Month: March 2024

  • Azərbaycan İnsan İnkişafı İndeksində mövqeyini yaxşılaşdırıb

    Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən hazırlanan İnsan İnkişafı İndeksində (İİİ) dünyanın 193 ölkə və ərazisi arasında 89-cu yerdə qərarlaşıb.

    “Report” hesabata istinadən xəbər verir ki, indeks 2022-ci il üçün məlumatları təqdim edir. Ölkə 2021-ci illə müqayisədə mövqeyini 6 pillə yaxşılaşdırıb.

    Ölkələr insan inkişafının üç əsas göstəricisi – gözlənilən ömür uzunluğu, gözlənilən və faktiki təhsil müddıti və adambaşına alıcılıq qabiliyyəti pariteti ilə ölçülən ümumi milli gəlir üzrə qiymətləndirilib.

    Orta ömür uzunluğu 73,5 il olan azərbaycanlılar 12,7 il təhsil alır, adambaşına düşən ümumi gəlir isə 15 018 ABŞ dolları təşkil edir.

    2022-ci ildə Azərbaycanın İİİ-dəki göstəricisi 0,760 (maksimum dəyər – 1,000) olub. Ölkə İİİ göstəricisinə görə yüksək olan ölkələr kateqoriyasına daxil olub. Reytinqdə Azərbaycan Peru ilə Braziliya arasında yer alıb.

    İndeksin lideri 0,967 göstərici ilə İsveçrə olub. İlk beşliyə həmçinin Norveç (0,966), İslandiya (0,959), Honkonq (0,956) və Danimarka (0,952) daxil edilib.

    BMTİP-nin insan inkişafı üzrə yeni hesabatı “Dalandan çıxış: Qütbləşmiş dünyada əməkdaşlığı yenidən düşünmək” adlanır. Ekspertlərin proqnozlarına görə, 2020 və 2021-ci illərdə kəskin azalmadan sonra İİİ 2023-cü ildə rekord səviyyəyə çatacaq.

    “Bununla belə, bu irəliləyiş dərin bərabərsizliklə müşahidə olunur. Zəngin ölkələrdə rekord səviyyədə yüksək insan inkişafı yaşanırsa, yoxsul ölkələrin yarısı böhrandan (koronovirus pandemiyasından) əvvəlki səviyyələrdən geri qalır”, – hesabatda göstərilib.

    BMTİP-nin rəhbəri Axim Ştayner qeyd edib ki, zəngin və kasıb ölkələr arasında bərabərsizliyin azaldılması istiqamətində sabit tendensiya əks istiqamətə çevrilib. “Dünyadakı cəmiyyətlər bir-birinə ayrılmaz şəkildə bağlı olsalar da, biz bərabərsizliyi aradan qaldırmaq vəzifəsinin öhdəsindən gəlmirik. Biz qarşılıqlı asılılığımızın bizə verdiyi imkanlardan istifadə etməliyik”, – o deyib.

    Hesabatda deyilir ki, beynəlxalq kollektiv fəaliyyətin uğuru hazırkı “demokratiya paradoksu” tərəfindən əngəllənir. Qeyd olunur ki, dünyada hər 10 nəfərdən 9-u demokratiyanı dəstəkləyir, lakin qlobal sorğularda iştirak edənlərin yarıdan çoxu məhz demokratiyanı sarsıda biləcək liderləri dəstəklədiyini bildirir.

    Ekspertlər qlobal nəticələrə səbəb olan daha bir problem kimi siyasi qütbləşməni göstərirlər. Hesabat müəlliflərinin fikrincə, bu, iqtisadiyyatın karbonsuzlaşdırılması, rəqəmsal texnologiyalardan sui-istifadə etmək və münaqişələr kimi problemləri həll etmək üçün qlobal əməkdaşlığa əsaslı şəkildə zidd olan, yalnız daxili maraqlara istiqamətlənən siyasi yanaşmaları gücləndirir.

