Month: June 2024

  • Biləsuvarda 21 yaşlı oğlan özünü ağacdan asdı

    Biləsuvarda intihar hadisəsi baş verib.

    Hadisə rayonun M.P.Vaqif küçəsində qeydə alınıb.

    Həmin küçədəki evlərdən birində yaşayan, 21 yaşlı Ümüd Arif oğlu Bayramov yaşadığı evin həyətindəki ağacdan özünü asıb.

    Onun asılmış meyitini ailə üzvləri aşkar edib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Azərkosmos”un vəzifələri artırılıb

    “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Dəyişikliyə əsasən, qurum milli kosmik operator funksiyalarını həyata keçirən publik hüquqi şəxsdir.

    Həmçinin “Azərkosmos”un fəaliyyət istiqamətləri genişləndirilib:

    – kosmik fəzada milli fəaliyyətin əlaqələndirilməsini və həmin fəaliyyətə texniki nəzarəti həyata keçirmək,

    – kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərə, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmasına dair qəbul etdiyi məlumatları “Ay və digər səma cisimləri 2 də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim etmək,

    – “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada orbital mövqeləri, onlarla əlaqədar radiotezlikləri, habelə peyk şəbəkələrini Nazirliklə birgə koordinasiya etmək,

    – Azərbaycan Respublikasının, habelə xarici ölkələrin telekommunikasiya peykləri vasitəsilə ölkə daxilində və xaricdə peyk sistemlərini və telekommunikasiya peyk şəbəkələrini təşkil etmək,

    – Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun (onun səlahiyyətləndirdiyi xarici hüquqi şəxsin) istismar etdiyi xarici kosmik obyektdən Nazirlik tərəfindən təsdiq edilmiş göstəricilərdə ilkin informasiyaların Azərbaycan Respublikasında birbaşa yer stansiyası vasitəsilə qəbulunu həyata keçirmək,

    – kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektin kosmik operatoru tərəfindən idarə edilməsi mümkün olmadıqda, “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqaviləyə əsasən kosmik uçuşun təhlükəsizliyi üçün onun əvəzinə kosmik obyektin (mülkiyyətçisinin təmin etdiyi) müvəqqəti idarə edilməsini həyata keçirmək,

    Bununla yanaşı, qurumun vəzifələri sırasında kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsinin kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınması üçün tədbirlər görmək yer alıb.

  • “Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb” demişdi – Cəza aldı

    Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, 2000-2015-ci illərdə deputat olmuş, hazırda AMEA-nın şöbə müdiri vəzifəsində çalışan Elton Məmmədov məhkəməyə müraciət edib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Məmmədov biznesmen tanışı 1955-ci il təvəllüdlü Lyubov Vladimirovna Bağırovadan xüsusi ittiham qaydasında şikayət edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciətində Lyubov Bağırovanın Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri (Böhtan və təhqir) cəzalandırılmasını tələb edib.

    Bildirilib ki, ötən ilin sentyabrında agentliklərin birində Lyubov Bağırova və həyat yoldaşının müsahibəsi dərc edilib. Məhkəmədə “Nazir qardaşının adı çəkilən iş haqda” adlı həmin məqalədən bəzi hissələr elan edilib: “2008-ci ildə Zirə qəsəbəsindən olan biznesmenlər Elxan və Lyubov Bağırovlar ailəsi ovaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovla əməkdaşlıq etməyə razılıq veriblər. Xalq tərəfindən seçilmiş və qanunverici olan E.Məmmədov öz biznesinə sahib olmaq hüququna malik olmayıb, ona görə də L.Bağırovanın təsisçi və direktoru olduğu MMC-yə faktiki sahib olub və rəhbərlik edib. Şirkət Rusiyadan Nəqliyyat Nazirliyi üçün yol-tikinti texnikasının alışını həyata keçirib. 2012-2014-cü illərdə “Azəryolservis” ASC üçün yol-tikinti texnikasının alınmasına dair müqavilə bağlanarkən vasitəçilik edib. Sövdələşmən ümumi məbləği 17 milyon dollar və 6,100 milyon manatdır. Bütün müqavilələrə Elton Məmmədov “himayədarlıq edib”, sözügüdən məbləğin 20%-ni alıb və öz sözlərinə görə, vəsaiti şəxsən Ziya Məmmədova verib. Pullar Məmmədova birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb. Elxan və Lyubov Bağırovlar dövlət şirkətinin adıçəkilən rəhbəri ilə şəxsən görüşməyiblər, bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub”.

