Month: İyun 2024

  • DİN: Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB-3

    Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, iyunun 29-da saat 20 radələrində rayon ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər – 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.

    Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

    ***

    Qaxda ağır yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı “Ford”la toqquşan “VAZ-21015″də olan digər sərnişin xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    ***

    Qax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Ford” və “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində “VAZ-21015″də olan sürücü və sərnişin hadisə yerində ölüb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • FHN qüvvələri su basmış ərazilərə cəlb olundu

    Xəbər verildiyi kimi, intensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrinin və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

    Median.Az xəbər verir ki, bununla əlaqədar FHN-in Muğan Regional Mərkəzinin qüvvələri su basmış ərazilərə cəlb olunub.

    Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir

  • Bakıda məşhur restoranın qarşısındakı parklanma xaosu aradan qaldırıldı

    Paytaxtın Mirzəağa Əliyev küçəsində yerləşən “Shaurma N1” restoranının önündə yaranan parklanma xaosu aradan qaldırılıb.

    Median.Az xəbər verir ki, sözügedən ərazidə sürücülər dayanma-durma qaydasını kütləvi şəkildə pozurdular.

    Ərazidə xoşagəlməz mənzərə artıq aradan qalxıb.

    Bundan savayı, Yol Patrul Xidmətinin əməkdaşları ərazidə hərəkətin nizamlanmasını təmin edirlər.

  • Mask Baydenin debatdakı çıxışını məsxərəyə qoyub

    Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ prezidenti Cozef Baydenin keçmiş Amerika lideri Donald Trampla debatdakı çıxışını ələ salıb.

    Median.Az xəbər verir ki, bu barədə İ. Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

    Baydeni debatın qalibi elan edən Demokrat Partiyasının paylaşımına cavab olaraq amerikalı milyarder “Çox gülməlidir” şərhini yazıb.

    Qeyd edək ki, ABŞ-nin Corciya ştatının Atlanta şəhərində hazırkı prezidenti Cozef Bayden və keçmiş prezident Donald Tramp arasında seçkiqabağı teledebatlar baş tutub.

  • Mingəçevirdə toy mərasimində ölüm hadisəsi olub

    Mingəçevir şəhərində keçirilən toy mərasimində ölüm hadisəsi olub.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şadlıq saraylarının birində qeydə alınıb.

    Mərasimdə qonaq qismində iştirak edən 1968-ci il təvəllüdlü R.Əsgərovun anidən vəziyyəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Xərçəng və diabet riskini azaldan tərəvəz şirəsi

    Təbii kök suyu sizi bir sıra sağlamlıq problemlərindən qoruya bilər.

    Gündəlik qida rasionunuza yerkökü suyu əlavə etmək sağlamlığınızı xeyli yaxşılaşdıra bilər.

    Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu yaxınlarda aparılan bir araşdırma müəyyən edib ki, müntəzəm olaraq kök suyu içmək immunitet sistemini gücləndirə və bədəndəki iltihabı azalda bilər.

    Cənubi Danimarka Universitetinin alimləri yerkökü şirəsində olan falkarinol (FaOH) və falkarindiolun (FaDOH) bioaktiv birləşmələrinin iltihabi proseslərə təsirini öyrəniblər.

    Tədqiqatda 20-55 yaş arası 14 sağlam könüllü iştirak edib, onlardan qan nümunələri kök suyu içməzdən əvvəl və bir saat sonra götürülüb.
    Könüllülər 30 qram dondurulmuş qurudulmuş yerkökü tozunu 500 mililitr su ilə qarışdırıblar.

    Tədqiqat nəticəsində məlum olub ki, yerkökü suyu diabet və xərçəng kimi iltihabla əlaqəli xəstəlikləri olan insanlar üçün faydalı ola bilər.

    Tədqiqatçılar qeyd ediblər ki, yerkökü şirəsi istehlakı, kök şirəsi qəbul edilməməsi ilə müqayisədə şirə istehlakından bir saat sonra pro- və antiinflamatuar sitokinlərin plazma səviyyəsinə təsir edir.

    Yerkökü immunitet sisteminin dəstəklənməsində əsas rol oynayan A vitamininin xəbərçisi olan zəngin beta-karotin mənbəyidir. Yerköküdə olan lif  bağırsaq sağlamlığını və ümumi toxunulmazlığı yaxşılaşdıran bir prebiyotik rolunu oynayır.

    Yerkökü həmçinin qan şəkərinin səviyyəsini idarə etməyə kömək edə bilər, bu da orqanizmdəki iltihabı azaltmağa kömək edir. Alimlərin fikrincə, faydalı xassələri təkcə kök şirəsindən deyil, təzə kökdən də əldə etmək olar.