    Hesabatda həmçinin populist hökumətləri olan ölkələrin ÜDM-inin artım templərinin aşağı olduğunu göstərən araşdırmalara da istinad edilir. Populist hökumətin hakimiyyətə gəlməsindən 15 il sonra adambaşına düşən ÜDM qeyri-populist ssenari ilə müqayisədə 10 % aşağı olur.

  • Çexiyanın keçmiş prezidentinin vəziyyəti ağırdır

    İki gün əvvəl ayağından əməliyyat olunan Çexiyanın keçmiş prezidenti Miloş Zemanın vəziyyəti ağır olaraq qalır.

    Bu barədə jurnalistlərə onun reanimasiya şöbəsində olduğu Praqa Motol xəstəxanasının mətbuat katibi Pavlina Dankova məlumat verib.

    “Çexiyanın keçmiş prezidenti Miloş Zemanın vəziyyəti ağır, lakin stabil olaraq qalır. Onun vəziyyəti pisləşməyib”, – Dankova deyib.

    O qeyd edib ki, bazar ertəsi tibbi şura siyasətçinin sonrakı müalicəsi planlarını müzakirə edəcək.

    Xatırladaq ki, sentyabrın 28-də 80 yaşı tamam olan Zeman şəkərli diabetdən əziyyət çəkir və əlil arabasından istifadə edir.

    Mənbə: TASS

  • Bakıda qadın ana olmaq arzusunu dələduzluq yolu ilə həyata keçirmək istədi

    Bakıda qızıl alveri adı ilə vətəndaşlara qarşı dələduzluq edilib.

    Lent.az-ın məlumatına görə, Gülşən Əhmədova dələduzluqda təqsirli bilinərək saxlanılıb. O, qızıl alveri etmək adı ilə bir neçə nəfərə yalan vəd verib və onların ümumilikdə 30 min manatdan artıq pulunu ələ keçirib.

    Hadisənin qəribə tərəfi isə Gülşənin dələduzluqla ələ keçirdiyi pulları hara sərf etməsidir. Əldə edilən məlumata əsasən, qadın uzun müddət ana olmaq arzusunda olsa da, bu baş verməyib. Nəticədə o, cinayət yolu ilə qazandığı həmin pullarla özünün süni mayalanma və digər tibbi xərclərini qarşılayıb.

    Həmçinin G.Əhmədova lazer ustası kimi fəaliyyət göstərib.

    İş üzrə ümumilikdə yeddi nəfər zərərçəkən var.

    Məhkəmə tərəfindən onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.

  • Azərbaycanda gənc qız tənəffüs çatışmazlığından öldü

    Hacıqabulda 23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından ölüb.

    AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, rayonun Atbulaq kənd sakini, 2001-ci il təvəllüdlü Xanımnaz Ceyhun qızı Əhmədova ürək və tənəffüs çatışmazlığından xəstəxanaya aparılarkən yolda keçinib.

    Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

    Faktla bağlı Hacıqabul Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Nigeriyada sülh missiyasına hücum: 16 hərbçi öldürüldü

    Nigeriyada sülh missiyasına hücum: 16 hərbçi öldürüldü

    Nigeriyanın cənubunda iki icma arasında qarşıdurmalara son qoymaq məqsədi daşıyan missiya zamanı dördü zabit olmaqla, 16 hərbçi həlak olub.

    Bu barədə Nigeriya Silahlı Qüvvələrinin nümayəndəsi briqada generalı Tukura Qusau məlumat verib.

    “Delta əyalətinin Bomadi bölgəsində 181-ci Hava Desant Batalyonunun komandiri, iki mayoru, bir kapitanı və 12 əsgəri öldürülüb. Onlar sülhməramlı missiyanın tərkibində idilər”, – deyə o bildirib.

    Qusau qeyd edib ki, hərbçilər mühasirəyə alınaraq öldürülüblər.

    Hadisədən sonra bir neçə nəfər həbs edilib. Yerli hakimiyyət orqanları və Müdafiə Nazirliyi insidentlə bağlı araşdırma aparır.

