Month: March 2024

  • Əmək pensiyasının minimum məbləğinin artırılması təklif edilir

    Əmək pensiyasının minimum məbləğinin artırılması təklif edilib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.

    Onun sözlərinə görə, son illər bu sahədə dövlət tərəfindən mühüm tədbirlər həyata keçirib: “Ancaq imkan daxilində bu məsələnin diqqətdə saxlanılmasına ehtiyac var”.

    Deputat bildirib ki, ölkədə maliyyə və bankçılıq sahəsində dövlət tərəfindən də bir çox tədbirlər həyata keçirilib, qanunvericilik bazası daha da təkmilləşdirilib: “Əvvəlki illərlə müqayisədə kredit faizlərində azalma olsa da xüsusilə istehlak və biznes kreditlərinin faizlərinə yenidən baxılmasına ehtiyac var”.

  • Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin biletləri satışa çıxarılıb

    Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin biletləri satışa çıxarılıb.

    Milli Gimnastika Arenasında təşkil ediləcək yarışın biletlərini iticket.az saytından əldə etmək mümkündür.

    Biletlər sadə (2 manat) və VİP (7 manat) olaraq iki hissəyə ayrılıb. Hər gün üçün iki seans nəzərdə tutulub. Gündüz seansı 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Hər seansa 2 446 sadə, 156 VİP bilet daxildir. Ümumilikdə 15 612 bilet satışa çıxarılıb.

    Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri 5-7 aprel aralığında təşkil olunacaq. İlk yarış günündə yunan-Roma, aprelin 6-da qadın, son gündə isə sərbəst güləş üzrə idmançıların mübarizələri baş tutacaq.

  • Baş nazir yeni iş yerlərinin statistikasını AÇIQLADI

    Azərbaycanda 2024-cü ilin ilk 2 ayında 23 min yeni iş yeri, 2023-cü ildə isə 65 min yeni iş yeri açılıb.

    APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

    Baş nazir bildirib ki, son dövrlərdə 350 mindən çox iş yeri açılıb.

  • Azərbaycanda pensiyaçılara ildə iki dəfə bayram münasibətilə əlavə müavinətin verilməsi təklif edilir

    Pensiyaçılara ildə iki dəfə bayram münasibətilə əlavə müavinətin verilməsi təklif edilir.

    “Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.

    Komitə sədri bildirib ki, minimum həddə əmək pensiyası alan pensiyaçıların sosial müdafiəsini daha da gücləndirilməsi üçün onlara ildə iki dəfə bayram münasibətilə əlavə müavinət verilməsi imkanına baxılması yaxşı olar.

  • Ümumdünya Ticarət Təşkilatının baş direktoru İlham Əliyevi təbrik etdi

    Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonco-İveala Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

    President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırır və ən xoş arzularımı bildirirəm.

    Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə Azərbaycan arasında əlaqələri, eləcə də Azərbaycanın təşkilata üzvlüyü məsələsində Sizinlə əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Azərbaycan ÜTT-yə üzlük prosesini yenidən aktivləşdirmək üçün 2023-cü ildə danışıqlar masasına qayıdıb. Qalan məsələlərin həllində Sizin liderliyiniz çox vacib rol oynayacaq və bu məsələləri 2-3 il ərzində həll etmək olar.

    Azərbaycanın Avropa və Asiyanı birləşdirən strateji coğrafi mövqeyini nəzərə alsaq, onun ÜTT-yə üzv olması təşkilat və dünya iqtisadiyyatı üçün böyük maraq kəsb edir.

    Azərbaycanın təşkilata üzv olması həm də ölkənin öz iqtisadiyyatını daha da şaxələndirməsinə, Qafqazda və Mərkəzi Asiyada regional tərəfdaşlar arasında ticarət əlaqələrinin daha çox uyğunlaşmasına töhfə verəcək.

    BMT-nin İqlim Dəyişmələri üzrə Konfransı – COP29-a ev sahibliyi edən Azərbaycan 2024-cü ildə çoxtərəfli əməkdaşlıqda aparıcı rol oynayacaq. Azərbaycanla əməkdaşlıq etməyi və ticarətin qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasındakı roluna görə xüsusi tematik gün kimi müəyyən edildiyi COP28-də əldə olunan nailiyyətləri daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, Azərbaycan COP29-da Ticarət Günü təşkil edəcək və ÜTT Katibliyi bunun uğurlu keçirilməsi üçün Sizə dəstək verməyə hazırdır.

    ÜTT çoxtərəfli ticarət sistemində daha dərin inteqrasiyanı həyata keçirdiyi üçün onun beynəlxalq əməkdaşlığı möhkəmləndirməsinə və Azərbaycanı dəstəkləməsinə sadiq qaldığına əmin ola bilərsiniz.

    Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib

    Milli Məclis Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.

    “Report” xəbər verir ki, parlamentin martın 15-də keçirilən plenar iclasında spiker Sahibə Qafarova bayramla əlaqədar Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlanmağı təklif edib.

    Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.

  • Hikmət Hacıyev Hakan Fidanla görüşüb

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım edilib.

  • Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri ilə görüşüb

    15 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşüb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Görüş zamanı Azərbaycan və Gürcüstan arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, həmçinin postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

    Tərəflər Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsinin regional əməkdaşlığa öz töhfəsini verəcəyini əminliklə vurğulayaraq, bu istiqamətdə yüksəksəviyyəli təmasların və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd ediblər.

    Xüsusilə iqtisadi sahədə əməkdaşlıq üçün mövcud potensialdan istifadənin, birgə layihələrin uğurla həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb, bu xüsusda Azərbaycanla Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacib rolundan bəhs edilib.

    Postmünaqişə dövründə mövcud regional vəziyyət, ölkəmizin bərpa, quruculuq, habelə sülh təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə regional əməkdaşlığın gücləndirilməsi üçün münbit şəraitin yarandığını diqqətə çatdırıb.

    Bununla belə, sülh prosesinin qarşısında duran çağırışlar, xüsusilə bir sıra ölkələrin öz dar siyasi gündəliklərini regiona proyeksiya etməsinin sülh prosesinə mənfi təsir etdiyi diqqətə çatdırılıb.

    Nazir İliya Darçiaşvili Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, Gürcüstanın bu format çərçivəsində regional əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Sumqayıtda üzərinə beton aşan 47 yaşlı kişi ölüb

    Sumqayıtda 47 yaşlı kişinin üzərinə beton aşıb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə “Metallurq-Yəhya Məmmədov” küçəsində qeydə alınıb.

    Metal satmaqla məşğul olan 1977-ci il təvəllüdlü Qabil Qurban oğlu Şeydayevin üzərinə beton aşıb. O, hadisə yerindəcə ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Goranboyda açıq sahədə yanğın baş verib – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində açıq ərazidə 200 kvadratmetr sahədə qamışlıq və vətəndaşa məxsus transformatorun çıxış kabeli 70 poqonometr yanıb. Ərazidə yerləşən kommunikasiya xətləri və transformator, həmçinin yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.