  • Türkiyə Ordusu İzmirdə yanğının söndürülməsinə beş helikopter ayırıb

    Türkiyənin Müdafiə Nazirliyi ölkənin qərbində İzmir vilayətinin Menderes rayonunda baş verən meşə yanğınının söndürülməsinə kömək etmək üçün təyyarələr ayırıb.

    Bu barədə nazirlik “X” sosial şəbəkəsində məlumat yayıb.

    “İzmirdə yanğınsöndürmə işlərinə dəstək olmaq üçün Türkiyə Silahlı Qüvvələrinə məxsus 3 ədəd “Cougar” helikopteri və iki ədəd “CH-47” helikopteri cəlb edilib”, – deyə məlumatda bildirilir.

    Məlumata görə, yanğın Bakı vaxtı ilə saat 14:00 radələrində Menderes rayonunda Qaracadağ meşə massivində baş verib. İzmir Regional Meşə Təsərrüfatı İdarəsi yanğının yayılmasının qarşısını almaq üçün səy göstərir.

    Yanğının söndürülməsində idarənin 4 təyyarəsi, 8 helikopteri, 25 su tankeri, buldozer və onlarla yanğınsöndürən iştirak edir. Ehtiyat tədbiri olaraq yanğın zonasına yaxın kənddə yerləşən bir neçə yaşayış binası təxliyə edilib.

  • Avropa çempionatı: Azərbaycan millisi fərdi yarışı 4 medalla bitirib, medal sıralamasında ikinci olub

    Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatında fərdi yarışı dörd medalla başa vurublar.

    Son olaraq Sübhan Axundov (+90 kq) gümüş mükafat əldə edib.

    Əli Qazımənmədov (81 kq) üçüncü yer uğrunda görüşdə uduzub.

    Beləliklə, oğlanlardan ibarət yığma medal sıralamasında ikinci olub.

    Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.

  • Xiyar hiyləgərlikləri: Çoxlu məhsulu necə əldə etmək olar?

    Əgər hələ də yalnız yaxşı bir xiyar məhsulunu xəyal edirsinizsə, əllərinizi yanınıza sallamayın və tərəvəz üçün mağazaya getməyin.

    Bu yazıda sübut edilmiş xalq üsullarını oxuyub, bunun sayəsində toplanmış xiyarları və onların miqdarını qonşularınıza göstərə bilərsiniz.

    Yod-süd çiləmə üsulu

    ​Ediləcək ilk şey xiyar yarpaqlarının saralmasının qarşısını almaqdır. Yod-süd çiləmə üsulu bu işdə sizə kömək edəcək, çünki o, bitkinin immunitetini gücləndirir və müxtəlif çürüklərə və toz kifinə qarşı müqaviməti artırır.

    30 damcı yod, 20 qram çamaşır sabunu və 1 litr südü 10 litr suda həll edin, hərtərəfli qarışdırın və xiyar yataqlarını emal etməyə başlaya bilərsiniz. İki həftədə bir dəfə çiləməyə icazə verilir.

    Çörək əsaslı çiləmə üsulu

    Xiyarın yaşıl yarpaqlarını qorumaq üçün başqa bir üsul çörək əsaslı bir həll ilə çiləmə üsuludur. Bu üsul sayəsində gövdələr gec payıza qədər yaşıl qalır, bu da meyvə dövrünün uzadılmasına kömək edir.

    Bir vedrə su götürün və içinə bir çörək qoyun (ağ və ya qara, fərq etməz). Bir gün göləyin. Sonra dəmləməni süzün, bir vedrə suya 30-40 damcı yod əlavə edin. Yarpaqların yanmasının qarşısını almaq üçün bu prosedur axşam və ya buludlu havada aparılmalıdır.

    Zərdab ilə çiləmə

    Yumurtalıqların formalaşmasını gücləndirmək istəyirsinizsə, 10 litrlik suda həll edilmiş 2 litr zərdab və 150 qram şəkərdən istifadə etməlisiniz.​​​

  • Azərbaycan gimnastları Nissen kubokunda 4 medal qazanıblar

    İsveçrənin Arosa şəhərində keçirilən batut gimnastikası üzrə 52-ci Nissen kubokunda Azərbaycan idmançıları 2-si qızıl, 2-si bürünc olmaqla 4 medal qazanıblar.

    Fərdi çıxışlarda Ammar Baxşalıyev qızıl, Samirə Hüseynova bürünc medal qazanıb.

    Sinxron çıxışlarda isə Əli Niftəliyev – Ammar Baxşalıyev cütlüyü qızıl, Ayan Şabanova – Samirə Hüseynova cütlüyü isə bürünc medala sahib çıxıb.