Month: İyun 2024

  • Bu halda telefonla danışmayın – Əhaliyə xəbərdarlıq

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın bir sıra ərazilərində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, leysan xarakterli yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

    Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

    Bu barədə Qaynarinfo-ya FHN-dən bildirilib.

    Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
    “Bundan əlavə, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

    Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir”, – müraciətdə vurğulanıb.

  • Həbsdə olan sabiq icra başçıları azadlığa çıxır?

    Külli miqdarda dövlət əmlakını talamaqda təqsirli bilinən və cinayəti sübuta yetirilən keçmiş məmurların cəzasının azaldılması son vaxtlar geniş yayılıb. Bu gün mənimsəmə və israf etmə ittihamı ilə həbs olunmuş daha bir sabiq məmur – Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyevin də kasassiya şikayətinə baxılıb.

    Ali Məhkəmənin qərarına əsasən, Mahir Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib. Bu isə hazırda həbsdə olan məmurların cəzaları ilə bağlı güzəştləri bir daha gündəmə gətirib. Maraqlıdır, bu qərarların arxasında hansı nüanslar dayanır?

    Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, ümumiyyətlə məmurların həbsdə saxlanmasının dövlət üçün hər hansı müsbət tərəfi yoxdur:

    “Dövlətə vurduqları ziyan ödənildikdən sonra, onların içəridə qalması dövlətə daha da ziyan gətirir. Çünki dövlət onların təhlükəsizliyini, sağlamlığını təmin edir. Eyni zamanda onlar sabiq dövlət məmuru olduğu üçün həbsxanda digər cinayətkarlardan qorumaq lazımdır. Yəni bu kimi çoxsayılı problemlər var. Ona görə də, dövlət çalışır daha çox tərbiyələndirici vəziyyətdən istifadə etsin. Bu təkcə dövlət məmurlarına yox, sıravi məhbuslara da şamil olunur. Cəmiyyət üçün belə insanları yenidən qazanmaq önəmlidir. Çünki insan resursu çox bahalı bir şeydir. Dövlət üçün məmur yetişdirmək kifayət qədər problemli məsələdir. Mənə elə gəlir ki, bu məsələnin arxasında siyasi səbəb axtarmağa ehtiyac yoxdur”.

    Politoloq məmurların cəzalarının azaldılmasının səbəbləri ilə bağlı iddialara da aydınlıq gətirib:

    “Düzdü, bizdə hansısa məmur tutulan kimi, həmin an məsələni siyasiləşdiririk. Bunu məhkəmə müəyyən etməlidir. Biz ya məhkəməyə inanmamalıyıq, ya da onların verdiyi qərarı alqışlamalıyıq. Əslində, bunu deyənləri də qınamaq olmur, çünki Azərbaycanda məhkəmə sistemində çox ciddi problemlər var. Hələlik Azərbaycanın məhkəmə sistemi standartlara cavab vermir. Bunu gizlətməyə ehtiyac yoxdur. Həqiqətən də, müəyyən məsələlərdə dövlət insanların tələbatına uyğun hərəkət etmək məcburiyyətindədir. İcra başçılarının və məmurların cəzalarının azaldımasında kimisə tapşırığı və ya hansısa faktorların olması real görünmür. Ümumiyyətlə, belə insanların içəridə qalması dövlət üçün artıq yükdür. O, onsuz da törətdiyi cinayəti törədib”.

  • İsrail Rəfaha hücum etdi: 13 nəfər öldü

     İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücum edib.

    İsrailin həyata keçirdiyi hücumlarda 13 fələstinli həyatını itirib.

    Aralarında mətbuat mənsublarının da olduğu çox sayda insan yaralanıb.

    Qeyd edək ki, İsrail ordusu Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) hücumları dayandırmaq qərarına baxmayaraq, Rəfahı bombalamağa davam edir.
    //report

  • Tərtərdə keçirilən bədii gimnastika üzrə XXIX ölkə birinciliyinə yekun vurulub

    Tərtər Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə XXIX ölkə birinciliyinə yekun vurulub.

    İki gün davam edən yarışın yekununda qalibləri mükafatlandırılıb.

    2016-cı il təvəllüdlü idmançıların mübarizəsində çoxnövçülük üzrə yarışda bütün rəqiblərini qabaqlayan Suel Kərimova qızıl, Gülər Xanseydiova gümüş, Aylin Gözəlova isə bürünc medal qazanıb.

    2015-ci ildən olan gimnastlar arasında Mira Özel fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nikat Pünhanlı ikinci, Leyla Kərimlini isə üçüncü yerlə kifayətlənib.

    2014-cü il təvəllüdlü idmançılardan Mişel Aniskina qızıl, Elissa Əliyeva gümüş, Fatimə Tarverdiyeva isə bürünc medala sahib çıxıblar.

    Qrup hərəkətləri üzrə çoxnövçülükdə isə BGM 2 (Bakı Gimnastika Məktəbinin ikinci heyəti) qızıl, “Grasiya” İdman Klubu gümüş, BGM 1 (Bakı Gimnastika Məktəbinin birinci heyəti) bürünc medal əldə edib.

    Yeniyetmələr arasında çoxnövçülük üzrə yarışda isə Kozaçuk Maria qızıl, Azadə Atakişiyeva gümüş, Nur Sadıqova bürünc mükafatçı olub.

