Month: June 2024

  • 50 qəpiyə palçıq: Bakıdakı duzlu və yodlu göllərə axışanları hansı təhlükə gözləyir? – VİDEO

    Yay aylarında insanların şəfa tapmaq ümidi ilə yollandığı məkanlar sırasında Bakının Suraxanı qəsəbəsi, Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən “Duzlu göl” və onun təxminən 200-300 metrliyində yerləşən “Yodlu göl” xüsusi yer tutur.

    Bu göllərə üz tutanlar duz və yodqarışıq palçığın onlara şəfa verdiyini, oynaq ağrılarına, dəri xəstəliklərinə faydalı olduğunu düşünsələr də, reallıq əksinədir. Hətta, Göl suyunun baktreoloji vəziyyəti pis olduğuna görə 2006-cı ildən “Duzlu göl”də çimmək qadağan olunub.

    Qeyd edək ki, “Duzlu göl”dəki palçıq gələnlərə həm də ödənişli şəkildə təklif edilir. Belə ki, “Duzlu göl”ün kənarına qoyulan palçıq vannasından istifadə edənlər 50 qəpik ödəniş etməlidirlər.

    “Report” uşaqdan-böyüyə bir çoxlarının yollandığı bu göllərə baş çəkib, vəziyyətlə yaxından tanış olub.

  • Keçmiş məhkum dələduzluğa görə tutuldu

    Sumqayıtda keçmiş məhkum dələduzluğa görə tutulub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Quba və Sumqayıt şəhər sakinləri olan 2 nəfəri aldadan şəxsin hər birinə hesabına 461 manat pul ödətdirməsi barədə polisə məlumat daxil olub.

    Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Güləli Kazımov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Riki Martin Bakıda ilk dəfə konsert verəcək

    Latın Amerikası musiqisinin dünyaca tanınmış ulduzlarından olan Riki Martin Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.

    Tədbir avqustun 2-də baş tutacaq. Sənətçi özünün ən yaxşı hitlərini ifa edəcək.

    Təşkilatçılar qeyd edirlər ki, Riki Martin Azərbaycana 43 nəfərlik komandası ilə gələcək.

    Biletlər iyunun 28-dən satışa çıxarılacaq.

  • AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

    İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının (AİB) prezidenti ilə keçirilən görüşdə AİB – Azərbaycan əlaqələri, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində əməkdaşlıq və gələcək planlar barədə müzakirələr aparılıb.

    Görüş çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovla Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakavanın qarşılıqlı fikir mübadiləsi baş tutub.

    Nazir ölkəmizin beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. AİB ilə tərəfdaşlığımızın 25 ilinin tamam olduğu və bu faydalı əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyəti, bankın enerji, infrastruktur, idarəetmə, eləcə də özəl sektorun inkişafı sahəsində ölkəmizə dəstək göstərdiyi, birgə layihələrin reallaşdırıldığı qeyd edilib.

    Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda sürətli inkişafa töhfə verəcəyini vurğulayıb, AİB-in COP29-la bağlı ölkəmizə dəstək göstərməyə hazır olduğu ifadə olunub.

    Tərəflər müxtəlif sahələr üzrə, o cümlədən AİB-in CAREC Proqramı çərçivəsində əməkdaşlıq imkanları, gələcək planlar və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərin məzarları ziyarət olunub

    26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və bir qrup hərbi qulluqçu Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət ediblər.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin abidəsi önünə əklil qoyulub, xatirəsi dərin hörmətlə yad edilib.

    Nazirliyin rəhbər heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə qızılgüllər düzərək ehtiram nümayiş etdirib.

    Sonra Şəhidlər xiyabanı ziyarət edilib. Vətənimizin suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın məzarlarına gül dəstələri qoyulub.

    Daha sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin İkinci Şəhidlər Xiyabanında məzarları üzərinə güllər düzülüb, ruhları dərin hörmət və ehtiramla anılıb.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət, həmçinin şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

  • Azərbaycan idmanında son 8 ilin rekordu

    Paris-2024 Yay Olimpiya Oyunları öncəsi Dünya İdman Reytinqi (WSR) açıqlanıb.

