Month: June 2024

  • Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri müzakirə ediblər.

    Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşünə hazırlıq məsələləri nəzərdən keçirilib.

    Telefon danışığı zamanı, həmçinin, qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər, eləcə də regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

  • Çexiyada poliqonda partlayış olub, doqquz hərbçi yaralanıb

    Çexiyada hərbi poliqonda baş verən partlayış nəticəsində doqquz hərbçi yaralanıb.

    “Report” xəbər verir ki, bu barədə “lidovky. cz” internet portalı məlumat yayıb.

    Bildirilib ki, ölkənin şərqindəki Libau hərbi poliqonunda döyüş sursatı partlayıb.

    Qeyd olunub ki, hadisə ilə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

    Hadisə yerinə xilasedici helikopter göndərilib.

  • Dünyada xəbər izləyənlərin sayı azalır

    Dünya ölkələrində xəbər izləyənlərin sayı azalır.

    “Report” xəbər verir ki, bu barədə Oksford universitetinin Röyters institutunun 2024-cü il rəqəmsal xəbər məruzəsində qeyd olunub.

    Bildirilib ki, dünyada xəbərləri oxuyan, dinləyən və izləyənlərin sayı azalır. Buna əsas səbəb kimi isə xəbərlərin depressiv və sıxıcı olması göstərilir.

    Məlumata görə, bu gün dünyada hər 10 nəfərdən 4-ü xəbərlərdən uzaqdır. Bu, 39 faiz deməkdir. Halbuki bu göstərici 2017-ci ildə 29 faiz idi.

    Qeyd olunub ki, Ukrayna və Yaxın Şərqdəki müharibə insanların xəbərlərdən uzaq qalmasına təsir edir.

    Həmçinin bildirilib ki, ənənəvi media orqanlarının auditoriyası da sürətlə azalır. Xüsusilə gənclər informasiyanı internet və ya sosial mediadan almağa üstünlük verirlər. “YouTube” ve “WhatsApp” bir çoxu üçün əsas informasiya mənbəyidir.

    “TikTok” platforması bir çox ölkələrdə “X”- i geridə qoyub.

  • Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında gümüş medal qazanıb

    Albaniyanın paytaxtı Tiranada taekvondo üzrə klublararası Avropa çempionatı keçirilib.

    Bu barədə Taekvondo Federasiyası məlumat yayıb.

    Bildirilib ki, yarışda Azərbaycanın “Alpman” klubunun idmançısı fəxri kürsüyə yüksəlib.

    46 kiloqram çəki dərəcəsində mübarizə aparan Səlimə Quliyeva turniri gümüş medalla başa vurub.

    Millimizin də şərəfini qoruyan taekvondoçu 1/8 finalda Maria Maqdalini Mitiliniounu (Yunanıstan) 2:0 hesabı ilə məğlub edib. O, ardınca Eşli Laytfuta (Böyük Britaniya) da eyni hesabla qalib gəlib. Quliyeva yarımfinalda Lilli Ettelbryuka (Almaniya) da gücünü göstərib – 2:0.

    İdmançı finalda türkiyəli Nazlı Kesginlə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin xeyrinə (2:0) yekunlaşıb.

  • Bakının iki rayonunda su kəsiləcək

    Gecə saatlarından başlayaraq sabah gün ərzində Bakının iki rayonunda su kəsiləcək.

    Bu barədə “Azərsu” ASC məlumat yayıb.

    Məlumata görə, yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar iyunun 18-də gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.

  • Azərbaycan və Rusiya parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

    Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Əli Hüseynlinin başçılıq etdiyi nümayəndə heyəti komissiyanın 21-ci iclasında iştirak etmək üçün iyunun 19-da Moskva şəhərinə səfər edəcək.

    Bu barədə “Report”a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Nümayəndə heyətinə Milli Məclisin deputatları – Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Mixail Zabelin, Azər Badamov və Emin Hacıyev daxildir.

    Tədbirdə Rusiya Federal Məclisi ilə Azərbaycan Milli Məclisi arasında parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, komissiyanın iş planı, Rusiya və Azərbaycan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılacaq.

    Səfər çərçivəsində Milli Məclisin deputatı Mixail Zabelin MDB ölkələrinin Beynəlxalq Parlament Forumunda da iştirak edəcək.