    Gənclər arasında çoxnövçülük üzrə yarışda Sofiya Marçuk yarışın qalibi adını qazanıb. Şəms Müvəffəqi ikinci, Dəniz Abdullazadə isə üçüncü olmaqla adlarını mükafatçılar sırasına yazdırmağı bacarıblar.

    Qeyd edək ki, birincilikdə müxtəlif idman klublarından 130 idmançı qüvvəsini sınayıb.
    //report

  • Biləsuvarda su hövzələrində gursululuq müşahidə olunur

    Artıq bir neçə müddətdir ki, intensiv yağıntılarla bağlı Biləsuvar rayonunda su hövzələrində gursululuq müşahidə olunur.

    Bu barədə rayon sakinləri məlumat verib.

    Onların sözlərinə görə, əvvəlki illərdə iyun ayında adətən rayon ərazisində su böhranı yaşanır. Lakin bu il tamamilə bunun əksi baş verib.

    Belə ki, artıq iyun ayı bitmək üzrədir, amma hələki su ilə bağlı problem yoxdur.

    Onlar həmçinin qeyd edib ki, Cənubi-Muğan kanalının rayon ərazisindən keçən hissəsində suyun həcmi demək olar ki, qış fəslində olduğu kimidir.

  • Belarus və Aİ sərhədində 1 680 yük maşını növbə gözləyir

    Belarusdan Avropa İttifaqına (Aİ) keçməyə çalışan təxminən 1 680 yük maşını növbə gözləyir.

    Median.Az bu barədə Belarus KİV-ə istinadən xəbər verir.

    Dövlət Sərhəd Komitəsinin məlumatına görə, Litva istiqamətində “Kamennıy Loq” keçid məntəqəsində 550, Benyakonidə isə 630 yük maşını var.

    Bildirilib ki, “Qriqorovşina” keçid məntəqəsində Latviyaya getmək üçün növbə yaranıb – sərhədi keçmək üçün 560 yük maşını gözləyir.

    Belarus-Polşa sərhədində yük maşınlarının növbəsi yoxdur, lakin “Brest” keçid məntəqəsində az sayda minik avtomobili var – təxminən 65 minik avtomobili, 40 avtobus isə orada icazə gözləyir.

    Qeyd edək ki, Belarusla qonşu olan Aİ ölkələri – Polşa, Litva və Latviya münasibətlərin pisləşməsi fonunda tədricən öz sərhədlərindəki keçid məntəqələrini bağlamağa başlayıb. Nəticədə Belarusun və üç qonşu Aİ ölkəsinin dövlət sərhədində 14 keçid məntəqəsindən yalnız 5-i fəaliyyət göstərir.

  • Bakıda 4-5 ulduzlu mənzillərdə sutkalıq kirayənin orta qiyməti azalıb

    Bu ilin yanvar-iyul aylarında Bakıda 2 ,3, 4 və 5 ulduzlu mənzillərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə sutkalıq kirayənin orta qiyməti müvafiq olaraq 112,9 manat, 127,9 manat, 154,7 manat və 267,9 manat təşkil edib.

    Median.Az bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir.

    Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 3 ulduzlu otellərdə orta qiymət 1,6 % artıb, 4 və 5 ulduzlu hotellərdə isə müvafiq olaraq 73,8 % və 22,3 % azalıb.

    1 il bundan əvvəl paytaxtda gecələmək üçün 2 ulduzlu mənzil olmayıb.

  • Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb

    Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının 10 üzvünü öldürüb.

    Məlumatı “TRT Haber” yayıb.

    Bildirilib ki, İraqın şimalında “Pence-kilit” əməliyyat bölgəsində təsbit edilən 6 terrorçu, Suriyanın şimalında “Fırat kalkanı” və “Zeytun budağı” bölgələrində isə müəyyən edilmiş 4 PKK/YPG üzvü öldürülüb.

  • Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

    Nazirlər Kabineti 27 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, Abşeron rayonunda torpaq sahələrinin normativ qiyməti ayrıca müəyyən ediləcək. Bu baxından rayon 3 zonaya bölünüb.

    Bundan başqa, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslərin inşa etdiyi müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrinin texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələrinə (1) və bu kateqoriyaya aid edilməyən torpaq sahələrinə (2) bölünməsi ilə bağlı müddəa əsasnamədən çıxarılıb.

  • Gürcüstanda Azərbaycanla sərhədə qədər avtomobil yolunun tikintisi bu il başa çatdırılacaq

    Azərbaycanla sərhədə qədər yeni Tbilisi-Saqareco (Kaxeti) sürətli avtomobil yolunun tikintisi fəal şəkildə davam edir və 2024-cü ildə başa çatdırılacaq.

    Bu barədə Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

    Bildirilib ki, yeni yolun tikintisi yol hərəkətinin təhlükəsizliyini xeyli yaxşılaşdıracaq və gediş vaxtını xeyli azaldacaq.

    Qeyd edək ki, Tbilisi-Saqareco magistralı Tbilisi ilə Kaxetini birləşdirən əsas avtomobil yolunun, eləcə də Azərbaycanın şimal-qərb regionunu birləşdirən tranzit dəhlizinin bir hissəsidir. Avtomobil yolunun tikintisi Gürcüstanın dövlət büdcəsi hesabına maliyyələşdirilir. Layihənin ümumi dəyəri 527,2 milyon laridir.