Month: June 2024

  • “Android” istifadəçilərinə şad xəbər: telefonların səs keyfiyyəti artacaq

    “Android 15” ilə gələcək yeni xüsusiyyət sayəsində telefonların səs keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq.

    “Google” son həftələrdə Pixel telefonları üçün Android 15 tərtibatçı önizləmə versiyasını buraxıb.

    Yeni yeniləmə bir müddət “Google” modelləri üçün mövcud olduqdan sonra digər smartfon istehsalçılarına da çatmağa başlayacaq.

    “Google” Android 15 ilə simsiz audioda müxtəlif təkmilləşdirmələr edəcək. Bu kontekstdə şirkət Android 15-ə Bluetooth LE Audio təkmilləşdirmələrini gətirəcək.
    //azxeber.com

  • Neftçalada fiziki məhdudiyyətli 17 yaşlı qız özündən 10 yaş böyük kişiyə ƏRƏ VERİLİR?

    Neftçala rayonunda 17 yaşlı qız zorla ərə verilir.

    Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.

    Onun sözlərinə görə, rayonun kəndlərindən birində 2007-ci il təvəllüdlü qız özündən 10 yaş böyük olan biri ilə evləndirilir. Artıq cütlüyün toy tarixi də müəyyənləşib və ailələri 22 iyunda onların izdivacı barədə qərarlaşıblar.

    Kəmalə Ağazadə vurğulayıb ki, ərə verilən qızın səhhətində problem olduğu üçün evliliyə məqsədəuyğun hesab edilmir:

    “Özüm də Neftçaladayam. Hadisə barədə rayon icra hakimiyyətini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, eləcə də Daxili İşlər Nazirliyini məlumatlandırmışam. Hazırda nəticəni gözləyirəm”, – deyə o vurğulayıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu oxu.az-a bildirib ki, planlaşdırılan erkən nikahın qarşısı alınıb.

  • İnternet provayderinin əməkdaşı faciəli şəkildə öldü

    Lənkəranda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.

    “Report”un cənub bürosunun məlumatına görə, hadisə rayonunun Gərmətük qəsəbəsi ərazisində baş verib.

    Belə ki, “Aztelekom”un əməkdaşı, internet xətti çəkərkən, rayonunun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov ehtiyatsızlıq edib və yüksəkgərginlikli elektrik xətlərinə toxunub. Nəticədə yüksəkgərginlikli elektrik vurması baş verib.

    C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan millisinin yeni baş məşqçisi Portuqaliya, Yunanıstan və Avropa çempionu olub – DOSYE

    Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernando Santuş kayresında müxtəlif uğurlar əldə edib.

    Median.Az report-a istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssisin futbolçu karyerası elə də parlaq olmayıb. Sabiq müdafiəçi 1973-1987-ci illərdə yalnız “Eştoril” və “Maritimo”nun formasını geyinib.

    Santuş məşqçilik karyerasına isə 1987-ci ildə start verib. O, 1987/1988 mövsümündə “Eştoril”də köməkçi məşqçi olub. 1994-1998-ci illərdə “Estrela da Amadora”ya rəhbərlik edib. Tanınmış mütəxəssisin uğurları məhz əsrin sonlarından başlayıb. O, 1998/1999 mövsümündə “Portu” ilə Portuqaliya çempionu olub. 1998 və 1999-cu illərdə ölkə Superkubokunu qazanıb. 1999/2000 və 2000/2001 mövsümündə isə ölkə kubokuna sahib çıxıb.

    Santuş daha sonra ölkədən kənarda uğurlu çıxışla yadda qalıb. Mütəxəssis 2001/2022 mövsümündə AEK-i Yunanıstan çempionu edib. Daha sonra “Panatinaikos” (2022), “Sportinq” (2003/2004), AEK (2004-2006), “Benfika” (2006/2007), PAOK (2007-2010) və Yunanıstan millisində (2010-2014) işləsə də, titul əldə edə bilməyib.

    2014-2022-ci illərdə ölkəsinin yığmasına rəhbərlik edib. Portuqaliya millisi tarixində ilk Avropa çempionluğunu da məhz bu baş məşqçi ilə əldə edib. Yığma 2016-cı ildə Fransada təşkil olunan turnirdə qızıl medallara yiyələnib. 2018/2019 mövsümündə isə UEFA Millətlər Liqasında qalib olub. Bundan əlavə, Portuqaliya yığması 2017-ci ildə Konfedarasiyalar Kubokunda bürünc mükafata da sahib çıxıb. Santuşun iki işi qısa çəkib: tanınmış mütəxəssis 2023-cü ildə Polşa millisində, 2024-cü ildə isə Türkiyənin “Beşiktaş” klubunda çalışıb.

