Month: June 2024

  • “Azərbaycan polisi kifayət qədər peşəkar fəaliyyətə malikdir”

    “Azərbaycan yerləşdiyi regionda və ətrafdakı dövlətlərlə müqayisə edildikdə kriminogen baxımdan ən sabit ölkədir”.

    Median.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib.

    Müşfiq Ələsgərli deyib ki, bu sabitlik və təhlükəsizlik, bir tərəfdən, ölkənin siyasi rəhbərliyinin iradəsinə bağlıdırsa, digər tərəfdən, bu siyasəti icra edən təhlükəsizlik qurumlarının, o cümlədən polisin fəaliyyəti və peşəkarlığı ilə bağlıdır:

    “Təkcə bu faktora əsaslanaraq demək olar ki, Azərbaycan polisi kifayət qədər peşəkar fəaliyyətə malikdir və ölkənin sabit saxlanılmasında, təhlükəsizliyin təmin olunmasında yüksək şəkildə fəaliyyət göstərə bilir. Belə bir peşəkarlığı şübhəyə almaq, hansısa fərqli istiqamətlərlə neqativləri qabartmaq cəhdləri, əlbəttə, iflasa uğramış olur”.
    O qeyd edib ki, Azərbaycan polisi həm də vətənpərvərdir:

    “Biz onları nəinki gündəlik asayişin qorunmasında, həm də Azərbaycanın ərazi bütövlüyünün qorunmasına fədakar şəkildə xidmət göstərdiyinin şahidi olmuşuq. Azərbaycan polisinin vətənpərvərliyini şübhəyə almaq proseslərə qəsdən qərəzli şəkildə neqativ don geyindirməyin bir əlamətidir. Çox təəssüf ki, polisin ləkələnməsi cəhdlərində bəzən xəbər istehsalçılarının da rolunu görürük. Xüsusilə Şüvəlanda baş verən hadisədən sonra bu kimi halların şahidi olduq. Bəzi xəbər istehsalçıları qondarma və sensasion informasiyalar yaymaqla, guya ki məxfi və bilinməyən, amma əslində kökü olmayan xəbərlərlə auditoriya qazanmaq istəyirlər. Hansı ki bu cür hallar həmişə olub və indi də olmaqdadır. Çox təəssüf ki, indiki prosesin içində təkcə sensasiya üçün deyil düşünülmüş formada Azərbaycandakı sabitliyin və Azərbaycan polisinin kölgəyə alınması istiqamətində kampaniya aparılır. Bütün bunlar, əlbəttə, yolverilməzdir. Regionda sabitliyi pozmaq istəyən bəzi qüvvələrin bu cür kampaniyalara rəvac verdiyini görürük. Təklif edirik ki, bu cür situasiyalarda Azərbaycandakı xəbər istehsalçıları mümkün qədər ehtiyatlı və vətənpərvərlik rolundan çıxış etsinlər. Rəsmi əsası olmayan, təsdiqlənməmiş faktların yayılmasından çəkinsinlər. Bu bir tərəfdən Azərbaycan xəbər istehsalçılarının vətənpərvərlik roludursa, digər tərəfdən isə onlar üçün vacib olan etik davranış kodeksinin tələbidir. Hansı ki Azərbaycan jurnalistlərinin etik davranış kodeksinin 3-cü maddəsinin 3-cü prinsipində bu məsələlərə kifayət qədər toxunulur. Orada jurnalistin əsas olmadan terror, kriminal və bu kimi hallarda sensasiya xatirinə material yaymaqdan çəkinməli olduğu və zorakılıq yaradan təbliğata yer ayırmamalı olduğu qeyd olunur. Yekun olaraq bir daha bildirim ki, bizim xəbər istehsalçıları peşəkar davranmalı, media haqqında qanunun tələblərinə, etik davranış kodeksinin prinsiplərinə əməl etməlidirlər. Neqativ, əsası olmayan materialların yayılmasından çəkinməli, ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrin əlinə əsas verməməli, əksinə bu cür çirkin kampaniyalara qarşı mübarizə aparmalıdırlar”.

  • Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

    Ermənistan hökuməti Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan və ötən əsrin 90-cı illərinin əvvəllərində işğal olunmuş Kərki eksklavını Azərbaycana qaytarmağa hazırlaşır.

    Median.Az “Oxu.Az”a istinadən xəbər verir ki, Erməni mənbələrinin məlumatına görə, bu kənd Qarabağdan köçən ermənilərin məskunlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına daxil edilməyib.

    Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan bildirib ki, Qarabağdan ermənilərin köçürülməsi üçün Azərbaycanla həmsərhəd kəndlər də daxil olmaqla 390 yaşayış məntəqəsi müəyyən edilib. Orada məskunlaşmaq istəyənlərə hər ailə üzvü üçün 10-12 min dollar məbləğində mənzil sertifikatı veriləcək. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Qayane Karaqezyan ermənilərin özlərinin “Tiqranaşen” adlandırdıqları Kərkinin siyahıdan çıxarılmasını şərh edərkən bəyan edib ki, “ola bilsin, Qarabağ ermənilərinin bu qəsəbəyə köçürülməsi prioritet məsələ deyil”.