    Elton Məmmədov isə onun barəsində yazılanların böhtan və təhqir olduğunu iddia edib.

    Məhkəmədə özünü müdafiə edən 69 yaşlı sahibkar Lyubov Bağırova Elton Məmmədovla bağlı dediklərinin həqiqət olduğunu bildirib: “Ərim Elxan Bağırovla birlikdə 2005-ci ildə MMC-ni təsis edərək həmin dövrdə Milli Məclisin deputatı olan Elton Məmmədovla Rusiyanın müxtəlif zavodlarından yol təsərrüfatında istifadə edilən ağır texnikanın Azərbaycana idxalı ilə bağlı birgə biznes fəaliyyəti ilə məşğul olmuşuq. Elton Məmmədov bizə texnikanın alqı-satqısı ilə bağlı müqavilələrin bağlanması üçün rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək 2012-ci ilin iyun ayında 1,4 milyon ABŞ dolları, 2014-cü ilin dekabr ayında 1,2 milyon ABŞ dolları, 2015-ci ilin avqust ayında isə 400 000 manat məbləğində pul alıb. Həmçinin 2012-ci ildə mənə məxsus Bakı şəhəri, Yasamal rayonunda yerləşən əmlak kompleksi alqı-satqı yolu ilə digər vəzifəli şəxsin adına rəsmiləşdirilib”.

    Elton Məmmədov isə ifadəsində Lyubov Bağırova və Elxan Bağırovun 2018-2021-ci illərdə ona maddi yardım etmək məqsədilə dost kimi müraciət etdiklərini deyib: “Mən də uzunmüddətli dostluq münasibətlərini nəzərə alaraq əmək fəaliyyəti nəticəsində əldə etdiyim əmlaklarımdan onlara təmənnasız əmlak vermişəm ki, satıb borclarını ödəsinlər və maddi imkanları düzəldikdən sonra qaytarsınlar. Barəsində şikayət etdiyim Lyubov Vladimirovna onlara göstərdiyim maddi və mənəvi köməyə görə mənə yazılı minnətdarlıqlarını da bildirib. Lakin ilkin olaraq xahiş kimi edilən hərəkətlər sonralar hədə-qorxu ilə pul tələb etmə ilə əvəzləndi. Lyubov Bağırova təkidlə məndən əlavə borc pul tələb etməyə başladı, tez-tez çalışdığım Azərbaycan Milli Elmlər Akademiyasının binasına və evimə gəlib belə hərəkətlərini davam etdirirdi. Ona pul verməyə imkanımın olmadığını bildirdikdə, məni guya onları müflis etmək, pullarını mənimsəməkdə hədələdi. Barəmdə hüquq-mühafizə orqanlarına şikayətlər edəcəyini, böhtan atacağını söylədi. Lakin mən bir ziyalı, dövlət qarşısında xidmətləri olan şəxs kimi dövlətə, qanunlara güvənərək onlara əhəmiyyət vermirdim. Elxan Bağırovun ailəsi ilə vaxtında dostluq etdiyimdən Lyubov Bağırovaya qarşı şikayət etmirdim. Bununla belə L.Bağırova müxtəlif informasiya saytlarında məqalə dərc etdirərək mənə böhtan atıb, şərəf və ləyaqətimi, işgüzar nüfuzumu qəsdən alçaldıb. Məni ağır cinayətdə ittiham etməklə öz qanunazidd hərəkətlərini davam etdirib”.