    Mənbə: TASS

  • Universitetlərdə dələduzluq edən qadın həbs edilib

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları universitetlərdə təhsil haqları ilə bağlı dələduzluq etməkdə təqsirləndirilən qadını saxlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində iki nəfər şəhər sakinini aldadaraq onların pullarını dələduzluq yolu ilə mənimsəyən Abşeron rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəzrin Əjdərova saxlanılıb.

    N.Əjdərova zərərçəkənlərin etibarından istifadə edərək, onlara güzəştli mənzil almalarına, eləcə də övladlarının ali təhsil müəssisələrində təhsil haqlarını ödənişsiz etdirəcəyi və təqaüd düzəldəcəyi barədə yalan vədlər verərək ümumilikdə 14000 manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinir.

    Faktla bağlı cinayət işi başlanılıb, N.Əjdərova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • “Beşiktaş” Juninyonu transfer siyahısına salmaq istəyir

    Bu mövsüm çempionluq yarışını erkən tərk edən “Beşiktaş” növbəti mövsümə heyət qurmaq üçün səylərini davam etdirir.

    “Beşiktaş” Futbol Komandalarının Baş Koordinatoru Samet Aybaba bu məqsədlə Almaniyaya gedərək “Dortmund”- PSV və “Bayer Leverkusen” – “Qarabağ” matçlarını canlı izləyib.

    Aybabanın “Leverkuzen” – “Qarabağ” matçında Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Juninyonu (Olavia Viera dos Santos Junior) bəyəndiyi məlum olub.

    Onun göstərdiyi performans və vurduğu qol Aybabanın diqqətini çəkib.

    Juninyonun adının İstanbulda “Beşiktaş”ın transfer siyahısına salınaraq, rəhbərliyə təqdim ediləcəyi bildirilir. İclasın qərarından asılı olaraq 27 yaşlı futbolçu ilə bağlı mövsümün sonunda qərar veriləcək.

    Qeyd edək ki, bu mövsüm “Qarabağ”da 43 oyun keçirən Juninyo ümumilikdə 23 qol vurub, yeddi məhsuldar ötürmə edib.

    Xatırladaq ki, braziliyalı ulduzun “Qarabağ”la müqaviləsi 2026-cı ildə başa çatacaq.

    Mənbə: Takvim.com.tr

  • Gürcüstanın baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

    Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasına rəsmi səfəri martın 16-da başa çatıb.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Baş nazir İrakli Kobaxidzeni Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər yola saldılar.

  • Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 18-ə çatıb

    Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 18-ə çatıb.

    Bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumat yayıb.

    Məlumata əsasən, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.

    Bildirilib ki, Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, həmçinin, iş üzrə həmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə ekspertiza və laborator müayinələr aparılır, eləcə də digər zəruri prosessual hərəkətlər həyata keçirilir.

    Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib:

    (Xocalı rayon sakinləri)
    1. Əliyev Ağaəli Naib oğlu – 01.06.1933-cü il
    2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
    3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il
    4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
    5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935

    (Xankəndi şəhər sakinləri)
    6. Cavadov Əli Müsül oğlu – 15.06.1954-cü il
    7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
    8. Məhərrəmova Bəsirə Vəli qızı – 01.06.1954-cü il

    Qeyd olunub ki, istintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

    Toplanmış materiallar Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işinə əlavə edilərək araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

  • Özbəkistanın keçmiş XİN başçısı: “Sülh sazişinin komponentlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır”

    “Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimindəki çıxışında Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Ermənistanla münasibətlər barədə çox aydın mesajlar verdi”.

    Bunu “Report”a açıqlamasında Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov deyib.

    Diplomat söyləyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi nə qədər tez imzalanarsa, o qədər yaxşıdır:

    “Sülh sazişinin komponentlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu, xüsusilə rəsmi İrəvan üçün ciddi məsələdir. Zəngəzur dəhlizinin açılması bütün region, o cümlədən Ermənistan üçün qazanclı olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın imkanları Azərbaycanın resurslarından daha azdır. Deməli, Zəngəzur dəhlizinin açılması ilə Ermənistan ciddi imkanlar əldə edə bilər”.