  • Rusiyanın ATƏT PA-da fəaliyyətinin dayandırılması ilə bağlı bəyanat layihəsi Dumaya təqdim edilib

    Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyasındakı işinin dayandırılması ilə bağlı Federal Məclisin hər iki palatasının qətnamə layihəsi Dövlət Dumasına təqdim olunub.

    Bu barədə Rusiya KİV parlamentin aşağı palatasının bəyanatına istinadən məlumat yayıb.

    Bəyanatda deyilir ki, Rusiya nümayəndə heyəti dəfələrlə ATƏT PA-nın rəhbər orqanlarının iclaslarında və işində bərabər şəkildə iştirak etmək imkanından məhrum edilib.

    “Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları əmindirlər ki, öz xalqının iradəsini və maraqlarını ifadə edən parlamentarilərə münasibətdə ATƏT PA-nın tədbirlərində iştirakla bağlı məhdudiyyətlərin tətbiqi qəbuledilməzdir. İndiki şəraitdə ATƏT PA-da konstruktiv dialoqun davam etdirilməsi imkanı yoxdur. Bu səbəbdən Rusiya parlamentinin nümayəndə heyəti ATƏT PA-da iştirakını müvəqqəti dayandırır”, – sənəddə deyilir.

    Qeyd edək ki, rəsmi Moskva ATƏT PA büdcəsinə ödənişləri hələ 2023-cü ilin aprelində dayandırıb.

    “Rusiya ayrı-seçkilik yanaşmalarının aradan qaldırılması şərtilə struktur daxilində işə qayıtmağa hazırdır”, – sənədin müəllifləri qeyd ediblər.

    Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

  • İsmayıllı-Lahıc avtomobil yolu qaya parçalarından təmizlənir

    Ötən gün iri qaya parçalarının İsmayıllı-Lahıc avtomobil yolunun hərəkət hissəsinə tökülməsi səbəbindən hər iki istiqamətdə bağlanan yolu açmaq hələlik mümkün olmayıb.

    Hadisədən sonra əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib. İri qaya parçalarının və daşların yoldan təmizlənməsi işləri davam edir.

    Ötən gündən etibarən Lahıc qəsəbəsi də daxil olmaqla, İsmayıllının bir neçə kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Uçqun zamanı ərazidən keçən elektrik dirəkləri və naqilləri də zədələnib, qəsəbə və ətraf kəndlər işıqsız qalıb.

    Hazırda yolların təmizlənməsi, elektirik enerjisinin bərpa olunması üçün ərazidə iş görülür.

    (modern)

  • “Chaikand” restoranının sahibi yolu zəbt edərək parklanma zonasına çevirib – FOTO

    Paytaxtın Yasamal rayonu Akademik Lətif İmanov küçəsində qanunsuz parklanma yeri təşkil edilib.

    Belə ki, sözügedən ərazidə yeni fəaliyyətə başlamış “Chaikand” restoranının önü parkinq zonasına çevrilib. İddialara görə, iaşə obyektinin sahibi restoranın qarşısındakı yerə maneələr yerləşdirərək ödənişli parkinq kimi sürücülərin istifadəsinə verib. Restoranın yeni açılmasına baxmayaraq ərazidə artıq kifayət qədər avtomobillər park edilir.

    Ümid edirik ki, məsələyə aidiyyəti qurumlar qısa zamanda müdaxilə edəcək və xoşagəlməz mənzərə aradan qaldırılacaq.


    (avtosfer.az)

  • Bakıda 2700 manat oğurlayan yeniyetmə saxlanıldı

    Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 25-də rayon ərazisindəki mağazaların birindən 2700 manat pul oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Araşdırma aparılır.

  • Aİ rəhbərliyində yeni simalar: Azərbaycana münasibət dəyişəcəkmi?

    “Avropa İttifaqı rəhbərliyinə yeni adamların gəlməsi qurumun Azərbaycana münasibətini dəyişə bilər”.
     
    Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Avropa İttifaqı rəhbərliyinə yeni liderlərin seçilməsi fonunda alyansın Azərbaycanla bağlı siyasətində dəyişikliklərin olub-olmayacağı barədə danışarkən deyib.

    Qulamhüseyn Əlibəyli bildirib ki, Avropa İttifaqı rəhbərliyində yeni şəxslərin təmsil olunması rotasiya prinsiplərilə bağlıdır:

    “Avropa ölkələrində siyasətçilər adətən seçkilərdə bir və ya iki dəfə iştirak edir. Avropa İttifaqı kimi bir çox beynəlxalq təşkilatlarda əslində siyasət qabaqcadan müəyyənləşdirilir. Qurum ona uyğun olaraq da fəaliyyət göstərir. Təbii ki, təşkilatın rəhbərliyində təmsil olunan şəxslərin bu və ya digər dövlətlərə münasibəti fərqli ola bilər. Bu da həmin siyasətin həyata keçirilməsinə müəyyən dərəcədə təsir göstərir”.