    Nəsimi Rayon Məhkəməsi Lyubov Bağırovanı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə təqsirli bilib. Ona qazancının 5 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası verilib.

    Qeyd edək ki, E.Məmmədov deputatlıqdan sonra AzTU-nun strateji inkişaf üzrə prorektoru, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru kimi vəzifələrdə də çalışıb. 

  • Paytaxtda içki və ərzağa 5 milyarddan çox xərclənib

    2024-cü ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 12537,7 milyon manat olub.

    Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

    Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 6679,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3 faiz artaraq 5858,3 milyon manata bərabər olub.

    İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

  • “Narkoman olduğunu öyrənəndə artıq gec idi…” – Video

    Daxili İşlər Nazirliyi (DİN) 26 iyun – “Narkotiklərlə mübarizə günü” ilə bağlı növbəti videoçarx hazırlayıb.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar DİN tərəfindən narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri barədə növbəti videoçarx hazırlanıb.

    Dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, polis əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat və profilaktik tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verməkdədir.

    Qeyd edək ki, videoçarxda baş rolda Xalq artisti Həmidə Ömərova çəkilib.

  • Məşhur pilotun ailəsini şantaj edən ata və oğul saxlanılıb

    Alman polisi əfsanəvi “Formula-1” pilotu Mixael Şumaxerin ailəsini şantaj edən şəxsləri saxlayıb.

    Saxlanan şəxslər 52 yaşlı ata və onun 30 yaşlı oğludur. Onlar pilotun qohumlarına əllərində Şumaxeri nüfuzadan salacaq video olduğunu bildiriblər. Ata və oğul pilotun ailəsindən videonu yaymamaq üçün 1 milyon avro tələb ediblər. Lakin ailə şantajçılara pul ödəməyərək polisə müraciət edib.

    Polis ata və oğlu həbs etməklə yanaşı 8 obyektdə axtarış aparıb, minlərlə informasiya daşıyıcısı müsadirə edilib. Təqsirləri sübut edilsə hər 2 şəxsi 5 ilədək həbs gözləyir.

    Qeyd edək ki, 2013-cü ildə Fransada xizək qəzasına düşən Şumaxer 6 ay koma vəziyyətində olub. Hazırki vəziyyəti məlum deyil.
    //avtosfer.az

  • Tacir Şahmalıoğlu vergi ödəmir? (VİDEO)

    “Bir də görürsən toya pulsuz gedirəm. Ya da 100 manata toya gedirəm”.

    Bu sözləri müğənni Tacir Şahmalıoğlu “Elgizlə izlə” verilişində deyib. Sənətçi vergi ödəməsindən və toylara getməsindən danışıb:

    “Biz də toya gedib, ailə dolandırırıq. Onun da vergisini ödəyirik. Müğənnilərə dəyməyin, biz elin güzgüsüdür. Biz xalq üçün yaşayırıq. Gedib cibimdən pul verib 2-3 minə mahnı yazdırıram. Gedib niyə pulsuz oxuyum? Hərdən gedirəm də. Müğənni toya gedib əziyyət çəkir”.

    T.Şahmalıoğlu vergi “VÖEN-nin var” sualına “VÖEN-im yoxdur. Amma mənim 1 bədii, 3 sənədli filmim, adım Qızıl Fonddadır. 48 dövlət mənim filmlərimə baxır. Dövlət mənim 5 manatıma möhtacdır? ” reaksiyasını verib.

  • ABŞ administrasiyası Ukraynanın uğur strategiyası ilə bağlı öz baxışını açıqladı

    Ukraynanın Rusiyaya qarşı müharibədə uğur qazanması üç hərəkətlə təmin edilə bilər. Moskvanı şərqdə irəliləmək, yaxın atəş nöqtələrindən istifadə etmək və Ukraynaya iqtisadi ziyan vurmaq imkanından məhrum etmək lazımdır.