    Təcrübəli baş məşqçi 2016 və 2019-cu illərdə FIFA-nın versiyasına əsasən ilin ən yaxşı milli baş məşqçisi seçilib.

    Qeyd edək ki, AFFA onunla 2028-ci Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə imzalayıb.

  • Qəbələdə körpünü sel apardı – VİDEO

    Güclü sel Qəbələ rayonunda fəsadlar törədib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sel suları rayonun Əmirvan kəndi yaxınlığından keçən Dəstəmaz çayı üzərindəki körpünü aparıb. Nəticədə körpü tamamilə yararsız hala düşüb.

    Bu məqamda bildirək ki, güclü yağışdan sonra baş verən sel səbəbindən İsmayıllı-Lahıc yolunda da problemlər yaranıb. AAYDA yolda hərəkətin bərpa edilməsi barədə məlumat yayıb.

    Hadisə yerindən görüntüləri təqdim edirik:

  • Bakıda yeni meqaparklar salınır – SAYLARI AÇIQLANDI

    Paytaxt Bakıda 400-ə yaxın park salınıb və hazırda on yeni meqaparkın tikintisi aparılır.

    Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Eldar Əzizov Sinqapurda 9-cu Dünya Şəhərləri Sammitində deyib.

    Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Bakı şəhəri keyfiyyətcə dəyişib və kreativ şəhərə çevrilib:

    “Sinqapurda olarkən özünəinam hissimiz daha da artdı. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı kommunal və bəzi digər sahələrdə Sinqapurdan nəinki geri qalmır, bir sira göstəricilərə görə onu qabaqlayır. Bu gün Bakı şəhəri daha səliqəli və təmizdir. Bunu həm yerli vətəndaşlar, həm də şəhərimizə qonaq gələn çoxsaylı turistlər qeyd edirlər”.
    Eyni zamanda Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Sinqapurun davamlılıq və ətraf mühit naziri Greys Fu ilə görüşü keçirilib. Eldar Əzizov nazirə Bakı şəhəri haqqında nəşrləri təqdim edib.

    Qeyd edək ki, Banqkok, Qlazqo, Şanxay, Praqa, Rotterdam şəhərləri də daxil olmaqla ümumilikdə 87 ölkənin şəhər merlərinin iştirak etdiyi forumun əsas mövzusu şəhərlərin gələcəyi, yaşana bilən və davamlı şəhərlər olub. Sammit çərçivəsində yaşıl enerjiyə keçid, şəhərlərin daha sağlam olması, davamlı gələcək inkişaf və digər bu kimi mühüm məsələlər müzakirə edilib.
     
    ///Report

  • “Atamı anamla bibim əlbir olaraq öldürüb” – İDDİA

    Masallı rayon Çaxırlı kənd sakini Şahnami Xiləlzadə atasından ona qalmış 300 hektara yaxın taxıl sahəsinin başqa şəxslər tərəfindən ələ keçirildiyini iddia edir.

    “Qafqazinfo”ya müraciət edən Ş.Xiləlzadə əkin sahələrinin anası və bibisi tərəfindən ələ keçirildiyini, onların əlbir olaraq ona tələ qurduğunu deyib.

    Şikayətçi iddia edib ki, ötən ilin dekabrında atası Taleh Əkbərov müəmmalı şəkildə ölüb. Hər şey də bundan sonra başlayıb:

    “Ötən ilin 6 dekabr tarixində gecə saatlarında kiçik bibim Şəhla Abdullayeva mənə dəfələrlə zəng edərək evinə çağırdı, ailəmlə birgə məni qonaq çağırdı. Yoldaşım, uşaqlarımla birgə onlara getdik. 30-40 dəqiqə keçmişdi ki, atamın telefonundan mənə zəng gəldi. Anam atamın telefonu ilə zəng edərək dedi ki, tez evə qayıt, atana iynə vurdum, atan öldü. Ayaqyalın halda qaça-qaça evə qayıtdım, çatanda gördüm ki, atam artıq keçinib. Atamın nəşini xəstəxanaya apardım, amma başda kiçik bibim Cəvahir olmaqla meyiti yarmağa, ekspertiza keçirərək ölüm səbəbini öyrənməyə imkan vermədilər”.