    Median.Az İdman.biz-ə istinadən xəbər verir ki, siyahıda planetin 206 ölkəsi yer alıb.

    Azərbaycan cədvəldə 67-cidir. İdmançılarımız 2024-cü ilin arxada qalan hissəsində 6,770 xal toplayıblar.

    Ölkəmiz ötən illə müqayisədə 5 pillə irəliləyib. 2023-cü ilin yekununda Azərbaycan 72-ci olub.
    Ümumiyyətlə, indiki 67-ci yer son 8 ilin ən yüksək nəticəsidir. 2016-cı ildə dünyada 50-ci olan Azərbaycan sonrakı illərdə belə yüksək mövqedə yer almayıb. Səkkiz il əvvəlki uğur isə Rio-2016-da əldə olunan nailiyyətlər sayəsində reallaşıb.

    Qeyd edək ki, reytinqə ABŞ başçılıq edir – 138,339. Norveç 110,640 xalla ikinci, İtaliya 108,344 xalla üçüncüdür.

  • Qapısı açıq halda idarə olunduğu deyilən avtobusdan sərnişin yıxıldı – FOTO

    Abşeronda kişi avtobusdan yıxılıb.

    Median.Az xəbər verir ki, bu barədə “Sumqayıt24.az” məlumat paylaşıb.

    Məlumata görə, hadisə bu gün səhər Novxanı qəsəbəsi istiqamətində baş verib.

    Şahidlərin sözlərinə görə, 585 nömrəli marşrutun sürücüsü avtobusu qapıları açıq vəziyyətdə sürüb.

    Bildirilib ki, salonda sıxlıq olduğu üçün sərnişinlərdən biri müvazinətini itirərək yola yıxılıb.

    Sərnişin başından zədə alıb.

  • Bakıda bu evlər kəskin BAHALAŞDI – VİDEO

    Bakıda elə 1 otaqlı mənzillər var ki, qiyməti 200 min manatdır.

    Bunu “Xəzər Xəbər”ə müsahibəsində əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

    Onun sözlərinə görə, 1 otaqlı həyət evlərinin qiyməti stabil olsa da, bina evlərində 1 otaqlı mənzillərin qiyməti ciddi şəkildə artıb..

    Bəs yaxın gələcəkdə qiymətlər daha da arta bilər?
    Xatırladaq ki, yeni tikililərdə olan mənzillərin kvadratı paytaxtın mərkəzində 2000 manatdan yuxarı, mərkəzə yaxın hissələrdə isə 1500-1800 manat arasında dəyişir.

  • Əcəmi metrosunun qarşısında dava: Ölən var

    Bakının Nəsimi rayonunda 21 yaşlı oğlan çoxsaylı bıçaq xəsarəti alaraq ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında qeydə alınıb.

    Belə ki, 2003-cü il təvəllüdlü Nicat Məmmədov tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı tanışı Nicatın qarın nahiyəsinə çoxsaylı bıçaq zərbəsi vurub. N. Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
    Hadisə ilə bağlı cinayət işi başlanılıb

  • “WhatsApp”da yeni funksiya: Nömrələri yığıb zəng edə biləcəksiniz

    “WhatsApp” proqram daxilində telefon nömrəsini yığmağa və zəng etməyə imkan verəcək funksiyanı sınaqdan keçirməyə başlayıb.

    Tətbiqin “2.24.13.17” kodlu Android beta versiyasında aşkarlanan funksiya sayəsində istifadəçilər artıq nömrə yığaraq birbaşa “WhatsApp” vasitəsilə zəng edə biləcəklər.

    “WhatsApp”ın yeni funksiyasının bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik bəlli deyil.

    Bununla belə, funksiya sınaq mərhələsində olduğundan onun tezliklə bütün istifadəçilər üçün əlçatan olmasını gözləyirik.
    //azxeber.com