    Qaynarinfo “Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, səfir Ceyms O`Brayen deyib.

    “Mən indi Ukraynanın uğur strategiyası haqqında danışanda, söhbət Rusiyanın şərqdə cəbhəni yarmaq cəhdlərini dayandırmaqdan gedir”, – ABŞ Dövlət Departamentinin nümayənfəsi deyib.

    O qeyd edib ki, bu, Rusiyanı öz atəş nöqtələrindən istifadə etmək və Ukraynanın öz iqtisadiyyatını bərpa etməsinə mane olmaq imkanından məhrum etməkdən ibarətdir. Bu cür irəliləyişə ukraynalıların hava hücumundan müdafiə və digər silahlarla kifayət qədər təminatı ilə nail olmaq olar ki, ölkə uzun müddət mübarizə apara bilsin.

    Sonradan elə bir məqam olacaq ki, Rusiya irəliyə gedəcəkmi deyə düşünməli olacaq.

    Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, Ukraynanın uğurunun tərifi həm də ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin hamısına nəzarət edə bilməsidir.

  • Bu imtahan pullu olacaq

    Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan üçün ödəniş müəyyən olunacaq.

    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Dəyişikliyə əsasən, imtahanda iştirak ödənişli olacaq. İmtahanda iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

    Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
    //qaynar.az

  • Netanyahu Qəzzada yalnız “qismən” atəşkəsə hazır olduğunu dedi

    İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Qəzza zolağında döyüşləri davam etdirməsinə imkan verəcək atəşkəslə bağlı “qismən” razılaşmağa hazır olduğunu bildirib.

    Bu barədə Qaynarinfo AP-yə istinadən xəbər verir.

    Bazar günü axşam saatlarında yayımlanan müsahibədə İsrail lideri Qəzza zolağında hələ də saxlanılan 120-yə yaxın girovu xatırladaraq, “bu, insanların bir qismini bizə qaytaracaq qismən razılaşmaya hazır olduğunu” bildirib.

    “Ancaq biz HƏMAS-ı məhv etmək məqsədinə nail olmaq üçün fasilədən sonra müharibəni davam etdirməyə qərarlıyıq. Mən bundan imtina etməyə hazır deyiləm”, – Netanyahu bildirib.

    HƏMAS israr edir ki, daimi atəşkəs əldə olunmayana və İsrail qoşunları Qəzzadan tam çıxarılana qədər girovları azad etməyəcək.

    Eyni müsahibədə Netanyahu Qəzza zolağında HƏMAS-a qarşı mübarizənin hazırkı mərhələsinin sona çatdığını və Livanın Hizbullah qruplaşması ilə mübarizə aparmaq üçün şimal sərhədinə daha çox qoşun yeridilməsinə yol açdığını bildirib.

    Xatırladaq ki, may ayında ABŞ prezidenti Co Bayden Qəzza zolağında müharibəyə son qoymaq üçün sülh planı elan edib.

    İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, onlar, təqdim edilən planı HƏMAS-ın hərbi və liderlik imkanlarının məhv edilməsi də daxil olmaqla, bütün məqsədlərinə nail olunana qədər İsrailə müharibəni davam etdirməyə icazə vermək” kimi başa düşürlər.

    İyunun 11-də HƏMAS Qəzza zolağında atəşkəs təklifinə bəzi düzəlişlər təklif edib.

    ABŞ dövlət katibi Entoni Blinken HƏMAS-ın çoxsaylı dəyişikliklər təklif etdiyini, bəzilərinin isə işlək olmadığını bildirib. HƏMAS bunu inkar edir, İsraili planı rədd etməkdə günahlandırır.

    ABŞ prezidenti Co Bayden sazişin yaxın gələcəkdə imzalanacağını gözləmir. Onun sözlərinə görə, bu təklif nə İsrail, nə də HƏMAS tərəfindən tam təsdiq olunmayıb.