    Şahnami Xiləlzadə iddia edib ki, atasını anası Şəhla Əkbərova bibisi Cəvahirlə əlbir olaraq qəsdən iynə vuraraq qətlə yetirib:

    “Atam kənd sakinlərinə məxsus olan pay torpaqlarını onlarla icarə müqaviləsi imzalayaraq almışdı. Təxminən 300 hektar ərazidir və bu ərazilərdə taxıl əkib. Atamın vəfatından təxminən 2 ay sonra mənə məlum oldu ki, atam qəsdən öldürülüb. Bu işdə Cəvahir bibimin xüsusi marağı olub. Məqsəd də atamın var-dövlətini, əkin sahələrini ələ keçirmək olub. Bibim və anam əlbir olaraq atamla mənim birgə götürərək əkdiyimiz sahələri ələ keçirərək biçdiriblər. Bütün taxılları da bibimin və digər şəxslərin həyətlərinə yığaraq oradan satdırırlar. Mən isə dövlət şirkətindən lizinq yolu ilə kombayn götürmüşəm, onun kreditini verməliyəm, min əziyyətlə əkdiyim sahələri biçməliyəm. Amma imkan vermirlər. Hər dəfə məndən polisə şikayət edirlər. İşləməyə imkan vermirlər. Rəhmətlik atamla əkdiyim sahələrə də buraxmırlar. İcarəyə götürüb əkdiyimiz sahələri özümüz biçək. Bibimlə anam hamısını ələ keçirib”.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, vətəndaş Ş.Xiləlzadənin qohumları ilə aralarında olan mübahisəsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinə şikayəti daxil olub:

    “Hadisə ilə bağlı təhqiqat araşdırması aparılıb və qərar qəbul edilib. Bundan əlavə, qarşı tərəfin müraciəti əsasında da hazırda araşdırmalar davam etdirilir. Polis əməkdaşlarının həmin məsələni araşdırmaması ilə bağlı səsləndirilən iddialar isə həqiqəti əks etdirmir və heç bir əsası yoxdur”.

    Tərəflər arasında mülkiyyət mübahisəsi ilə bağlı məhkəməyə artıq müraciət daxil olub və yaxın günlərdə məhkəmə çəkişməsi başlayacaq.

  • İrəvanda kritik gün: Etirazları idarə edən keşiş həlledici məqamı AÇIQLADI

    Ermənistanda “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ötən gün siyasi qüvvələrlə qısa müzakirələr aparıb.

    Bununla bağlı Ermənistan KİV-də yazı dərc olunub.

    Yepiskop gələn həftə üçün planını təqdim edib, lakin təfərrüatını çox açıqlamayıb. O bildirib ki, təfərrüatdan danışmayacaq, çünki istənilən situasiya müəyyən məcburi hərəkətlərə gətirib çıxara bilər. Üstəlik, Baqrat Qalstanyan informasiya sızdırılmasının qarşısını almaq üçün ilk gündən çox ehtiyatlı olub. Baqratın sözlərinə görə, 12 iyun həlledici gün olacaq.

    “Siyasətçilər maraqlanırlar: əgər kritik kütlə toplanarsa, o zaman növbəti addım nə olacaq? Yepiskop sualı cavabsız qoyub və deyib ki, qoy yığışsınlar, baxarıq. Yeri gəlmişkən, hakim komanda daxilində bu günlərdə hadisələrin mümkün inkişaf ssenariləri ilə bağlı fəal daxili müzakirələr gedir. Ehtiyat edilir ki, 30 min insan parlamentin qarşısına toplaşarsa, onlar binaya hücum edəcəklər, bu halda da hüquq-mühafizə orqanlarının əməkdaşları tədbirlər görməyə və həmçinin bu zaman silahlardan da istifadə etməyə məcbur olacaqlar”, – deyə vurğulanıb.

  • Azərbaycanda orta aylıq əməkhaqqı 1 000 manatı keçib

    Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2% artaraq 1 007,5 manat təşkil edib.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

    Bu il mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 749,7 min nəfər olub, onlardan 897 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 852,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 19,0 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

  • Avtobus yoluna girənlərin NƏZƏRİNƏ: Cərimə kəskin artırılır

    Marşrut nәqliyyat vasitәlәri üçün müəyyən edilən yollarda hərəkət edən digər nəqliyyat vasitələri üçün yeni cərimə müəyyən edilir.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Qanun layihəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş (avtobus zolağı), ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir.

    Qeyd edək ki, hazırda bu cərimə 40 manatdır.

    Xatırladaq ki, bu xəta 2 balla qiymətləndirilir. Eyni zamanda layihəyə əsasən, bu xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılacaq.