdədir? – RƏSMİ CAVAB

    Sosial şəbəkələrdə görüntüləri yayılan A.C sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.

    DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur.

    Qeyd edək ki, A.C Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.

  • Tanınmış meyxanaçının qalmaqallı görüntüləri yayıldı – VİDEO

    Nicat Rəhimovla Azər Baxşəliyevin aparıcılığı ilə hər həftə “Xəzər” telekanalında yayımlanan “Zarafat bir yana” verilişində xoşagəlməz hadisə yaşanıb.

    Verilişin növbəti buraxılışının qonağı meyxanaçı Ələkbər Yasamallı olub. O, verilişdə izləyicilərdən birinin ona ünvanladığı sualı bəyənməyib.

    İzləyicinin verdiyi sualdan bərk qəzəblənən meyxanaçı iradlarını verilişdən sonra çay masası arxasında aparıcılarla bölüşüb. Sözügedən kadrları Nicat Rəhimov instaqramda payaşıb.

    “Hanı o uşaq, mən niyə gedirəm onun yanına, o gəlsin bura. Tamaşaçıların qarşısında o sualın verilməsi düz gəlmir. Uşağa zəng gəldi, mənə elə gəlir ki, Namiqin adamıdı. Yenə də Allahı bilər, özü bilər. Namiq də mənim dostumdur, amma bir az başqa cür olub”. – Ələkbər Yasamallı videoda qeyd edib.

  • Ağsuda bank kartından oğurluq edən və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı bank kartından oğurluq edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini ona məxsus bank kartından naməlum şəxs tərəfindən pul oğurlanması barədə polisə müraciət edib. Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər də soyğunçuluq və narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Tağı Seyidov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

    Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mehdi Əlikramlı saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

    Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, istintaq aparılır.