    Səfər iyunun 21-də başa çatacaq.

  • “Real Madrid”in oyunçularına qarşı terror hazırlayan şəxslər saxlanılıblar

    İspaniya polisi “Real Madrid” klubunun oyunçularına, həmçinin “kral klubu”nun azarkeşlərinə qarşı “Santyaqo Bernabeu” stadionunda terror aktı planlayan dəstəyə qarşı uğurlu əməliyyat keçirib.

    Bu barədə İspaniya mətbuatı xəbər verib.

    Qeyd olunur ki, terrorçular hətta hədələyici məzmunlu posterlər hazırlayaraq internet üzərindən “Real Madrid” klubunun futbolçularını və azarkeşlərini hədəfə alıblar.

    Qeyd olunur ki, əməliyyat İspaniyanın Kataloniya əyalətində, həmçinin Alexisiras və Tenerife şəhərlərində aparılıb.

    Əməliyyat nəticəsində doqquz nəfər şübhəli şəxs qismində saxlanılıb.

    Saxlanılan şəxslərin İŞİD qruplaşması ilə əlaqələri olduğu müəyyən edilib.

    Mənbə: Football-espana.net

  • Qəbələdə ağır avtoqəzaya düşən turistlərin son durumu açıqlandı – VİDEO

    Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən dəhşətli yol qəzası ilə bağlı rəsmi məlumat yayılıb.

    Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in Mətbuat xidmətlərinin birgə məlumatına görə, 15.06.2024-cü il tarixində saat 18:30-da Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-qəza hadisəsi nəticəsində 5 (hər biri qadın cinsli) xarici vətəndaş xəsarət alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Onlardan 2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb.

    Digər 4 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxsə açıq kəllə-beyin travması, beyindaxili qansızma, subtural hemafoma, soltərəfli pnevmohemotoraks, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kritik-ağır olaraq qiymətləndirilir.

    1968-ci il təvəllüdlü şəxsə sağ dirsək və sol diz nahiyələrinin sıyrıqları, 1998-ci il təvəllüdlü şəxsə sol çiyin qurşağı əzilməsi, sol alın dərialtı hemafoma, 2002-ci il təvəllüdlü şəxsə isə sol alın nahiyyəsinin səthi travması diaqnozu təyin olunub, vəziyyətləri orta-kafi olaraq qiymətləndirilən şəxslərin hər birinə Təcili tibbi yardım şöbəsində zəruri instrumental-diaqnostik müayinələr təyin olunub və tibbi xidmətlər göstərilib. Artıq ambulator müalicə üçün evə buraxılıblar.

    Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxs isə Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in birgə səyi nəticəsində 2 həkim, 1 tibb bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus helikopterlə, 2 təcili tibbi yardım və 1 yerli həkim briqadasının nəzarəti altında 16.06.2024-cü il tarixində saat 11:00 radələrində Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunub. Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata keçirilib. Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası pasiyentin hemodinamik göstəricilərini nəzarətdə saxlayıb.

  • Hacıqabulda dəhşətli ölüm: Beton panelin altında qalaraq can verdi

    Hacıqabul rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    “Qafqazinfo” xəbər verir ki, Hacıqabul şəhərinin ərazisində şəhər sakini 1963-cü il təvəllüdlü Rahim Abı oğlu Abışov beton panelin altında qalaraq ölüb.

    Belə ki, R.Abışov qohumu İlham Səttar oğlu Əliyevə məxsus iaşə obyektində söküntü işləri apararkən ehtiyatsızlıqdan üzərinə beton panelin düşməsi nəticəsində vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Cənubi Koreyada 1000-dən çox həkim korrupsiyada şübhəli bilinir

    Cənubi Koreya polisi dərman istehsalçısından “otkat” almaqda şübhəli bilinən 1000-dən çox həkimlə bağlı araşdırmalara başlayacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Seul polisi məlumat yayıb.

    Qeyd edilib ki, həkimlərin “Korean Drug Co” şirkətindən adambaşına bir neçə milyondan on milyonlarla vona qədər “otkat” aldığına dair halların olduğunu təsdiqlənib.
    Korrupsiyada şübhəli bilinən həkimlərlə bağlı araşdırmalara başlanılacaq.