    Ekspert hesab edir ki, əsaslı şəkildə qabaqcadan müəyyənləşən siyasət dəyişmir:

    “Şarl Mişel seçiləndə hamı belə hesab edirdi ki, o ancaq Parisin göstərişlərini yerinə yetirəcək. Ancaq onun fəaliyyəti tam olaraq belə olmadı. Təbii ki, fransız olması bu və ya digər hallarda bəzən özünü göstərirdi. Hesab edirəm ki, yeni şəraitdə Aİ rəhbərliyinə yeni adamların gəlməsi həmin şəxslərin Azərbaycana münasibətindən asılı olaraq siyasətdə müəyyən dəyişikliyə gətirib çıxara bilər. Hər halda ümid etmək istərdim ki, bu yenilik daha çox müsbət dəyişikliyə gətirib çıxaracaq”.

    Qeyd edək ki, Avropa İttifaqında yeni liderlər seçilib. Ursula fon der Leyen yenidən Avropa Komissiyasının sədri təyin edilib, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa İttifaqı Şurasının rəhbəri, Estoniyanın baş naziri Kaya Kallas isə Aİ diplomatiyasının rəhbəri olub. İndi onların namizədliyi Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

  • “İmtahandan keçməyən müəllimlər günahı özlərində görməlidirlər”

    “Kimin yaxşı, kimin pis dərs dediyini inzibati amirlik üsulları ilə müəyyənləşdirmək mümkün deyil. Ona görə də ən uyğun yol müəllimlərin sertifikatlaşdırılması, imtahan edilmələridir”.

    Bunu VI çağırış Milli Məclisinin deputatı olmuş Musa Qasımlı deyib.

    “Müəllimlərin imtahan edilməsi isə qətiyyən onların nüfuzunun aşağı düşürülməsi kimi qiymətləndirilməməlidir. Təhsil millətin gələcəyidir. Ölkəmizin inkişafı, qüdrətli olması birbaşa təhsilimizin keyfiyyəti ilə bağlıdır. Təhsil sisteminin sağlamlaşdırılması bütün cəmiyyəti düşündürür və qarşıda dayanan ən vacib məsələlərdən biridir”, – o bildirib.

    Millət vəkili vurğulayıb ki, təhsilverənlərin imtahan edilməsi çox vacibdir:

    “Millətimizin taleyini bir neçə savadsız müəllimin ixtiyarına buraxa bilmərik. İmtahan verib sertifikat alan müəllimlər işini davam etdirəcək, maaşları artacaq. İmtahandan keçməyənlər günahı özlərində görməlidirlər. Heç nəyi ideallaşdırmaq istəmirəm. Ancaq serifikatlaşdırma şəffaflıqdır, təhsilin təmizlənməsidir. Ona görə də cəmiyyətimiz sertifikatlaşdırma prosesinə normal yanaşmalı, bu işi müdafiə etməlidir. Sertifikatlaşdırma prosesini müsbət hesab edirəm və nəticələrini bir neçə il sonra görəcəyik. Təhsil bizim ümumi işimizdir, daim sağlamlaşdırılmasına çalışmalıyıq”.

  • İyulda 43° isti olacaq – Aylıq proqnoz

    Azərbaycanda iyul ayına gözlənilən hava pronozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir qədər çox olacağı ehtimal olunur.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 22-27 dərəcə isti, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 37-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 2-3 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə isti, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 38-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-16 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 18-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-33 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (29-72 mm).

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 18-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-36 mm).

    Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 36-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (10-32 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 22-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 34-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-118 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 39-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 3-22 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 35-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 7-33 mm)

  • Sosial verilişləri tənqid etdi

    “Sosial verilişlər efirləri zəbt edib”.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu fikirləri Əməkdar artist Coşqun Rəhimov “Şən gənc” verilişində sosial verilişlərin parodiya edilməsi səhnəciyinə münasibət bildirərkən deyib.

    “Reallığı göstərirlər. Verilişlərimiz bərbaddır. Bəzi verilişlər var… Bilirik, görürük… Nə yazıq ki, belə mövzular hələ də var. Efirə yaraşmayan insanı reytinq xatirinə gətirib verilişdə işıqlandırmaq, müzakirə edib, müqabilində pul qazanmaq. Televiziyanı bu cür mövzular zəbt edib”, – C.Rəhimov vurğulayıb.

    Qeyd edək ki, süjetdə 4 uşağını atıb qaynı ilə qaçan qadın, efirdə dava edən şəxslər və qeyri-etik ifadələr işlədən psixoloq əks olunub.