Month: February 2024

  • Bakıya qayıdan Kamil ilk onunla görüşdü – VİDEO

    Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılandan sonra dünən sərbəst buraxılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Bakıya qayıdıb.

    K. Zeynallı Heydər Əliyev adına Beynəlxalq Hava Limanından ilk olaraq anasının evinə gəlib və onunla görüşüb.

    Azərbaycan Prezidentinə xüsusi minnətdarlıq bildirən məşqçi bildirib ki, bu qədər tez zamanda Bakıya qayıdacağına inanmayıb. “Baku TV” Kamil Zeynallının evindən canlı yayıma qoşulub: “Cənab Prezidentə, daxili işlər nazirinə, Baş prokurora, Azərbaycanın Rusiyadakı səfiri Bolad Bülbüloğluna təşəkkür edirəm. Dövlətimiz sağ olsun”.

    K. Zeynallı qeyd edib ki, Moskvada polis bölməsində saxlayandan sonra onu erməni polis əməkdaşının nəzarətinə veriblər. Həmin görüntüləri təqdim edirik:

  • DYP-dən “Qarabağ” – “Braqa” oyunu ilə bağlı azarkeşlərə MÜRACİƏT

    Dövlət Yol Polisi (DYP) bugünkü futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib.

    Bu barədə DYP-dən məlumat yayılıb.

    Bildirilib ki, bu gün “Qarabağ” və Portuqaliyanın “Braqa” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur:

    “Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunun nəzərə alaraq ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur”.

  • Azad olunmuş ərazilərdə 16 yolun layihələndirilməsinə başlanılıb

    “Azad olunmuş ərazilərdə 16 yol layihəsi fəaliyyətdədir, onlardan üçünün reallaşdırılması artıq bitib”.

    “APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, Bərdə-Ağdam, Hadrut-Füzuli avtomobil yolları və “Zəfər yolu” üzrə işlər artıq bitib.

    “Digər layihələr üzrə işlər sürətlə gedir. Bəzilərində layihə gücü artıq 70%-i ötüb”, – Saleh Məmmədov qeyd edib.

    Onun sözlərinə görə, bu ilin sonu – 2025-ci ilin ortalarına qeyd olunan layihələrin 80-90%-i tamamlanacaq.

  • İlham Əliyev Səudiyyə Ərəbistanı kralına təbrik məktubu göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “22 fevral – Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında İslam həmrəyliyi, qardaşlıq, qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm veririk. Aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq bir sıra sahələrdə səmərəli əməkdaşlığımız ilə müşayiət olunmaqdadır.

    Ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə Səudiyyə Ərəbistanının ilk gündən göstərdiyi dəstəyini yüksək qiymətləndiririk. Əminəm ki, qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin dərinləşdirilməsi, həm ikitərəfli əsasda, həm beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətimizin bundan sonra da uğurla davam etdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Rusiya XİN: NATO müharibəyə qoşula bilər

    NATO müharibəyə qoşula bilər.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

    Onun sözlərinə görə, Alyans Kiyevə silah tədarükünün koordinatoru rolunu öz üzərinə götürmək istəyir və Ukraynadakı münaqişədə birbaşa iştirakını açıq şəkildə bəyan edir.

    M.Zaxarova Rusiya ilə Alyans arasında birbaşa toqquşmadan narahatlığını ifadə edib.

    Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

    Daha əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. NATO-nun Baş katibi Yens Stoltenberq isə Rusiya iqtisadiyyatının uzunmüddətli müharibəyə hazırlandığı barədə açıqlama verib. Həmçinin NATO-nun müdafiə naziri Byorn Arild Qram da Rusiya ilə müharibəyə hazır olmaq barədə xəbərdarlıq edib.Estoniya kəşfiyyatı isə məlumat yaymışdı ki, Rusiya nə qədər lazımdırsa, müharibəni uzatmağa hazırdır. Litva XİN başçısı Qabrielius Landsbergis da Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib.
    //report

  • Şadlıq sarayları qiymətləri qaldırdı

    2024-cü ilin yanvar ayında şadlıq saraylarında sifarişlərin sayı 6.5 faiz artıb.

    Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

    Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, eyni zamanda, şadlıq saraylarında yanvar ayında qiymətlər 5.6 faiz artıb.

    Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb: 6.2 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 5.8 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.9 faiz artım qeydə alınıb.

    Ümumilikdə istehlak bazarında ən yüksək qiymət artımları yenə də qida məhsullarında qeydə alınıb. Bu, ərzaq tələbinin yüksəlməsi və idxal inflyasiyanın hələ də aktiv olması ilə əlaqələndirilir. Ərzaq məhsulları üzrə illik inflyasiya 2.5 faiz olub.

  • Numan Kurtulmuş Bakıya gəlib

    Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıya gəlib.

    Bu barədə TBMM məlumat yayıb.

    Qeyd edilib ki, sədr Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün Bakıdadır.

  • “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” ləğv edilib

    “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilib.

    Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

    Sərəncama əsasən, “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilib.

  • Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 2 ədəd “Tula” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Ombudsmanın nümayəndələri anası tərəfindən xəsarət yetirilən azyaşlının vəziyyəti ilə bağlı araşdırma aparıb

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri tərəfindən Ağstafada azyaşlının anası tərəfindən xəsarət yetirilməsi ilə bağlı mediada yayımlanmış məlumatla əlaqədar yerində araşdırma aparılıb.

    Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri ilə birlikdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında uşaqla görüşərək, onun müalicəsi və səhhəti ilə maraqlanıb, hazırkı vəziyyətinin qənaətbəxş olduğu məlum olub.

    Bununla yanaşı, uşağın anası və babası ilə də fərdi qaydada görüş keçirilib. Regional Mərkəzin əməkdaşları, eyni zamanda, uşağın məktəbdən kənarlaşdırılması məsələsinin araşdırılması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialının və Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəbin nümayəndələri ilə də görüş keçirib.

    Görüşlər zamanı azyaşlının hüquqlarının, o cümlədən təhsil hüququnun bərpası ilə bağlı müvafiq tövsiyələr verilib.

    Məsələnin nəzarətdə saxlanılması üçün səlahiyyətli orqanlara müraciətlər ünvanlanıb. Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir.